«Sədərək»in ticarətçiləri hökumətə təkliflər paketi yolladı

“Respublikanı idarə edənlər qoy özləri seçim etsinlər. “Binə” Ticarət Mərkəzinin müdiri Kəbirə xanımı və “Sədərək” Ticarət Mərkəzinin müdiri Yusif və Ənvər bəyi, yoxsa biz ticarətçiləri müdafiə etmək dövlətə və xalqa sərfəlidir” 

 “Sədərək” Ticarət Mərkəzində ticarətçilərin etiraz aksiyası keçirməsi ilə bağlı xəbər vermişdik. Aksiyanın keçirilməsində səbəb isə icarə haqlarının artırılması və bəzi özbaşınalıqlar olub. Dünən isə Ticarət Mərkəzindən mətbuata müraciətlər ünvanlanıb. Müraciətdə deyilir:

“Salam hörmətli redaksiya əməkdaşları. Mən də başqaları kimi Sədərək ticarət mərkəzində ticarətlə məşğul oluram. 22.09.2011-ci ildə təxminən saat 9.00 radələrində mənə məlumat çatdı ki, “Şirniyyat” bazarının satıcıları yer haqqının artırılması ilə əlaqədar etiraz aksiyasına başlayıblar. Hadisə yerinə çatanda çoxlu sayda dükan sahiblərinin toplaşdığının şahidi oldum. Bir qrup dükan sahibi cəhd edirdi ki, “Şirniyyat” bazarı ilə paltar bazarının ortasından keçən avtomobil yolunu bağlasın. Polislər isə həmin dükan sahiblərini avtomobil yolundan sıxışdıraraq “Şirniyyat”ın maşın dayanacağına tərəf itələyirdilər. Mən sakit dayanıb bu mənzərəni seyr edirdim. Bu vaxt bir polis serjantı qeyri-adi olaraq sakitcə yanımda dayandı. Tanımadığım üçün serjantdan hansı şöbədən gəldiyini soruşdum. Polis bildirdi ki, onlar “Binə” Ticarət Mərkəzində xidmət edirlər. Hadisə ilə əlaqədar onları “Binə”dən “Sədərək”ə göndəriblər. Serjantın cavabından vəziyyətin nə yerdə olduğunu anladım.

Diqqətinizə çatdırıram ki, həqiqətən həm “Sədərək”, həm də “Binə”də vəziyyət həqiqətən partlayış vəziyyətinə çatdırılıb. Bunun əsas səbəbi odur ki, hər iki bazarın müdiriyyəti hakimiyyətin himayəsi altında istədikləri cinayət əməlini törədirlər. Qarşılığında isə heç bir məsuliyyət hiss etmirlər.

1. Hər iki bazar aeroportdan köçürülən zaman heç kimə nə kompensasiya verildi, nə də pulsuz dükanla təmin edildi.

2. Bazarlar vətəndaşların pulu ilə tikilməsinə baxmayaraq, hər iki müdiriyyət utanmadan bazarı öz şəxsi mülkü elan edib.

3. Tikilən bütün dükanlar düşünülmüş şəkildə (hər dükan) 1 kv metr kiçik tikildiyi halda artıq yer pulu alınır.

4. Baxmayaraq ki, dükanlar vətəndaşların şəxsi vəsaiti hesabına tikilib, yer pulunu bazarın müdiri hegemonluq edərək müəyyən edir.

5. Hər cərgənin girəcəyində yanğından mühafizə üçün şit quraşdırmaq əvəzinə, müdiriyyət hər dükana məcburi qaydada 55 manata yanğını söndürmək üçün balon satdırıb.

6. Hər ay bazarın göstərişi əsasında məcburi qaydada hər dükana plastik blomları (30 ədədi = 6 manat ) satdırılır. Əgər dükanları blomlar qoruyacaqsa, nə üçün qarovul saxlayırlar.

7. Elektrik sayğaclarını hər dükana 200 manata satıblar, işıq pulunun hər kilovatına isə 10 qəpikdən yığırlar. Verilən enerji isə 180 voltdan yuxarı olmur.

8. Qanunsuz olaraq hər dükandan yanğından sığorta adı ilə pul toplayaraq dükana etiket yapışdırıblar ki, bilsinlər kimdən pul alınıb, kimdən pul almaq lazımdı.

 

Hörmətli redaksiya!

Özünüz də yaxşı bilirsiniz ki, biz ticarətçilərin hesabına ölkə əhalisinin neçə faizi işlə təmin olunur və dolanışığı bazardan çıxır. Bizlərin hesabına dövlətin büdcəsinə hər il nə qədər pul köçürülür. Məni bir vətəndaş kimi, həm də bir ticarətçi kimi narahat edən odur ki, kimsə bizim bu narazılığımızdan istifadə edib dövlətə qarşı böyük bir baş ağrısı yarada bilər. Ola bilər ki, mənim sözlərim bəzilərində gülüş yaratsın. Ancaq aşağıda sadalayacağım faktlara diqqət etsəniz yəqin ki, faciənin miqyasını başa düşəcəksiniz.

Əgər ticarətçilər 3 gün dükanları bağlayıb (nəqliyyat yolunu bağlamağa heç ehtiyac da yoxdur) evində dincəlsə;

1. Rayonlardan və şəhərlərdən mal almaq məqsədi ilə gələn bütün alıcılar malsız qalır. Avtobuslar və taksilər avtomatik olaraq müştərini itirir.

2. Bazarlarda fəaliyyət göstərən yeməkxanalar, valyuta dəyişmə məntəqələri və digər ictimai obyektlər iflic olur.

3. Bazarlarda fəaliyyət göstərən arabaçılar gündəlik qazancından məhrum olur.

4. Yükboşaltma terminallarında xaricdən gələn mallar açıq hava altında qalır. Sürücülər vaxtında malı boşaldıb öz ölkələrinə qayıda bilmir və xarici ölkələrdən mal qəbulu dayanır.

5. Bütün ölkə üzrə dəllallar qiymətləri qaldırır.

 

Bir sözlə, əgər biz ticarətçilər 3 gün işləməsək, nələr ola bilər sualını Azərbaycan Respublikasını idarə edənlər yaxşı fikirləşməlidirlər. Belə olan halda, respublikanı idarə edənlər qoy özləri seçim etsinlər. “Binə” Ticarət Mərkəzinin müdiri Kəbirə xanımı və “Sədərək” Ticarət Mərkəzinin müdiri Yusif və Ənvər bəyi, yoxsa biz ticarətçiləri müdafiə etmək dövlətə və xalqa sərfəlidir.

Ancaq vaxt gedir. Azərbaycan Respublikasını istəməyən qüvvələr bu narazılıqdan sui-istifadə edə bilərlər.

 Hamınıza hörmətlə:

“Ticarətçi” (adımı açıq yazmadığım üçün məni bağışlayın)

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button