«Texnikabank» «Xural»ı yığışdırdı?!

Ötən sayımız Bakının əksər köşklərindən yığışdırılıb. Səhər saatlarında Oxucularımızın aramsız və ard-arda telefon zənglərindən sonra məlum olub ki, «Xural» köşklərdə yoxdur. Bəzi Oxucularımızın sözlərinə görə, hətta bəzi köşklərdə onlara «qəzet gəlməyib» cavablarını veriblər.

Məlumatı əldə edən «Xural» rəhbərliyi dərhal fəaliyyətə keçib və qısa araşdırmadan sonra məlum olub ki, kimliyi naməlum adamlar əksər köşklərdən, xüsusilə, metrostansiyalarından qəzetimizi yığışdırıblar.

Bu yığışdırma eynilə bir zamanlar hazırkı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə məhkəmə çəkişmələri dövrümüzü xatılatdı bizə. O zaman da belə bir hadisə baş vermişdi. Onda Yevlax rayon icra hakimiyyətinin başçısı olan Elmar Vəliyevin biznesmen qardaşı Şahmar Vəliyev qardaşından yazdığımız üçün bir neçə həftə «Xural» qəzetini yığışdırmış, daha doğrusu, pulla satın aldırmışdı.

Qısa araşdırmadan sonra məlum oldu ki, «Texnikabank» da bir zaman Elmar Vəliyevin və Vəliyev qardaşlarının tutduğu yolla gedir. Aldığımız məlumatlara görə, səhərin o başlarından əlipullu adamları köşklərin canına salan bank səlahiyyətliləri mümkün qədər «Xural»ın Oxucusu ilə görüşməməsi üçün onu satın alıblar.

Biz baş vermiş hadisə ilə bağlı bank rəhbərliyi ilə danışmaq istədik və qurumun ictimaiyyətlə əlaqələr şöbəsinə telefon açdıq. Bizi İman adlı birisi ilə calaşdırdılar və sualımızı tamamlamamış İman adlı səlahiyyətli (bəlkə də səlahiyyətli deyildi) telefonu üzümüzə qapatdı. Səbəbini bilməsək də, təkrar-təkrar telefon etdik. Təəssüf ki, telefonlarımızı daha qaldıran olmadı.

Biz hörmətli «Texnikabank»ın bu addımını mətbuat və söz azadlığına təzyiq hesab edir, bankın bu məsələ ilə bağlı mövqeyini bildirməsini tələb edirik. Onu da vurğulamağı lazım bilirik ki, «Xural»ın köşklərdən yığışdırılması çıxış yolu deyil və biz eynilə Elmar Vəliyev hadisəsində olduğu kimi, bütün yazılarımızı təkrar-təkrar və daha böyük tirajlarla çap etmək gücündəyik. Bankın sözü varsa, qəzetimizə müraciət etsin, cavab haqqından istifadə etsin və biz ona cavab haqqını tanımağa hazırıq.

XuralTAC

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button