«Vikiliks» Ermənistan iqtidarını da biabır etdi

«Vikiliks» Ermənistanda prezident seçkilərinin nəticələri kütləvi şəkildə saxtalaşdırılıb

 Bu barədə «Vikiliks» saytında seçkilərin nəticələrinin saxtalaşdırılması ilə bağlı ABŞ-ın Ermənistandakı səfirinin siyasi məsələlər üzrə müavini Cozef Penninqtonun Vaşinqtona göndərdiyi məlumatlarda bildirilir. Diplomat hazırladığı məxfi sənəddə qeyd edir ki, “əldə olunan məlumatlara görə, Ermənistanda prezident seçkilərinin nəticələri saxtalaşdırılıb, seçildiyi iddia olunan Serj Sərkisyan əslində Mərkəzi Seçki Komissiyasının elan etdiyi kimi 52,82 faiz deyil, 8-14 faiz səs toplayıb. Sabiq prezident Levon Ter-Petrosyana verilmiş səslərin sayı azaldılıb. Rəsmi rəqəmlərə görə, sabiq prezident 21,5 faiz səs toplayıb, bizim hesablamalarımıza görə isə o, 30-35 faiz səs toplayıb”.

“Wikileaks” həmçinin prezidentliyə namizəd Levon Ter-Petrosyanın iddiası üzrə qərar çıxarmazdan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi üzvlərinin prezident Robert Köçəryan, daha dəqiqi, onun administrasiya rəhbəri və Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Gevorkyan (hazırda Ermənistan baş nazirinin müavinidir) tərəfindən təzyiqə məruz qaldığını bildirir. Cozef Penninqton bu barədə məlumatı təzyiqlərə məruz qaldıqdan sonra kömək üçün ABŞ səfirliyinə müraciət etmiş Konstitusiya Məhkəməsinin hakimi Valeri Poqosyandan aldığını qeyd edir. Poqosyan amerikalı diplomata Konstitusiya Məhkəməsinin hakimlərinə təzyiq edilməsi ilə bağlı vəziyyəti təfərrüatı ilə danışıb.

Ermənistanla bağlı dərc olunan materiallarda diqqəti çəkən məqamlardan biri 2008-ci il prezident seçkilərindən sonra erməni müxalifətinin silahlı çevrilişə hazırlaşması barədə Rusiya və Ermənistan mətbuatında gedən məlumatların təkzib olunmasıdır. Cozef Penninqton göndərdiyi depeşada bildirir ki, əslində bu ideyanın müəllifi prezidentlik dövrünün son dönəmini yaşayan Robert Köçəryan olub. Köçəryan amerikalı diplomatlarla hərbi çevriliş ehtimalı olduğu barədə deyib. Köçəryan fikrini onunla əsaslandırıb ki, etiraz aksiyalarında müdafiə nazirinin müavini, general-leytenant Manvel Qriqoryanın rəhbəri olduğu sabiq “Erkrapa” hərbi birləşməsinin üzvləri də iştirak edirlər, bu isə hərbi çevrilişə gətirib çıxara bilər.

Sənədlərdən məlum olur ki, ABŞ səfirliyi seçkilər ərəfəsində Levon Ter-Pterosyan və tərəfdarlarına dəstək verib. Ter-Petrosyanın etibar etdiyi şəxslər ABŞ səfirliyinə müraciət edərək dinc aksiyalarda müxalifətə qarşı güc tətbiq olunmaması üçün rəsmi İrəvana təzyiq göstərməyi xahiş ediblər. Lakin rəsmi İrəvana geniş təzyiq imkanları olan səfirlik (2003-cü ildə prezident seçkilərinin ikinci turunun keçirilməsi ilə bağlı prezident Robert Köçəryan qarşısında qoyulan ultimativ tələbin dərhal yerinə yetirilməsi bu imkanların miqyasını göstərir) bu imkanlardan tam istifadə etməyib.

ABŞ səfirliyindən Vaşinqtona göndərilən depeşalar göstərir ki, Serj Sərkisyan və onun komandası üçün ən böhranlı an baş nazirə dəstək mitinqlərində iştirak etmək üçün bölgələrdən İrəvana gətirilən vətəndaşların fevralın 26-da gözlənilmədən Ter-Petrosyanın tərəfinə keçməsi olub. Penninqton yazır ki, “Ermənistanda əvvəlki hökumətlərdən heç biri müxalifətlə insan ölümünə gətirib çıxaracaq dərəcədə sərt davranışa görə indiki hökumət qədər məsuliyyət daşımayıb. Buna görə də müxalifətin mitinqlərinin qəddarlıqla dağıdılmasına görə, hakim administrasiya məsuliyyət daşıyır”.

ABŞ səfirliyinin göndərdiyi digər depeşalarda baş verən proseslərdə Prezident Administrasiyasının rəhbərinin birinci müavini Mikael Minasyanın oynadığı rola diqqət yetirilir. Minasyan amerikalı diplomatlarla söhbət zamanı bildirib ki, onun qayınatası, seçilmiş prezident Serj Sərkisyan müxalifətə qarşı zorakılıq tətbiq etməyə qarşı olub. Ondan fərqli olaraq prezidentin milli təhlükəsizlik üzrə müşaviri Qarnik İsaqulyan isə amerikalı diplomatları inandırıb ki, Serj Sərkisyan Levon Ter-Petrosyanı həbs edəcək.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button