«Xaç qayınatası»

Dəriğə və Rahat

«Xural» Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qazaxıstanda «1 nömrəli dövlət düşməni» elan edilən kürəkəni Rahat Əliyevin

«XAÇ QAYINATASI»

kitabının dərcinə başlayır…

* Nazarbayev Qazaxıstan respublikasının ilk müstəqillik ilində ilk 1 milyon ABŞ dollarını necə qazandı?
* Qazaxıstan prezidenti ölkədə rüşvət piramidasını necə qurdu?
* Əvvəlcə milyonlar… sonra onlarla milyonlar… nəhayət, yüzlərlə milyonlar necə toplanmağa başladı?
* Qazaxıstan Ədliyyə Nazirliyinin 0442 saylı qərarı ilə qeydiyyata alınan «Qazaxıstanın İqtisadi və Sosial İnkişaf Fondu» hansı məqsədlərlə quruldu və onlara kimlər başçılıq etdi?
* Nursultan Nazarbayev niyə özünü Kunayevə oxşatmaq istəyirdi?
* Qazaxıstan Konstitusiyasının qadağan etməsinə baxmayaraq, Nursultan necə türk vətəndaşı oldu?
* Qazaxıstan sultanı Turqut Özalın öldüyü gün kürəkənini otağına çağırıb ona nə verdi?
* Nursultan Nazarbayev Almatını Astanaya niyə dəyişdi?
* O, azadlıqdan və nümayişlərdən, azadlıqsevər Almatıdan niyə qorxurdu?
* Nursultan Nazarbayevin ən çox sevdiyi xobbisi nə idi və nədir?
* Almatını paytaxt kimi Astanaya dəyişməyin arxasında Nazarbayevin hansı ehtirasları dayanırdı?
* Prezident seçkiləri necə saxtalaşdırıldı?
* Nazarbayev dövlət başçılarına niyə rüşvət paylayırdı?
* Kürəkəni Nazarbayevin səsini diktofona necə yazdı?
* Rahat Əliyevi «Xaç Qayınatası»ndan incik salan nə olmuşdu?
* Qazaxıstan prezidentinin təlxəkləri nə işlərlə məşğuldur?

Bu kitab Orta Asiyanın və dünyanın ən nəhəng ölkələrindən birinin yuxarı eşalonunda baş verən dəhşətləri gözlər önünə sərir. Prezidentin kürəkəni onun gizlin bir tərəfini saxlamayıb. Bank hesabları, alınan və verilən rüşvətlər, şəhərlərin və paytaxtların dəyişdirilməsinin səbəbləri və daha nələr… nələr… Başınızın tükləri dimdik duracaq!!! Diktatorluqların hamısında baş verən ümumi xarakterik cizgilər hamınızı yerinizdən dik fırladacaq!!!
Bəli, «Xural» Azəərbaycan mətbuatının tarixində tarix yazmağa davam edir!..

1

Bu kitabı öz ailəmə ithaf edirəm:
Atam akademik Muxtar Əliyeviçə hansı ki, öz nümunəsilə göstərdi ki, tək də səhrada döyüşçü olmaq olar;
Anam Münəvvərə, hansı ki, dünyanın bütün güclərinə baş əyməməyi öyrətdi;
Oğullarım Nurəli, Aysultan və qızım Veneranın şəkillərinə saatlarla baxıram və inanıram ki, bizim ayrılığımızın nə vaxtsa sonu çatacaq;
Dariqəyə, mənim uşaqlarımın anasına;
Bacım Gülşada və onun əri İssam Xoraniyə, mənim bütün qohumlarıma, dostlarıma, həmkarlarıma – mən onların hamısının adını ona görə çəkə bilmirəm ki, kitabda buna yer çatmaz, yox. Ona görə ki, bu gün onlar üçün bu təhlükəsiz ola bilməz. Ancaq mən hər kəsi xatırlayıram və taleyimə şükür edirəm ki, məni bu insanlarla qarşılaşdırdı. Haqq bizim tərəfimizdədir, biz qalib gələcəyik.

Rahat Əliyev

XAÇ QAYINATASI

Sənədli povest
1-ci hissə
Müəllifdən

Bu kitabda yazılan bütün hadisələr təfəkkür məhsulu deyil. Adların üst-üstə düşməsi də təsadüfi deyil. Kitabın bütün qəhrəmanları real insanlardır. O qədər ki, bu sənədli povestdə göstərilən hadisələrin baş verdiyi ölkə də realdır – onlar nə qədər qeyri-real görünsələr də…
Müəllif – Rahat Əliyev, tibb elmləri və iqtisadi elmlər üzrə doktor, məşhur siyasətçi və uğurlu iş adamı, Qazaxıstanın Avstriyadakı sabiq səfiri, ATƏT-in, BMT-nin və Vyanada olan digər beynəlxalq təşkilatların daimi nümayəndəsi, Xarici İşlər nazirinin sabiq birinci müavini. 2007-ci ilin may ayında prezident Nazarbayev Konstitusiyaya düzəliş edəndən, ömürlük hakimiyyəti idarə etmək hüququ alandan və öz opponentləri ilə sərt davranandan sonra Rahat Əliyev oyundan çıxdı və azadlığa riskli dönüş etdi. Müəllif öz vətənində «dövlətin 1 nömrəli düşməni» elan olunub.
Qəhrəman – xaç qayınatası Nursultan Nazarbayev, avtokrat, hakimiyyətə Qazaxıstan hələ keçmiş sovet respublikası olduğu zamanlarda gəlib. 1984-cü ildə Qazaxıstan SSR nazirlər kabinetinin sədri olub. 1989-cu ildən respublikanın Kommunist Partiyasının rəhbəri işləyib. 1991-ci ildən ölkənin prezidentidir, 2007-ci ilin may ayında Konstitusiyada ona ömürlük hakimiyyəti idarə etmək haqqı qazandıran düzəlişə imza atıb.

2-ci hissə
Əks-hesabat

1 iyun 2007-ci ilə 14 gün qalmış – Qazaxıstanın prezidenti nəzarətində olan parlament vasitəsilə ölkənin Konstitusiyasında dəyişikliklər edilməsi haqda qərar qəbul etdi.
Yeni Konstitusiya bizim ölkənin yeganə vətəndaşına prezident postuna məhdudiyyətsiz sayda seçilmək imkanı qazandırdı. Bu adam – Nursultan Nazarbayev, ölkənin hazırkı prezidenti, mənim qayınatamdır.
Həmin gün ölkəmizin demokratik inkişafına olan ümidlər qəti olaraq tükəndi.
1 iyun 2007-ci ilə 9 gün qalmış – Mən Rahat Əliyev, bu kitabın müəllifi, həmin vaxt Qazaxıstanın həm Avstriyadakı və həm də Venadakı beynəlxalq təşkilatların səfiri – dəfələrlə prezidentin Konstitusiyada düzəlişlər etmək haqqındakı planlarına tənqidi fikirlərimi söyləmiş və sonuncu dəfə telefon söhbəti zamanı prezidentə onun yeni siyasi kursu ilə qəti razılaşmadığımı bəyan etmişəm. «Sivil dünya qəti olaraq sizdən üz döndərəcək, cənab prezident», – bu mənim telefonun dəstəyinə, ara kəsilmədən çatdırıb söylədiyim son söz oldu.
Bu, həm də mənim yanında uzun 24 ilimi keçirdiyim adamla sonuncu qırılmağım idi. Həmin gün haqqımda absurd cinayət işi açıldı. Normal dövlətlərdə bir məhkəmə hətta baxılmaq üçün belə bu işi qəbul etməzdi: məni təqsirləndirirdilər… Sərmayəçilərin pulu ilə qaçmış dələduzun itməsində.
1 iyun 2007-ci ilə 6 gün qalmış mən açıq şəkildə 2012-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyimi irəli sürmək niyyətimi elan etdim. Bu, çoxdan yetişmiş qərar idi, mən artıq bu haqda prezidentə özəl söhbətlərdə bildirmişdim.
«Mən hesab edirəm ki, prezident postunun faktiki olaraq bir adamla məhdudlaşdırılması seçki prosesini xarici müşahidəçilər üçün tamaşaya çevrir, demokratik nailiyyətlərdən imtina edilməsinə gətirib çıxarır, yumşaq desək, ölkəmizin xeyrinə deyil» – bu sözlərimi bizim ölkənin və xaricin bir çox agentlikləri yaydı. Belə bir şeyi bizim ölkəmizdə heç kimə bağışlamırlar.
Həmin gün ölkənin prezidenti heç bir günahım olmadan Qazaxıstanın Baş Polisinin təqdimatı ilə məni tutduğum bütün diplomatik postlardan məhrum etdi: Qazaxıstanın Avstriyadakı səfiri, Vyanadakı beynəlxalq təşkilatların daimi nümayəndəsi və ATƏT-lə əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi…

1 iyun 2007-ci il

Daxili İşlər naziri Muxamedjanov, Mili Təhlükəsizlik komitəsinin sədri Şabdarbayev və baş prokuror Tusunbəyov prezident Nazarbayevin şəxsi əmri ilə mənə qarşı ittiham quraşdırdılar. Avstriyanın İnterpolu Qazaxıstan İnterpolunun sorğusuna əsaslanaraq mənim həbsimi həyata keçirdi.
Beləcə, 2007-ci ilin yay fəslinin ilk günəşli günündə Vyana küçələrinin kənarında bir vaxtlar mənim kumirim olan, sonra – rəisim, sonra – rəqibim və nəhayət, düşmənim olan bu adamla çoxillik tarixi olan münasibətlərim başa çatdı. O adamla ki, bütün xalqı və bütün dünyanı aldatmağa çalışır.
Bu adam – mənim vətənimin əvəzolunmaz hökmranı, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevdir. O, mənə çox şey verib, ancaq çox şey də almağa çalışıb. Bunun özü bir faktdır ki, o – mənim üç övladımın babası, mənim keçmiş arvadımın atasıdır – bunun özü mənim indi danışmağa hazırlaşdığım hekayəyə özünəməxsus rəng qatır, düz deyilmi?
Uzun illərimi «Əlahəzrətin məxfi xidmətində» keçirmişəm, tərəddüdlərimi qovaraq, rahatsız suallar verməyi özümə qadağan edərək… Ancaq tədricən prezident əlahəzrətinin qüdrəti mənim gözlərimdə şaqren dərisi kimi büzüşməyə başladı və mən bununla heç nə edə bilmədim. İki onillik mən onun rejiminin əsgəri oldum və hətta generallığa qədər xidmət etdim. Mən hətta o vaxtadək xidmət göstərdim ki, artıq prezident Nazarbayevin bizim ölkəmizi apardığı yolla bağlı heç bir illüziya hiss etmirdim. Çoxları məni bu məsələdə təqsirləndirir, yəqin ki, onlar haqlıdırlar – hər nəsə, kənardan qoçaq görünmək asandır.
Lakin şəxsi hakimiyyət rejimi rəqiblərini öldürməyə bapşlayanda, mən qəti şəkildə dərk etdim ki, artıq mənim bu adamla yolum eyni ola bilməz. Bu cızığı keçməyi mən heç bir vaxt bacarmayacağam.
Mən bu sətirləri kiçik dağ kəndində, bu kəndin hansı ölkədə yerləşdiyini söyləmədən yazıram. Son illər mən çox qəribə həyat tərzi keçirirəm: bir yerdən digərinə yerləşirəm, şəhərlər, ölkələr dəyişirəm. Bu, məcburi zərurətdir. Mən bilirəm ki, keçmiş qayınatam, prezident Nazarbayev məni susmağa məcbur etmək üçün heç bir şeyin qarşısında dayanmayacaq. Onun agentləri Avropanı qarış-qarış gəzirlər, onun prokurorları məni onun «ədalət məhkəməsinə» təslim etməyən Avstriyadan çıxmırlar. Onun artıq çoxdan şəxsi cibi ilə dəyişik saldığı büdcəsinin milyonları lobbistlərin, jurnalistlərin və siyasətçilərin xidmətinə, polislərin satın alınmasına xərclənir – hər şey bir məqsəd üçün: mən həmişəlik susmalıyam!
Amma mən belədə də uzun zaman susdum.
Həqiqəti danışmağın vaxtı isə çatdı…
Diktator və onun diktaturası haqqında həqiqəti. Əlinizdə tutduğunuz kitab bu haqdadır. Əgər mən bu gün özümün keçmiş qayınatamdan soruşa bilsəyim, ona bir sual verərdim: «Siz öz nəvələrinizin gözünə necə baxa bilirsiniz, cənab prezident?» Hələ yaxınlarda mənim ailəm vardı, mən onu əsrin dörddə biri müddətində qurmuşdum. Günlərin bir günü prezident hətta uşaqlarımla danışmaqdan belə məni məhrum etdi. İndi o onlara ataları – Göysaqqal barədə nağıllar danışmağa cəhd edir və onları pulla, hədiyyələrlə almağa çalışır. Mən bilirəm ki, onun heç bir şansı yoxdur. Mən bilirəm ki, əvvəl-axır bu kitab övladlarımın əlinə düşəcək (Xaç qayınatam bunun baş verməməsi üçün nə qədər güc sərf etsə də) və mənim uşaqlarım ailəmizin əsl hekayəsini oxumuş olacaqlar.
Biz Dariqə ilə Moskvada, aspiranturada təhsil alan zaman tanış olmuşuq – mən İkinci Moskva Tibb Universitetində, o isə Moskva Universitetində oxuyurduq. Bizim tanışlıq münasibətlərimiz tezliklə inkişaf etdi, böyüdü. Onun cazibədarlığı qarşısında dayanmaq mümkün deyildi, Dariqə onu əhatə edən hər kəsi ovsunlayırdı. O, əsl ulduz idi. Bizim iyirmidən bir qədər artıq yaşımız vardı və mən artıq bilirdim ki, kimin yanında bütün həyatımı keçirə və uşaqlarımı böyüdə bilərəm.
Onun atasının bu məsələyə heç bir dəxli yox idi. Soyadlar haqda danışmaq lazım gələrsə, o vaxt – 1983-cü ildə Əliyevlər Nazarbayevlərdən çox-çox məşhur idilər. Mənim atam akademik, tibb elmləri doktoru, professor, məşhur cərrah, xalqın hörmətini insanları xilas etdiyi üçün qazanmış səhiyyə naziri idi. O, ölkədə cərrahiyyə məktəbini yaradıb aspirant və həkimlərə dərs keçirdi. İnsanlar yaxşı bilirdilər ki, o, hər şeyə özünün istedadı və inadcıl əməyi ilə nail olub – demək, onun səhnəarxası aparat oyunlarını oynamağa ehtiyacı yox idi. Elmi xətdən atam Qazaxıstanın Elmlər Akademiyasının prezidenti, akademik Əsgər Kunayevlə sıx dost idi – onun vasitəsilə bütün Kunayev ailəsi ilə. Nazarbayev də komsomol-partiya xətti ilə irəli çəkilən, yaxşı anket dəlilləri olan – fəhlə-proletariatlıqdan SovİKP MK-nın Siyasi Bürosunun üzvü Dinmuhammed Kunayevin şəxsi diqqətini çəkərək onun vasitəsilə hakim paytaxt yüksəkliklərinə qədər qaldırılan adam idi.
Açığını desək, mənim adaxlımın atasının karyer yüksəlişi məni Almatı küçələrindəki havadan az maraqlandırırdı. Əks təqdirdə bizim nigah baş tutmaya və ya tez dağıla bilərdi.
Ancaq bir ildən sonra, 1984-cü ildə Kunayev öz yetirməsini Qazaxıstan hökumətinin rəhbəri təyin etdi. Artıq bir ildən sonra – 1985-ci ilin dekabrında Nazarbayev hiss etdi ki, onun hər şeyə qadir himayədarı hakim duruşu itirmək üzrədir – və risqli intriqaya getdi. O, Qazaxıstanın Kommunist Partiyasının qurultayında Kunayevin özünə qarşı çıxış etdi. Qazaxıstan SSR Nazirlər Sovetinin gələcək sədri bu hərəkətindən sonra böyük-böyük sual altında qalmış oldu. O, bütün ümidini Kremlin yeni rəhbərlərinə bağlamışdı, amma onlar da uzaq Moskvada əyləşirdilər, Dinmuhammed Kunayev isə Qazaxıstanı idarə edirdi.
O vaxtlar çoxları Nazarbayevdən üz döndərdilər. Çoxları ona çıxışında açıq-aşkar görünən satqınlıq səbəbindən əl verməkdən belə çəkindilər. Böyük əksəriyyət onunla olan bütün əlaqələrini kəsdi, sadəcə bu adamla olan münasibətlərinə görə özlərini batırmaq istəmədilər. Mənim atam, akademik Muxtar Əliyev üçün isə qohumluq münasibətləri hər zaman birinci yerdə olub. Gözdən düşmüş Nazarbayev isə onun qohumu idi, məndən və doğmalarından isə atam heç vaxt imtina etməmişdi – hətta şəxsi karyerası bahasına başa gəlsə belə…
Böyük Əsgər Kulibayev isə özünü başqa cür aparmağa başladı – öz oğlu Timura Dinara Nazarbayeva ilə yalnız təhlükəsiz illərdə – 1989-cu ildə ailə qurmağa razılıq verdi. O vaxt artıq Dinaranın atası üçün bütün narahatlıqlar geridə qalmışdı – Nazarbayevi Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçmişdilər.
Yəni mən yaman dillərin zəhərləyərək söylədikləri kimi «prezidentin qızı» ilə evlənməmişdim. Mən sevdiyim qızla, moskvalı tələbə Dariqə Nazarbayeva ilə evlənmişdim və əsrin dörddə bir hissəsini bizim ailəmiz xoşbəxt bir həyat sürdü – ona Xaç qayınatam qarışmayana qədər…

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button