«Xırdalan pivə zavodu» kimi tanınan qurumda nələr baş verir?

Moskva «BaltikaBakı» MMCni yoxlamağa gəlir

Adam Tlexuray bizi Vladimir Putinlə hədələyir!..

Mətbuatda «Xırdalan pivə zavodu» kimi tanınan «Baltika-Bakı» MMC haqqında son günlər bəzi yazılar yayınlanıb. Yazılarda zavodun istehsal etdiyi pivələrin keyfiyyəti və təkrar istehsalın kefiyyətsizliyi haqqında ciddi məlumatlar əksini tapıb. Satışdan qayıdan və vaxtı keçmiş pivələrin təkrar emalı zamanı baş verən qanunsuzluqlardan bəhs edən məlumatlarda qeyd edilir ki, şirkət rəhbərliyi bu halların qarşısını almaqdansa, əksinə, bu tip hərəkətləri təşfiq edəcək addımlar atır. Azərbaycan qanunları əsasında fəaliyyət göstərməli olan qurum, təəssüf ki, qanunlarımıza məhəl qoymur və ciddi narazılıqla qarşılanacaq hərəkətlərə yol verir. Keyfiyyətsiz pivə istehsalı, işçilərin maaşlarının vaxtlı-vaxtında verilməməsi, xarici ölkələrdə fəaliyyət göstərən şirkətlərin aldadılması və onlara saxta pivələr göndərilməsi məsələləri ayrı-ayrı mövzular olsa da və bu mövzular üzərində redaksiyada araşdırmalar aparılsa da, XuralTAC-a daxil olan önəmli bir informasiyanı Oxuculara çatdırmaq qərarına gəldik.

XuralTAC-a daxil olan məlumatlara görə, sən demə, Azərbaycan mətbuatının yazdığı yazılar o qədər də əsassız deyilmiş. Belə ki, «Baltika-Bakı» MMC-də baş verənlərlə bağlı artıq Moskva da xəbər tutub və nələr baş verdiyini araşdırmaq üçün Bakıya xüsusi bir yoxlama qrupu göndərilməyə qərar veriib. Yoxlama komissiyası «Baltika-Bakı» MMC-də baş verən bütün neqativ halları və təhlükəsizlik məsələlərini araşdırmağa niyyətlidir.

Aldığımız məlumatlara görə, Moskvadan gələn komissiyaya görə, artıq şirkət rəhbərliyi konkret addımlar atmaqdadır. Ayın 27-28-də gələcəyi gözlənilən yoxlama öncəsi şirkət rəhbərliyi zavod daxilində bəzi kosmetik dəyişikliklər edib. Stollar, stullar dəyişdirilib, həyət-bacaya boyalar çəkilib, bəzi təmizlik işləri aparılıb.

Xəsarət alan işçilər ictimaiyyətdən gizlədilir…

Bir müddət bundan əvvəl yeməkxanada yeməkdən şikayətçi olan bir işçini isə ölümlə hədələmişdilər. İşçi texniki təhlükəsizliyin rəisi Tofiq Hüseynova şikayət edəcəyini desə də, «get kimə şikayət edirsən et, o da özümüzün adamıdır» cavabını almışdı. Moskvadan gələn yoxlamanın qorxusundan zavod rəhbərliyi indi Əziz adlı bu gənci dilə tutmaqla məşğuldur ki, paxırları açılmasın.

Təhlükəsizlik məsələsində yeməkdən şikayətlənən Əziz tək deyil. Məlumata görə, bu yaxınlarda zavodun başqa bir əməkdaşı da ciddi xəsarət alıb. Vaqondan yük boşaldarkən avtokardan düşən dəmirlə başından ciddi xəsarət alan və ayağı sınan Vəli adlı fəhlənin başına gələnlər daha ibrətamizdir. «Nayomnik» adlanın bu fəhlənin başına gələnlər ciddi-cəhdlə gizlədilir. Abşeron Rayon Polis İdarəsindən polislər zavoda gəlsələr də, cinayət işi açmağa ehtiyac görməyiblər və Vəlini «Semaşko»ya yerləşdirməklə işlərini bitmiş hesab ediblər. Moskvadan gələn komissiyanın diqqətindən bu hadisəni də yayındırmaq üçün zavod rəhbərliyi demək olar ki, səfərbərlik edib. Məlumatda deyilir ki, bu hadisə son 6 ayda 3-cü hadisədir və hər 3 hadisə də ictimaiyyətdən gizlədilib. Xəsarət alanlara heç bir maddi yardım göstərilməyib. Bu hadisələrlə məşğul olmalı olan həmkarlar ittifaqı və onun sədri Tural Niftəliyev isə fəhlələrə yardım etməkdən, onların tərəfindən dayanmaqdansa, bunu etməyib. Əldə etdiyimiz məlumatlarda deyilir ki, Tural Niftəliyev əvvəlllər hüquqları pozulan zavod əməkdaşlarını müdafiə etsə də, sonra zavod rəhbərliyinin tərəfinə keçib. Bunun da maraqlı tarixçəsi var…

Söyüş söyən Adam Tlexuray…

Zavod daxilindən aldığımız məlumata görə, «Baltika-Bakı» MMC-nin baş direktoru Adam Tlexuray adətən işçilərlə söyüşlə danışır. Özü qafqazlı balası, Adıjey millətinin övladı olsa da, ruslar kimi söyüşcül olmağı tərgidə bilməyən Adam Tlexuray növbəti söyüşlərdən sonra kollektivin sərt etirazı ilə üz-üzə qalır. İşçilər toplu etiraz edirlər və zavod daxilində tətil elan edirlər. Şərt isə bir olur – Adam Tlexuray söyüşlərinə görə üzr istəməlidir. Ortaya isə o zamana qədər işçilərin tərəfində olan, onların hüquqlarını müdafiə edən zavodun Həmkarlar İttifaqının sədri Tural Niftəliyev düşür. Tural Adam Tlexurayla görüşür, işçilərlə baş verən insidentin aradan qaldırılmasına nail olur və baş direktorla işçilərin narazılığını yoluna qoya bilir. Düzdür, Adam Tlexuray işçilərinin qarşısına çıxmır, amma yazılı mesaj yayınlayaraq 200 nəfərdən çox olan kollektivdən üzr istəyir. XuralTAC-ı məlumatlandıran mənbə, qırılma nöqtəsinin də bu məqamda başladığını deyir. O hadisədən və Adam Tlexurayla baş tutan o görüşdən sonra Tural Niftəliyevə nə olursa olur. Adam bir də Adamla görüşdən sonra öz adamlarını – sadə fəhlələri müdafiə etmir…

«Xırdalan»da niyə rusca danışırlar?

Moskvadan gələn komissiya haqqındakı məlumatları dəqiqləşdirmək üçün «Xırdalan» pivə zavoduna telefon etdik. Uzun müddət davam edən ötür-ötür oyunu nəticəsində bizi Mikayıl Cəfərov adlı bir adamla calaşdırdılar. Maraqlıdır ki, telefona cavab verən bütün yetkililər rusca danışırdılar və israrlı tutumumuza baxmayaraq, azərbaycanca bir kəlmə belə işlətmirdidər.

Bu şirkət Azərbaycanda fəaliyyət göstərmirmi?

O zaman niyə dilimizə belə laqeyd münasibət göstərirlər, maraqlıdır və… başqa bir yazının mövzusudur…

Yoxsa adamların könlündə hələ də bir işğalçılıq havası yatır?!

Mikayıl Cəfərov səbrlə suallarımızı dinlədi və Moskvadan gələn komissiyanın həqiqətən bu günlərdə Bakıda olacağını təsdiqlədi. Bu komissiyaya görə bəzi abadlıq işlərinin aparılmasını inkar edən, Mikayıl Cəfərov şirkət daxilində hər zaman abadlıq işlərinin aparıldığını dedi. Komissiyanın gəlməsini təbii sayan yetkili, bunun ildə bir dəfə baş verdiyini dedi. «Xəsarət alanların Moskvaya yazdıqları şikayət ərizələrinin bu komissiyanın gəlməsində rolu varmı» sualımıza Mikayıl Cəfərov cavab vermədi.

Son anda günvurmadan xəstəxanaya düşən bir fəhlənin aqibəti haqqında da Mikayıl Cəfərova sual verib cavab istədik. Cəfərov hadisədən xəbərdar olmadığını dedi və məsələni araşdırıb qəzetimizə məlumat verəcəyini bildirdi. Amma qəzet çapa hazırlanana qədər Mikayıl Cəfərovdan xəbər çıxmadı…

Adam Tlexuraydan «Xural»a təhdid…

Mikayıl Cəfərovdan xəbər gəlmədi, amma pivə zavodunun daxilindən XuralTAC-a ard-arda məlumatlar gəlməyə başladı. Sən demə, Adam Tlexuray zavodun problemlərini həll etmək əvəzinə, bizimlə hədə-qorxu dilində danışmağa qərar verib. O, zavodun bir neçə şübhələndiyi əməkdaşını yanına çağırıb və «Xural»a verilən informasiyalara görə, onlardan şübhələndiyini söyləyib. «Ya gedin qəzetdə yazılacaq yazıları dayandırın, qarşısını alın, ya da ərizənizi yazın» deyə işçilərinə hədə-qorxu gələn Adam Tlexuray, bizi şərləməkdən belə çəkinməyib. İşçilərinə söyləyib ki, guya «Xural»ın adından ondan yüksək məbləğdə pul istəyiblər.

Görünür, Adıgey qardaşımız geydirmə işlərlə məşğul olmaq niyyətinə düşüb. O, şüşədən siçovul çıxan «Xırdalan» şüşəsinə görə, hansı telekanalasa verdiyi iddia olunan 60 min manatın yelini unudaraq, bizə çamur atmaqdan çəkinməyib. Ondan kimin nə qədər pul tələb elədiyini biz bilmirik. Bizi o da maraqlandırmır ki, Adam kimə nə qədər pul verir? Amma bütün Azərbaycan bilir ki, bizə hədə-qorxu keçməz. Biz «Xırdalan pivə zavodu» adlanan «Baltika-Bakı» MMC-də baş verənlərdən tam agahıq. Əlimizdə videoçəkilişlər, ərizələr, faktlar var. Onların hamısını ciddi araşdırıb yayınlamağı düşünürük. Bunun üçün «Baltika-Bakı» MMC-yə sorğu göndərmiş və ondan nataraz bir cavab da almışıq. Həmin Adam Tlexuray bu yarımçıq sorğunun əks-sədasındanmı qorxub, ya nədənmi, qəzetdə gedəcək araşdırma yazılarının qarşısını bu yolla almaq istəyib, deyə bilmərik, amma onu bilirik ki, bütün arqumentlərə «Baltika-Bakı» MMC-nin cavabını yayınlamağa hazırıq və edəcəyik də.

Yoxsa bizi «Bura Putinin zavodudur, bu zavodun arxasında Putin dayanır, bizə heç kim heç nə edə bilməz» deməklə «Xural» nə qorxmaz, nə də susmaz. Biz çox putinlər görmüşük və onlardan zərrə qədər qorxumuz yoxdur. Bizi Putinlə hədələməkdənsə, azərbaycanlı işçilərin hüquqlarını qorumaq, zavodun şəhidlərinin xatirəsini əziz tutmaq (bu haqda fotolar redaksiyamıza təqdim olunub), Azərbaycan bayrağına hörmət etmək, xarici ölkələrlə, xüsusilə Gürcüstanla əməkdaşlıqda fırıldaqçılığa yol verməmək, öz katibəsiylə adam kimi davranmaq, satışdan qayıdan pivələri azərbaycanlılara təkrar soxuşdurmamaq, aksizsiz pivə istehsalına «dur» demək lazımdır.

Sən bu millətin çörəyini yeyirsən, yaxınlarına 150-200 min manatlıq avtomobili alıb Peterburqa bu millətin pulu ilə göndərirsən, Adıgey balası. Sən Rusiyada neçə il çalışmalı idin ki, ən yaxın adamına 200 min manatlıq avtomobil hədiyyə edəsən?

Bunu hər halda Vladimir Putin deməmişdi?!

Hüseyn Namazoğlu

Redaksiyadan:

Yazıda adı çəkilən şəxs, qurum və quruluşların da mövqeyini dərc etməyə hazırıq.


Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Azərbaycanda bu cür hallar əksər istehsalat müəssisələrində baş verir. Hətda nəinki istehsalat bütün müəssislərində. Bu sovetdən qalma adətin yox olması üçün isə 25 ildir heç bir addım atılmır. əvəzinə isə problemlər, narazılıq, korrupsiya, işçilərin hüquqlarının kobud şəkildə pozulması, bir sıra maxinasiyalar və s artmaqda davam edir. uzun uzadı danışmaq istəmirəm lakin mən bütün bu neqativ hallarda hakimiyyəti günahkar görürəm. Nəzarətsizlik, məsuliyyətsizlik, şəxsi maraqlar naminə dövlətin gücündən istifadə və s. İnsanın ağlına o qədər neqativ düşüncələr gəlir ki, düşünürsən bu qədər məsuliyyətsiz bir hökümət bu dövlətin suverenliyinə necə qarant dura bilər. Bu qədər amansızcasına pul düşgünü olanlar ilə Qarabağı pula satanlar arasında nə fərq var. Ola bilər mğzdən bir aralı düşdüm amma yazdıqlarımın bir biri ilə əlqəsi var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button