«Xural» KİVDF-nin müsabiqəsində iştirak etməyəcək!

Bizi Ramiz Mehdiyev və onun komandası mətbu sferadan sıxışdırıb çıxarmaq istəyir…

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun – KİVDF – qurulduğu ilk gündən onunla qovğadayıq. Hər cür ədalətsizliyə meydan verən, bütün mətbu qurumlarla işini hər cür mətbuatdankənar prinsiplərlə quran bu qurum, elan etdiyi müsabiqələrin nəticələrini ədalətli və şəffaf keçirməmişdi. O səbəblə də həm qurumla, həm qurumun üzdə görünən rəhbəri Vüqar Səfərli ilə, həm də qurumun arxadakı əsl patronu olan Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənovla münasibətlərimiz gərgin olaraq qalmaqdadır. Bu gərginlik xüsusilə, mətbuatın 135 illik tədbirləri ərəfəsində və sonrasında artaraq davam etmiş və nəticədə həm Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, həm də Ramiz Mehdiyev və Əli Həsənovun ortaq kadrları olan Vüqar Səfərlinin qəzəbinə düçar olaraq məhkəmə çəkişməsinə məruz qalmışdıq.

Biz hörmətli Vüqar Səfərovu «mətbuat qəssabı» adlandırmışdıq və hörmətli Vüqar Səfərov da bizi ərinmədən və çəkinmədən 10.000 manat tələbi ilə məhkəməyə vermiş, qısa zaman ərzində 500 manat cərimə etdirə bilmişdi. Çünki Vüqar Səfərlidən əvvəl də hörmətli Ramiz Mehdiyev bizi 10.000 manat cərimə tələbi ilə məhkəməyə vermiş və 10.000 manatlıq qərardad da almışdı. Beləcə, həm Ramiz Mehdiyev, həm də Vüqar Səfərli bizi cərimələtmiş, Nərimanov Rayon Məhkəməsində bizə qarşı bir presedent yaratmışdılar.

Bütün olanlara rəğmən, «Xural» bu məhkəmə işlərini yoğunlatmadı. Ramiz Mehdiyevlə və Vüqar Səfərli ilə məhkəmə çəkişmələrini və nəticələri qəzet səhifələrindən yığışdırdıq. Münasibətlərin normallaşmasını istədik. Hətta Prezident yanında mətbuata dəstək üçün yaradılmış KİVDF-nin dekabrın 26-da yekunlaşacaq müsabiqəsinə sənədləri də təqdim etmək niyyətinə düşdük. Biz bu ölkənin mətbu vasitəsiyik və bu bizim normal haqqımızdır. Amma əziz hökumətimiz bu niyyətimizdən deyəsən, xəbər tutdu və bizim uzanan barış əlimizi yenidən yanımıza saldılar. Biz Ali Məhkəmədən cavab gözləyərkən, hörmətli Ramiz Mehdiyevin 10.000 manatlıq cəriməsi icraata yönəldildi. Və onun ardınca hörmətli Vüqar Səfərlinin 500 manatlıq cərimə tələbindən şikayət ərizəsi tərəfimizdən Nərimanov Rayon Məhkəməsinə təqdim olundu. Beləcə, «Xural»ın bu müsabiqədə də iştirak etmək planları suya düşdü. Ona görə ki, Ramiz Mehdiyevin 10.000 manat cərimə kəsdirdiyi bir qəzetə Vüqar Səfərlinin 10 manat vermək səlahiyyəti və həddi belə yoxdur. Hələ Vüqar Səfərlinin həddindən artıq kinli və qisascıl bir adam olduğunu, o təfəkkürdə böyüdüyünü nəzərə alsaq, bizim bu müsabiqədən «sağ çıxmayacağımız» dəqiqdir.

Ona görə də «Xural» qəzetinin rəhbərliyi olaraq prezidentin ayırdığı bu pulun bu dəfə də mətbu şəbəkə tərəfindən rahat və əmin-amanlıqla bölüşdürülməsi naminə müsabiqəyə qatılmadığımızı bəyan edirik. KİVDF-nin «mətbu qəssablıq» anlayışı içərisində bölüşdürəcəyi media pullarını həmkarlarımıza halal edir, onların qarşıdan gələn bayramlarını səmimi qəlblə təbrik edirik. Allah kimə nə arzulayırıqsa, bizə iki mislini versin. Allah kim bizə nə arzulayırsa, onlara da iki mislini qismət eləsin.

Ramiz Mehdiyevin və onun sədaqətli kadrı Vüqar Səfərlinin isə Allah könüllərinə rəhm salsın. Bax, biz onların bölüşdürdüyü pullardan imtina edirik, onlar da bizə kəsdirdikləri cərimələrdən imtina etsinlər – olaq 0-0.

Olarmı?!

Niyə olmur ki?!

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button