Əvəz Zeynallı Penitensiar Xidmətin rəisi Mədət Quliyevə müraciət etdi

06.02.2012

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının üçüncü vəkili Yalçın İmanov onunla Bakı İstintaq Təcridxanasında görüşüb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Əvəz Zeynallı ilə bağlı işi araşdıran müstəntiq Qabil Qasımova orderi təqdim edən Y.İmanov fəaliyyətə başlamaq üçün Ə.Zeynallıya təqdim olunduğunu söyləyib. Qısa müddətli görüş zamanı Ə.Zeynallı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Mədət Quliyevə etdiyi müraciəti vəkilə təqdim edib.
Xatırladaq ki, yanvarın 31-də Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasında onunla bağlı “xüsusi göstəriş”in həyata keçirildiyi haqda məlumat verib.

Ə.Zeynallı bildirib ki, adının çəkilməsini istəmədiyi nəzarətçilərdən biri təcridxanada 10 nəfərin üzərində “xüsusi göstəriş”lə nəzarətin gücləndirilməsi əmrinin verildiyini deyib və həmin siyahıda ilk adın Əvəz Zeynallıya məxsus olduğunu söyləyib. Təcridxananın ümumi qaydalarına hər zaman riayət etdiyini deyən baş redaktor üzərinə qoyulan “xüsusi nəzarət”in səbəbini anlamağa çalışır. Digər tərəfdən o “Azadlıq” qəzeti ilə təmin olunmaması üçün süni maneələr yaradılmasına da etirazını bildirib. “Üzərimə qoyulan nəzarət sisteminin 10 qat gücləndirilməsini də təzyiq vasitəsi kimi qəbul edirəm” deyən baş redaktor onu da bildirib ki, təcridxanadakı gərginliyin səbəbini öyrənməyə çalışdığı zaman ona eşitdiriblər ki, hər iclasda Ə.Zeynallıdan ehtiyatlı olmaq üçün nəzarətçilərə “xüsusi tapşırıq” verilir: “Haqqımda heç bir məhkəmə hökmü olmadığı halda və hələ istintaq getdiyi üçün bu “xüsusi göstəriş”lərin kimlər tərəfindən verilməsinin açıqlanmasını tələb edirəm. Görünür mənim həbsimdə maraqlı olan adamlar indi də bu yolla gərginlik yaratmağa və mənə təzyiq etməyə çalışırlar”. Bu məsələ ilə bağlı Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqovla görüşmək istəyən baş redaktor buna nail olmayıb: “Çox güman ki, o da “xüsusi göstəriş”lər səbəbindən mənimlə görüşmək istəmir.” Əvəz Zeynallı hər şeydən təcrid olunmasını və onunla belə davranışı normal hesab etmir və bu məsələyə diqqət çəkməklə hesab edir ki, bu vəziyyəti təzyiq vasitəsinin ilk dalğası hesab etmək və ən əsası “xüsusi göstəriş”lər fonunda qanun və qaydalara zidd daha ağır addımların atılacağını gözləmək olar.

Bu məsələ ilə bağlı Əvəz Zeynallının Mədət Quliyevə ünvanladığı məktub:

“Hörmətli Mədət Quliyev!
Saxlanıldığım Bakı İstintaq Təcridxanasında son günlərdə hiss olunacaq gərginliyə və repressiyaya məruz qalmışam. Bu barədə müəssisə rəhbərliyinə, son 10 gün müddətində dəfələrlə müraciət etməyimə baxmayaraq rəis tərərfindən qəbul edilməmişəm. Beləcə, məndə bu gərginliyin rəhbərlik tərəfindən yaradıldığı qənaəti hakim olmağa başlayıb. Nədədir bu gərginliklər?
Mənimlə heç kimin əlaqə saxlamasına, hətta görüşməsinə icazə verilmir. Bəzən elə olur ki, müraciət etdiyim əməkdaşlarınız belə, “müəllim, nəzarətdəsiniz, Sizə yaxınlaşmaq olmaz” deyib, uzaqlaşırlar. Bəzəm rejim rəisi, bəzən də “starşina” belə edir. Hətta hər çağırışa gəlməli olan müəssisə üzrə əməliyyat növbətçisi dəfələrlə çağırmağıma baxmayaraq, mənim saxlanıldığım kameraya tərəf gəlmirlər. Bir az səmimi olanlar isə mənə deyirlər ki, “Təcridxanada 10 nəfər nəzarətdə olan şəxs var, başda da sən gəlirsən”.
Hörmətli Mədət Quliyev!
Mən bir deputatın şərlənməsi ilə saxlanılmışam. Məsələm “azad söz”dür və həbsim siyasi motivlidir. Əsas məqsəd baş redaktoru və təsisçisi olduğum “Xural” qəzetini bağlamaq olub. “Vicdan məhbusu”yam və bütün beynəlxalq təşkilatların hesabatlarında bu barədə qeyd edilib. Deyək ki, bunun sizə dəxli yoxdur. Amma o zaman da xahiş edirəm, təcridxanada belə təcridolunmaq tapşırığını rəhbərliyə kim verib məsələsini araşdırasınız. Mənə qarşı başlanan və gündən-günə sərtləşən mənəvi işgəncəni kim və niyə tətbiq edir? “Xüsusi nəzarət”də olan 10 məhbus kimdir və belə bir nəzarətə səbəb nədir? Mənə qarşı başlanan bu mənəvi repressiyanın sifarişçisi kimdir? Kimlərdir?
Xahiş edirəm, məsələni xüsusi araşdırasınız və mənə məlumat verəsiniz.

Hörmətlə Əvəz Zeynallı ”

Məsələ ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi, ədliyyə nazirinin müavini Mədət Quliyevin də mövqeyini dərc edəcəyik.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button