Əbülfəs Qarayev otellərə zorla lisenziya verəcək

Əbülfəs Qarayev: “Bundan sonra hər bir otel məcburi qaydada lisenziya alacaq”

 «Bu ilin axırına qədər Azərbaycanda lisenziya əldə etməyən otel qalmamalıdır». Bunu Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib. Bununla bağlı işlərin davam etdirildiyini vurğulayan nazir artıq müvafiq dövlət qurumlarına müraciətlərin olunduğunu da vurğulayıb: “Hal-hazırda yerlərdə monitorinqlər keçirilir. Çalışacağıq ki, verdiyimiz sözə əməl edək. Bu ilin axırına qədər Azərbaycanda fəaliyyət göstərən otellər lisenziyalı şəkildə fəaliyyət göstərəcək”.

“Azərbaycanda fəaliyyət göstərən otellərin keyfiyyət göstəriciləri xarici dövlətlərdəki otellərlə uzlaşırmı” sualına “Əlbəttə, uyğunlaşır. Dünyada tətbiq olunan norma və standartlar var. Bu standartlar Dövlət Standartlaşdırma, Patent və Metereologiya Komitəsi tərəfindən Azərbaycanda təsdiq olunub. Bu normalara uyğun olaraq biz onların təsnifatının keçirilməsini təmin edirik. Bu günə qədər bu könüllüdür” – deyə cavab verən nazir bundan sonra hər bir otelin yalnız məcburi qaydada lisenziya almalı olacağını qeyd edib: “Amma öz təsnifatı üzrə ulduzun dərəcəsini alıb-almaması onların öz öhdəsində qalır. Yeni qanunvericilikdə biz Azərbaycanda xidmətlərin keyfiyyətinin artırılması məqsədilə xüsusi bir təklif vermişik və bu, qanun layihəsində öz əksini tapıb. Bununla da fəaliyyətdə olan otellərin hansı dərəcədə bu şərtlərə cavab verib-verməməsi qeyd olunacaq”.

Ə.Qarayev ölkəmizdə fəaliyyətdə və tikilməkdə olan otellərin sayını da açıqlayıb: “Hal-hazırda Azərbaycanda 470-dən artıq otel var. Bilirsiniz ki, hər il biz 40-45 otelin inşası haqqında danışıqlar aparırıq və hal-hazırda 42 otel inşaatdadır”.

“Xural” qəzeti,

il 9, sayı: 052 (461), 06 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button