Əbülfəz Elçibəy – 80 (davamı)

Cəmil Həsənli

On gün sonra Əbülfəz bəyin 80 illiyi tamam olur. 1970-ci ildən tanıyıram Əbülfəz bəyi. Həmin il ADU-nun tarix fakültəsinə daxil olmuşduq. Tarix fakültəsi o zamanlar Kommunist küçəsində, indiki İqtisad universitetinin binasında yerləşirdi. Geniş auditoriyalar əsas binada olsa da, kafedralar (Sov. İKP tarixi kafedrası istisna olmaqla) Qala divarları yanındakı ikimərtəbəli “Quş damı” deyilən girəcəkdə yerləşirdi. Kafedralarla auditoriyalar bir-birindən aralı olsa da, fakültənin qaynar həyatı var idi. Müəllimlər çox zəhmli idi.

Hər dərsə girən müəllim o qədər hədə qorxudan danışırdı, az qala birinci kurs tələbələrinin bağrı yarılsın. Elə həmin vaxt yuxarı kurs tələbələri Əbülfəz müəllimin sadəliyindən, tələbələrə olan sevgisindən, çox maraqlı mühazirə deməsindən bizə danışırdılar. Xoşgörülü bir adam idi Əbülfəz müəllim, qaynar gözləri, tələbələrə yönəlik gülümsər cöhrəsi, cod saçları var idi. 60-cı illərin ortalarında Misirdə tərcüməçi işlədiyindən etiket qaydalarını yaxşı bilirdi. Dövrün dəbinə uyğun geydiyi qara kostyum onun düz qamətinə bir ciddiyyət verirdi.

Əsində, biz onu auditoriyamıza girməzdən əvvəl tanıyırdıq və mühazirə dediyi tələbələrin koridorda dərsdən sonra onun ətrafına toplanması, maraqlı müzakirələr aparması, tələbələrlə zarafatlaşması, fakültə bufetində tələbələrlə bir stol arxasında oturması onu gənclərin sevimlisinə çevirmişdi. Müxtəlif partiya və dövlət orqanlarından “vurulub” tarix fakültəsinə müəllim gələnlər onun tələbələrlə qaynayıb qarışmasını müəllim “etikasına” zidd hesab edir, tarix fakültəsinin Mərkəzi Komitənin nəzarətində olmasını əsas gətirib ona “ciddi” olmağı tövsiyə edirdilər.

DTK-nın fakültə kollektivi arasında sümsünən “gözləri və qulaqları” tələbələrlə Əbülfəz müəllim arasında bu qaynar müzakirələri görəndə tez gedib Mərkəzi Komitənin təbliğat və təşviqat şöbəsi müdirliyindən tarix fakültəsinə dekan vəzifəsinə göndərilmiş professor Məmməd Əmin Qazıyevə məlumat verirdilər. O, da namuslu adamları qorumağın ağlagəlməz üsullarını işə salan və tələbələrə atalıq qayğısı göstərən dekan müavini Şamil Məmmədbəylini “hadisə yerinə” göndərirdi. Bütün müşkül məsələlərə çarə qılmağı bacaran Şamil müəllim bu mənzərəni görəndə Əbülfəz müəllimin ətrafına soxulmuş DTK-nın gənc və perspektivli agentini çağıraraq yarı zarafat, yarı ciddi ona – “Xoşbəxt” sənin burada nə işin var – deyə ətrafı təmizləyirdi. Ona görə biz aşağı kurslar “Şərq ölkələrinin orta əsrlər tarixi” fənninin nə vaxt başlayacağın səbsizliklə gözləyirdik.

Əbülfəz müəllimlə məni həmin vaxt fakültənin beşinci kursunda oxuyan, fakültədə, tələbələr və müəllimlər arasında böyük hörməti olan Mirheydər Mirzəyev tanış etmişdi. Ali məktəbə qəbul olub 1970-ci ilin avqust ayının son günlərində həmin vaxt universitetin jurnalistika fakültəsinin V kurs tələbəsi olan Böyükxan Bağırovla Bakıya gələndə bizdən öncəki avtobusda tranzitə yetişmiş Mirheydər Mirzəyivlə tanış olmuşdum. Biz sərhəd bölgəsində yaşayanlar o zamanlar xüsusi pasport yoxlamasından sonra Bakıya və digər yerlərə gedib gələ bilirdik. Mirheydər qarayanız, gülərüz, zarafatcıl bir gənc idi. Böyükxan məni ona təqdim etdi (indi onlar hər ikisi haqqın dərgahına qovuşublar) və dedi ki, Mirzə (tələbə yoldaşları onu belə çağırırdı) Cəmil də tarix fakültəsinə daxil olub. Sevincini gizlətmədi. Pasportunu göstərib dedi mən də alarlıyam. Sən demə 40-cı illərin sonunda atası Nəzər kişi bizim Alar kəndində tibb işçisi işləyəndə Mirheydər müəllim doğulub və ona görə də sənədləşmədə doğum yeri bizim kənd göstərilib.

O, sonralar Leninqradda qədim ölü dilləri öyrəndi və Qədim dövr üzrə çox gözəl mütəxəssis oldu, Bakı dövlət universitetində işlədi. 1970-ci ilin payızında bir gün dərsdən sonra Mirheydər məni də götürüb Kommunist küçəsi ilə üzü aşağı yollandıq. Həmin vaxt şəhər həyatına hələ öyrənmədiyimdən və “Qara Volqa” kimi əsərlərin təsiri altında olduğumdan tez -tez üstdən cibimi yoxlayır, o qədər də çox olmayan pulumun yerində olub – olmamasın dəqiqləşdirmək istəyirdim. Bütün bunları müşahidə edən Mirheydər müəllim mənə tövsiyə etdi ki, oğrunun yadına daş salma. Sonralar tez-tez Mirheydər müəllimlə buhadisəni yada salıb gülürdük. Azərnəşrin binasına yetişəndə bizi Əbülfəz müəllim qarşıladı. Demə vədələri varmış.

Həmin vaxt Azərnəşrin arxasında binaya bitişik bir çayxana və qəlyanaltı yeri var idi. Orada yaxşı sosiska verirdilər və Əbülfəz müəllim hamımıza sosiska sifariş etdikdən sonra Mirheydər müəllim məni haqqımda ona məlumat verdi və dedi ki, həmyerliyik və Cəmil yüksək balla tarix fakültəsinə daxil olub, öz adamımızdır. Bu görüş zamanı mən anladım ki, onlar mənim heç vaxt eşitmədiyim “qorxulu” söhbətlər edirlər. Bu tanışlıq və həmin söhbət mənim sonrakı həyatımda mühüm rol oynadı. Mən həmin söhbətinə cazibəsinə düşdüm…

(Ardı var)

* * *

Əbülfəz bəylə şəxsi tanışlığımız Mirheydər bəy vasitəsi ilə olsa da 1970-ci illərin sonlarında məni Əbülfəz bəyin gizli dərnəklərinə bizdən yuxarı kursda oxuyan Akif Məmmədov cəlb etdi. İçində böyük vətən sevgisi daşıyan bəstəboy, arıq, çalışqan bir gənc olan Akif Məmmədov Xudu Məmmədovun bacısı oğlu idi. Az sonra mən onun vasitəsi ilə Xudu müəllimlə tanış oldum və səhv etmirəmsə onun 1974-cü ildə nəşr edilmiş “Qoşa qanad” kitabı haqqında müəllifin iştirakı ilə tələbə yataqxanasında məruzə etdim.

Əbülfəz bəy Sovetlərin yardımı ilə Misirdə qurulan Asuan bəndində 1963-1964-cü illərdə tərcüməçi işləmişdi. Həmin illərdə Nikita Xruşşovun Misir prezidenti Cemal Abdul Naserin görüşündə iştirak etmiş, Sovet mütəxəssisləri ilə birlikdə Luksar şəhərində Xruşşov, Naser, İrak prezidenti Arif, Azərbaycan Nazirlər Sovetinin sədri Ənvər Əlixanov, Əlcəzairin dövlət başçısı Əhməd Bin Bellanın birgə görüşünə qatılmışdı. Sonralar o, Luksarda əl verib görüşdüyü Bin Bella haqqında böyük maraqla danışırdı. Tərcüməçilik fəaliyyətini başa vurub Bakıya döndükdən sonra Əbülfəz bəy 1965-ci ildə universitetdə aspiranturaya girmiş və 1969-cu ildə böyük alim Ziya Bünyadovun elmi rəhbərliyi altında “Tulunilər dövləti (868-905)” mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). ADU-nun “Asiya və Afrika ölkələri tarixi” kafedrasında müəllimlik fəaliyyətinə başlamışdı. Həmin illər milli kimlik məsələləri ictimai müzakirəyə gəldiyindən tələbələr arasında millətçilik əhvalı yaranmışdı. Xüsusi ilə 60-cı illərin ortalarından başlayaraq Azərbaycanın Rusiyaya birləşməsinin 150 illiyi ətrafında gedən müzakirələrdə Ziya müəllim, Süleyman Əliyarov və Mahmud İsmayılov tərəfindən bu hadisənin könüllü birləşmə kimi deyil, işğal faktı kimi qiymətləndirilməsi gənclər arasında millətçilik dalğasını gücləndirmişdi. Keçmiş tələbə, aspirant və yeni təyinat almış gənc müəllim kimi Əbülfəz bəy elmi rəhbəri Ziya müəllimin yetirməsi idi və həmin vaxt Ziya müəllimin yalnız elmi dairələrdə deyil, gənclər, xüsusi ilə tarixçi gənclər arasında böyük nüfuzu var idi. 60-cı illərin sonunda gizli tələbə dərnəklərini yaradan bir neçə gənc müəllimdən ikisi – Əbülfəz Əliyev və Rafiq İsmayılov bilavasitə Ziya müəllimin yetirmələri idi. Həmin gənc müəllimlərdən digərləri isə Əbülfəz bəyin tələbə yoldaşları, ərəb dilini mükəmməl bilən şərqşünas Malik Mahmudov və Alim Xasayev idilər. 70-ci illərin əvvəllərində onun Akademiyanın Fəlsəfə institutunda işləyən digər bir tələbə yoldaşı, Şərq fəlsəfəsinin mükəmməl bilicisi və orta əsr Azərbaycan fəlsəfi fikrindən maraqlı araşdırmalar aparmış Zakir Məmmədovun universitet auditoriyalarında görünməsi milli maarifçilik prosesini daha da gücləndirdi. 60-cı illərdə bu dəstəyə daxil olan Malik Mahmudov xaricdə işləyərkən Müsavat partiyasının proqram sənədlərini əldə etmiş və onu Azərbaycana gətirə bilmişdi. Bu sənədlər gizli dərnəkçilik fəaliyyətinə gənc müəllimlərin fikir və düşüncələrinin cilalanmasında əhəmiyyətli rol oynamışdı. Məhz, bunların sayəsində Müsavat partiyası və Məhəmməd Əmin Rəsulzadə haqqında ilk həqiqətləri də biz onlardan eşitdik. Əbülfəz bəyin öz dostları ilə birgə yaratdığı gizli tələbə dərnəkləri üçlü prinsipi üzrə şəbəkələşirdi və orada daha çox gənclər arasında maarifçilik, milli tarixə və mədəniyyətə sevgi, Cənubi Azərbaycan sevdası, üzərində gəzdiyin torpağın vətən bilinməsi, sovet sisteminin yararsızlığı, vəd edilən kommunist ideallarına şübhə toxumunun səpilməsi, milli kimlik haqqında düşüncələr sistemi və sair məsələlər müzakirə edilirdi. Bütün ölkə kommunizm quruculuğu qayğısı ilə yaşadığı bir dövrdə Əbülfəz bəy sovet quruluşunun yararsızlığı və onun dağılmağa məhkum olduğunu gənclərə təlqin edirdi. Üç nəfər dərnək üzvü və onların “kuratorundan” başqa heç kim bir-birini tanımırdı. 60-cı illərin sonu və 70-ci illərin əvvəllərində bu gizli dərnəklər gənclərin fəallaşmasında müəyyən rol oynasa da, lakin çox da uğurlu olmadı və kütləvi xarakter ala bilmədi. DTK az da olsa öz adamlarını şəbəkənin içinə sala bildi və prosesi nəzarət altına aldı.

Əbülfəz bəy tədris proqramı üzrə 1971-ci ildə bizə dərs deməyə başlayanda artıq qrupun bir neçə tələbəsi onun gizli dərnəklərinin üzvü idi. O, mühazirələrə başlayanda Sovet tədris sistemi üçün ümumi prinsiplərə çevrilmiş bir sıra qaydaları pozmağa başladı. Birinci dəfə ümumi tanışlıqdan sonra jurnal üzrə davamiyyət yoxlamasın bir kənara qoydu və mühazirələrə davamiyyət tələbələrin öz vicdanına buraxıldı. Amma auditoriyanı elə ovsunlamışdı ki, hamı onun növbəti dərsini böyük səbirsizliklə gözləyirdi. İkincisi, müəllimlərin əksəriyyətinin mühazirəni əvvəlcədən hazırlanmış mətnlərdən oxumaları yeknəsəq, can sıxıcı bir mənzərə yaradırdı. Hətta bir dəfə yaşlı bir professor “mar-mar” deyə yazısını höccələyəndə, səbri tükənmiş bir neçə tələbə yerindən demək olar ki, eyni vaxtda müəllim yəqin ki, “Marks” demək istəyirsiniz deyəndə, professor gülümsəyib – hamınız qələt eləyirsiniz – dedi. Höccələdiyi sözün “Marks” yox, “Markiz” olduğun bildirdi. Bax belə bir şəraitdə Əbülfəz bəyin kağız-kuğuzsuz, canlı mühazirələr deməsi, əl hərəkətləri, mimikalarla mənzərəni yaratması söhbətə canlı xarakter verirdi. O, maraqlı müqayisələr aparır və sistemin yararsızlığı haqqında eyhamlar vururdu. O, millət olaraq ruslara qarşı deyildi, rəsmi ideologiyanın əksinə olaraq sovet, sosializm sisteminin yararsızlığını ifadə etməyə çalışırdı. Məsələn, 60-cı illərin ikinci yarısında Rusiyanın müxtəlif vilayətlərindən Mingəçevir toxuculuq kombinatına 2 min nəfər rus qadın və qızlarının gətirilməsinə Əbülfəz bəy Sovetlərin milli ucqarları assimilyasiya etmək siyasətinin tərkib hissəsi kimi baxır və buna görə sistemi tənqid edirdi.

Həmin illərdə Əbülfəz bəyin içində tükənməyən bir türklük sevdası var idi və o, bu sevdanı zərrə-zərrə tələbələrin ruhuna hopdururdu. Səhv etmirəmsə 1973-cü, ya 74-cü il idi. Gənc, cazibədar, gözəl səsi və səhnə mədəniyyəti olan türk müğənnisi Emel Sayin Bakıya konsert verməyə gəlmişdi. Biz Zakir Məmmədovun ixtisas qrupunda 8 tələbə idik. İkinci növbənin sonuncu dərsi olduğundan Əbülfəz bəy bizə icazə aldı və hamımıza bilet alıb Emel Sayinin konsertinə apardı. Bu onun tələbələri ilə keçirdiyi ikinci mədəni proqramı idi, birincisini məşhur müğənni Zaliha və Erkosa qardaşları Bakıda konsert verərkən etmişdi. Əbülfəz bəy Atatürkün vurğunu idi və dərsdə müqayisələr apararkən tez-tez bu müqayisələrin mərkəzinə Qazi Mustafa Kamal paşanı qoyurdu. Dövləti Aliyyeyi Səfəviyyənin, Şah İsmayılın vurğunu olsa da, Osmanlı sultanlarından həvəslə, iftixarla danışırdı. Orta əsrlərdə Osmanlının Avropanda hökmranlıq etdiyi dövrdən danışarkən türk ədəbiyyatından belə bir nümunə gətiridi:
Kişneyende bir dəfə türkün atı,
Kırılırdı bir ülkenin kanatı!
(Ardı var)

* * *

Əbülfəz bəyin dərnəkçilərinin “hürriyyət” dövrü uzun sürmədi. 1971-ci ilin oktyabr ayının 31-də ideoloji işin gücləndirilməsi ilə bağlı Azərbaycan KP MK-nın plenumu keçirildi. Plenumdakı məruzəsində Heydər Əliyev ideoloji işdə, kommunist tərbiyəsində yol verilmiş ciddi səhvlərdən danışdı. 60-cı illərdə elm, sənət, ədəbiyyat sahəsində milli oyanışa yardım göstərmiş bütün əsərlər və ayrı-ayrı şəxslərin adı plenumda səsləndirildi. Plenumda adı çəkilənlər arasında tarix fakültəsinin dosenti Süleyman Əliyarov da var idi. O, Ziya Bünyadov və Mahmud İsmayılovla birlikdə Azərbaycan tarixini saxtalaşdırmaqda ittiham olunurdu. Plenuma məruzəsində Heydər Əliyev deyirdi: “Bəzi müəlliflər tarixi keçmişdən bəhs edərkən partiyalılıq prinsiplərindən kənara çıxmış, istismarçı siniflərin ayrı-ayrı nümayəndələrini müəyyən dərəcədə ideallaşdırmış, burjua filantropiyasının ictimai təbiətini düzgün izah etməmişlər. Respublika Elmlər Akademiyasının müxbir üzvü Ziya Bünyadov, professor Mahmud İsmayılov və universitetin dosenti Süleyman Əliyarov bir sıra tarixi faktları qiymətləndirərkən kobud səhvlərə yol vermişlər.” Bu məruzədən sonra Süleyman müəllim üçün ağır dövr başladı. Fakültədə çoxları onunla salamlaşmaqdan ehtiyat edirdi, müdafiə ərəfəsində olan dissertasiya işi gündəlikdən çıxarıldı. Ağır mənəvi böhran keçirdiyi vaxtda bir qayda olaraq Əbülfəz bəy, Rafiq İsmayılov və filologiya fakültəsində yeni müəllimlik fəaliyyətinə başlayan Kamil Vəliyev (Kamil Vəli Nərimanoğlu) onu tək qoymadılar. Süleyman müəllim o qədər ümidsizləşmişdi peşəkar sürücü kurslarına yazılıb xüsusi “prava” aldı ki, sabah onu universitetdən çıxarsalar əlində bir sənəti olsun, ailəsi ac qalmasın. O, Bakıdan rayonlara işləyən şəhərlərarası avtobus sürücüsü olmağa hazırlaşırdı. Lakin iş o yerə gəlib çatmadı.

1971-ci ilin oktyabr plenumu “dərnəçilərdən”də yan keçmədi. Ali məktəblər üzərində partiya və təhlükəzilik orqanlarının nəzarəti gücləndirildi. DTK Əbülfəz bəyin dərs dediyi qruplar içərisinə və hətta gizli dərnəklərə öz agentlərini yerləşdirməyə başladı. Gənclər arasında millətçiliyin yayımasından, stilyaqaçılığa aludəçiliyin çoxalmasından ehtiyat edirdilər. 1969-cu ilin payızında DTK stilyaqaçılara qarşı mübarizə məqsədi ilə xüsusi müşavirə keçirmişdi və orada bildirmişdilər ki, stilyaqaçılıq Amerika həyat tərzinin gənclər arasında yayılmasıdır və “biz (DTK) onların axırına çıxmasaq, onlar bizim axırımıza çıxacaqlar.” 1966-cı ildə 70-ə yaxın adamı əhatə edən “Azərbaycan milli dilinin müdafiəsi komitəsi”nin aşkarlanması və mühakimə edilməsi DTK orqanlarını sayıq olmağa səfərbər edirdi. 1974-cü ildə Əbülfəz müəllimin tələbələr arasında, bəzi toy və qonaqlıq məclislərində Sovet quruluşu əleyhinə açıq danışması, Sovetlərin imperiyaya çevrilməsi, sosializmin istismarçı təbiəti, Azərbaycanın SSRİ-dən ayrılması, bütöv Azərbaycan və türkçülük-turançılıq istiqamətində çıxışları DTK-nın səbrini tükəndirmişdi.

1974-cü ilin noyabrında Əbülfəz bəyi DTK-ya çağırsalar da, lakin prokurorluq orqanları həbs üçün yetərli səbəb olmadığı üçün proflaktik söhbətlərlə kifayətlənməli oldular. Onun 5-ci şöbəyə dəvəti konfidensial olsa da, bu xəbər çox sürətlə tələbələr arasında yayıldı. Bir sıra müəllimlər bu barədə xısın-xısın danışırdılar. Daha çox yaxın bildikləri tələbələrə məsləhət görürdülər ki, bu xatalı işdir və bundan uzaq olsunlar. Doğrudan da bu söz-söhbət öz işini gördü. Nəzarət gücləndirildiyindən Əbülfəz dostları və yuxarı kurs tələbələri ilə görüş və söhbətəri çayxanalara köçürmüşdü. Və elə həmin vaxt DTK dəvət olunmuş tələbələrdən biri belə bir ifadə vermişdi: Əbülfəz müəllim tələbələr arasında antisovet təbliğat aparır və deyir ki, Hitler Almaniyada mübarizəyə Bavariya pivəxanalarından başladığı kimi, biz də çayxanalardan başlamalıyıq. 1975-ci ilin yanvar ayının 15-də Əbülfəz bəyin həbsi haqqında məlumat yayıldı. İki gün öncə özünün iştirakı olmadan onun kirayə qaldığı mənzildə axtarış aparmışdı və DTK gəlməsi bildirilmişdi. Yanvarın 15-də onun Şərqşünaslıq fakültəsində imtahanı var idi və imtahandan sonra “Dəniz qırağına” getdi, orada həbsi barədə sanksiyanı ona təqdim etdlər.

Tələbələr arasında böyük həyəcan yaşanırdı. Bir çoxlarını istintaqa dəvət etməyə başladılar. Hamı qorxu içərisində idi. İstintaqa çağrılanlara nə deyirdilərsə, heç kəs orada baş verənlər haqqında bir kəlmə danışmaq istəmirdi, hamı susurdu. Ancaq bir fəlsəfə müəllimi var idi – Qəmbər müəllim – o, sorğu-suala çəkilməsi barədə yaxın əhatəsində danışmışdı və DTK-da Əbülfəz müəllimə qarşı 8-10 il həbs cəzasını özündə ehtiva edən millətçi cinayətkar ittihamının irəli sürüldüyün bildirmişdi. Bu xəbər tələbələrin qol-qanadını sındırmışdı. Qənbər müəllim özü də bir az qorxmuşdu. Çünki o, özü də dəfələrlə tələbələr arasında, yeməkxanalarda, ictimai yerlərdə yeni hakimiyyətə gəlmiş milyonçu Amerika prezidentinə işarə edərək “Fordun iti sovet adamından yaxşı yaşayır” ifadəsini uca səslə bildirmişdi. Həmin vaxt qış imtahan sessiyası başa çatar-çatmaz hamı yataqxanadan tələsik rayonlara – evlərinə gedirdilər ki, DTK-nın gözündən yayınsınlar. Hətta toy günü bir yuxarı kurs tələbəsini istintaqa gətirmişdilər və ondan Əbülfəz bəy əleyhinə ifadə almışdılar. Məhkəmədə o, öz ifadəsindən imtina etdi. Əvvəlcə, çox adamı istintaqa cəlb etmək istəsələr də, lakin sonda buna getmədilər. Bu, uşaqların qorxuluğunu bir az götürdü. 1975-ci ilin may ayının 7-də Ali Məhkəmənin binasında Əbülfəz müəllimin məhkəməsi başlayanda tarix fakültəsinin demək olar ki, bütün tələbələri orada idi. Onu maşınla məhkəmə binasına gətirəndə həyəcanlı anlar yaşandı. Binanın ətrafına toplanmış tələbələr qeyri-ixtiyarı olaraq “Yaşasın Əbülfəz müəllim!” deyə qışqırdılar. Məhkəmə dayandırıldı və prokuror mundirində olan geriyə daranmış qara saçı və qalın buğu olan bir kişi binanın qarşısına çıxıb tələbələrdən dağılmağı tələb etdi. Həmin məqamda məhkəmə binası qarşısına özlərini yetirən universitet və tarix fakültəsinin rəhbərliyi hədə və yalvarış yolu ilə uşaqları dərsə aparmağa cəhd etsələr də bir şey alınmadı.
(Ardı var)

* * *

İlkin baxışdan sonra Əbülfəz bəyin prosesi may ayının 11-də Ali məhkəmənin binasında başladı və bir həftə davam etdi. Tələbələrin və Əbülfəz bəyin dostlarının Ali məhkəmənin qarşısına toplanması ciddi narahatçılıq yaratmışdı. Məhkəmə açıq olduğu üçün çoxlu sayda adamlar məhkəmə zalına girmək istəyirdi. Binanın qarşısına toplaşanlar tələb etdilər ki, proses geniş zalda keçirilsin. Ali Məhkəmənin və ətraf binaların divarlarına bəzi vərəqələrin, çağırışların yapışdırılması DTK-nı bərk əsəbləşdirmişdi. Ali məhkəmənin sədri Abdulla İbrahimov ədalətli, vicdanlı, qanuna hörmətlə yanaşan və xalq adamı olduğu üçün tələbələrin bu istəklərinin əleyhinə olmadı. Ali məhkəmənin bir neçə işçisi binanın qarşısına çıxıb öndə dayanan şəxslərin bəziləri ilə binaya daxil oldular. Məhkəmə zallarını tələbələrin nümayəndələrinə göstərəndə, “xalq təmsilçiləri” hamısının kiçik, açıq proses üçün yararsız olduğunu demişdilər. Onda onları binanın ikinci mərtəbəsində, Ali məhkəmənin geniş iclas zalını göstərmişdilər və prosesin orada keçirilməsi məqsədəuyğun hesab edilmişdi. Hələ heç vaxt həmin zalda məhkəmə prosesi keçirilməmişdi və bir qayda olaraq Ali Məhkəmə illik müşavirələrini, plenumlarını, bir sıra rəsimi tədbirlərini həmin zalda keçiridi. Doğrusu Əbülfəz bəyin siyasi xarakter daşıyan prosesinin nə üçün orada keçirilməsinə razılıq verilməsi bir qədər qəribə idi. Bəlkə də, insanların gözün qorxutmaq üçün bu bir nümayiş idi. Beləliklə mayın 11-də Əbülfəz bəyin prosesi Ali Məhkəmənin ikinci mərtəbəsində yerləşən geniş, qırmızı kreslolu iclas salonunda başladı. Ali məhkəmənin qarşısına çoxlu gənclər toplandığından mülki geyimdə olan DTK əməkdaşları binanın ətrafında əsəbi formada vurnuxurdular. Onlar universitet rəhbərliyindən tələbələri auditoryalara aparmağı tələb etsələr də, fakültə dekanın professor Məmməd Əmin Qazıyevin, dekan müavini Şamil Məmmədbəylinin, kafedra müdiri professor Məmməd Əfəndiyevin və başqalarının səyləri bir nəticə vermədi. Hamı məhkəmə zalına girmək istəyirdi. Xöşbəxtlikdən mən həmin gün prosesə girə bildim və sonra daha bir neçə iclasda iştirak etdim. Uşaqların çoxu bayırda qaldı. Tarix fakültəsindən bəzi müəllimlər, Əbülfəz bəyin bəzi dostları və professor Abbas Zamanov da zalda idi. O, səliqəli geyimdə – qara kostyum və qalstukda, üzü tər-təmiş taraş olunmuş formada zala gətiriləndə həyəcanlı anlar yaşandı. Bir az sınıxmışdı, amma sifətindəki təbəssümlə bunu hiss etdirməməyə çalışırdı. Məhkəmə prosesi başlananandan sonra dövlət ittihamçısı səhv etmirəmsə İmanov familiyalı prokurorluq işçisi ittihamı elan etdi, orada göstərilirdi ki, Əbülfəz Əliyev 1970-1974-cü illərdə tələbələr və müəllimlər arasında sovet sosialist həyatını və sovet dövlətini ləkələyən təbliğat aparmış, Sovet dövlətinə və kommunist partiyasına böhtan atmış, sosializm quruluşu haqqında yalan və uydurma məlumatlar yaymışdır. O, Sovet İttifaqının müstəmləkəçi dövlət olduğunu və Azərbaycanın hazırda da Rusiyanın müstəmləkəsi olduğunu iddi etmiş, Azərbaycanın yalnız Rusiyanın sosial-siyasi sistemindən qurtarmasından sonra müstəqil olacağını bildirmişdir. Sonra İmanov bildirdi ki, Əbülfəz Əliyev belə yalan və uydurmalar yayaraq Sovet Azərbaycanının SSRİ-dən ayırmağa, guya azad və müstəqil Azərbaycan dövləti qurmağa və bütün türk xalqlarının daxil olacağı “Turan” dövləti qurmağa çağırmışdır. Bir sıra şahid ifadələrinə istinadən Əbülfəz bəyin antisovet söhbətlərindən nümunələr gətirildi ittiham aktında. Əbülfəz bəy ona qarşı irəli sürülmüş ittihamların çoxunu qəbul etdi. İctimaiyyətin nümayəndəsi kimi məhkəmədə iştirak edən ADU-nun pariya təşklatının katibi professor Aslan Aslanov məsələləri yumuşaltmaq üçün dedi ki, Əbülfəz müəllim yəqin ki, sən bu əməllərin cinayət olduğunu bilməmisən və ona görə bu səhv əməlləri etmisən. Əbülfəz bəy dedi ki, Aslan müəllim mən bunların cinayət olduğunu bilirdim, bəlkə də bəziləri səhv olub, amma mən bunları etmişəm. Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci və 188.1-ci maddələri əsasında elan edilən bu ittihamlar 3 ilə qədər cəzanı özündə ehtiva edirdi. Vəkil məsələsi müzakirə edildikdə Əbülfəz bəy özü-özünü müdafiə gücündə olduğunu və təyin edilmiş vəkildən imtina etdiyini bildirdi. Lakin bu prosesin tələbi olduğu üçün səhv etmirəmsə formal olaraq vəkil təyin edildi. İstintaq işi DTK-da aparıldığından məsələlər sərt qoyulmuşdu. Çoxlu şahid dindirilmişdi və onlardan haradasa 30 nəfərdən çoxu məhkəməyə dəvət edilmişdi. Əbülfəz bəyin məhkəmədə özünü cəsarətli və saymazyana aparması şahidlərin çoxun cəsarətləndirmişdi. Onların xeyli hissəsi DTK-da alınmış ilkin ifadələrindən imtina etdi. Prosesin ikinci günü Əbülfəz müəllimin anası məhkəməyə gəlmişdi. O, hakimdən xahiş etdi ki, anasını zaldan çıxarsınlar və əgər bunu etməsələr o, ifadə verməyəcək. Onun bu hərəkəti hər kəsi heyrətləndirdi. Sonra ifadələr başlandı. Bir yuxarı kurs tələbəsi ifadəsindən imtina edəndə ondan bunun səbəbini soruşdular. Dedi ki, toyu olmalı idi. Onun DTK-dan buraxmaq istəmirdilər. Ona görə təzyiq altında ifadə verib. Və əlavə etdi ki, inanmırsınız çağırın müsəntiq Rəsulovdan soruşun. Hakim deyəndə ki, Rəsulov burada yoxdur. Onda o, dedi ki, hesab edin mən də yoxam, Rəsulov gələndə mən də gələrəm. Rus bölməsinin tələbəsi olan başqa birisi ifadəsini Azərbaycan dilində verərkən hərəkətləri hiddətə səbəb oldu. O, məhkəmədən xahiş etdi ki, rus dilində danışmaq istəyir. Onda fəlsəfə müəllimi Qənbər müəllim replika verdi ki, möhtərəm hakim o, heç rus dilini də yaxşı bilmir. Hakim ona xəbərdarlıq etdi. Məhkəmədə Əbülfəz bəy Azərbaycan xalqının bölünməsi, onun birləşməsinin zəruriliyi, sosializmin neqativ tərəfləri, rus qızlarının istehsalat ehtiyacı adı altında Azərbaycana gətirilməsi və bunun assamlıyasa doğurması, ən başlıcası isə sosialist iqtisadi modelinin istismarçı təbiəti haqqında bəzi fikirlərini yenidən təkrar etdi. Onun bu çıxışları tələbələrin yaddaşında dərin iz buraxdı.

Yeri gəlmişkən tələbələri Ali Məhkəmənin ətrafından yığa bilmədikləri üçün proses gedən günlərdə Mərkəzi Komitənin, prokurorluq, DTK, DİN və Oktyabr rayon partiya komitəsinin birinci katibinin iştirakı Universitetdə iki günlük müşavirə keçirildi. Tədbirdə rektor Faiq Bağırzadə və digər rəhbər şəxslər çıxış etdilər. Əbülfəz bəy ittihamları etiraf etdiyi üçün onun əleyhinə xeyli çıxışlar oldu. Faiq Bağırzadəyə qohumluğu çatan “SSRİ tarixi” kafedrasının müdiri professor Aslan Atakişiyev bildirdi ki, mən Əbülfəz müəllimə kömək etmək, onu bu səhv yoldan döndərmək istədim. Lakin o, özü-özünü quyunun dibinə saldı. Həbsdən öncə Aslan müəllim təklif etmişdi Əbülfəz bəy Sovet siyasətini tərifləyən və Türkiyəni pisləyən bir yazı yazsın, qalan işləri o, yoluna qoyacaq. Lakin Əbülfəz bəy bundan imtina etmişdi. Müşavirədə tələbələr arasında kommunist tərbiyəsi işinin, marksizm-leninizm təliminin təbliğinin yarıtmaz olduğu kəskin tənqid edildi. Respublikanın ittifaqda millətçi kimi tanınmasının yolverilməz olduğu bildirildi və rektorluğa vintləri bərkitmək tövsiyə edildi.

Nəhayət, bir həftə sürən məhkəmə araşdırmasından sonra Əbülfəz bəyə bir il altı ay azadlıqdan məhrum etmə haqqında hökm oxudular. Onun ali məktəblərdə dərs demək, tələbə auditoriyalarına girmək hüququ əlindən alındı. Məhkəmə bu 18 aylıq cəzanı Əbülfəz bəyin həbs olunduğu gündən hesabladığı üçün cəzanın artıq 5 ayı keçmişdi. Qalan müddəti isə o, Qaradağ daş karxanasının yaxınlığındakı cəzaçəkmə müəssisəsində çəkməli oldu.
(Ardı var)

* * *

Əbülfəz bəyin həbsi gənclər arasında böyük məyusluq yaratdı. Tələblər, xüsusi ilə tələbə qızlar bu hadisəni çox ağır keçiridilər. Oğlanlar öz qəhərlərini boğmağa çalışsalar da, qızlar bəzən hönkürtü ilə ağlayırdılar. 1975-ci ilin iyununda Əbülfəz bəyi Qaradağ cəza müəssisəsinə apardılar, biz isə universiteti bitirib təyinat yerinə getdik. Sanki ümidlər puç olmuşdu. Universiteti bitirdikdən sonra hamı pərən-pərən düşdü. Mən 1977-ci ildə sənədlərimi aspiranturaya verəndə artıq Əbülfəz bəy cəzasını başa vurub Bakıya qayıtmışdı. Ona universitetdə işləməyə icazə verilməmişdi. Əlyazmalar institutunda (yaxşı xatırlamıram, institut idi, ya bölmə) işlə təmin edilmişdi. Akademiyanın birinci mərtəbəsində əsas qapının girişinin sol tərəfindəki ikinci otaqda otururdu. Onunla həbs sonrası ilk görüşümüz orada oldu. Keçmiş günləri xatırladıq, mənim işlərimlə maraqlandı. Mən həmin il aspiranturaya daxil oldum və ondan sonra Əbülfəz bəylə ara-sıra, bəzən isə təsadüfən görüşürdük. Hələ tarix fakültəsi aşağı binada yerləşdiyindən “goburnat” bağının içindəki çayxana tez-tez görüşdüyümüz yerlərdən birinə çevrilmişdi. Həmin vaxt orada gənc və orta yaşlı yazarların, sənət adamlarının, elmi intellektual dairələrin çox maraqlı bir mühiti var idi.
Əbülfəz bəyin fəaliyyətində növbəti mərhələ 80-ci illərin sonlarında başladı. Qorbaçov islahatlarının gedişində aşkarlıq və yenidənqurma siyasəti ermənilərin Azərbaycana torpaq iddiası və Dağlıq Qarabağ erməniləri arasında separatizm hərəkətlərinin güclənməsi ilə nəticələndi. Azərbaycanın kommunist rəhbərliyinin hadisələrin yedəyində getməsi respublikanın ərazi bütövlüyü üçün ciddi təhlükə yaratdı. Məhz tarixin həmin məqamında Azərbaycanda xalq hərəkatı geniş vüsət aldı və Əbülfəz bəy dramatik hadisələrin səhnəsinə çıxmağa başladı. 1989-cu ilin iyulun 17-də getdikcə yüksələn xalq hərəkatının təsiri altında hakimiyyət Xalq Cəbhəsini qeydə almalı idi. Əbülfəz bəy Xalq Cəbhəsinin sədri seçilmişdi və ictimai-siyasi proseslərin ağırlıq yükü hakimiyyət orqanlarından tədricən Xalq Cəbhəsinin üzərinə keçdi. 1989-cu ildə öz mübarizə əzminə görə Azərbaycan xalqı dünyanın ən nüfuzlu strateji mərkəzləri tərəfindən ilin xalqı elan edildi. Bu möhtəşəm mübarizənin şəksiz və şəriksiz lideri Əbülfəz Elçibəy idi. Mən həmin vaxt Xalq Cəbhəsinin universitet təşkilatında təmsil edilmişdim. Həmin günlər Əbülfəz bəy haqqında universitetdə əfsanələr dolanırdı. İndi hər kəs tarix fakültəsinin bir zamanlar antisovet fəaliyyətinə görə həbs edilmiş müəllimi ilə qürur duyurdu. Lakin hələ ki, universitetdə həyatın hər üzünü görmüş müəllimlərin xeyli hissəsi bütün baş verənlərdən ehtiyat edir və bunları xalqın loyallığını yoxlamaq üçün DTK-nın hazırladığı xüsusi əməliyyat hesab edirdi. Xüsusi ilə kükrəyib daşan “Azadlıq” meydanının üzərindən vertolyotların uçuşunu guya meydana gələn adamları çəkməsi və sonra haqq-hesab üçün istifadə ediləcəyi fikrində olanlar da var idi. Lakin Əbülfəz Elçibəy kimi xalq sevgisi sınaqdan keçmiş, antisovet fəaliyyətinə görə DTK ilə üz-üzə gəlmiş bir şəxsin hərəkatın başında dayanması çoxları üçün milli və mənəvi bir təminat idi. Universitet müəllimləri və universitet tələbələrinin xalq hərəkatında fəal olmasının bir səbəbi də Əbülfəz bəylə bağlı idi. Meydanlarda ön mövqelərə çıxanların bir çoxu keçmiş universitet məzunları və Əbülfəz bəyin yetirmələri idi. “Azadlıq” meydanına insan selinin axmasının çox səbəbləri var idi, lakin həmin axında Əbülfəz bəyin işıqlı şəxsiyyətinə olan inam da az rol oynamırdı. Həmin vaxt DTK-nın Əbülfəz bəy haqqında hazırlayıb Moskvaya göndərdiyi gizli arayışda onun keçmiş antisovet fəaliyyəti, millətçi olması, Türkiyəyə vurğunluğu mənfi keyfiyyətlər kimi qiymətləndirilirdi. Onun bu keyfiyyətlərinin Ankaranın xüsusi xidmət orqanlarının diqqətini cəlb etməsi vurğulanır, meydanların dolub daşması daha çox Heydər Əliyevə bağlı olan Naxçıvan və Ermənistan klanının fəliyyəti ilə əlaqələndirilirdi. Əlbəttə, bu subyektiv bir qiymətləndirmə idi və Əbülfəz bəy region təmsilçisi kimi deyil, xalq lideri kimi tarix səhnəsinə çıxmışdı.
Universitetdə yalnız tələbələr deyil, xeyli müəllim də Xalq Cəbhəsinə üzv yazılmışdı. Yataqxanaların yuxarısında Elmlər Akademiyasının ailəvi yaşayış yerinin həyətindəki bir zalda dekabr ayının 24-də AXC-nin Universitet təşkilatının konfransı keçiriləndə kimsə yeni çap olunmuş “Azadlıq” qəzetinin ilk nömrəsini zala gətirdi. Hər kəs qəzetin birinci nömrəsinə heyrətlə baxırdı. Birinci səhifədə meydandan geniş bir panarama və Tofiq Fikrətin “Millət şərqisi” şeri verilmişdi. Şerin bu misraları Əbülfəz bəyin həyat amalını və millət sevgisini özündə əks etdirdi:

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,

Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

Qəzetin birinci nömrəsini Nəcəf bəy (yeri gəlmişkən iyunun 24-də həm də Nəcəf Nəcəfovun doğum günüdür) Əbülfəz bəyə təqdim edəndə, bəy ona həmin vaxtlar üçün çətin tapılan diktafon hədiyyə etmişdi.

“Azadlıq”ın ilk nömrəsinin nəşrindən 2-3 gün sonra respublikanın bir sıra rayonlarında (Cəlilabadda, Lənkəranda) Sovet hakimiyyəti devrildi, Naxçıvanda İranla dövlət sərhədləri söküldü. 1990-cı ilin yeni il bayramı günlərində Moskvadan Mərkəzi Komitə katibliyinin qərarı ilə MK katibi A. Girenko, SSRİ Ali Soveti Millətlər Sovetinin sədri R. Nişanov, DTKdan V Pirojkov, , Daxili İşlər Nazirliyindən S. Lisauskas, Müdafiə nazirliyindən A. Kleymenov, SSRİ prokurorluğundan İ, Abramov yerli partiya, sovet və hökumət orqanlarına “kömək” etmək üçün Bakıya gəldilər. Az sonra, yanvarın 14-də geniş bir ekspert qrupu ilə SSRİ Ali Soveti İttifaq Sovetinin sədri, Sov. İKP MK Siyasi Bürosunun üzvü Yevgeni Primakov da Bakıya gəldi. Bir gün sonra Əbülfəz Elçibəylə görüşdü Primakov soruşdu ki, “məqsədləriniz nədir, nə istəyirsiniz?” Əbülfəz bəy bildirdi ki, artıq elan olunmuş Ali Sovet seçkilərin demokratik keçirilməsini təmin etmək və bu seçkilərdə qələbə qazanmaq. Primakov dedi ki, “bundan sonra Sovet İttifaqından ayrılmağa, SSRİ-dən çıxmağa bir addım qalır…”
(Ardı var)

* * *

1990-cı ilin yanvar ayının ilk günlrində Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi “Hadisələrin mümkün inkişaf istiqamətlri haqqında” xidməti məlumat hazırlamışdı. Orada göstərilirdi ki, Əbülfəz Əliyevin rəhbərlik etdiyi Xalq Cəbhəsinin fəaliyyəti respublika partiya təşkilatının gözdən salınmasına və onun məhvinə hədəflənmişdir. SSRİ DTK-da bu xidməti məlumat müzakirə edilən zaman bu prosesin qarşısını almaq üçün Sovet rəhbərliyinə tövsiyələr verildi. Yanvar ayının 6-da Elmələr Akademiyasının binasında işə başlayan Xalq Cəbhəsinin iki gün davam edən III konfransı Əbülfəz Elçibəy başda olmaqla AXC-nin 14 nəfərdən ibarət olan İdarə Heyətini seçdi. Bununla paralel olaraq yanvar ayının 13-də keçirilən mitinqdə Əbülfəz bəyin rəhbərliyi altında Milli Müdafiə Şurasının yarandığı elan edildi. Respublikaya ordu yeritmək üçün müxtəlif təxribatlara əl atan, erməni talanları törədən Sovet xüsusi xidmət orqanlarının gizli planlarının qarşısının alınmasında yeni təşkilatlanmış Xalq Cəbhəsi mühüm rol oynadı. Lakin bütün hallarda yanvarın 13-dən 14-nə keçən gecə DTK Bakı şəhərində bir sıra təxribatlar törədə bildi və həmin hadisələrdə 32 nəfər erməni millətindən olan şəxslər öldürüldü və bir sıra azərbaycanlılar xəsarət aldı. Bu talanlarla bağlı Əbülfəz bəyin təşəbbüsü ilə yanvar ayının 15-də AXC İdarə Heyəti xalqa müraciət edib baş verən talanları mühakimə etdi. Yanvarın 14-də bazar günü şəhərdə baş verən hadisələr Primakov başda olmaqla Mərkəzi Komitədə keçirilən müşavirədə müzakirə edildi. Primakov hadisələr zamanı zərər çəkmiş adamların sayı barədə soruşduqda Vəzirovun koməkçisi və Azərinformun direktor müavini S. Perets bildirdi ki, Xalq Cəbhəsinə sağ ol deyin ki, sizin əvəzinizə ermənilərin paroma evakuasiyasını təşkil etməklə öz xalqının sifətini saxladı. Əks təqdirdə ölənlərin sayı onlarla deyil, yüzlərlə olacaqdı.

Amma artıq respublikada fövqəladə vəziyyət elan etmək və Bakıya qoşun yeritmək üçün SSRİ DTK-ı gərəkli işləri görmüşdü. Yanvarın 19-da Azərbaycanda fövqəladə vəziyyət elan edildi və Xalq Cəbhəsi yarım leqal fəaliyyətə keçdi. Həmin axşam, yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridildi və müdafiə naziri Dmitri Yazovun komandanlığı altında şəhər işğal olundu. Şəhərin işğalı zamanı 131 nəfər dinc sakin həlak oldu, 744 nəfər yaralandı. Yazov acıqca dedi ki, hərbi əməliyyatın başlıca məqsədi Xalq Cəbhəsinin strukturlarını dağıtmaq və Azərbaycanda devrilmiş sovet hakimiyyətini bərpa etməkdən ibarətdir. 1956-cı ildə Budapeştdə, 1968-ci ildə Praqda baş verənlər Bakıda təkrarlanırdı. Yanvar hadisələri zamanı Xalq Cəbhəsi İdarə Heyətinin bəzi üzvləri də daxil olmaqla 400 nəfərdən çox adam həbs olundu. Xalq Cəbhəsi açıq fəaliyyət göstərə bilməsə də, şəhidlərin dəfnində bir milyondan çox adam iştirak etdi. Ağır bir dövr başlandı. Mətbuat və televizyada Xalq Cəbhəsi və Əbülfəz bəy əleyhinə qaralama kampaniyası başlandı. Fövqəladə vəziyyət şəraitində çap işləri mümkün olmadığı üçün Universitetin fəal tələbələrindən olan Qənimət Zahidov Tbilisidə qəzet çap edib onu avtobusla gizli şəkildə Bakıya gətirib yayırdı.

Xalq Cəbhəsini əzəndən sonra 1990-cı ilin sentyabr ayının 30-da Azərbaycan SSR Ali Sovetinə son seçkilər keçirildi. Əbülfəz bəy seçkilərdə iştirak etməsə də, Xalq Cəbhəsi bir çox dairələrdən namizəd irəli sürdü. Bəyin tövsiyəsi ilə mən də seçkiyə qatıldım və namizədliyim 54 saylı Nizami dairəsindən irəli sürüldü. Həmin vaxt bu dairədən kifayət qədər tanınmış adamlar seçkidə iştirak edirdi. Sumqayıt şəhər partiya komitəsinin məlum hadisələrə qədər birinci katibi işləmiş Cahangir Müslümzadə, Mərkəzi Komitənin hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Sabir Hacıyev, Rabitə nazirinin müavini Nadir Əhmədov və Vərəm xəstəxanasının baş həkimi Əli İnsanov. Xalq Cəbhəsinin nüfuzu yüksək olduğu və yaxşı kampaniya apardığımdan kifayət qədər səs topladım. Lakin sentyabrın 30-da keçirilən seçkilər ikinci tura qaldı. Bütün inzibatı resurslar Sabir Hacıyev üçün səfərbər edilsə də, o, ikinci tura keçə bilmədi. 4500 səslə mən və 1200 səslə Cahangir Müslümzadə ikinci tura keçdik.

1990-cı ilin oktyabr ayının 14-nə təyin edilmiş ikinci tura bir neçə gün qalmış mənə Nizami rayon icraiyyə komitəsindən zəng olundu və icraiyyə komitəsinin sədri Mixail Zabelinin mənimlə görüşmək istədiyi bildirildi. Getdim. Lakin sədrin otağına girəndə orada damağında siqaret olan başqa bir adamın oturduğunu gördüm. O, soruşdu məni tanıyırsan? Dedim yox. Dedi mən DTK-nın sədr müavini Laçın Ələkbərovam. Əlavə etdi ki, seçkiləri biz idarə edirik və sənə kömək etmək istəyirik. Amma bir sıra şərtlərimiz var. Dedim buyurun. Dedi biz istəyirik Əbülfəz bəyin yaxın ətrafında sizin kimi savadlı adam olsun (şübhəsiz ki, onların adamı kimi). İkinci şərtimiz odur ki, ən mühüm səsvermələrdə bizim dediyimiz kimi hərəkət etməlisən. Üçüncüsü isə, Heydər Əliyevə qarşı çıxış etmək lazım gəlsə bunu edəsiniz. Dedim Əbülfəz bəyin yaxın ətrafında ancaq öz qəlbimin hökmü ilə ola bilərəm, sizin tövsiyənizlə yox. Kimin tərəfindən səsləndirilməsindən asılı omayaraq millətimizin maraqlarına uyğun məsələlərə səs verməyə hazıram. Heydər Əliyevə qarşı çıxış etməklə bağlı dedim ki, sizin Heydər Əliyevlə davanız varsa, bunu özünüz edin, biz bu məsələdə sizin əlinizdə bir vasitə ola bilmərik. Laçın Ələkbərov balaca boylu adam olduğundan söhbət başa çatanda stolun altındakı gizli diktafonu söndürmək üçün əlini ora uzadanda çiynini xeyli aşağı əydi. Mən başa düşdüm ki, söhbətimiz yazılıb. Oradan çıxandan sonra mən birbaşa Əbülfəz bəyin yanına getdim və bütün məsələni təfsilatı ilə ona danışdım. Bəy gülə-gülə dedi ki, “komsomolluq” etmisən, çətin səni buraxsınlar. Elə həmin axşam “Günün xəbərləri” proqramında MSK-nın məlumatı yayıldı ki, 54 nömrəli Nizami seçki dairəsində artıq bülleten çap olunduğu üçün təkrar seçki ləğv edilir.(turan.az)
(Ardı var)

Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)Əbülfəz Elçibəy – 80 (davamı)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button