“Əbülfəz Elçibəy-80” – yubiley tədbirləri ilə bağlı Təşkilat Komitəsi yaradıldı

04 fevral 2018-ci il tarixində bir qrup ziyalı və tanınmış ictimai xadim Əbülfəz Elçibəyin 80 illik yubileyinin keçirilməsi ilə bağlı Azərbaycanın bütün siyasi partiyalarına, qeyri-hökümət təşkilatlarına, ictimai qurumlarına, kütləvi informasiya vasitələrinə, aydınlarına və ictimai-siyasi fəallarına müraciət etmişdi. Xural.com xəbər verir ki, bu gün bu müraciətə cavab olaraq Azərbaycan Milli Azadlıq hərəkatının lideri, Azərbaycan Respublikasının 2-ci prezidenti Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə əlaqədar geniş toplantı keçirilib. Toplantıda Xalq Hərəkatının iştirakçılarından Sabir Rüstəmxanlı, Ədalət Tahirzadə, Pənah Hüseyn, Mirmahmud Mirəlioğlu, İsgəndər Həmidov, o cümlədən “Günaz Tv”-nin rəhbəri Əhməd Obalı, Zəlimxan Məmmədli, Arzu Səmədbəyli və digər ictimai-siyasi fəallar, Elçibəyin yaxın silahdaşları, partiya və media mənsubları iştirak edirdilər.

Toplantıda “ Əbülfəz Elçibəy-80” yubiley tədbirlərinin hazırlanması və keçirilməsi üçün Təşkilat Komitəsi yaradıldı. Təşkilat komitəsinə Əbülfəz Elçibəyin mətbuat katibi və silahdaşı, professor Ədalət Tahirzadə sədr, Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov isə sədrin müavini seçildi. Bundan sonra toplantı Təşkilat Komitəsinin iclası kimi davam etdirildi. Qərara alındı ki, Təşkilat Komitəsinin siyahısı açıq saxlanılsın və komitədə iştirak etmək arzusunda olub müraciət edən hər bir kəsin müraciətinə baxılsın. Təşkilat komitəsinin iclasında Azərbaycanda və ölkədən kənarda keçiriləcək silsilə yubiley tədbirləri ilə bağlı təkliflər səsləndi, müzakirərlər aparılaraq bir sıra qərarlar qəbul edildi. Nəzərdə tutulan işlərin planlı şəkildə həyata keçirilməsi üçün Təşkilat Komitəsi özünün İşçi Qrupunu yaratdı. Qərara alındı ki, bundan sonra yığıncaqlar əsasən İşçi Qrupun üzvlərinin iştirakı ilə, həftədə iki dəfə olmaqla keçirilsin.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button