Əcnəbi jurnalistləri kim döy(dür)üb?!

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun bəyanatı

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) iyunun 15-dən 16-a keçən gecə  amerikalı jurnalist Amanda Erikson (Amanda Erickson) və britaniyalı hüquq müdafiəçisi, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun əməkdaşı Silia Deyvisin (Celia Davies) Bakıda naməlum şəxslərin hücumuna məruz qalaraq döyülmələrini qətiyyətlə pisləyir.

Hadisə 16 iyun, gecə saat 00.20 radələrində Silia Deyvis və Amanda Eriksonun qaldığı evin yaxınlığında baş verib. İdmançı bədən quruluşuna malik 4 nəfər kişi xanımların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb. Hadisədən əvvəl xanımlar bu şəxslərin onları izlədiyini görüblər. Nəticədə xanımlar ciddi zədələr alıblar. RATİ əməkdaşı Silia Deyvisin sol qolu sınıb və onun əməliyyat olunmasına zərurət yaranıb.

RATİ bəyan edir ki, bu şəxslərin döyülməsinin onların peşə fəaliyyəti ilə bağlı olması istisna deyil. Belə ki, hücum edənlər Silia Deyvis və Amanda Eriksonu əvvəlcədən izləyiblər, döyməni xüsusi kobudluqla həyata keçiriblər, konkret olaraq qızları yerə yıxaraq təpikləyiblər və bunu zədə yetirilənə qədər təkrarlayıblar, heç bir əşya oğurlamayıblar.

Amanda Erikson və Silia Deyvis yerli QHT-lərlə əməkdaşlıq etməklə bərabər, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Amanda Erikson həmçinin “Vaşinqton Post” və “Nyu-York Tayms” qəzetləri ilə də əməkdaşlıq edir.

RATİ bəyan edir ki, hakim Yeni Azərbaycan Partiyasının orqanı olan “Yeni Azərbaycan” qəzetinin bu hadisədən dərhal sonra, yəni 17 iyun 2011-ci tarixli sayında (http://www.yeniazerbaycan.com/news/14305.html) Devisin əməkdaşı olduğu RATİ və onun sədri Emin Hüseynov haqqında qarayaxma xarakterli məqalə dərc etməsi də döyülmənin təsadüfi olmadığını göstərir.

RATİ eyni zamanda xatırladır ki, Azərbaycan hakimiyyəti 2010-cu ilin noyabrında keçirilən parlament seçkiləri ərəfəsində əcnəbilərin viza almaları ilə bağlı qaydaları xeyli dərəcədə sərtləşdirib. 2011-ci il aprelin 17-də etiraz aksiyasını işıqlandırmaq istəyən İsveçdən olan 3 jurnalist etiraz aksiyasının keçirilməli olduğu yerdə saxlanılaraq polis bölməsinə aparılıblar və 1 gün sonra ölkədən deportasiya ediliblər.

RATİ hesab edir ki, çoxsaylı əcnəbilərin Azərbaycana gələcəyi ilə əlamətdar olan “Avroviziya-2012” müsabiqəsini təşkil edən Azərbaycan hakimiyyəti ilk növbədə bu neqativ tendensiyalara son qoymalıdır.

RATİ Azərbaycan hakimiyyətindən baş vermiş cinayəti sifariş edən və icra edən şəxslərin qısa müddətə cəzalandırılmasını təmin etməyi tələb edir. RATİ eyni zamanda beynəlxalq ictimaiyyəti bu məsələyə diqqətlə yanaşmağa və “Avroviziya-2012” mahnı müsabiqəsini keçirəcək Azərbaycan hakimiyyətindən insan haqları sahəsində üzərinə götürdüyü öhdəliklərə riayət etməyi tələb etməyə çağırır.

XuralTAC

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button