“ƏdəbiyYAT”da Kəramət Böyükçöl:“Əslində, elə gücüm atama çatırmış”-MÜSAHİBƏ

Ədəbiyyat dünyasında nələr baş verir? Yeni əsərlər yazılırmı? Niyə yazılmır, ya da yazılanlar varsa, hansılardır? Bu suallar yaxın zamanlarda ölkənin ədəbi ictimaiyyətini yaxından maraqlandıran suallardandır. Siyasət ədəbiyyatı yeyibmi, yoxsa Azərbaycan ədəbiyyatının yeni mərhələsimi başlanır? Bu suallara və ədəbiyyatın digər bəzi həyati əhəmiyyət daşıyan suallarına cavab vermək üçün gənc yazarlardan Kəramət Böyükçöllə söhbətləşdik. Layihəmizin maraqlı cəhətlərindən biri odur ki, burada gələcək müsahibimizi yazarın özü müəyyənləşdirir. Bu mənada Kəramət Böyükçölün müəyyənləşdirdiyi növbəti qonaq yazıçı Şərif Ağayardır. Qaldı “ən istedadsız yazar” hissəsinə, o da müxtəlif rəylər yarada bilər, amma müsahibimizin “ən istedadsız yazar” kimi qiymətləndirdiyi qiymətli yazarlarımız dərhal “Cavab haqqı”na sahibdirlər və bunun üçün bir müraciətləri yetərlidir.

İnanırıq ki, Kəramət Böyükçöllə başladığımız bu “ƏdəbiyYAT” layihəsi müasir ədəbiyyatımızın problemlərinin həll olunmasına öz töhfəsini verəcək.

Buyurun… Hazırlaşsın, müasir Azərbaycan ədəbiyyatının dəyərli isimlərindən yazıçı Şərif Ağayar…

 

 

Qələm əhli, yazıçılar ruhdan düşmüş vəziyyətdədirlər

 

– Müasir dövrün ədəbi mühitini necə qiymətləndirmək olar? Ümumiyyətlə, müasir ədəbiyyat mövcuddurmu?

– Mənə elə gəlir ki, ədəbi mühit siyasi mühitin içərisində əriyərək yoxa çıxıb. Çünki ictimai-siyasi proseslər son vaxtlar o qədər aktivləşib ki, yazarların özləri də bədii qələmlərini kənara qoyub, mat-məəttəl cəmiyyətdə baş verən bu hadisələri kənardan seyr eləməklə və sosial şəbəkələrdə gedən proseslərə hansısa şəkildə münasibət bildirməklə məşğuldurlar.

– Belə çıxır ki, ədəbi proseslərin inkişafını siyasi proseslər əngəlləyir?

– Təxminən elədir. Nə mənada? Elə bir ortam, elə bir mühit yoxdur ki, onların hər hansı bir bədii əsərinə cəmiyyətdə maraq yaransın, yazılmış kitabları oxumaq istəsinlər. Ona görə də qələm əhli, yazıçılar ruhdan düşmüş vəziyyətdədirlər. Bir vaxtlar kulis.az adlı internet saytı vardı, onu da bağladılar. Bu sayt həm də yazarların bir yerə toplaşdığı bir yer idi, o da bağlanandan sonra demək olar ki, hamıda ruh düşkünlüyü yarandı.

– Bəlkə məsələyə elə yanaşmayaq, çünki bildiyim qədərilə sizin kiçik həcmli kitablara 100 manat verib, alan insanlar var idi. Bunun ədəbi dəyər, proses olmadığınımı deyirsiniz?

– Əslində, bu da ədəbi proses deyildi. Çünki kitaba 100 manat verib alan insanların əksəriyyəti heç o kitabı oxumur. Əslində, o adamlar kitaba maraqları olduğu üçün deyil, şəxsən mənə yardım etmək məqsədilə onu alırdılar. Hansı ki, o kitabı alan adamların əksəriyyəti, demək olar ki, hamısı mənim şəxsi, imkanlı dostlarım idi.

 

Kitabıma 700 manat verib aldı, amma oxumadı

 

– Yəni deyirsiniz ki, bunun nə ədəbiyyatımıza, nə də ədəbi prosesə dəxli yox idi?

– Yox, birmənalı şəkildə… Mən bu haqda saytlara da sözümü demişəm. Necə oldu ki, ədəbiyyatçılar sosial şəbəkələrə axışdırlar? Baxın, elə adamlar var ki, onların restoranları var – adlarının çəkilməsini belə istəmirlər – kitabıma 700 manat verib aldı. Mən dəqiq bilirəm ki, həmin adam mənim kitabımı ümumiyyətlə, oxumayıb.

– Siz bunu “Kitab aksiyası” şəklində həyata keçirdiniz. Nə əldə etdiniz?

– O zaman mən 4.550 manatlıq kitab satdım. Necə? Aksiyanın adını “10 manatlıq kitab aksiyası” qoymuşdum, amma elə olurdu ki, bayaq dediyim kimi, bir kitaba 700 manat verənlər də olurdu. Elə olurdu 200, elə olurdu 300 manat verirdilər. Sadəcə, maraq yaranmışdı deyə, adamlar bu aksiyaya qoşulurdular. Hansı ki, o kitabları alan adamlar üçün 100 manat, 200 manat da bir əhəmiyyət daşımırdı. Köşə yazılarını, statuslarını maraqla oxuduqları bir yazara, belə deyək, könüllü yardım etmək istəyirdilər.

 

“Ədəbiyyat” qəzeti, “Ulduz” jurnalı azad media deyil

 

– Necə düşünürsünüz, məhz ədəbi mühit olmadığı üçün yazarlar sosial şəbəkələrdə öz fikirlərini bildirirlər? Məsələn, siz. Dəfələrlə facebook sosial şəbəkəsində qalmaqallı statuslarınızın şahidi olmuşuq. Bir müddət sonra ara verib, yenidən ortaya başqa bir mövzu çıxarmısınız…

– Gəlin, facebook-a da “sosial şəbəkə” deyib, keçməyək. Ora da yeganə yerlərdən biridir ki, biz öz fikirlərimizi azad şəkildə ifadə edə bilirik. O, artıq bizim yeganə tribunamıza çevrilib. Çünki çap, yazılı media olan “Ədəbiyyat” qəzeti, “Ulduz” jurnalı var ki, mən onların heç birini azad media hesab eləmirəm. Aydın məsələdir ki, orada hansı tip yazılar gedə bilər. Çox vaxt da bu qadağalar azad fikirli insanların əsərlərinin dərc olunmasının qarşısını alır. Ən əsası da qonorar məsələsidir. Qonorar qaneedici olmadığı üçün ədəbiyyatçıların orada yaradıcılıqlarını davam etdirməyə həvəsləri yoxdur. Ona görə, bir az da daxili narahatçılıqla içində baş verən o təlatümləri sosial şəbəkələrdə yazırsan, bu da müəyyən reaksiya doğurur. Əslində, sosial şəbəkədə yazdıqlarımın bir çoxlarını mən köşə yazılarımda yazmışam. Amma maraqlıdır ki, saytda yayımlandıqdan sonra fikirlərimə o dərəcədə adekvat reaksiya almıram. Ümumiyyətlə, yazdıqlarımın eyni şey olmasına baxmayaraq, saytlarda o yazılara qarşı heç bir reaksiya almıram. Lakin bu fikirlərimi sosial şəbəkədə status şəklində paylaşdıqda dərhal reaksiya doğurur.

 

…bütün yalanlar əvvəl-axır həqiqətə çevrilir

 

– O statusları oxuyarkən, adama elə gəlir ki, onu məhz insanlarda qıcıq yaratmaq, dediyiniz kimi, istədiyiniz reaksiyanı almaq üçün yazırsınız. Elə bir təəssürat yaranır…

– Bilərəkdən də demək olmaz, çünki bütün yalanlar əvvəl-axır həqiqətə çevrilir. O qədər mənə irad tutanlar oldu ki. “Sən o statusları qəsdən, bilərəkdən o cür yazırsan ki, publikaya işləyəsən” deyə. Artıq özüm də..

– …Publikaya işləyirsiniz?

– Elə bil boynuma qoyublar ki, bu, belədir. İndi də bunu etiraf edirəm. Publikaya işləmək o demək deyil ki, hər hansı bir statusu yazmısan, ona görə də insanlar səni söyüb təhqir eləməlidirlər. Mənə müəyyən dəstək də oldu. Bu statusların istər mənim sosial, istərsə də şəxsi həyatıma gətirəcək bir xeyri yoxdur. Azərbaycan kimi bir ölkədə bir gənc yazarın tanınması nə qədər mümkündürsə, mənə elə gəlir ki, ona nail olmuşam. İndən sonra publikaya işləmək mənə nə verəcək? Əgər mən publikaya işləsəydim və onun da arxasınca kitablarım satılsaydı, deyərdim ki, hə, bunun mənə xeyri var. Sadəcə, bu statusları yazmaqda əsas məqsədim nədən ibarətdir? Bu adamların, cəmiyyətin tənqidə dözümsüzlüyü məni o qədər narahat edir ki…

 

Cəsarətli adamlar öz yerlərində deyillər

 

– Bir az da buna inad olsun deyə yazırsınız?

– Hə, bir az da inad olsun deyə yazıram, sanki… Axı tənqidi yazıların kimə nə ziyanı var? Bu yaxınlarda Rəşid Mahmudov haqqında bir status yazmışdım. Yəni Rəşid Mahmudov ağsaqqaldır və yaxşı adam da ola bilər, amma cəmiyyətin ona ziyalı kimi baxması, ziyalı kimi qəbul eləməsi məndə bir narahatçılıq yaradırdı. Nəyə görə? Cəmiyyət o qədər müti, qorxaqdır ki, onun özünün bildiyi həqiqətləri biri uca səslə deyəndə, bir az da pafosla, əl-qolnu oynada-oynada deyəndə onu dərhal özünə ziyalı seçir. Məsələn, ona “cəsarətli” deyirlər. Amma bir həqiqət də var ki, cəsarətli, fikirlərini açıq deyən adamları televiziyalara, o cümlədən də ATV-yə buraxmazlar. Yəni cəmiyyətin bu cür primitiv şeylərə aldanmağı məni narahat edir və mən də buna münasibətimi bildirirəm.

– O zaman heç kəs cəsarətli çıxışlar etməsin… Belə deyirsiniz?

– Cəsarətli adamlar bu gün öz yerlərində deyillər.

– Bəs haradadırlar?

– Yarısı həbsxanalarda, yarısı azadlıqda əli-qolu, dili bağlı vəziyyətdə sosial şəbəklərdə fikirlərini bildirməkdədirlər.

– Siz özünüzü hansı kateqoriyalı adamlar sırasına əlavə edərdiniz? Özünüzü cəsarətli hesab edirsiniz?

– Yox, mən özümü cəsarətli hesab etmirəm, qətiyyən. Çünki əgər mən cəsarətli adam olsaydım, içimdən keçənlərin hamısını necə lazımdırsa, dilə gətirərdim. Amma mən danışa-danışa hər zaman beynim və düşüncəmlə dilimi-ağzımı nəzarət altında saxlamışam.

– Şahvələd Çobanoğlunun yaxşı bir sözü var idi: “Danışa-danışa susanlar…”

– Yox, mən heç də hər zaman susmamışam. Ona görə də məni susan kateqoriyaya da aid etmək olmaz. Mən heç olmasa çabalayıram, nəyəsə cəhd edirəm. Hər halda mənim etdiklərim susmaq deyil.

 

Son illərin yaxşı yazarları sırasında Şərifi görürəm

– Son illər diqqətinizi çəkən hansı kitablar dərc olunub? Əslində, yazarların fikirlərini ifadə edəcək bu layihənin yaranmasında o amilin də təsiri oldu. Bir dəfə mənə dostlarımdan biri müraciət etdi ki, “gənc yazarları yaxşı tanıyırsan, onlardan birinin yaxşı kitabının adını çək, oxuyum”.

– Son illərin yaxşı yazarları sırasında mən Şərifi görürəm. Ondan hər zaman yaxşı əsərlər gözləmişəm, gözləntilərim də baş verib. Məsələn, onun “Ağ göl” romanı qiymətli bir əsərdir. Ondan əvvəl “Arzulardan sonrakı şəhər” əsəri eyni səviyyədə, bir-birindən yaxşı əsərlərdir. Gənclərdən də eləcə. 7-8 il bundan qabaq ədəbiyyata ilk addım atanların roman yazması adamlarda bir narahatçılıq doğururdu, artıq roman da yazılmır. Gənclərdən yadımda qalan Sərdar Aminin “Su sərgisi” romanıdır. Düzü, hələ o kitabı oxumamışam. O dostumuz da buna görə yəqin məndən inciməz, ondan yaxşı bir əsər də gözləmirəm. Çünki bundan əvvəl yazdığı bir romanı vardı, gözlədiklərimi doğrultmayan bir əsər olduğuna görə, bu günə qədər oxumamışam. Amma onu da oxuyacam, təki təəccüblənim, təki fikirlərimdə yanılım. Bizim nəsə gözlədiyimiz yazarlar çox azdır. İstedadlı qələmi olan və ondan yaxşı bir əsərə müəlliflik edəcək yazarlarımız çox azdır. Bir də bir məsələ var, bu məsələdə Şərif, bir basqası da ola bilər ki, istisnadır. Romanın, romançılığın, hekayənin, hekayəçiliyin nə olduğunu bilən adamlar roman yazmaqdan qorxur, çəkinirlər. Çünki əslində, onların nə olduğunu bilirlər. Düşünürlər ki, alınmaz, belə deyək, ifşa olunar. Ona görə həmişə ehtiyat eləyirlər. Amma bunu bilməyən adamlar yazırlar, pozurlar, hər zaman ortalıqda olurlar, heç nədən də qorxub çəkinmirlər. Ədəbi mühitdə olmaq, imza olaraq tanınmaq yaxşı bir şeydir, lap yaxşısı isə odur ki, insan özünün bəlli bir mərhələyə çatdığını hiss eləsin, bədii yaradıcılığın nə olması ona tam aydın olandan sonra məsuliyyətini dərk edərək qorxsun, narahat olsun ki, “yazaram, birdən alınmaz”. Yəni əvvəlcə öz qarşısında hesabat verməli, sonra əsərlərini ortaya çıxarmalıdır.

 

Qismət, Fərid, Cavid Zeynallı, Ayxan Ayvaz…

 

– Maraqlıdır. Dediklərinizdən elə çıxır ki, son illər yadda qalan, dəyərli bir əsər ortaya qoyan olmayıb?

– Mənim istedad kimi tək Şərifin qələmindən gözləntim var.

– Məsələn, ən istedadlı üç gənc yazarın adını çəkə bilərsiniznmi?

– Nəsə gözləmək baxımından…

– Səncə, elə bir istedadlı gənc yazarlarımız varmı ki, onların əsərlərini insanlar gözləyərək oxusunlar?

– Mənim gözləntilərim həm də Qismətdən, Fəriddən, Cavid Zeynallıdan, Ayxan Ayvazdan olub…

– Yəni bu dörd yazardan yaxşı əsərlər gözləmisiniz?

– Bəli. Aqşin Yeniseyi, Şərifi gənc hesab eləmirəm…

 

Səlim Babullaoğlu, Səlim Babullaoğlu, Səlim Babullaoğlu

 

– Bəs istedadsız, məsuliyyətini bilməyən üç yazarın adlarını çəkə bilərsinizmi?

– Səlim Babullaoğlu, Səlim Babullaoğlu, Səlim Babullaoğlu…

– Bundan sonra ədəbi proseslər canlanacaqmı? Yaxın perspektivdə bunu gözləməyə dəyərmi?

– Bayaq dediyim kimi, böyük bir proses gedir – ictimai-siyasi məsələlərlə ədəbi-ictimai məsələlər bir-birinə qarışıb. Əgər bu məsələlər durulaşarsa, cəmiyyət, yazarlar öz sosial problemlərindən, qayğılardan, ehtiyacdan xilas olacaqsa… Xilas olmaq… mənə bir qədər də mümkünsüz kimi görünür. Əgər elə bir ehtimal olarsa, o ortalıqda olan, ədəbiyyat adamı olmayan “yazarlar”ın hərəsi “yaradıcılıqlarını” kənara qoyub, hərəsi öz işi ilə məşğul olmağa gedərsə, özlərinə uyğun bir peşə ilə məşğul olarlarsa, beləliklə də sular durularsa, o zaman əsl yazarlar bu dövrün ədəbiyyatını yaradacaq, bu dövrün hekayələrini, romanını yaradacaqlar. Gələcəkdə də bu içində yaşadığımız XX əsrin ikinci, üçüncü onilliyini səciyyələndirə bilən romanlar ortaya qoya biləcəklər.

– Bəzi ədəbi qurumlar var idi, onlar fəaliyyətlərini bu gün də davam etdirirlər, yoxsa hamısı dağılıb getdi? Onların arasında “Azad Yazarlar Ocağı” da var idi…

– Belə deyək, AYO-nun xatirəsi yaşayır. Çünki AYO ədəbi mühitə bir canlanma qatan cərəyan oldu, təəssüf ki, artıq fəaliyyət göstərmir. Yeganə fəaliyyət göstərən qurum Azərbaycan Yazıçılar İttifaqıdır. Bu qurumu vaxtilə çox tənqid eləmişəm, amma indi onu çox qınamağın da tərəfdarı deyiləm. Bu durumda Yazıçılar Birliyi nə edə bilər ki?

 

Sən də olursan atanın bir tayı…

 

– Yazıçılar Birliyinin üzvüsünüz?

– Xeyr. 3 il bundan qabaq məni Yazıçılar Birliyinin üzvlüyündən çıxarıblar.

– Niyə?

– “Klassiklərimizə qarşı sərt tənqidi fikirlərimə və gənc həmkarlarıma qarşı ironik münasibət”imə görə…

– Qərar elə belə də verilib?

– Qərarda belə də qeyd olunub.

– Amma AYB-nin da üzvü olmusunuz…

– Mən AYB-nin sıravi üzvü, atam isə İdarə Heyətinin üzvü olmuşuq. Belə deyək, Yazıçılar Birliyinin əsas üzvlərindən biri olmuşam.

– Bütün bunlara baxmayaraq, AYB-ni qınaq obyektindən çıxarmısınız.

– Mənim üçün artıq elə bir mərhələ başlayıb ki, atamı da bağışlamışam. Zamanla proseslər mənə çox aydın oldu. İndi düşünürəm ki, atamı ona görə tənqid eləmişəm ki, əslində, elə gücüm atama çatırmış.

Nə qədər çabalasan da, nə qədər münasibət bildirsən də, nə qədər emosiyalarında diri olsan da, nəticədə əlinin, qolunun yanına düşdüyünü görürsən və… Sən də olursan atanın bir tayı…

– Layihənin davamı olaraq növbəti müsahibəyə kimi çağırmağımızı istərdiniz?

– Şərif Ağayarı?

– Ona hansı sualın var?

– Necə dözürsən?

 

Hazırladı: SelBa

 

Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button