“Ədalət naminə həmrəylik” İlham Əliyevə nə yazdı-MƏKTUB

“Ədalət naminə həmrəylik” Komitəsi 17 iyul 2018-ci ildə Mingəçevir və Gəncədə, eləcə də Sumqayıtda baş verən hadisələrə görə mətbuat konfransı keçirdi və konfransın sonunda prezident İlham Əliyevə müraciət qəbul olundu. Xural.com “Ədalət naminə həmrəylik” Komitəsinin prezidentə müraciətinin mətnini olduğu kimi dərc edir:

“Hörmətli Cənab Prezident!

Biz “Ədalət naminə həmrəylik” Komitəsinin və bir qrup Vətəndaş Cəmiyyətinin üzvləri olaraq ölkədə baş verən son hadisələr nəticəsində yaranan vəziyyətlə bağlı narahatlığımızı Sizinlə bölüşmək istəyirik. Buna səbəb var. Azərbaycan bizim hamımızın yerləşdiyimiz bir gəmidir və bu gəmidə baş verən hansısa nasazlıq və məsuliyyətsizlik bizim hamımızın boğulmağımıza səbəb ola bilər. Təbii ki, bütün naqisliklərin qarşısını isə bu “gəmi”nin “kapitan”ı almalıdır, çünki “gəmi”ni son tərk edən odur.

Mingəçevirdə baş verən “işıq böhranı” və ardınca Gəncədə baş verən hadisələr Vətəndaş Cəmiyyətinin üzvləri olaraq narahatlığımızı birə beş artırıb. Son nəticədə məlum olub ki, Mingəçevirdə uzun illər enerji sisteminə sərmayə qoyulmayıb, stansiya köhnə texnika ilə çalışıb və bu sahəyə rəhbərlik edən məmurlar məsuliyyətsizliyə yol veriblər. O da məlum olub ki, enerji sahəsinə yatırılan təxminən 7-9 milyard dollarlıq sərmayənin heç bir nəticəsi olmayıb. Nədən ki, ölkədə “işıq böhranı” yarananda alternativ stansiyalar işləməyib və alternativ enerji mənbələri işə düşməyib. Amma cəmiyyət “alternativ enerji” mənbələrinin yaradılması və ondan istifadə olunması haqqında Sizin verdiyiniz sərəncamları yaxşı xatırlayır. Bəs o zaman bu “işıq böhranı”nın səbəbi nədir? Biz bu sahədə baş verən cəzasızlıq şəraitinin təəssüflə şahidiyik və inanırıq ki, yaxın günlərdə günahkarlar cəzalandırılacaq və Azərbaycan xalqına dolğun informasiya veriləcək.

Mingəçevir hadisələrindən dərhal sonra Gəncədə baş verən hadisə Azərbaycan dövlətçiliyinə ciddi təhlükə yaradacaq səviyyədə narahatlıq yaratdı. Yunus Səfərov adlı vətəndaşın Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevi güllələməsi ölkənin və əyalətlərin idarə edilməsində ciddi problemlərin olduğunu gözlər önünə sərdi. İcra başçısının güllələnməsinin “işıq böhranı” ilə üst-üstə düşməsi, hadisənin ölkədə qaranlığın hakim olduğu saatlarda baş verməsi narahatlığımızı daha da artırır. Dərhal xalqa lazımi informasiyaların verilməməsi, sonra həbs olunan Yunus Səfərovun ölümünə döyüldüyü və işgəncə gördüyü fotoların sosial şəbəkələr vasitəsilə yayılması, dövləti təmsil edən yüksək çinli məmurların və deputatların fərqli bəyanatlar verməsi yersiz və narahatedici şayiələrin artmasına səbəb oldu. Əlbəttə, hadisəni qətiyyətlə pisləyir, insanların silahdan istifadə etmələrini qəbul etmirik, amma eyni zamanda hadisələrin üzərindən də sakit keçilməsini qəbul edə bilmərik. Dövlət cinayət edən vətəndaşını ittiham etsin, cinayətkarı cəzalandırsın, amma baş verən hadisənin səbəblərini də araşdırsın. İllərdir yazılmasına və həyəcan təbili çalınmasına baxmayaraq, Elmar Vəliyev kimi əhalini incidən bir məmurun da vəzifədə niyə qalmasının səbəbləri araşdırılsın. Təkcə Gəncədə yox, bütün Azərbaycan boyu əksəriyyət rayonlara başçılıq edən icra hakimiyyəti başçılarının xalqa xoş rəftar etmədikləri, Elmar Vəliyevdən fərqli olmadıqları bilinir. Bunun qarşısı alınmalı, xalqa doğru gedilməli, Azərbaycanın başına bəla olan siyasi məhbus problemi biryolluq öz həllini tapmalı və xalqa güvənilməlidir.

Biz yaxşı xatırlayırıq ki, Siz prezident olaraq xalqın birinci xidmətçisinin özünüz olduğunuzu dəfələrlə dilə gətirmisiniz. Mətbuatdan onu da xatırlayırıq ki, bütün icra başçılarını, digər məmurları xalqa xidmət etmək üçün vəzifəyə səsləmisiniz, hətta ötən illərdə baş verən müşavirələrdən birində Gəncənin icra başçısına “özünüzü yığışdırın” mesajını da vermisiniz, bir çox məmurlara ciddi xəbərdarlıqlar etmisiniz. Görünür, məmurlar bu və ya digər formada Sizin də tövsiyələrinizi qulaqardına vurublar. Onlar Sizin xəbərdarlıqlarınızdan vaxtında və ciddi nəticələr çıxarsaydılar, bəlkə də yaşadığımız bu üzüntülü hadisələr də olmazdı.

Cənab Prezident!

Baş verən son hadisələrdən Vətəndaş Cəmiyyətinin üzvləri olaraq çox nigaranıq. Xüsusilə, Gəncədəki 10 iyul təxribatından sonra baş verən kütləvi həbslər, Sumqayıtda 15 iyul mitinq çağırışlarından sonra həbs olunduğu söylənilən çoxlu sayda insanın sonrakı taleyi bizi narahat edir. Biz həbs olunanların işgəncə görməsindən və hüquqlarının pozulmasından əndişəliyik, buna əsasımız var, çünki Yunus Səfərovun həbsində onun işgəncəyə məruz qaldığı artıq cəmiyyətə məlumdur. Hər kəs qanun qarşısında bərabər olmalı, həbs olunsa belə insan ləyaqətinə uyğun şəkildə saxlanılmalı və mühakimə olunmalıdır. Bunun əksi Azərbaycanı beynəlxalq aləmdə də təcrid vəziyyətinə sala bilər.

Xüsusilə, narahatlıq verən başqa bir hadisə müstəqil mediaya və bəzi saytlara bəslənən münasibətlə bağlıdır. Mingəçevirdə və Gəncədə baş verən hadisələr təkcə media orqanlarını deyil, hətta bir az yuxarıda bəhs etdiyimiz kimi, təcrübəli məmurları belə yanıldacaq tipdəndir. Belə olan halda bütün məsuliyyəti azad və məsuliyyətli media qruplarının, sosial şəbəkə istifadəçilərinin boynuna yıxmaq olmaz. Artıq onlarla jurnalist Baş Prokurorluğa dəvət olunub, bir neçə sayt bloklanıb və jurnalistlərə cinayət işi qaldırılıb. Onlarla vətəndaşın sosial şəbəkələrdə yazdıqları fərqli statuslara görə təqib olunduğu, izlənildiyi, hətta həbs olunaraq müxtəlif inzibati cəzalara məruz qaldıqları xəbərləri gəlir. Bunlar çox üzücüdür. Dövlət gücünü sosial narazılıqların səbəblərini axtarmağa, onları təsbit edib aradan qaldırmağa yönəltməlidir, vətəndaşlarını, jurnalistlərini, fəal gənclərini təqib etməyə, onları cəzalandırmağa yox. Əks təqdirdə, dünyanın mədəni ölkələrinin və üzvü olub qarşılarında öhdəliklər götürdüyümüz beynəlxalq təşkilatların haqlı tənqidlərinə tuş gələ bilərik.

Cənab Prezident!

Sadaladığımız problemlər və vaxtınızı çox almaq istəmədiyimiz üçün haqqında yaza bilmədiyimiz onlarla həlli vacib məsələlər ən azından Sizin qədər bizim də narahatçılığımıza səbəb olub. Xüsusilə, azad medianın və müstəqil vətəndaş cəmiyyətinin üzləşdiyi ağır durum Azərbaycan dövlətinin müstəqilliyinə zərbədən başqa bir şey vəd etmir. Əgər müstəqil media və vətəndaş cəmiyyəti olsaydı, bu hadisələr zamanı xalq informasiya böhranı yaşamaz və işlər belə çətinə düşməzdi. Axı müstəqil medianın və vətəndaş cəmiyyətinin Sizə yardımdan başqa nə təhlükəsi ola bilər ki? Biz inanırıq ki, bizim narahatlığımızı Siz də bölüşəcək, cavabını gözləyən yüzlərlə sualın cavablandırılması üçün əlinizdən gələni edəcək və Azərbaycan cəmiyyəti ilə böyük dialoq və məsləhətləşmə yolunun açılması üçün lazım olan tapşırıq və sərəncamları verəcəksiniz. Bu ölkədə sabitliyin həmişəlik olması üçün ədalətə və həmrəyliyə ehtiyac var. Əminik ki, səsimizə səs verəcək, Azərbaycanı bu ağır girdabdan çıxarmaqda xalqın köməyindən faydalanacaqsınız.

Sizə əvvəlcədən təşəkkür edirik.

“Ədalət naminə həmrəylik” Komitəsi və Vətəndaş Cəmiyyətinin üzvləri:

Novella Cəfəroğlu

Arzu Abdullayeva

Səidə Qocamanlı

Səadət Bənənyarlı

Mehman Əliyev

Əvəz Zeynallı

Hilal Məmmədov

Elşən Həsənov

Mirvari Qəhrəmanlı

Şəhla İsmayıl

Elçin Məmməd

Aytəkin İmranova

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button