Ədliyyə Nazirliyi ADR-i qeydiyyata almaqdan yenə imtina edib

Yayımlandı: 30 İyun 2022 16:18

Qubad İbadoğlu: “Qərarlar bağlı qapı arxasında qəbul edilir”

Ədliyyə Nazirliyi (ƏN) Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının qeydiyyatından ikinci dəfə imtina edib.

Bu barədə Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasından Meydan TV-yə məlumat verilib.

Bildirilir ki, Ədliyyə Nazirliyi partiyanın martın 16-da dövlət qeydiyyatına alınması üçün təqdim etdiyi sənədlərini iyunun 21-də geri qaytarıb:

“Nazirlik bundan əvvəlki məktubunda sənədlərə baxılması üçün müddəti 1 ay uzatsa da, 3 ay 5 gündən sonra cavabında ərizədə partiyanın qanuni təsisçisinin imzasının olmaması və ya onun notarial qaydada təsdiq edilməməsinə görə sənədləri geri qaytarıb”.

“Halbuki partiyanın qanuni təmsilçisi, icra aparatının rəhbəri Ellada Məmmədli digər təsisçilərlə birlikdə ərizəni imzalayıb və həmin imzalar notarial qaydada təsdiq olunub. Nazirliyə ünvanlanan həmin ərizə eyni tərtibatda 1-ci müraciətdə təqdim olunub. Amma nazirlik bu məsələyə dair iradını partiyanın 2-ci müraciətinə cavabında qeyd edib. Bu onu göstərir ki, nazirlik hər müraciətdə 1-2 irad qeyd edib prosesi uzatmaqla partiyanın qeydiyyatını ləngidir”, – deyə açıqlamada bildirilib.

Partityanın sədri Qubad İbadoğlunun sözlərinə görə, ADR Partiyası yaranandan bəri ötən 8 aydır ki, qeydiyyat məsələsi ilə məşğuldur:

“İndiyə qədər bu məqsədlə müvafiq nazirliyə 2 dəfə müraciət olunub, hər müraciət orta hesabla 4 ay vaxt aparıb”.

Onun fikrincə, ƏN-də siyasi pariyaların qeydiyyat proseduru çox uzundur, şəffaf deyil, qərarlar bağlı qapı arxasında qəbul edilir.

Qubad İbadoğlu onu da bildirib ki, nazirlik bütün qeyd və iradlarını birinci müraciətə cavab məktubunda göstərməlidir: “Ancaq hər dəfə bir-iki irad göstərməklə qanunun tələblərini pozur”.

“Partiyanın qeydiyyatına olan hazırkı münasibət hüquqi normalarla deyil, siyasi münasibətlə əlaqədardır. Mövcud hakimiyyət birləşmək azadlığını pozmaqla gerçək müxalif mövqedə olan yeni siyasi təşkilatın yaranmasına mane olur. Bununla da ADR-in qısa zaman ərzində artan ictimai nüfuzundan ehtiyatlandığını nümayiş etdirir”, – İbadoğlu belə deyib.

O, təkrar üçüncü dəfə qeydiyyat üçün sənədləri nazirliyə göndərəcəklərini, əgər bu dəfə də qeydiyyatdan imtina cavabı alarlarsa, məhkəməyə müraciət edəcəklərini vurğulayıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası 2015-ci ildə təsis edilib və ADR Hərəkatının bazasında formalaşıb.

Partiya 2021-ci ildə keçirilmiş təsis qurultayında elan edilib.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button