Ədliyyə Nazirliyinin işçilərinin də psixoloji yardıma ehtiyacı var

«Azadlıqdan Məhrumetmə Yerlərində Müşahidə» İctimai Birliyi

Dünən «Azadlıqdan Məhrumetmə Yerlərində Müşahidə» İctimai Birliyi Media Mərkəzində mətbuat konfransı keçirib. Tədbir qurumun Avropa Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi «Məhkumlara psixoloji dəstək» layihəsinin yekunlarına həsr edilib. Layihə 3 ay davam edib.

Qurumun sədr müavini Elçin Salmanov bildirib ki, həbsxanalarda məhkumlara psixoloji yardım göstərilmir. Yalnız qadınlar və yeniyetmələr üçün olan həbsxanalar belə ştatla təmin ediliblər. Eyni zamanda ölkənin ali məktəbləri belə mütəxəssislər hazırlamamaqda ittiham olunub.

Bu məsələ ilə bağlı qurum 20-yə yaxın gənc psixoloqa üçgünlük treninq keçirib. Daha sonra ölkənin bəzi həbsxanalarında olublar. Həbsxanalara gedişdə məqsəd bir tərəfdən məhbuslarda psixoloji gərginliyi aradan qaldırmaq, digər tərəfdən psixoloqların məhbuslarla təmas qurmaq olub.

Tədbir zamanı məhkumların görüşün əvvəlində psixoloqlara olan inamsızlığı sonda etimadla əvəzlənib. Məhkumun ailəsi, valideynləri, doğmaları ilə bağlı baş verən hər xoşagəlməz hala görə özünü təqsirli bilməsi kimi bir psixoloji problem yaşadığı nəzərə çatdırılıb. Buna görə də mütəmadi psixoloji yardıma ehtiyacın olduğu xatıladılıb. Bununla yanaşı, məhkumlar kimi Penitensiar Xidmət əməkdaşlarının özlərinin də psixoloji yardıma ehtiyacları olması qeyd olunub. Belə ki, bu əməkdaşların ağır xidmət sahəsində çalışması onlarda psixoloji əyintilər yaradıb.

Penitensiar Xidmətin əməkdaşı Rövşən Hacıyev cəmiyyətdə o qədər də tanınmayan bu QHT-nin layihələrinin məhkumlara olduqca «böyük müsbət təsir» göstərdiyini bildirib. Lakin jurnalistlərin istər Penitensiar Xidmətin fəaliyyətində, istərsə də məhbuslara münasibətdə olan nöqsanlarla bağlı suallarının cavabında R.Hacıyev bütün bunları əsassız adlandırıb.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button