Əflatun Amaşovdan «Xural»ın cərimələrini soruşdular

Beynəlxalq Mətbuat İnsitutu Azərbaycan mediası ilə bağlı məlumatlar toplamağa qərar verdi

 Məlumat verildiyi kimi, sentyabrın 26-da Tayvanın paytaxtı Taypeydə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 2011-ci ilə üçün Dünya Konqresi işinə başlayıb.

Dünyanın əksər ölkələrinin tanınmış və tirajlı media qurumlarının rəhbər şəxslərinin, məşhur imzalarının iştirak etdiyi bu konqresdə müxtəlif sessiyalarda müzakirələr aparılıb.

Nüfuzlu tədbirdə dünyanın tanınmış media qurumlarının rəhbərləri də iştirak ediblər. Maraqlıdır ki, Azərbaycanın əksər informasiya agentlikləri tədbirin adı və iştirakçıları barədə geniş məlumat verib. Həmçinin də bu konqresdə edilən çıxışların daha çox Azərbaycanın təriflənməsi kimi təqdim ediblər.

Lakin «Xural»ın Avropadakı mənbələri bildirirlər ki, bu toplantıda həm də Azərbaycanda müstəqil mətbuatın məmurlar tərəfindən məhkəməyə verilərək yüksək məbləğdə cərimələnmələri müzakirə edilib. Həmçinin də bu tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşova bununla bağlı olaraq suallar da ünvanlanıb. Lakin suallara konkret olaraq cavab verilməyib. Toplantıda əsasən «Yeni Müsavat», «Azadlıq» və «Xural» qəzetlərinin məhkəmələrə çəkilərək yüksək məbləğdə cərimə olunmaları pislənilib. Lakin nədənsə Əflatun Amaşov bununla bağlı olaraq qısaca məlumat verib ki, guya bu məsələləri ölkəyə qayıdandan sonra müzakirə edəcək.

Onu da əlavə edək ki, artıq «Xural» qəzeti olaraq Beynəlxalq Mətbuat İnstitutuna qəzetimizə qarşı çıxarılan yüksək məbləğdə cərimələrlə bağlı rəsmi məktub da ünvanlanıb. Aldığımız məlumatlara görə, məsələ bu qurumun ən yüksək dairələrində müzakirə edilib və yaxın zamanlarda BMİ ölkəyə jurnalistlər qrupu yollayacaq.

Bununla belə qeyd edilən bu tədbirdə qərara alınıb ki, CNN-dən (ABŞ) Jim Klansi CNN Report üçün material hazırlamaq üçün noyabr ayında Azərbaycana səfər etsin. Tədbirdə Azərbaycanda müstəqil medianın durumu ilə bağlı informasiyaların tərəfdaş təşkilat olaraq Mətbuat Şurası tərəfindən az verilməsi məsələsi də qınanıb.

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button