Əflatun Amaşovun Bəxtiyar Sadıqova gücü çatmır

 Üç il öncə – 2008-ci ildə ABU rektoru Elşad Abdullayevin müraciəti ilə Mətbuat Şurasının İdarə Heyəti «Təzadlar» qəzetini reket elan edib «qara siyahı»ya (o qərarı verənlərin əzizlərinin və doğmalarının adlarının layiq olduğu siyahı) saldı.

Üç il sonra  – indi isə mətbuat Şurasının bütün üzvləri Elşad Abdullayevin rüşvətxor, saxtakar, plagiat olduğunu sübut etməyə girişiblər və bu uğurda yarışmağa başlayıblar.

Üç il öncə – 2008-ci ildə Mətbuat Şurası onlara müraciət etdiyinə görə, ABU rektoruna «təşəkkürnamə» yazırdı MŞ İdarə Heyətinin üzvü və sədri. «Azərbaycan» qəzetinin çox hörmətli baş redaktoru Bəxtiyar Sadıqov isə Elşad Abdullayevin məqalələrinə səhifə-səhifə yer ayırırdı.

Üç il sonra – indi isə həmin hörmətli Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzeti Elşad Abdullayevi sərt şəkildə tənqid edir.

«Təzadlar» qəzetininin baş redaktoru Asif Mərzili bu oyunlar haqda hansı dəqiq sübutlara malik deyil?! Mətbuat Şurası üzvlərinin rüşvətxorluğundan tutmuş reketliyinə qədər nələri açıb danışmadı?!

Müsahibədə bunlarla tanış olacaqsınız.

Beləliklə, müsahibimiz Asif Mərzilidir.

 

Əvvəli ötən saylarımızda

 

ABU-nun saxta diplom paylamasını mətbuat yazmamalı idi?

 

– Hər şey öz normal axarına düşəndən sonra?

– Bəli. Yadınıza gələr. Mətbuat Şurasının bir çox üzvləri – Tapdıq və Aqil Abbaslar, Elçin Şıxlı, Rəşad Məcid, Mehman Əliyev rəsmi təmsil olunduqları qəzetdə bu rəyə öz etirazlarını bildirdilər ki, «Təzadlar»ı «reket» adlandırmaq allahsızlıqdan başqa bir şey deyil! Qalanları da az-çox, guya öz etirazlarını bildiriblər. Sonradan bizi müdafiə edən Media Hüquqları İnstitutu və digər təşkilatlar bunun ictimai rəydə mənfi təsir göstərməməsi üçün işi aparmağa başladılar. Ziyalıların etirazından sonra da Mətbuat Şurası Əflatun Amaşov, Vüqar Rəhimzadə və Bəxtiyar Sadıqovun timsalında televiziyaya çıxdılar. AzTV-nin «Günün nəbzi» proqramında çıxış etməyə başladılar ki, «Təzadlar»ın əməllərində «reketçilik» əlamətləri var. Başa düşmürəm, bəyəm ABU-nun saxta diplom paylamasını mətbuat yazmamalıdır? Nədir ki, rektor Mətbuat Şurasının sədri ilə dostdur?

– Onda Mətbuat Şurası bir siyahı da tutsun və Şura rəhbərinin və üzvlərinin dostlarının, haqqında yazılması qadağan olunan məmurların adını o siyahıya salsın. Mətbuat da əvvəlcədən buna əsaslanıb, o adamlar haqqında heç nə yazmasın ki, sonra da «reket» çıxmasın… (Gülüş)…

 

Əli Həsənovun bacanağı Yunus Oğuz

 

– Mən hər zaman ağıllı məsləhətlərə qulaq asan olmuşam və yaxın dostlarımdan biri mənə məsləhət gördü ki, Əflatun Amaşovun özü ilə görüşək. Yəqin bilirsiniz, Yunus Oğuzun da Mətbuat Şurasına baxışları fərqlidir. Onun yanına getdim – Əli Həsənovla da bacanaqdırlar – açığı, bilmək istədim ki, dövlət səviyyəsində bizə qarşı təzyiq varmı? Varsa, buna görə hərəkət edim. Məntiq var axı, əgər dövlət mənə qarşıdırsa, onda həbs olunduğum halda niyə azad olunmağıma qərar verir? Yunus Oğuz Amaşova zəng vurdu və bu məsələ ilə maraqlandı və belə qərara gəldilər ki, bir də Amaşovla görüşüm. Mən də hüquqşünas Adil Minbaşı ilə Amaşovla görüşməyə getdim. Görüşdük, həmin görüşdə Əflatun açıq dedi ki, bunun hamısını edən Bəxtiyar Sadıqovdur və hətta Əflatun Amaşovun özünün belə ona gücü çatmır. Hətta məsləhət verdi ki, Qarabağın bütün ağsaqqallarını yığın və Bəxtiyarla səni barışdırsınlar…

 

Qanunsuz Əflatun Amaşov

 

– Allah… Allah… Gör nə səviyyədə özbaşınalıqdır? Bəxtiyar Sadıqovla nəsə probleminiz var idi?

– O məsələnin də üzərinə gələcəm… Amaşov bu cür deyəndən sonra düzü əsəbiləşdim, dedim ki, bu evin yiyəsi sənsən. Sənin evində kimin ixtiyarı var ağalıq etməyə? Qərarın altından sən imza atırsan. Ola bilsin, Bəxtiyar Sadıqovla şəxsi intriqamız var. Bunun bu məsələyə nə dəxli var. Özbaşınalıq deyil ki… Biz Bəxtiyar Sadıqovla deputat seçkilərində rəqib namizədlər olmuşuq. Yəni heç bir düşmənçiliyimiz də yoxdur. O ki qaldı bu «reket» məsələsinə, Amaşov, sən bir də fikirləş… Gördüm ki, bunlar 10 gündən sonra Rəyasət Heyətini bir yerə yığdılar, siyahı dərc etdilər, ondan sonra məhkəməyə verdik. Nəsimi rayon məhkəməsi 30 mart 2010-cu il tarixində Əflatun Amaşovun qanunsuz hərəkətinə qadağa qoyulması ilə bağlı qərar çıxardı. Sonra Amaşov apellyasiya şikayəti verdi. Apellyasiya Məhkəməsi yenidən haqqımızda verilən qərarı qüvvədə saxladı. Daha sonra işin mahiyyəti üzrə yenidən məhkəməyə müraciət etdik ki, adımızın «qara siyahı»dan çıxarılması deyil, onun təlimatı ləğv olunsun. Yəni Normativ Hüquqi Sənədlər Haqqında AR Qanununa uyğunluğunun yoxlanılması barədə məhkəmə qarşısında iddia qaldırdıq. Bu gün də həmin iddia qüvvədə qalır. Apellyasiya Məhkəməsi bizim iddiamızı qəbul etmədi, amma orada yazdı ki, Mətbuat Şurası ictimai təşkilat olduğuna görə, çıxardığı qərarın heç bir hüquqi əsası yoxdur. Mən hüquqi şəxs, Amaşov MŞ adına hüquqi şəxs olduğu üçün işə İqtisad Məhkəməsi (İnzibati Hüquq Məhkəməsi) baxmalı idi – artıq Nəsimi rayon məhkəməsi bu işə baxa bilməzdi. Ali Məhkəmə də Mətbuat Şurasının ictimai təşkilat olduğu üçün verdiyi qərarların heç bir hüquqi əsası olmadığı qərarını təsdiqlədi. Plenum da bu qərarı qüvvədə saxladı. Sənədləri yenidən Konstitusiya Məhkəməsinə verməyə hazırlaşırıq.

 

Bəxtiyar Sadıqov qan davası aparır

 

– Bəxtiyar Sadıqovla qan davanız var idi?

– Görünür, bəzi adamlara vəzifə səlahiyətlərini yada salanda dövlət mənafeyinin şəxsi mənafedən uca tutulmalı olduğunu başa salmağa çalışanda, onlar üçün bu qaydalar «qan davası»na çevrilir. Bəxtiyar Sadıqovla 2010-cu ildə deputatlığa namizədliyimi verərkən qarşılaşmışam. O, seçkilərdə saxtakarlıq etdi və biz də digər namizədlərlə bir yerdə Konstitusiya Məhkəməsi qarşısında bu məsələ ilə bağlı iddia qaldırdıq. Konstitusiya Məhkəməsi də həmin seçkilərin nəticəsini ləğv etdi. Bəxtiyar Sadıqov təkrar seçkiyə getdi. O vaxt alternativ namizədlərdən biri də Xoşqədəm Hidayətqızı idi, onun da arxasında müəyyən qüvvələr vardı, özü də seçicilərlə aktiv iş aparırdı. O vaxt rayonun icra başçısı Həsən Sarıyev mənə dedi ki, Xoşqədəm Hidayətqızı ağdamlı olmadığı üçün Bəxtiyar Sadıqovla sən rəqib qalırsan. Ona görə Bəxtiyara mane olma, qoy seçilsin, yoxsa onsuz da sən yox, seçilsə bəlkə Xoşqədəm seçilə bilər.

 

Xoşqədəm Hidayətqızı deputat seçilə bilərdi

 

– Demək, Xoşqədəm Hidayətqızının seçilmə ehtimalı var imiş, sadəcə, buna imkan verməyiblər?

– Bəli, Xoşqədəm xanımın seçilmə ehtimalı var idi, ümumiyyətlə, həmin vaxt hər şeyi gözləmək olardı. Sözün açığı, başçı məni o qədər inandırdı ki, oturub fikirləşdim. O qərara gəldim ki, ən azı Bəxtiyar Sadıqov ağdamlıdır və mənim qaçqın qohum-əqrəbamın dərdini o daha yaxşı anlayar. O vaxt namizədliyimi geri götürdüm və seçicilərimə də canlı efirdən söylədim ki, əgər sizin seçim imkanınız olarsa, Bəxtiyar Sadıqova – başıpapaqlıya səs verin.

– Allah… Allah… Yəni bu qədər ona yaxşılıq etmisiniz, amma o, sizin haqqınızda bu qədər kin və qərəz saxlayıb?

– Belə çıxır. Sonra «Şərq» qəzetinə müsahibə verib demişdi ki, Asif Mərzili mənə görə namizədliyini geri götürmədi, ona görə götürdü ki, icra başçısından pul almışdı. Məntiqsizliyə baxın. İcra başçısının nə marağındadır ki, Bəxtiyar Sadıqovun yerinə pul verib, ona yol açır…

– Araşdırma mövzusudur…

 

10 ildir itkin düşən deputat

 

– Mən mətbuat vasitəsilə onun cavabını verdim. 2010-cu il seçkilərində də yazdım ki, Bəxtiyar Sadıqov görək bu seçkilərdə də namizədliyimi verəndən sonra üstümə hansı ittihamları atacaqsan, hansı şantaja gedəcəksən. Bu dəfə canlı efirdən birbaşa Ramiz Mehdiyevə müraciət etdim ki, icazə Verin, ağdamlılar bu posta layiq olan namizədlərini seçsinlər. 10 il itkin düşüb, görünməyən bir adamı yenə də Ağdamdan deputat seçməyin. Bəxtiyar Sadıqov bunun müqabilində heç bir cavab verə bilmədi. Bu dəfə də icra başçısı mənə müraciət etdi ki, məhkəməyə getməyim. Onun xahişini nəzərə alıb, bu dəfə də yolu Bəxtiyar Sadıqova verdim. Yenə də son anda mən ona pislik etmədim. Bu adamla başqa heç bir münaqişəmiz olmayıb. Təsəvvür edin, Tamerlan Qarayev Çində səfir olanda, Azərbaycanı bu ölkədə təmsil edəndə bu adam dövlətin qəzetində yazırdı ki, Tamerlan Qarayev düşmənə xidmət edir. Guya bu adam dövlətdən, dövlət başçısından ağıllıdır və daha uzaqgörəndir. Bu, açıq mənəm-mənəmlik deyil, bəs nədir? Yoxsa dövlət qəzetində bu ölkənin səfiri haqqında yaza bilərdi ki, səfir «xalq düşməni»dir. Biz də yazırdıq ki, Tamerlan Qarayev Qarabağdan çıxan bir ziyalıdır və dövlətin mühüm işlərini aparır, sən onun haqqında niyə belə yanlış şeylər yazırsan? Belə xırda şeylər üstündə hər zaman cavabını yazmışam. Başqa heç bir qan davamız olmayıb.

– Mənə sənədlər və qəzetinizin ötən saylarını təqdim etdiniz. İndi baxıram ki, burada konkret faktlar var ki, Əflatun Amaşov Elşad Abdullayevdən sizin «qara siyahı»ya salınmağınız üçün pul alıb…

– Bəli. «Mühakimə» qəzetinin 6 avqust 2009-cu il tarixində dərc olunmuş sayının 7-ci səhifəsində Mətbuat Şurasının fəaliyyəti ilə bağlı irihəcimli bir yazı var. Həmin yazını sizə təqdim edəcəm, istərsiniz təkrar çap edə bilərsiniz. Həmin araşdırma yazıda açıq yazılır ki, Əflatun Amaşov mənim əleyhimə Elşad Abdullayevə rəy verərkən, ondan külli miqdarda pul alıb. Düzü, «külli miqdarda» deyəndə yəqin düşünə bilərsiniz ki, 10-30 min arası pul alıb, amma elə deyil. Sonradan bizə xəbər verdilər ki, konkret 4 min dollar ağsaqqal bir şəxs alıb və ona çatdırıb. Mən sadəcə həmin ağsaqqalın adını çəkmək istəmirəm.

 

Ağsaqqal, yoxsa saqqalı ağ?

 

– Niyə çəkmək istəmirsiniz? Elə başımıza gətirilən oyunları o yerlərdə oturan saqqalı ağlar eləmirlərmi?

– Düz deyirsiniz. Onların mənə elədiklərinin müqabilində gərək mən onları ağaca dırmaşdıraydım, amma buna insanlığım yol vermir. Məndə o xarakter yoxdur. Amma sizə dəqiq deyirəm ki, bu məlumat düzdür. Təsəvvür edin, 2009-cu ildə bununla bağlı yazı dərc olunub. Əgər elə deyildisə, təkzib tələb edəydilər. Başa düşdülər ki, əlimdə fakt və şahidlər olmasaydı, o cür yazını ictimailəşdirməzdim. Bunların gücü ancaq danışan qəzetləri «reket» elan etməkdir. «Mühakimə» qəzetində həmin yazı gedən günün səhərisi Mətbuat Şurası bu qəzeti «reket» elan etdi. Yenə səhəri gün Mətbuat Şurası dərhal həmin yazıya görə, «Mühakimə» qəzetin təsisçisinin başqa şəxs olması haqqında təkzib verdi. O vaxt həmin ittihamı da təkzib edə bilərdi, eləməyibsə, deməli, təsdiqləyib. Həmin o 4 min dollardan əlavə də başqa məbləğlər ortaya çıxır, onlar haqqında da zaman keçdikcə məlumat verəcəyəm.

Elşad Abdullayev məsələsi yenidən gündəmə qayıdandan sonra Mətbuat Şurasının o zaman etdikləri qanunsuzluqlarla bağlı yeni şərait yaranıb. Siz Mətbuat Şurasının, Əflatun Amaşovun Elşad Abdullayev məsələsində tutduqları mövqelə bağlı haralarasa şikayət etmək niyyətiniz varmı? Məslən, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, Baş Prokurorluğa? Çünki ortada artıq konkret faktlar var ki, Elşad Abdullayevin bütün mövcudluğu fırıldaq üzərində olub. Rüşvətxor, dələdüz olub. İndi məlum olur ki, bu Azərbaycan dövlətinin başçısına, onun ailəsinə qarşı hansı kinləri içində saxlayıb. Yəni bütün bunlar artıq ictimai müzakirə mövzusuna çevrilib. Yəqin ki, bütün bunlardan sonra hakimiyyətin özü də müvafiq addımlar atacaq…

– Siz peşəkar jurnalistsiniz. Sizcə cinayətkar təhlükəlidir, yoxsa onu müdafiə edən?

– Təbii ki, onu müdafiə edən… Burada cinayəti müdafiə edən qurum Mətbuat Şurasıdır… Deyilmi?

 Sonu gələn sayımızda

Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button