Əgər hədəf mənəmsə, məni həbs etsinlər!

Abdulla Abdullayev: «Prezidentimiz İlham Əliyevə sədaqətli olmuşam, onun ideyalarını həyata keçirmək üçün əlimdən gələni etmişəm və etməyə də hazıram…»

A.M.A.Y. və onun prezidenti Abdulla Abdullayev uzun müddətdir prokurorluq orqanlarının və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin hədəfindədir. Bir müddət bundan əvvəl mətbuat konfransı keçirən və ölkənin ali rəhbərliyinə müraciət edən iş adamının problemləri hələ də davam etməkdədir. Ona qarşı dünya tarixində görünməyən və tayı-bərabəri olmayan özbaşınalıq və qanunsuzluq baş verib. Belə ki, qanunlara müvafiq olaraq götürülən normal kreditlər – qarşılığında girov qoyulmasına baxmayaraq birbaşa cinayət predmeti olub. Yəni «Texnikabank»a ödənilməli olan pulların qarşılığında girov olmasına baxmayaraq, bank Baş Prokurorluğa muraciət edib və prokurorluq da imtina etməsi gərəkən mülki işə cinayət işi qaldırıb. «Necə deyərlər, bir dəli bir quyuya bir daş atıb», indi «yüz ağıllı» birləşib o daşı o quyudan çıxara bilmir…

Abdulla Abdullayev eksklüziv olaraq «Xural» qəzetinə verdiyi bu müsahibədə şok faktlar açıqlayır və əslində, dirənişin böyük məntiqini ortaya qoyur. «Qoy baş prokurorluq lap 34 şirkətin hamısının sahibini tutsun, qoy 2.000 min adamı içəri qatsınlar, haqqımı kimsəyə yedirtmərəm» deyir A.M.A.Y. prezidenti. Abdulla Abdullayevi dinlədikcə, adamın içindən qəribə bir istək keçir: «Kaş ki bütün vətəndaşlar öz hüquqlarını belə qoruyaydılar… Qoruya biləydilər…»

Bu dava bir iş adamının örnək dirənişini gözlər önünə sərir. Diqqətlə oxuyun… Diqqətlə oxuyanda gözlər önünə təkcə Abdulla Abdullayevin problemlərinin sərilmədiyini görəcəksiniz – ortada Azərbaycan və Azərbaycan iş dünyasının bütövlükdə ana problemi dayanıb və onu yalnız Azərbaycan respublikasının prezidenti İlham Əliyev həll edə bilər.

Kim bilir, bəlkə bu müsahibədən sonra prezident İlham Əliyev kardinal dəyişikliklər edəcək?!

Əvvəli ötən saylarımızda

– Belə çıxır ki, bunların sizdən istədikləri kreditlərin qaytarılıb-qaytarılmaması məsələsi deyil, sizdən A.M.A.Y.-ı istəyirlər?..

– Bəli. Bəli.

– Əvəzində də sizə heç nə vermirlər?

– Heç bir şey. «Texnikabank»dan götürdüyümüz kredit A.M.A.Y.-ın ərsəyə gəlib çıxması üçün xərclənən vəsaitin heç 1/10-i də deyil. Bunların iddia etdiyi kimi «Texnikabank»dan götürülən kredit faizlərlə bir yerdə 52 milyon manatdır, bu pul da A.M.A.Y.-a qoyulan vəsaitin 1/10 hissəsi belə deyil.

– Yəni onlara verdikləri kreditin ödənilməsindən çox, A.M.A.Y.-ın sizin əlinizdən alınması daha çox sərf etdiyi üçün durum bu vəziyyətə qədər gərginləşib?

– Bəli, onların istədikləri  budur. Əgər səhv edirəmsə, onlar bunu istəmirlərsə, o zaman niyə mal-mülkümüzün üzərinə həbs qoyublar? Niyə onları satıb kredit borclarımızı ödəməyə imkan yaratmırlar? Niyə bu qədər sıxıntı, qorxu, təhdild içərisində saxlayırlar? Niyə mülki işi cinayət işinə çeviriblər? Maraqları nədir? Maraqları da budur. Ya bu adamlar ümumiyyətlə iqtisadiyyatdan anlamır, ya da elə fürsət düşmüşkən A.M.A.Y.-ı da ələ keçirməyə çalışırlar. Bu gün Baş Prokurorluğun atdığı addımlar, «Texnikabank»ın tutduğu siyasət cəmiyyəti uçuruma aparır. İnanın, sabah heç bir ciddi iş adamı bu ölkədə ciddi yatırım qoymaq üçün riskə getməyəcək.

– Belə çıxır ki, «Texnikabank», Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əlbir olaraq A.M.A.Y.-ın üzərində maraqlarını birləşdiriblər?

– Etibar Əliyevin sözlərindən belə çıxır. Onun dediyi sözlərdən sonra məndə yaranan qənaət budur. Bu, tək mənim qənaətim deyil, istənilən adama belə bir mesaj göndərilərsə, onun gəldiyi qənaət eynilə belə olacaq. Məntiqlə niyyətləri budur.

– Siz Elman Rüstəmovun yanına getdinizmi?

– Əlbəttə, yox. Mən onunla dəfələrlə görüşmək istəsəm də, görüşə bilmədim.

– Dedikləni verərsinizmi?

– Mən hər zaman demişəm ki, haqqımı kimsəyə yedirtmərəm. İstəyir dünya dağılsın, istəyir bundan sonra 34 nəfəri yox, lap 2.000 adamı birdən həbs etsinlər, mən haqqımı bir kimsəyə vermərəm. Belə də yazın…

– O zaman hədəf sizsiniz…

– Olsun da… Hədəf mənəmsə, məni tutsunlar. Mən də onu deyirəm ki, məni tutun. Əgər bu məsələni bu cür həll etmək niyyətiniz varsa, məni həbs edin, bununla da hər şey qurtarsın. Əgər hədəf mənəmsə, məni həbs etsinlər, içəri atsınlar. Məni də dövlətin izni olmadan həbs etsinlər. Sonra da cəmiyyətə elan etsinlər ki, biz Abdullanı həbs etdirib əlindn A.M.A.Y.-ı aldıq. Desinlər ki, bu adam könüllü öz haqqından keçmədi və biz də onu vurduq. Bu məsələdə anlamadıqları çox məxsusi bir məqam var. Əgər hər hansı adamının başına bu oyunu gətirsələr, bəlkə də heç kəs fərq etməz. Amma məni tanıyan dünyanın çox nəhəng şirkətləri, iş adamları var. Həbs olunduğum təqdirdə, bütün iş dünyası bundan xəbər tutacaq və onların da heç biri bundan sonra Azərbaycana investisiya qoymayacaq. Bəziləri anlamadığı, dərinliklərinə varmadığı, bu dövlətin ziddinə gedə biləcək oyun oynayırlar və bu da Azərbaycanı faciəyə aparır. Bu gün prezident antikorrupsiya siyasətini gücləndirir, kimin korrupsioner olması, kimin olmaması məsələsi müzakirə olunur, çox güman ki, araşdırmalar da aparılır. Baş Prokurorluğun bu məsələyə birbaşa əl qoymasına gəlin siz özünüz ad qoyun? Bunun başqa bir izahı varmı? İqtisad Məhkəməsinin həll edə biləcəyi bir məsələni nədən baş prokurorluq ələ keçirərək, bizi oyunların içinə salmağa çalışırlar? Məqsəd nədir? Abdullanı yıxıb A.M.A.Y.-ı əlindən almaq? Budursa, bəs onda bu dövlətin iqtidarının apardığı siyasətə öz məmurları niyə hörmətsizlik edirlər? Məmurların bu cür hərəkətləri dövlətin iqtisadiyyatını, iş aləmini uçuruma aparır. Elə şeylər var ki, eləmək olmaz. Edilsə, dövlətin təməlini titrədər, zəiflədər. Elə şeylər var ki, onu eləyəndə cəmiyyətdə boşluq yaranır, bir sahə əldən gedir. Əgər cinayət törətmişiksə, həmin cinayətimizə görə cəzamızı ödəməyə hazırıq. Bu dövlətin qanunları, hüquqları qarşısında öz cəzamızı almağa, ədalət mühakiməsi qarşısında durmağa hazırıq. Yox, əgər heç bir cinayəti törətməmişiksə, nədən mülki işə Baş Prokurorluq cinayət işi səviyyəsində baxmağa çalışır? Baxın, dünyanın heç bir yerində belə iş üçün cinayət açılmır. Niyə? Çünki təminatı var. Mənim təminatımı – qoyduğum girovu cəmi 60-70 faiz dəyərləndirən «Texnikabank», bunun cəmi 50 faiz dəyəri müqabilində mənə kredit verir. Ona görə ki, sabah müştərisi ondan aldığı krediti ödəməyəndə, onun qoyduğu girovu hərraca çıxarıb öz xeyrinə sata bilsin. Yəni dünyanın heç bir yerində təminatlı vəsaitlərin istifadəsinə görə cinayət işi açılmır. Tək Azərbaycanda bunu Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluq tətbiq edir. Absurd bir şeydir. Kimsə də adamın səsini eşitmir deyəsən ki, mən iş adamıyam, mənim korrupsiya ilə nə kimi əlaqəm ola bilər? Korrupsiya məmurlara, dövlətə və dövlətlə bağlı biznes sahələrinə aid və xas olan məsələdir. Mən bu dövləti idarə edən məmurlardan biri deyiləm. Ən ali orqanlara müraciət etmişik. Prezidentə göndərdiyimiz məktubun cavabı gəlir ki, bu məsələni araşdırın, heç bir cavab yoxdur. Heydər Əliyev Fonduna etdiyimiz müraciətin cavabı gəlir ki, bu məsələ araşdırılsın, yenə bir cavab yoxdur. Niyə? Çünki bizim məktublarımız – haqqında şikayət etdiyimiz adamların üstünə göndərilir. Bu adamların haqqında cinayət işi qaldırmaq əvəzinə, işi təzədən onların üzərinə göndərirlər. Mən uzun müddət hüquq-mühafizə orqanlarında, polis işləmişəm, bu işləri yaxşı bilirəm. Polis işlədiyim üçün də 178-ci maddənin polislə bağlı olduğunu, prokurorluqla heç bir əlaqəsinin olmadığını biliərəm…

Dünyada belə bir şey yoxdur ki, bir məmurdan şikayət edəsən, həmin şikayəti həmin məmurun üstünə göndərələr – eyni adamın üstünə… Şikayəti İlqar Abbasov və Azad Fətəliyevdən etmişik. Yenidən məktubumuzu həmin adamların üstünə göndəriblər ki, araşdırın. Deyən də yoxdur ki, qardaşım, bunun məsələsinə həmin adamlar ədalətlə baxacaqdılarsa, onda onlardan niyə üstümüzə şikayət gəlirdi? Bu adamlar haqqı, qanunu pozduqları üçün bunlardan şikayət var. Yenidən, bir daha bu adamların üzərinə niyə məktubları göndərirlər? Burada nə baş verir? Belə getsə, bu adamların özlərinə cinayət işi açılması məsələsini qaldıracağıq və Avropa Məhkəməsinə qədər gedəcəyik… Ola bilsin, kimlərsə tərəfindən yaradılan bu mexanizm məhz hakimiyyətə, iqtidara qarşı cəmiyyətin narahatçılığının yönəldilməsi üçündür.

– Yəni Abdulla Abdullayevə qarşı belə hərəkətlər olunursa, onda görün digər iş adamlarını qarşıda nələr gözləyir?..

– Mənim kimi adamı qanunların əksinə gedərək, heç bir qəbahəti, səhvi olmadan sıradan çıxarmağa qərar vermək, malına-mülkünə dəymək, Azərbaycanın iş dünyasına da ciddi təsirini göstərəcək. Bura sərmayə qoymaqda olan xarici iş adamlarının qərarlarını dəyişməsinə səbəb olacaq. Onlar məni hər cəhətdən tanıyırlar. Bu cür məsələlərdə elə iş adamları var ki, onu dövlətdən çox, orada çalışan iş adamlarının iş fəaliyyəti, aqibəti maraqlandırır. Çünki özününkülərə göstərilən münasibətdən onlar üçün hər şey bəlli olur. Keçmiş SSRİ, İran, Türkiyə, Avropa və Asiyanın iş adamları təşvişə düşürlər. Halbuki dövlətin bu məsələdən heç bir xəbəri yoxdur. Bu, sadəcə öz səlahiyyətlərini aşaraq, öz əməlləri ilə dövlətə deyil, dövlətə qarşı işləyən məmurların özbaşına verdikləri qərardır. A.M.A.Y.-ın onlarla üzvü olan kollektivi var. Bu gün mallarımızın üzərinə qoyulan həbslər səbəbindən işlərimizi qaydaya sala bilmirik. İş uzandıqca uzanır. Halbuki İqtisad Məhkəməsi əvvəldən bu işə baxsaydı, artıq bu problem də öz həllini tapmışdı və biz də o insanların rifahı naminə çox işlər görmüşdük. Buna imkan vermədikləri üçün o insanların dövlətə qarşı narazılıqları artır. Axı, onlar sadə insanlardır. Bilmirlər ki, bu məsələdə əli olan dövlətin yalnız bir-iki qurumudur. Onlar hər gün ailələrinə çörək aparmaq istəyirlər. Öz zəhmətləri hesabına qazandıqları çörəyi yemək istəyirlər. Bu gün iş yeri tapmaq çox çətindir. Bu insanlar iş yerlərini itirmək istəmirlər. Biz də onları təmin edə bilmirik. Ona görə ki, əmlakımızın üzərində həbs var. Heç bir iş görmək mümkün deyil. Bütün dünyada mülkiyyət üzərində təminat var. Əgər insanların mülkiyyətinin təminatı yoxdursa, demək, iş dünyası da yoxdur, iqtisadiyyat da yoxdur, dolayısı ilə sosial rifah da yoxdur. Elə məsələlər var ki, insanlar öz hüquqlarını bilmədikləri üçün istər Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, istərsə də Baş Prokurorluq istənilən məsələni öz bildiyi kimi döndərə bilir. Məsələn, «Texnikabank» bizə deyib ki, bu kreditləri tam olaraq verə bilmirlər, ona görə də xırda firmalar eyni məqsədlə bu kreditləri götürüblər. Məqsəd də A.M.A.Y.-ın kondisioner sistemini ərsəyə gətirmək olub.

– Yəni həmin kredit son tamamlama işləri üçün «Texnikabank»dan götürülüb?

– Bəs necə? Bütün tikinti işlərini başa çatdırmışdıq, təmir işləri sona çatmışdı. 2007-ci il mayın 23-də A.M.A.Y.-ın açısılışı olub, mayın 25-27-də isə «Texnikabank»dan kredit verilib. Yəni götürülən kredit tikinti-təmir işlərinə qoyulmayıb, kondisioner sisteminin tamamlanmasına xərclənib. Acınacaqlısı odur ki, bir bankın cəmiyyətdə yaratdığı təxribat bir dövlətin iş sektorunun təməlini sarsıdır, o sektorda işləyən minlərlə insanı narazı salır. Bu məsələ xırda məsələ deyil. Biz hüquqlarımızın pozulması səbəbindən ölkənin ombudsmanına müraciət edirik, ondan bir reaksiya yoxdur. Adam utanır evinin sirrini kənara çıxarsın. Amma adamı o vəziyyətə gətirirlər, sonra da qınayacaqlar ki, bəyəm bu məsələni daxildə həll etmək olmazdımı? Əlbəttə, olar. Onda niyə eləmirlər? Niyə bu məsələni bu qədər böyüdürlər? Niyə? İçimdə bir narahatçılıq var. Mən Vətənini, Dövlətini sevən adamam. Hər zaman belə olmuşam, belə də olacağam. Bu torpaq mənim üçün müqəddəsdir. Onun insanları mənə müqəddəsdir. Mən hər zaman dövlətimə sədaqətlə xidmət etmişəm. Hər zaman əlimdən gələni onun inkişafı naminə ortaya qoymuşam. İndi niyə mənim kimi adamı məcbur edirlər ki, evimin sirrini hansısa xarici təşkilata şikayət edərək, açım? Halbuki onların dost, ya da düşmən oduğu mənim üçün bəlli deyil. Mənə nə kimlərinsə qınağı lazımdır, nə də içimdə haqq etmədiyim narahatlıq. Mən bu ölkədə çox işlər görməyə, dövlətimə xeyirlər gətirməyə qadir bir adamam. Prezidentimiz İlham Əliyevə sədaqətli olmuşam. Onun ideyalarını həyata keçirmək üçün əlimdən gələni etmişəm və etməyə də hazıram. Məni bu duruma salmağın səbəbi bilinmir, amma nəticəsi bilinir. Həmin nəticə də müzakirəyə çıxarılacaq. Əsl problem o zaman yaranacaq.

Mən də hamı kimi dəmirdən bir korpus yığıb pul qazana bilərdim, amma istədim ki, bütün dünya bilsin ki, Azərbaycanda belə böyük işlər var. İstədim ki, bütün dünya azərbaycanlıları qürurla desinlər ki, bizim ölkəmizdə bundan daha yaxşısı var. Məhz ona görə Azərbaycanda və xarici ölkələrdə yerləşən 17 təsərrüfatımı satıb gətirib buraya qoydum.

Bir şey demək istəyirəm. Haqsızlıq hiss edəndə özümdən asılı olmayaraq, aqressivləşirəm. Artıq il yarımdır ki, normal yuxu üzü görmürəm. Hər dəfə gözümü yumanda nahaq yerdən həbs olunan o üç dustaq gözlərimin önünə gəlir – görəsən yerləri necədir, soyuqdur, yoxsa isti? Nə düşünürlər, nə fikirləşirlər? Hər şeyə görə narahatam. Elə adam var ki, təmkinlidir. Mən haqsızlıq olan yerdə təmkinli ola bilmirəm. Əgər bu məsələnin həll olunmasını istəyirdilərsə, problem yaratmadan hər şeyi kənara qoyub, həll etmək olardı. O dustaqlar, o insanlar mənə inanıraq bu işə qoşulublar, ona görə rahatlıq tapa bilmirəm. Niyə belə edirlər, niyə məsələni bu qədər qəlizləşdirirlər?

Prezidentimiz İlham Əliyevə müraciət edirəm ki, hüquqlarımız pozulur, qanunlar pozulur, bizi ağır duruma salmaq üçün planlar var. Mən niyə belə müraciətlərlə prezidentin vaxtını almalıyam? Mən iş adamıyam və bu dövlət üçün, Vətənim üçün çalışıram. Mən yenə də o fikirdəyəm ki, cəmiyyətdə elə insanlar var ki, onları ədalətsizliyin, haqsızlığın qurbanlarına çevirmək olmaz. Çünki o adamlara toxunanda cəmiyyət də güvəncini itirir. Ona görə ki, insan əlacsız qalanda dəyərlərinin üstündən xətt çəkə bilir. Əgər evdə uşağı xəstədirsə, dərman almaq lazımdırsa, buna onun imkanı çatmırsa, ən pis əmələ belə əl atmağa hazır olar. Ona görə cəmiyyətdə balansı qorumaq lazımdır. İllərlə bu balansı adət-ənənələr qoruyub. Adət-ənənə, böyüyə hörmət itəndə balans da pozular. İnsanların düşüncəsi haqsızlıq üçün işləyir. Adət-ənənə harada hörmətlə qarşılanırsa, oranın gələcəyi var. Kiçik yerlərdə, məkanlarda, məsələn, kənd yerlərində buna riayət olunur. Amma böyüdükcə – milyonların yaşadığı şəhər mühitində adət-ənənələr qayda-qanuna çevrilir. Ya adət-ənənələr qorunmalıdır, ya da qayda-qanunlara riayət olunmalıdır. Bunların ikisi də itən yerdə şərəfsizlərə meydan açılacaq. Hər kəs ədalət istəyir. Hər kəs haqının tapdanmaması naminə mübarizə edir. O baxımdan, heç kəsi narazı salmaq olmaz. Bir nəfər – bir ailə, bir ailə – bir nəsil, bir nəsil – bir tayfa deməkdir. Bəşəriyyətin yaranışı belədir. İnsanları adət-ənənələr, qanunlar idarə edir. Keçmişdə insanlar qınaqdan qorxub çəkinərdilər, pis əməllərə əl atmazdılar. Elin dilinə-dişinə düşməkdən çəkinərdilər. El qınağı ağır olur. Artıq cəmiyyət inkişaf etdikcə, adət-ənənələr də keçmişdə qalıb, onların yerini qanunlarımız tutub. Əgər bu gün hansısa hüquq-mühafizə orqanının özü qanunlara riayət etmirsə, onları pozmaqla məşğuldursa, artıq bu məsələdə cəmiyyəti qınamaq, günahkar axtarmaq yox, həmin hüquq-mühafizə orqanlarının başında duran rəhbərlərin özlərini islah etmək lazımdır.

– Bu yaxınlarda dövlət qəzetlərindən birində iş adamı Abdulbori Gözəl haqqında məqalə dərc olunmuşdu. Ona sual veriblər ki, nədən cəmiyyətdə haqqınızda belə bir mənfi fikir formalaşdırılır? Cavab verib ki, bilmirəm, bəlkə nəsə istəyiblər, verməmişəm? Sizdən də ola bilərmi ki, bir şeylər istəyiblər, verməmisiniz?

– İndiyədək açıq şəkildə belə bir təklif almamışam. Ancaq müstəntiq Azad Fətəliyev mənim işçilərimdən birinə deyib ki, guya mən onlara 6 milyon manat pul təklif etmişəm. Təsəvvür edin, əgər 6 milyon manatım olsaydı, elə həbsdə 2 milyon kredit borcu olan firma rəhbərlərinin borclarını bağlayıb onları azadlığa buraxdırardım da… Yəni tam məntiqsiz şeylər danışır, müzakirə edirlər. Guya mən bunlara 6 milyon manat təklif etmişəm. Halbuki həmin məbləğ A.M.A.Y.-ın ərsəyə çatmasına kifayət edib. Amma kiminsə məndən nəsə istədiyini soruşursunuzsa, xeyr, mənə kimsə hələ ki heç nə deməyib.

– Sizinlə müsahibəni bitirmirik. Yəqin hələ çox söhbətlərimiz olacaq. Amma hələlik son sözləriniz nələrdir?

– Prezidentimiz İlham Əliyev bütün gücü ilə Azərbaycanı dünyanın öncül ölkələrinin sıralarına çıxarmaq üçün çalışır. Biz hamımız ona kömək etməliyik. Əksinə, prezidentimizin iş adamlarına dəstək vermək mesajlarına məhəl qoymamaq, onun özünə və yeritdiyi daxili və xarici siyasətə təxribatdır. Mən qanunsuzluğa yol verən dövlət məmurlarını bundan çəkinməyə çağırıram.

Beynəlxalq Konvensiyalara görə, mülkiyyət hüququ toxunulmazdır və insanın mülkiyyətini onun razılığı olmadan satışa çıxarmaq, girov qoymaq olmaz. Avropa Konvensiyası da, Azərbaycan Konstitusiyası da bunu təsdiqləyib. Biz bu konvensiyalara əməl olunmasını istəyirik. Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı protokolunda insanların mülkiyyət hüquqlarının toxunulmazlığı təsbit olunub. Bu konvensiyanın 7 saylı protokolunda konkret olaraq insanların borc müqabilində mülkiyyət hüququndan məhrum edilməsi və borca görə insanların həbs edilməsi birmənalı olaraq qadağan edilir.

Son günlər Etibar Əliyev bəzi iddialar irəli sürür. Amma bu cinayət işi başlamamışdan əvvəl mən Etibar Əliyevə təklif etdim ki, gəl girovları sənin adına keçirək. İstəmədi. İki ay bundan əvvələ qədər onun yanına dəfələrlə adam göndərdim, əlavə yerlər təklif etdim. İstəmədi. Son dəfə isə mənim adamlarımdan birinə «gedib sənədləri Elman Rüstəmova versin» deyəndə, anladım ki, bunların məqsədi bütövlükdə A.M.A.Y.-a sahib olmaqdır.

Ümid edirəm ki, İlham Əliyev özü məsələyə müdaxilə edəcək və ədaləti bərpa edəcək. Ümidim yalnız İlham Əliyevədir…

Hazırladı:

XuralTAC

Redaksiyadan:

Müsahibədə adı keçən şəxslərin, qurumların münasibətlərini də dərc etməyə hazırıq. Xüsusilə, Baş Prokurorluğun, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Mərkəzi Bankın və «Texnikabank»ın deməyə sözləri, arqumentləri varsa buyursunlar, redaksiyamıza təqdim etsinlər. Məmnuniyyətlə, dərc edərik…

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button