Əhməd Əhmədzadədən xərclədiyi pulların hesabı soruldu

Əhməd Əhmədzadə

Prezidentə edilən şikayətlər ASC rəhbərinin işini dolaşığa salıb

 Ötən il Kür çayının daşması nəticəsində baş verən təbii fəlakət Kürqırağı rayonlara böyük ziyan vurdu. Rayonların kənd təsərrüfatı və digər sahələri demək olar ki, sıradan çıxdı. Ən çox ziyan çəkən isə Sabirabad rayonu olub.

2010-cu ilin may ayında baş vermiş sel fəlakətindən sonra dövlət büdcəsindən dəymiş zərərin aradan qaldırılması üçün 300 milyon manat vəsait ayrıldı. Bu vəsait seldən zərər çəkmiş insanlara yardım məqsədi ilə ayrılmışdı. Lakin elə həmin müddətdə vətəndaşlar yardımlarını ala bilməməsi ilə əlaqədar şikayətlər etməyə başladılar.

Həmin şikayətlər də birbaşa prezidentə gedib çıxdı. «7GUN» saytına etibarlı mənbələrdən verilən məlumata görə, artıq seldən ziyan çəkən sakinlər tərəfindən edilən bu şikayətlər yuxarı dairələrdə də ciddi narazılıq yaradıb. Bütün bu narazılıqların da əsl səbəbkarı kimi “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə göstərilib.

Mənbə vurğulayır ki, bu yaxınlarda Əhməd Əhmədzadə Prezident Administrasiyasına çağırılıb və ondan edilən şikayətlər barədə hesabat istənilib. Həmçinin, ondan 2010-cu ilin yazında baş vermiş Kür daşqınlarının nəticələrini aradan qaldırılması ilə bağlı ötən il iyul ayının 9-da Nazirlər Kabineti tərəfindən imzalanmış 197 saylı sərəncamın hesabatı tələb olunub. Məlumdur ki, həmin sərəncamda daşqınların vurduğu ziyanın aradan qaldırılması məqsədilə 300 milyon manat vəsait ayrılmışdı. Lakin həmin sərəncamın üstündən 1 il 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, görülən işlər nə yuxarı dairələri, nə də seldən əziyyət çəkən əhalini qane edir. Çünki aparılan işlərin hamısı yarımçıqdır. Kürqırağı ərazilərə bəndlərin vurulması prosesi hələ də başa çatdırılmayıb. Selin ziyan vurduğu ərazilərdə yaşayan əhalinin əksəriyyəti hələ də evsiz-eşiksiz qalıb. Onların bəzilərinə ətraf yerlərdə evlər tikilsə də, əksəriyyəti yenə uçuq evlərdə yaşamaq məcburiyyətində qalıb.

Həmçinin bildirilir ki, seldən ziyan çəkən əhali arasında Avropa Məhkəməsinə də şikayət ediblər. Məhz bu kimi səbəblər ucbatından Əhməd Əhmədzadənin vəziyyəti bir qədər pisləşib. Prezident Administrasiyasında danlanan ASC rəhbəri əhali ilə hökumət arasında narazılıq yaratmaqda günahlandırılıb.

“Xural” qəzeti,

il 9, sayı: 059 (468), 13 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button