Əhməd Əhməzadə hesabat verməyə məcbur oldu

Oliqarx-məmur 9 suala ətraflı və yazılı cavab yazmağa məcbur edildi

2010- cu ilin yazında baş verən Kür daşqınlarını doğuran səbəbləri araşdırmaq, Azərbaycanda meliorasiya və su təsərrüfatı sisteminin idarə olunması, Kür və Araz çaylarının lildən təmizlənməsi, sahil bərkitmə və bənd vurma işlərinin yerinə yetirilməsi, 2004- cü ildən indiyə qədər bu istiqamətdə ayrılan vəsaitlərin xərclənməsi ilə bağlı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir müddət öncə bu işlərin həyata keçirilməsinə məsul olan qurum Meliorasiya və Su Təsərrüfatı ASC- ə İnformasiya sorğusu göndərib. Sözü gedən qurum sorğuya natamam cavab verdiyindən “Kür” Qərargahı tərəfindən məhkəməyə verilib.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının rəhbəri Oqtay Gülalıyevin «Xural»a verdiyi məlumata görə, qərargahla hazırda məhkəmə çəkişməsində olan Meliorasiya və Su Təsərrüfatı ASC bu dəfə sorğuya daha ətraflı və dolğun cavab verərək bütün sualları cavablandırıb. Sorğuda qoyulan 9 sualın hər birinə cavab verən qurum son illər dövlət büdcəsi ilə yanaşı bir sıra beynəlxalq qurumlardan, o cümlədən İslam İnkişaf Bankı, Dünya Bankı, Asiya İnkişaf Bankı, Səudiyyə İnkişaf və OPEK Fondları, Dövlət Neft Fondu və s. qurumlardan 200 milyon dollardan artıq vəsait aldığını qeyd edir. Sorğuda diqqət çəkən məqamlardan biri də odur ki, Əhməd Əhmədzadənin rəhbərlik etdiyi qurumun beynəlxalq qurumlardan aldığı vəsaitlərin böyük bir hissəsini Azərbaycanda su təsərrüfatı, meliorasiya, drenaj sisteminin inkişaf etdirilməsinə, o cümlədən sel- daşqınlarına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə “sərf edilib”.

Sorğuya verilən cavabda 2010 və 2011- ci illərdə Kür və Araz çayları boyunca bənd bərkitmə işlərini həyata keçirən 38 podratçı təşkilatın siyahısı da məktuba əlavə edilib. Amma təəssüf ki, cavab məktubunda yenə də Meliorasiya və Su Təsərrüfatı ASC- nin 2004- cü ildən indiyə qədər xərclədiyi vəsaitin ümumi həcmi açıqlanmır. Halbu ki, “Kür” Qərargahı tərəfindən göndərilən sorğunun əsas tezislərindən biri də bu məsələ ilə bağlıdır. Sözü gedən Qərargah və Milli Büdcə Qrupunun araşdırmalarına görə isə son 6 ildə Meliorasiya və Su Təsərrüfatı ASC- ə təkcə dövlət büdcəsindən 1,1 milyard manat vəsait ayrılıb.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahından sorğuya cavabla bağlı verilən açıqlamada bir sıra dövlət qurumları və ASC- lərdən məlumatların məhkəmələr vasitəsi ilə alınmasının yaxşı hal olmadığı bildirilsə də, nəhayət ki, Meliorasiya və Su Təsərrüfatı ASC- nin verdiyi cavab ümumən kafi hesab edilir. Eyni zamanda Qərargah hesabatlılığın və şəffaflığın təmin olunması üçün sözü gedən quruma 2004- cü ildən indiyə qədər ayrılan vəsaitin ümumi, yekun həcminin açıqlanmasını gərəkli hesab edir və bu istiqamətdə çalışmalarını davam etdirəcəyini qeyd edir.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı sorğuya verilən cavabla kifayətlənməyərək Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən görüldüyü qeyd olunan işlərin ictimai monitorinqini həyata keçirmək istəyir. Xüsusən, Kür və Araz çayları boyunca bəndvurma və sahil bərkitmə işlərinin yerinə yetirilməsi, Arazın məcrasının dəyişdirilməsi və yeni qolunun açılması, eləcə də selə qarşı qabaqlayıcı hansı tədbirlərin həyata keçirilməsi, həmçinin drenaj, meliorasiya sahəsinə ayrılan vəsaitlərin hansı səviyyədə səmərəli və şəffaf xərclənməsini araşdırmaq üçün bu istiqamətdə görülən işlərin monitorinqinin həyata keçirilməsini qərara alıb.

Kamal

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button