Əhsən Nuruzadəyə hökm oxundu

Dindar fəal 7 il müddətinə azadlıqdan məhrum edildi

Martın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin növbəti məhkəmə iclası keçirilib.
Hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda onun vəkili Fariz Namazlı müdafiə çıxışı edib. O, ittihamların əsassız olduğunu, Ə.Nuruzadənin fəaliyyətinə görə həbs edildiyini deyib.

Ə.Nuruzadə isə son sözündə deyib ki, T.Bağırzadəni müdafiə etdiyi üçün, aksiyalardakı iştirakına görə saxta ittihamlarla həbs edilib. Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən Ə. Nuruzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən iclasda prokuror çıxış edib və Ə.Nuruzadənin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir. Bildirir ki, həmin idarənin əməkdaşları bundan öncə onu iki dəfə həbs edərək, Taleh Bağırzadənin müdafiəsindən və “Müsəlman Birliyi” Hərəkatından uzaqlaşmağı tələb ediblər, əks halda, uzunmüddətli həbsə göndəriləcəyi haqda xəbərdarlıq ediblər.

Dindar fəalın sözlərinə görə, narkotiki cibinə idarədə polislər atıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button