Ələsgər Məmmədli yazır: “Niyə hədəf mediadır?”

Ələsgər Məmmədli
hüquqşünas, media hüququ üzrə mütəxəssis

 

İyulun 9-da Baş Prokurorluq APA vasitəsilə bir açıqlama yayaraq ictimaiyyətə bildirdi ki, 4 internet resursu bağlanır və onlara qarşı cinayət işi başlanır.

Səbəb kimi də göstərdi ki: “2018-ci il iyulun 3-də Rusiya Federasiyası vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı törətdiyi məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər tərəfindən internet informasiya resursları vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayılıb.

Həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib”.

Daha sonra açıqlamadan aydın olur ki, Criminalaz.com və Bastainfo.com saytlarına məlumatların yerləşdirilməsinə məsul olan vəzifəli şəxslər günahlandırılır və əvvəllər onlara iki dəfə xəbərdarlıq edildiyi üçün artıq bu dəfə həmin şəxslərə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanır, ibtidai istintaqın aparılması Bakı Şəhər Prokurorluğuna tapşırılır.

Eyni zamanda açıqlamadan aydın oldu ki, Criminalaz.com və Bastainfo.com saytlarından əlavə Topxeber.az və Fia.az saytlarına girişin məhdudlaşdırılması və digər məhdudiyyətlərin tətbiqi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edilıb. Hazırda bu 4 sayta giriş məhdudlaşdırılıb.

Ölkədə hər kəsi narahat edən ağır cinayət hadisəsi baş verib. Ölkənin ikinci böyük şəhəri olan Gəncənin birinci adamına azı 5-6 polisin əhatəsində ikən odlu silahdan atəş açılıb. İcra başçısı Elmar Vəliyev və onun qeyri-rəsmi mühafizəçisi (qeyri-rəsmi ona görə ki, “Yerli icra hakimiyyətləri haqqında əsasnamə”nin təsdiq edilməsi barədə prezidentin 6 iyul 2012-ci il tarixli fərmanında Gəncə İcra Hakimiyyəti üçün cəmi 55 ştat nəzərdə tutulub və həmin sənəddə mühafizəçi ştatı yoxdur) Qasım Aşbazov yaralanıb. Baş Prokurorluğun 3 iyul tarixli press-relizində də göstərilir ki, onların səhhəti qənaətbəxşdir. [1] Yəni yüngül yaralanıblar. (O ayrı məsələdir ki, qənaətbəxş nə deməkdir və vurulan şəxsin durumu kim üçün qənatəbəxş hesab edilir…)

Belə bir hadisədən sonra cəmiyyətdə və onun aynası olan mediada ictimai müzakirələrin aparılması, məsələnin təhlil edilməsi, müxtəlif versiyaların səsləndirilməsi qədər təbii heç nə ola bilməz. Rəsmi qurumların, rəsmi şəxslərin gün ərzində bir-birini təkzib edən ziddiyyətli açıqlamalar yaydığı bir vaxtda məlumat mənbələrinə çıxışı məhdud olan, ciddi informasiya ilə təmin olunmayan, informasiyasızlıqdan əziyyət çəkən mediadan yüksək peşəkarlıq tələb etmək, hətta onu qəsdən yalan yaymaqda təqsirli bilmək azından qüsurlu davranışdır, belə davranışı birmənalı qarşılamaq mümkün deyil.

Hadisədən dərhal sonra BBC-yə açıqlama verən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi hadisəni sıradan kriminal hadisə kimi qiymətləndirmiş,[2] “Bununla bağlı narahatlığa əsas yoxdur. Elmar Vəliyevin vəziyyəti yaxşıdır. Mühafizəçisi xəsarət alıb. Söhbət adi kriminal hadisədən gedir demişdi. Yalnız iyulun 11-də[3] BBC-yə ilkin qiymətləndirmədə yanıldığını və hadisənin terror hadisəsi olduğunu deyərək əvvəlki açıqlamasına düzəliş etmişdi. Bu təkzib Baş Prokurorluğun mediaya xəbərdarlığından 2 gün sonra baş verib.

Hadisədən bir gün sonra DİN-in iki fərqli açıqlaması yayıldı.

Birincidə sui-qəsddə təqsirli bilinən Yunus Səfərovun işgəncəyə məruz qaldığına dair görüntülərin saxta olduğu deyilir. Nazirliyin mətbuat xidməti bildirir ki, sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir: “Kimlərsə sensasiya xətrinə başqa adama məxsus fotonu sosial şəbəkələrdə paylaşaraq həmin görüntülərin Gəncədə məlum cinayəti törədən şəxsə aid olduğunu iddia edir. Bir daha qeyd edirik ki, Gəncədə baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb, cinayəti törədən şəxs isti izlərlə tutularaq istintaqa təhvil verilib və hazırda istintaq altındadır. Ona hər hansı işgəncə verilməsi barədə iddialar əsassız və absurddur”.

İyulun 5-də yayılan ikinci məlumatda[4] DİN sözcüsü Ehsan Zahidov APA vasitəsilə birinci açıqlamanı təkzib edərək şəkildəki şəxsin Yunis Səfərov olduğunu qəbul edir və onun üzərindəki zədə izlərinin tutularkən baş verdiyini söyləyir. “O ki qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir“.

Halbuki Baş Prokurorluğun 3 iyul tarixli press-relizində Səfərovun müqavimət göstərdiyinə dair hər hansı qeyd yoxdur və bu press-reliz DİN-in 5 iyul məlumatını təkzib edir: “Сinayəti törətmiş 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutulub tərksilah edilmişdir”.

Hadisəyə sadəcə rəsmi qurumlar deyil, rəsmi şəxslər, siyasətçilər də müxtəlif, hətta rəsmi mövqeyi təkzib edən münasibət açıqlamaqla medianı ciddi yanıltdılar. Məsələn, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin rəhbəri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov hadisəni təxribatla və ya terrorla əlaqələndirməyin yersiz olduğunu bildirərək belə iddiaları hətta təxribat adlandırmış, onun dinlə əlaqəsini istisna etmişdi. Xüsusilə dini sahəyə aid siyasətin formalaşmasında ən üst siyasi qatda olan birinin bilgisi hər halda media üçün etibar ediləcək mənbələrdəndir.

Digər deputat Fəzail Ağamalı hadisəni “Yeni Müsavat” qəzetinə qiymətləndirərkən: “Bütün Azərbaycan cəmiyyətinə bəllidir ki, Elmar Vəliyev istər Yevlaxda, istərsə də Gəncədə məmur olanda bu cür davranışlar edib. Bu barədə internet resurslarında yayılan videoları izləmək kifayətdir. Əlbəttə ki, bu, Azərbaycan məmuruna yaraşan davranış deyil, hansı ki, sonda bu cür olaylara gətirib çıxarır” deyərək hadisəni birbaşa məmur özbaşınalığının nəticəsi kimi təsvir etmişdi.

Bütün bunlardan sonra sadəcə 3-4 internet resursunu qeyri-peşəkarlıqda, yalan məlumat yaymaqda günahlandırıb cinayət məsuliyyətinə cəlb etmək – media azadlığının mahiyyətini bilməmək və ona qəsd etmək kimi qiymətləndirilə bilər. Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsində “dövlət məmurları istisna olmaqla” sözü yoxdur. Yəni vəzifəli şəxslərin yalan məlumatları yayması baş veribsə, bu, Prezident Administrasiyasından tutmuş DİN-in mətbuat xidmətinədək, deputatlaradək baş verib. O zaman nədən sadəcə media resursları haqqında cinayət işi açılır?

Üstəlik, ”KİV haqqında” qanunun 62-ci maddəsi “Məsuliyyətdən azad edilmə halları”nı açıq göstərib:

Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat:

1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa;

2) informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və ictimai birliklərin mətbuat xidmətlərindən alınmışdırsa;

3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa;

4) Milli Məclis deputatlarının, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müәssisә, təşkilat və ictimai birliklərin nümayəndələrinin, habelə siyasi xidmətlərin və vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə;

5) canlı yayımla efirə gedən çıxışlarda deyilmişdirsə, yaxud bu Qanuna müvafiq surətdə redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist buna görə məsuliyyət daşımır.

İttiham olunan resurslardan Bastainfo.com məhz başqa mənbədə yayılan və təkzib olmayan məlumatı olduğu kimi yaydığına görə məsuliyyətə cəlb edilib.

Prokurorluğun 9 iyul tarixli bəynatında bir abzas xüsusi diqqət çəkir. Həmin abzasda cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən görülən işlərin üzərinə kölgə salmaq məqsədilə bilə-bilə yalan məlumatlar yayıldığı vurğulanır. Halbuki bu məlumat yayılandan bir gün sonra məhz hüquq mühafizə orqanları tərəfindən tədbirlərin yetərli olmadığı, yaxud təhlükənin düzgün qiymətləndirilmədiyi səbəbindən iki yüksək vəzifəli polis əməkdaşı həyatını itirdi. Əgər medianı yazdığına görə təqib etməyib, yazılanlara diqqət yetirilsəydi və önləyici tədbirlər daha diqqətlə hazırlansaydı bəlkə də iki polis ailəsi bu gün bu acını yaşamırdı. Odur ki, medianı rahat buraxmaq lazımdır. Medianın funksiyası ictimai nəzarət həyata keçirmək, “gözətçi köpək” funksiyasını icra etməkdir. Zamanında təhlükəni hiss edən köpəyin səsini yüksəltməsindən narahat olub, onu təcrid etmək yox, təhlükəni aradan qaldıracaq tədbirləri görmək lazımdır.

[1] http://genprosecutor.gov.az/news/5/1883/respublika-bas-prokurorlugunun-daxili-isler-nazirliyi-ve-dovlet-tehlukesizliyi-xidmetinin-metbuat-xidmetlerinin-m-e-l-u-m-a-t-i

[2] https://www.bbc.com/azeri/azerbaijan-44705521

[3] https://www.bbc.com/azeri/azerbaijan-44793566

[4] http://apa.az/xeber-az/hadise/ehsan-zahidov-yunis-seferov-zerersizlesdirilerken-xesaret-alib-9828.html

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button