Əli Əliyev də Arif Hacılıya cavab verdi – “Qaynar Qazan”dakı müsahibəyə görə

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev jurnalist Əvəz Zeynallının “Qaynar qazan” layihəsinin son qonağı olan Müsavat başqanı Arif Hacılınin “Yeni Müsavat” qəzeti və baş redaktor Rauf Arifoğlu ilə bağlı dediyi fikirlərə münasibət bildirib.

Musavat.com VİP sədri Əli Əliyevin həmin açıqlamasını olduğu kimi diqqətinizə çatdırır:
“Dostumuz, hörmətli Əvəz Zeynallının “Qaynar qazan” layihəsinin son qonağı Müsavat başqanı Arif Hacılı olub. Arif bəyin təcrübəli və hazırlıqlı siyasətçi olduğu bu müsahibədə bir daha təsdiqini tapır. Ölkə siyasətinin mərkəz fiqurlarından, 92-93-cü il hakimiyyət komandasının aparıcı şəxslərindən, İsa Qəmbərin ən ardıcıl müdafiəçilərindən olan Arif Hacılı sıradan birisi olmadığını verdiyi müsahibənin ilk 2 hissəsində bir daha təsdiq edir.
Peşəkar saydığım Əvəz bəyin sual atəşindən yayınmaq və yaxud qarşılıq verməyin çətinliyini üzərində duymuş birisi kimi deyə bilərəm ki, A.Hacılı bu vəzifənin öhdəsindən layiqincə gəlir. Lakin öz statusuna uyğun olmayan bəzi yanlışlara da müəllifliyi, bu müsahibənin “duzunu” artırsa da, olmuşları təhrif edir.
Dünən bu təhriflərdən birinə “Yeni Müsavat”ın baş redaktoru, hörmətli Rauf Arifoğlu gözəl bir cavab verib. Əlbəttə ki, Rauf bəyin yazısındakı həqiqətlərin əksəriyyətinə şahidlik etməsəm də, yazıda gətirilən dəlillərin bir qismini qəbul etməmək mümkün deyil.
Mənə elə gəlir ki, Arif bəy müsahibəsində ictimai təhdiddən yayınarkən müqəddəs sayıla biləcək dostluq münasibətlərinə xələl gətirməməli idi. R.Arifoğlu durduğu yerdə daim mövqeyində sabit olub.
VİP sədri Əli Əliyev 
Müsahibədə Müsavat Partiyasının çoxsaylı uğurlarından danışılan zaman Rauf Arifoğlunun və “Yeni Müsavat” qəzetinin payını yaddan çıxarmaq insafsızlıq olar. Bu sadə həqiqətə bütün ölkə şahidlik edib. Keçmiş dost və silahdaşın münasibətlərinə şərh vermək niyyətindən uzağam. Əminəm ki, hər ikisinin ağıl və dərrakə potensialı o qədər yüksəkdir ki, anlaşılmazlığı adlayacaqlar.
Müsavat başqanı, hörmətli Arif bəyin başqa bir təhrifinə aydınlıq gətirmək istəyirəm. Arif bəy 2005-2010-cu il hadisələrində çox ciddi yanlışa yol verib. Həmin dövrdə fəaliyyət göstərmiş “Azadlıq” siyasi bloku 2006-cı ilin əvvəlində təsis edilib. Həmin təsisatda Müsavat Partiyası da iştirak etmişdi. Qurumun digər həmtəsisçiləri ALP, ADP, AXCP və mənim rəhbərlik etdiyim qurum idi.
Müsavat Partiyası adıçəkilən “Azadlıq” siyasi blokunu, təkrar parlament seçkilərinə qatılmaq və bir ay əvvəl “Azadlıq” seçki bloku çərçivəsində öz iştirakları ilə saxta elan etdikləri seçkilər nəticəsində formalaşmış parlamentin işinə qatılmaq qərarı verdikdən sonra tərk etmişdilər. O dövrdə siyasi prosesləri yaxından təqib edənlərin hamısı Müsavat Parityasının qəbul etdiyi, mənə görə yanlış taleyüklü qərarı, hamı bir nəfər kimi yumşaq desək, lənətləyirdi.
Məhz Müsavatın, öz yoldaşları qarşısında öhdəliyini “unudaraq” parlamentin işinə qatılması ölkəni daha 5 il əzdi. Çünki o dövrdə İlham Əliyev indiki qədər güclü, müxalifət zəif, xalq isə inamsız deyildi. Qərb də prosesləri fərqli acıdan təqib edirdi.
Prosesi içəridən bilənlər unutmayıblar ki, Müsavatın qərarı, bu gün bəyənmədiyiniz Rauf bəyin qəzetində dərc edildikdən sonra, “Parlamentdə müxalifət var” tezisi ilə surəti AŞPA-nın müvafiq komissiyasında deputatlar arasında yayılaraq, beynəlxalq təşkilatın seçkilərin nəticəsi haqda keçirdiyi səsvermənin nəticəsində həlledici rol oynamışdı.
“Azadlıq” blokunun 4 il ərzində Müsavat Partiyasını tənqid etməsinin kökündə duran səbəb ümummüxalifət maraqlarına zidd, Arif bəyin də qəbulunda iştirak etdiyi həmin yanlış qərar olub. “Azadlıq” siyasi blokunun təsisçilərinin digərləri 4 il ardıcıl əməkdaşlıq ediblər. ADP siyasi bloku yalnız 2007-ci ilin sonlarında, daha 2 il fəaliyyətdən sonra tərk etmişdi. Blokun çökməsinin də səbəbi Müsavat Partiyasının parlament dövrünün başa çatması, müxalifət düşərgəsində mövqelərini bərpa təşəbbüsləri və aramızdakılardan birisinin nəfsinin ümmansızlığı ilə üst-üstə düşüb. Səbəbinin bir qismini Əvəz bəyin layihəsində açıqlamışam. Daha çılpağını isə mənə edilən bir xahiş və verdiyim söz səbəbindən demirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button