Əli Əliyev yazır: “Seçkiyə getməyək, çünki…”

Əli Əliyev

Vətəndaş və İnkişaf Partiyasının sədri

 

Sabah, qanunlara görə səsvermə günüdür. Xeyli sayda insan “Seçkiyə gedək, yoxsa yox?”, “Gedəriksə, kimə səs verək?” kimi suallarla müraciət edirlər.

Həqiqətdə də sıravi vətəndaşlarımızın kiçicik bir hissəsi baş tutacaq proseslə bağlı qeyri-müəyyənlik yaşayır. Çünki ölkənin əksər əhalisi nəyin baş verdiyindən xəbərsiz, ya da bu saxta işlərdə iştirakdan imtina etmiş vəziyyətdədir. Hakim dəstə növbəti dəfə saxtakarlıqla, yəni haram yolla iqtidarı mənimsəməyə, uzurpasiyaya hazırlaşır. Bir sutkadan sonra İlham Əliyev növbəti dönəmə prezident elan ediləcək. Olan məlumatlarıma görə, ona 80-85% arası səs yazılacaq, əhalinin də 70-80%-nin iştirakını rəsmiləşdirəcəklər.

Beləliklə, 3 dönəm ölkəyə rəhbərlik etmiş İlham Əliyev heç bir kampaniyaya qatılmadan, debata girmədən, əhaliyə öhdəlik səsləndirmədən, mətbuat qarşısına çıxmadan, hesabat vermədən növbəti 7 ilə yeni səlahiyyətlər əldə edir.

Biz partiya olaraq yenə də mövqeyimizdə sabitik. Yenə də hesab edirik ki, ölkəyə demokratik proses, insanlarımızın etimadı, legitim hakimiyyət lazımdır. Lakin əfsuslar olsun ki, İlham Əliyevin razılığı ilə onun seçkiyə görəvləndirdiyi şəxslərin ağlına, dərrakəsinə, dünyagörüşünə və tərtib etdikləri ssenariyə uyğun eybəcər, “analoqu olmayan”, cəmiyyətdə ikrah doğuran bir gedişata şahidlik etmək zorunda qaldıq. Bu seçki menecerləri həmişə olduğu kimi reallıqdan uzaq, iyrənc bir kampaniya apardılar. Təbliğat mərhələsində “opponentlər” əsas rəqibləri İlham Əliyevin adını belə çəkməyə cürət etmədilər – tapşırıq belə idi. Debatlarda danışanlar daha çox köhnə-yeni Prezidentin bəzi rəqiblərini vururdular. Belə olduğu təqdirdə hansı seçkidən söhbət gedə bilər?! Növbəti dəfə beynəlxalq sənədlərdə təsbit edildiyi kimi, Azərbaycan xalqının özünə hakimiyyət seçmək imkanının əlindən alındığı faktı öz təsdiqini tapdı. Ona görə də qeyri-legitimliyi və saxtalığı aydın şəkildə ortada olan prosesə qatılmaq saxtakarlara dəstək anlamına gəlir. Mənə etimad edənlərin, inananların sabah səsverməyə qoşulmasını yanlış sayır, qanunsuzluğa dəstək kimi qiymətləndirirəm. Sabah evdə oturmağı, işləyənlərə isə işə getməməyi tövsiyə edirəm. Çünki dövlət idarələrinin sabah karuselə qoşulmaq, işə gələnləri dəstə-dəstə məntəqələrə aparmaq planları barədə məlumatlar dolaşır. Komandanın bir vəzifəsi qalıb-seçkiyə adam gətirmək. Bu işdə onlara şəriklik günah sayılmalıdır.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button