Əli Həsənov nəşriyyatda fövqəladə vəziyyət elan etdi!

Şöbə müdirinin «prospekti»ndəki qaranlıq gəlişmələr…

«Xural»ın yazısı nəhəng bir dövlət obyektinin talan edilməsinin qarşısını aldı…

II yazı

Qəzetimizin ötən sayında «Əli Həsənovun mətbuat prospekti» adlı yazı dərc etmişdik. Yazıda «Azərbaycan» Dövlət Nəşriyyatının talan edilməsindən, bir məmurun nəhəng bir dövlət obyektini qeyri-rəsmi olaraq özəlləşdirməsindən bəhs edən faktlara istinad olunmuşdu. Və həmin yazıda da qeyd etmişdik ki, ardı olacaq və təəssüf ki, bu yekəlikdə dövlət obyektinin talan edilməsi prosesi ilə bağlı olaraq bizə çatan xəbərlər bununla yekunlaşmır. Nəhəng bir dövlət obyektinin heç də böyük olmayan bir məmur tərəfindən özəlləşdirilməsi kifayət qədər ictimai nəzarət və təzyiq tələb edən bir mövzu olduğundan bu mövzuyla bağlı araşdırmalarımızın davamını təqdim edirik:

İlk reaksiyalar

«Xural» Ağabəyə Heydər Əliyevin çirkini təmizlətdi…

İlk reaksiyalar qəzetimiz çapa gedəndən dərhal sonra, həftənin birinci günü «Azərbaycan» Nəşriyyatının girişində rəhbər vəzifəli şəxslərin Heydər Əliyev guşəsində təmizlik işləri aparmaları ilə bağlıydı. Sevindik ki, yaxşı ki, yazdıq və mərhum, ümumilli liderin xatirəsinə qoyulmuş bu büstün və guşənin heç olmasa təmizlənməsi kimlərinsə yadına düşüb. Nəşriyyatın bütün rəhbər vəzifəli şəxsləri guşənin qarşısında dayanmışdılar. Yaşlı bir qadın isə əlində vedrə və dəsmalla guşəni təmizləyirdi. Ütülü kostyumda, qalstukda dayanan bu vəzifəli adamların üzündə bir qəzəb var idi. Onlar həmin qoca qarıya elə tərzdə göstərişlər verirdilər ki, adamın içindən böyük bir nifrət baş qaldırırdı. Amma nəsə… Həmin xadiməyə hətta güşədə qoyulmuş süni ağacların yarpaqlarının üstünü də silmək göstərişi verirdilər.

Başqa bir reaksiya «Azərbaycan» Nəşriyyatından çəkilən fotoların müəllifini axtarmaqla bağlı idi. Nəşriyyatın bütün rəhbər vəzifəli şəxsləri sanki xüsusi xidmət orqanlarının əməkdaşları kimi daxildə bir araşdırma, təftiş aparmaqdaydılar. Nəşriyyatfın emal sexi olan mətbəədə işləyən rəngsazdan tutmuş, montajçılara qədər hər kəsi toplayıblar Ağabəy Əsgərovun otağına. Söhbət «Azərbaycan» Dövlət Nəşriyyatına direktor təyin ediləndən sonra yeni düzən quran bir adamın nəşriyyatda işləyən sıravi mətbəə işçiləri ilə ilk görüşündən gedir. Bu toplantıda qara fəhlələrdən Nəşriyyatın binasında tikilən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova məxsus olan «Kaspi» mətbəəsinin binasından, orada inşa edilən şadlıq evindən, çörək sexindən və s. çəkilmiş fotolardan gedir. Bu fotoları kim çəkibmiş? Böyük axtarışdan sonra bir zavallı montajçı tapırlar və məlum olur ki, fotoların çəkilməsini də o istəyibmiş. Səbəb də kifayət qədər sadəymiş. Həmin montajçı da «bizim çörəyimizi əlimizdən alırlar» deyərək şikayətlənirmiş və məsələnin ictimailəşməsini istəyirmiş. Amma Ağabəy Əsgərov hələ də bu faktların mediaya, «Xural»a çıxmasından ciddi narahat olub.

Ağabəy Əsgərov otağına qapanıb nə işlə məşğul olur?

Nəşriyyatda deyirlər ki, direktor təyin ediləndən bəri hər gün işə gəlib özünə qapanan, heç kimlə ünsiyyət qurmayan Ağabəy Əsgərov sanki yuxudan oyanıb, hətta illərdir parça-parça, damla-damla dağıdılan nəşriyyatın sahibinin təzələnməsindən sanki indi xəbər tuturmuş. Nəşriyyatdakı mənbənin dediyinə görə, işə gələn kimi özünə qapanan nəşriyyt direktoru olur ki, saatlarla bayıra çıxmır. Onun dəngəsiz hərəkətlər etdiyini söyləyən iş yoldaşları xüsusilə, bu yaxınlarda Qalib adlı bir müavinini həbs olunmasından sonra Ağabəyin çöhrəsinin qaraldığını bildirirlər. Qalibin olduğu işdə Ağabəyin də əli varmış və Qalib Kəmaləddin Heydərovun adamı imiş…

Bu məsələ haqqında redaksiyaya daxil olan təfərrüatlar üzərində iş gedir…

Səbuhi ilə Allahverdi arasında savaş başlayır…

İndi savaş, təkcə nəşriyyatın ələ keçirilməsi uğrunda getmir. Bu sovetlərdən qalan qədim və nəhəng obyektdə illərdir ki, şəbəkələmiş bir qrup da var ki, onlar da narahat olmağa başlayıblar. Onların narahatçılıqları isə kifayət qədər sadədir. Deyirlər ki, Ağabəy Əsgərovun Səbuhi adlı müavini (o, direktor təyin ediləndə Səbuhini də özüylə gətirib) direktorun xəbəri olmadan hər şeyi köhnə şəbəkənin əlindən almaq üçün gerçək bir mücadiləyə başlayıb. Əlbəttə ki, ilk iş də nəşriyyatda kağız bazarına, bu böyük gəlir mənbəyini ələ keçirmək uğrunda başlayıb. «Azərbaycan» Nəşriyyatı Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinə tabedir. Burada dövlət sifarişi ilə xeyli işlər görülür. Təkcə 2010-cü ildə nəşriyyata dövlət sifarişi ilə 7 milyon manatlıq iş göndərilib. Əlbəttə ki, bu pulların da hamısını işə sərf etmək olmazdı. Konkret olaraq həmin dövlət sifarişlərinin alınması üçün kağız da alınıb. Amma o kağızın hamısı satılmayıb və sonradan nəşriyyatdakı qəzetlərə satılıb. Amma burada da bir maraqlı mənimsəmə faktının olduğu barədə qeyri-rəsmi məlumatlar var. Məsələn, bir ton kağız 370 manatdan rəsmiləşdirilirsə, bunu qəzetlərə 770 manata satırlar. Həmin artırılan 400 manat isə heç bir mühasibatlığa daxil edilmir. Bu pullar uğrunda Səbühi ilə Allahverdi arasında 5 ildir ki, sözün əsl mənasında bir savaş gedir.

Ağabəy Əsgərovun kağız borcu ilə «Kağız Allahverdini silməsi»

Bir qədər əvvəl Ağabəy Əsgərov qəflətən otağından mətbuat qarşısına çıxaraq maraqlı bir açıqlama verdi. Dedi ki, qəzetlər dövlət büdcəsindən nə qədər əvəzsiz pul alırlarsa, borclarını qaytarmırlar. Təbii ki, bu, təsadüfi bir açıqlama deyildi. Bunun ardınca da bəzi qəzetlər bu informasiyanı tirajlamağa başladılar. Təbii ki, tirajlama da böyük bir sifarişin tərkib hissəsi olaraq həyata keçirilirdi. Deməli, qəzetlərin nəşriyyata olan kağız pulu borcları kifayət qədər yüksək məbləğdə böyüyüb. Amma yuxarıda qeyd etdiyimiz kimi Allahverdi müəllim ödənilən pulları 370 manata deyil, 400 manat özünə çatan hissəyə aid edir. Adətən kağız üçün ödənilən pullara çek verilmir. Qəzetlərin kommersiya direktorları da bunun fərqində olmurlar. Onlar sadəcə qəzeti Allahverdidən 770 manata alırlar. Və bu məbləğ üçün də pul ödəyirlər. Lakin ortada olan məbləğin yarıdan çoxunun bir şəxsin cibinə getdiyi heç kimə məlum deyil. Beləcə də çox hörmətli Allahverdi müəllim kağız satışı ilə bağlı çıxılmaz bir burulğan yaradaraq illərdir ki, direktorlar dəyişəndə belə işini itirmir. İndi isə Ağabəy Əsgərov böyük borcları sıfırlamaq, Allahverdini də yola salmaq üçün yeni bir plan qurub. Plana görə, Ağabəy Əsgərov bəzi qəzetlərin rəhbərlərinə «mənə kömək edin, sizin kağız borclarınız silinsin» müraciəti edir. Bu təkliflə razılaşanlara deyirlər ki, dövlət başçısına Milli Mətbuatın 136 illiyi ilə əlaqədar müraciət yollayaq və  qəzetlərin kağıza olan borcları silinsin. Bu silinmə isə əslində Allahverdi müəllimin özünə yönəlib. Artıq dövlət başçısına müraciət də göndərilib ki, bayram günləri ərəfəsində qəzetlərin nəşriyyata olan borcları silinsin. Hətta məlumatlara əsasən, Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri və nəşriyyatın gerçək mülkədarı olmaq istəyən Əli Həsənov da Ağabəy Əsgərova bu məsələdə yardımçı olacağını söz verib.

İşlər dayandı, şadlıq evi layihəsi təxirə salındı…

Qəzetimizin ötən sayında dərc edilən yazıdan sonra ən yüksək dairələrdən «Azərbaycan» nəşriyyatında baş verənlərlə bağlı sərt təpkilər gəlməyə başlayıb. Hətta Əli Həsənovdan da yüksək dairələrdən bununla bağlı araşdırmaların aparılmasının vacibliyi vurğulanıb. Bu böyük dövlət obyektinin xəlvətcə özəlləşdirilməsi projesinin detallarını yazandan sonra Ramiz Mehdiyevin bu məsələ ilə bağlı olaraq göstərişlər verdiyi də deyilir. Məlumatlara əsasən, artıq konkret olaraq nəşriyyatın ərazisində aparılan qanunsuz tikililərdə işlər durdurulub. Və birmənalı olaraq nəşriyyatın ərazisində yerləşən və inşasına başlanması üçün hətta özülü də qazılmış şadlıq evi layihəsi durdurulub. Lakin bəzi çörək sexlərinin və profili mətbuata ümumiyyətlə uyğun olmayan istehsal sexlərinin tikintisinə də məhdudiyyətlər tətbiq edilməyə başlayıb.

Bu günlərdə isə kifayət qədər maraqlı bir məlumat aldıq. Sən demə, artıq PA-dan «Azərbaycan» nəşriyyatının daxilində təmir işlərinin aparılması barədə vəsaitin ayrılması siqnalları da gəlibmiş. Bizə daxil olan iki məlumat var. Onlardan birində deyilir ki, nəşriyyatın ərazisi metrə-metrə ölçülür. Birinci səbəb kimi bildirilir ki, ərazinin ölçülməsinin arxasında PA-dan Əli Həsənovdan da yüksək dairədən nəşriyyatın rəsmi ərazisinin yerində olub-olmamasının yoxlanılması durur. İnformasiyada ərazinin tam dəqiqləşdirilməsi və inventarlaşdırılmasının aparılması ilə bağlı məqamlar da var. Öyrənə bildik ki, Ağabəy Əsgərov nəşriyyata direktor təyin ediləndən bu günə qədər bir dəfə də olsun bu dövlət obyektində inventarlaşdırma işləri həyata keçirilməyib.

Nəşriyyatın daxilində əlində metrə olan adamların ölçü-biçi işləri aparmasının digər səbəbi kimi isə deyilir ki, guya daxildə təmir işləri həyata keçiriləcək. Hətta ilin sonuna qədər burada təmir işlərinin aparılması üçün dövlət başçısının sərəncam imzalayacağı barədə də məlumatlar dolaşmaqdadır. Hər halda bu məlumatlar rəsmən təsdiqlənməsə də, kifayət qədər ciddi qaynaqlardan daxil olub.

«Xural» KİVDF-yə ofis də tikdirəcək…

Qəzetimizdə dərc edilən yazıdan sonra fərqli bir açıqlama da eşitdik. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli də açıqlama verdi. Dedi ki, dövlət başçısına KİVDF-yə yer ayrılması ilə bağlı müraciət edəcəklər. Dəyərli Oxucularımıza xatırladaq ki, ötən sayımızdakı yazımızda KİVDF-nin məhz Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevanın mülkiyyətində olan Beynəlxalq Mətbuat Mərkəzində kirayənişin kimi oturması və kifayət qədər böyük məbləğdə kirayə ödəməsindən yazmışdıq.  Bu yazımızdan sonra Vüqar Səfərlinin belə bir açıqlama verməsi sizcə təsadüfdürmü?

Gələn saylarımızda Əli Həsənovun mətbuat prospektindəki və «Azərbaycan» Nəşriyyatındakı işləkləri ilə bağlı araşdırmalarımızın ardını oxuyacaqsınız…

«X» Analitik Qrupu

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il


Əlaqəli məqalələr

1 şərh

  1. Salam! Mən jurnalistəm. Bu məlumatı qəzetiniz və saytınız vasitəsilə yaysanız çox sevinərdim! İyulun 20-də Səbael rayin ocra hakimiyyətində jurnalistlərlə görüş keçirilirdi. Əvvəlcədən bilnirdi ki görüşün sonunda jurnalistlərə hədiyyələr veriləcək. Tədbirə KİVDF-nin real rəhbəri (əslində icraçı direktoru) Vüqar Səfərli də dəvətliydi. Zalım öz oğlu Seymuru da götürüb gəlmişdi. Sonda ata-oğul (yəni dədə-bala) əllərində iki DVD getdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button