Əli İnsanov siyasi təşkilat yaradır

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 14 illik həbsdən sonra azadlığa çıxan sabiq səhiyyə naziri Əli İnsanov, nəhayət ki, mediaya ilk geniş müsahibəsini verib və sensasion fikirlər səsləndirib.

Xural.com xəbər verir ki, “Amerikanın Səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğluna danışan Əli İnsanov bu müsahibəsində artıq yeni müxalif siyasi partiya yaradacağını elan edib.

Əli İnsanov deyib“Mən siyasətdən uzaqlaşmamışam və yeni bir siyasi qurum yaratmaq fikrindəyəm. Çünki bu saat, Azərbaycanın bugünkü mövcud durumu bunu çox ciddi tələb edir… Azərbaycanda sərbəst fəaliyyət göstərmək, azadlıq, demək olar ki, yox dərəcəsindədir. Mən həbsxanadan çıxandan dərhal sonra 4-5 maşın mənim evimin ətrafında növbə çəkir. Onlar məni bir yana çıxanda, hətta qəbiristanlığa gedəndə belə, müşayiət edirlər. Sonra mənimlə geri qayıdırlar və 24 saat müşahidədəyəm. Yəni faktiki ev dustaqlığındayam. Mənim yanıma gələn insanlar çağırılır, təhdid olunur, qorxudulur – prokurorluqda, polisdə. Belə bir vəziyyətdə, əlbəttə ki, mənim geniş təmas qurmaq imkanım məhdudlaşır. Buna baxmayaraq, bizim Azərbaycanda mövcud olan qurumda mübarizə aparmaq əzmimizi sındıra bilmir. Odur ki, heç şübhə etmirəm ki, yaxın zamanlarda biz istədiyimiz siyasi qurumu yaratmalıyıq və mübarizəyə başlamalıyıq. Mübarizənin məqsədi Azərbaycanda insan azadlığı, insan haqlarının bərpa olunması, tapdanmış haqların insanlara qaytarılması, ədalətin ölkədə bərqərar olması, ölkəmizi məcburu tərk etmiş çox dəyərli vətəndaşlarımızın ölkəyə qayıtması, həbsxanada olan bütün siyasi məhbusların azad olunması, şərlənib həbsxanaya salınmış çox dəyərli vətəndaşlarımızın azadlığa çıxmasıdır… Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, “varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq”.

Sabiq nazir deyib ki, yaxın aylarda hazırlıq prosesini başa çatdırıb, yaradacaqları qurumu elan edəcəklər və hökumətin təzyiqlərinə baxmayaraq, geri çəkilməyəcəklər: “Bunlar “dəvəni zınqırovla” qorxutmaq istəyirlər. Bu da mümkün deyil… Mən buradan bəyan edirəm: mən kəfən boynumda çıxmışam bu yola. Məni qorxutmaq mümkün deyil. Nə olur-olsun, biz siyasi qurumumuzu yaradacağıq. Xalqımla birlikdə zəfər gününə qədər birlikdə olacağıq”.

Milli Şura ilə əməkdaşlıq imkanlarına toxunan Əli İnsanov deyib ki, əvvəlcə öz qurumlarını yaratmaq, sonra digər siyasi təşkilatlarla əməkdaşlıq etmək niyyətindədirlər: “Mən həbsxanadan çıxan kimi, bir fikir söyləmişdim. İndi onun davamı olaraq demək istəyirəm ki, Azərbaycanda çoxlu siyasi qurumlar fəaliyyət göstərir. Mən istəyirəm ki, onların hər biri daha güclü olsun. Biz də bir qurum yaradacağıq. Birləşmək şərt deyil. Əməkdaşlıq eləmək lazımdır. Ona görə də mən Milli Şura və digər qurumlarla əməkdaşlıq etməyə hazıram. Sadəcə, biz də öz qurumumuzu yaradaq, sonra kollektiv şəkildə əməkdaşlığa başlayaq”.

Əli İnsanov Qarabağ məsələsinin həlli ilə bağlı da maraqlı fikirlər səsləndirib və problemin ancaq sülh yoluyla həll oluna biləcəyini vurğulayıb: “…Bütövlükdə Qarabağ məsələsinin həllində iki problem həll olunmalıdır. Birinci problem ondan ibarətdir ki, biz Azərbaycanda elə xoşagələn, elə gözəgəlimli, elə bir gözəl açıq, demokratik cəmiyyət qurmalıyıq ki, ermənilər – bizim Qarabağdakı vətəndaşlarımız Azərbaycanın tərkibində qalmaqda maraqlı olsunlar. Ermənilərin belə bir atalar məsəli var: “Çörək haradadır, orada qal”. Azərbaycanda gözəl şərait olsa, yaşamaq üçün münbit şərait yaradılsa, ermənilər bizim başımızın üzərindən niyə dünyaya səpələnsinlər? Biz bunu Azərbaycanda yaratmalıyıq. Hədə-qorxu ritorikasını qurtarmaq lazımdır. Bu iki xalqın günahı yoxdur ki, indiki münaqişə bu vəziyyətə gəlib çıxıb. Bu xalqların barışığına getmək lazımdır. Problem ancaq və ancaq sülh yolu ilə həll oluna bilər.

Ona görə də, ikinci məsələ, Azərbaycanı etibarlı tərəfkeş kimi təqdim etmək lazımdır. Beynəlxalq qurumlar Qarabağ məsələsinin həll olunmasında Azərbaycan tərəfinə inanmırlar. Azərbaycanın xarici və daxili siyasəti alverdən başqa bir şey deyil və çoxu yalandır. Necə ola bilər? Biz konvensiyalara imza atırıq, sonra onu yerinə yetirmirik. Neçə nəfər Avropa İnsan Haqları Məhkəməsində, – mən qarışıq, – müsbət nəticə almışıq, qalib gəlmişik. Buna məhəl qoymadılar və dedilər ki, bu, Azərbaycanın daxili işidir, biz o qərarları qəbul etmirik. Axı, sən imza atdığın konvensiyanı belə tapdalayırsansa, beynəlxalq qurumlar Azərbaycana necə inana bilər? Onlar necə təkilf edə bilər ki, Qarabağ erməniləri, Azərbaycan gözəl bir ölkədir, gəlin, burada bunlarla bir yerdə yaşayın. Əgər yetmiş yaşında akademikin cibinə narkotik atıb, ona yeddi il cəza kəsirlərsə, hansı erməni bu ölkədə qalmaq istəyər? Ona görə də biz Qarabağın həlli üçün səbəblərin çoxunu özümüzdə axtarmalıyıq. Biz elə xoşagəlimli olmalıyıq ki, həm ermənilər – bizim vətəndaşlar burada qalıb yaşamaq istəsinlər, həm beynəlxalq təşkilatlar bizə inansınlar, etibar etsinlər və bizim mövqeyimizi dəstəkləsinlər”.

Müsahibəsində Əli İnsanov Azərbayanın Qərblə, Avropa ilə münasibətlərinə də toxunub və deyib ki, əgər prezident İlham Əliyev Azərbaycanı Avropaya aparsa, onu dəstəkləyər: “…Biz Avropaya inteqrasiya etməliyik. Azərbaycanın yeganə yolu Avroatlantik məkandır. Biz Avropa sərhədlərində, həqiqətən, Avropa İttifaqı sərhədlərində yaşasaq, o coğrafiyaya düşə bilsək, Azərbaycanın suverenliyi də, təhlükəsizliyi də təmin oluna bilər. Biz rahat yaşayarıq. Bu, mütləqdir. Ona görə də Avropaya inteqrasiya üçün, mən güman edirəm ki, əgər İlham Əliyev bu gün referendum elan etsə ki, mən Azərbaycanı Avropaya aparıram, mən onu dəstəkləyərəm.”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button