“Əli İnsanovdan imtina edən qərbi azərbaycanlılar…”

“İlkin təəssürat odur ki, Əli İnsanovun qələmini qırdılar. Buna görə də zamanında onun ətrafında fırlananlar artıq mesaj aldılar ki, İnsanov məsələsi bitib…”

Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanova üç əlavə  maddə ilə yeni cinayət işinin açılması ötən həftənin ən  səs-küylü hadisələrindən biri oldu. 11 illik həbs cəzasının bitməsinə 57 gün qalmış sabiq nazirə  yenidən cinayət işi açılıb, Kürdəxanıdakı istintaq təcridxanasına köçürdülər. 
Bugünlərdə “Yeni Müsavat” Ə.İnsanovun yerliləri olan bir neçə tanınmış şəxsə sabiq nazirlə bağlı danışmaları üçün müraciət edib. Onlar bu mövzuda danışmaqdan imtina ediblər. Deyiblər ki, mətbuatda adlarının sabiq nazirlə yanaşı çəkilməsini istəmirlər.
Əslən Qərbi Azərbaycandan olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hesab edir ki, Ə.İnsanova yerliçilik prizmasından yanaşan şəxslərin bu gün onun arxasından çəkilmələri normaldır: “O şəxslər ki, sizin qəzetə İnsanov barədə danışmaq istəmirlər, onunla yanaşı adlarının getməsini istəmirlər, onlar vaxtilə Əli İnsanovdan bəhrələnən şəxslərdir. Onun yan-yörəsində gəziblər. Təəssüf ki, İnsanovun yan-yörəsi nazir olduğu vaxtlar belə olub, yəni o, yerliçiliyə böyük önəm verib. Əli İnsanov barəsində qərbi azərbaycanlıyam deyə fikir bildirmək olmaz. Bu, bir fəlakətdir, faciədir. Amma onun bu gün başına gələnlər bir insanın, uzun illər həbsxanada yatan bir məhkumun başına gəlir. Məsələlərə bu kontekstdən baxmaq lazımdır. Mən həbsxanadan çıxandan sonra daim deyirdim ki, Əli İnsanovun azadlığa çıxması çətin olacaq. Yəni içərini yaxşı bilirdim. Orada özünü necə apardığından xəbərdar idim. Onun hakimiyyətə qarşı nə qədər sərt, barışmaz və qəzəbli olduğunu da yaxşı bilirdim. İndi görünür ki, hakimiyyət onu tam gözdən çıxarıb. İlkin təəssürat odur ki, Əli İnsanovun qələmini qırdılar. Buna görə də zamanında onun ətrafında fırlananlar artıq mesaj aldılar ki, İnsanov məsələsi bitdi, artıq onun qələmini qırıblar. Güman edirəm ki, belədir. Digər tərəfdən, təbii ki, Əli İnsanov məsələsi çox önəmli hadisədir. Nəinki qərbi azərbaycanlılar, bütün Azərbaycan xalqı bu məsələyə laqeyd yanaşmamalıdır”.
əli insanov
Ə.Zeynallı Ə.İnsanov mifinin hələ də qaldığını düşünür: “Əgər bu mif aradan qalxsaydı, bu gün onun qələmini qırmazdılar. O, hər zaman üçün çox ciddi, barışmaz şəxsdir. 11 il uf demədən cəzasını çəkdi. Amma işin ağır tərəfi odur ki, insanlar məhkum edilirlər, 11 il cəza çəkirlər, sonra heç bir əsas olmadan, sudan-qurudan gətirilən bəhanələrlə haqlarında cinayət işi qaldırılır. Əslində SOS siqnalı burada çalınmalıdır. Bu, bizim hamımızın taleyidir. Hər kəs bu tale ilə qarşılaşa bilər. Azərbaycan həbsxanalarında belə dustaqlar bir neçə dəfə olub. Lamiyə, Eynulla Fətullayev və digərlərini misal çəkə bilərik. Yəni onlar həbsxanada qala-qala cəzalarının üstünə cəza gəlib. İndi Əli İnsanova əlavə 5 il vermək, onu ölüm hökmünə məhkum etmək deməkdir. Ona görə də ölkənin bütün təbəqələrinin, regionlarının, millətlərinin düşünən insanları bu məsələyə reaksiya verməlidir. Hər kəsi bu aqibətin gözləyəcəyini inkar etmək mümkün deyil. Sən həbsxanada cəzanı tam çəkə bilərsən, amma yenidən səni mühakimə edərlər, hətta ömrünün sonuna qədər orada saxlayarlar. Dəhşətli olan budur. İnsanlar buna reaksiya verməlidir. Yoxsa ”Əli İnsanov nazir olub, ölkənin başına oyun açıb” kimi fikirləri önə çəkmək doğru deyil. Onsuz da bunu hamımız bilirik. Amma söhbət indidən gedir. Bir məhkumun taleyi gözlərimizin  önündədir. Düşünmək lazımdır ki, insan həbsxanada vaxtı çatana kimi cəza çəkər, amma sonda onu azad etməyə bilərlər. Əli İnsanov kimi”.
Ə.Zeynallı bildirib ki, qərbi azərbaycanlılar hakimiyyətdən qorxduqları üçün İnsanovu açıq müdafiə edə bilmirlər: “Bu gün sabiq nazirdən imtina edənlərin hamısı yumurtadan yun qırxanlardır. Güman edirəm ki, hərə öz yükünü bu dönəmdən salamat keçirmək istəyir. Zamanında onların İnsanovun orbitində fırlanan şəxslər olduqlarını hamımız bilirik. Əli İnsanovla döyüşən biz idik. O, daha çox bizə qəzəbli idi nazir olduğu vaxtlar. Onun başına gələn indiki hadisə qərbi azərbaycanlı olayı deyil. Bir insanın başına gələn dramdır. Burada Cinayət Məcəlləsi, Avropa Məhkəməsinin qərarları, beynəlxalq hüquq pozulur. Biz bunların qarşısını almalıyıq”.
 
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri öncəsi dövlət çevrilişinə cəhdə hazırlıq ittihamı ilə həbs edilib. Sonradan ittiham iqtisadi cinayətlərlə əvəz olunub. Sabiq nazir 2007-ci ilin aprelində rüşvət almaq, vəzifə səlahiyyətlərini aşmaq və bir sıra iqtisadi cinayətlərdə günahlandırılaraq 11 il azadlıqdan məhrum edilib.
Avqustun 24-də 13 saylı cəzaçəkmə müəssisəsində sabiq nazirə CM-in 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.
Ə.İnsanov avqustun 24-də Qaradağ Rayon Məhkəməsinin qərarı ilə oktyabrın 23-dək 1 saylı Bakı İstintaq Təcridxanasına etap olunub. Yeni qaldırılmış cinayət işinin istintaqını Qaradağ Rayon Prokurorluğu aparır.
 
Cavanşir ABBASLI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button