Əli İnsanovdan sərt sözlər: “Niyə mənim qanımı içirsiniz?!”-ÇIXIŞ

Əli İnsanovun məhkəməsi yarımqapalı keçirilir

 

Aprelin 7-də Bakının Qaradağ rayon Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Məhkəmə baxışı aprelin 12-si saat 14.30-a təyin edilib.

Saat 14.30-da başlayacağı deyilən məhkəmə bir neçə dəqiqə gec başladı. Məhkəmədə iştirak etməyə gələn jurnalistlər və yaxın adamlar məhkəmə zalına buraxılmadı. Biz Tapdıq Fərhadoğlu ilə məhkəməyə yetişəndə məhkəmə icraçılarının insanları içəri buraxmadıqlarının şahidi olduq. Əvvəlcə “məhkəmə saat 14.30-da başlayır” deyə buraxmadılar. 14.30 tamam olanda “məhkəmə saat 14.30-da başlayır” deyənlər getdilər, yerinə başqa polislər gəldilər. Onlar da “icazə verin, sədrə deyək” deyə bir neçə dəqiqə uzatdılar. Sonra məlum oldu ki, içəri cəmi 2 jurnalist alacaqlar. Çox uzun qovğadan sonra bir neçə nəfər içəri buraxıldı.

Daha bir mərhələ içəridə başladı. Məlum oldu ki, 3 nəfər varkən, içəri – bu dəfə məhkəmə zalına 2 jurnalist buraxılacaq. Burada da uzun mübahisədən sonra Tapdıq Fərhadoğlu ilə içəri keçə bildik. Balaca bir məhkəmə zalı vardı. Cəmi 6 nəfərlik yer var idi. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, siyasi məhbus Tofiq Yaqublu, Nigar Yaqublu, Tapdıq Fərhadoğlu və bu sətirlərin müəllifi. Bir də Penitensiar Xidmətin mayoru, Əli İnsanovun bu işində “zərərçəkən” olacaq Anar Gülməmməd oğlu Məmmədov. Vəssalam. Amma bunun müqabilində zalda heç olmasa 6-8 konvoy, elə o qədər də məhkəmə icraçısı vardı. Yəni izləyicilərdən təxminən iki dəfə çox uniformalı. Bu da onu göstərirdi ki, Əli İnsanovun məhkəməsi yarımqapalı keçiriləcək. Daha doğrusu, keçirilir.

 

Əli İnsanov: “Hər şey əladır!”

 

Əli İnsanovun yaxınları, qardaşları belə məhkəməyə buraxılmadı. Ən yaxın qohumlar uzaq qaldılar. Zatən orada jurnalistlərin sayı oturacaqların sayından çox idi. Beləcə, Azərbaycan tarixinin ən qalmaqallı məhkumlarından, sınmayan məhbuslarından birinin daha bir məhkəməsi başladı. Bu, Əli İnsanovun dediyinə görə, 101-ci məhkəmə idi.

Hakim Elşad Mustafayev məhkəmə islasını başladı. Qapalı məhkəmə şərtlərində Əli İnsanovun anket məlumatları dəqiqləşdirildi. Hakim:

– Özünüzü təqdim edin. Özünüz barədə məlumat verin.

Əli İnsanov:

– Qarşınızda duran sənədlərdə hamısı var.

Hakim sualını bir də təkrarladı. Əli İnsanov dediyini bir də dedi və hakim Əli İnsanovun anket məlumatlarını cinayət işindən oxumağa məcbur oldu.

Hakim məlumatları oxuyarkən Əli İnsanov dəmir qəfəsin içində oturub zala nəzər saldı. Hamıyla başı ilə salamlaşdı və yumruğunu düyünləyərək baş barmağını qaldırdı və bununla “hər şey əladır!” mesajını verdi.

 

Əli İnsanov ev dustaqlığına buraxılmadı

 

Vəkil Ağaveyis Şahverdi Əli İnsanovun ev dustaqlığına buraxılmasına dair vəsatətlə çıxış etdi.

Prokuror Əli İnsanovun 315.2, 317.2.1 və 234.1-ci maddələrlə ittiham edildiyini, məhkəmə aidiyyatının düzgün olduğunu bildirdi.

Hakimin ilk öncə dövlət ittihamçısının münasibətini soruşmasına, digər vəkil Toğrul Babayev etiraz etdi: “Mən prosesi anlamıram, hörmətli hakim. Vəsatətə mənim, Əli İnsanovun münasibətini öyrənmədən necə sözü prokurora verə bilərsiniz?” dedi. Hakim bu iraddan sonra sözü Toğrul Babayevə və Əli İnsanova verdi. Vəkil Əli İnsanovun sadə və adi bir adam olmadığını, azadlığa buraxılarsa, heç kimə təzyiq göstərmək imkanının olmadığını, heç bir yerə qaçıb getmək düşüncəsinin olmadığını əsas gətirərək, Ağaveyis Şahverdinin vəsatətinin təmin olunmasını istədi.

Sonra söz Əli İnsanova verildi.

 

Əli İnsanov: “Mən düşmənlərimi yaxşı tanıyıram!”

 

Əli İnsanov sözə başlamadan hakimə müraciətlə dedi:

“Möhtərəm hakim! Sizdən xahiş edirəm, mən 7 dəqiqəlik çıxış istəyirəm. Sizi əmin edirəm, Sizi hirsləndirəcək, narahat edəcək heç nə deməyəcəyəm. Məni bu məhkəmə prosesinə məcbur gətirdilər. Mən bu məhkəməyə gəlmək istəmirdim. Bilirəm ki, bu saxta və qondarma işləri düzüb-qoşan adamlara nə desən boşdur. Bu saxta işləri tərtib edərkən, görürəm ki, bütün danışdıqlarım boşa gedir. Bir neçə dəfə müstəntiqlə görüşmüşəm. Onlara bu qondarma işlər haqqında dəfələrlə demişəm. Amma heç bir şeyin əhəmiyyəti olmayıb. Mən bu məhkəmə iclasında iştirak edəcək qədər zəif və itaətkar olmaq istəmirəm.”

Əli İnsanov çıxışının bu yerində Məhəmməd Hadinin bir misrasını sitat gətirdi. Misrada qan içməkdən və qan tökməkdən bəhs olunurdu. Bu arada məhkəmə icraçıları həm Tapdıq Fərhadoğlunun, həm də mənim şəxsiyyət və jurnalist vəsiqələrimizi aldılar və bizi danışığa tutdular. Hiss olunurdu ki, Əli İnsanovun çıxışını diqqətlə qeydə almağımızdan narahatdırlar.

Prokurorun və hakimin etirazına baxmayaraq, Əli İnsanov çıxışına davam etdi:

“Burada prokuror çıxış edir. Mənim məhkəmə işlərimdə çox prokurorlar olub. Bu prokuror təzədir. Bizim əleyhimizə danışır. Burada adi bir narkoman və ya bandir çıxış etmir, burada bir professor, akademik çıxış edir. Buradan düşmənlərimə səslənirəm: “Yetməzmi mənim qanımı içdiyiniz?” Anamız Tomris fars şahı Kirin başını kəsib qanını içəndə demişdi: “Ey Kir, qandan doymurdun, indi qanını içirəm!” Nə qədər davam edəcək bu?! Mən də buradan mənim qanımı içənlərə səslənirəm…”

Prokuror, “ittihamdan kənar danışmayın” deyə etiraz etdi. Hakim Əli İnsanovun sözünü kəsdi. Əli İnsanov isə davam etdi. Onu hakim və pkokuror eşitmək istəməsə də, bizlər – oturanlar dinləyirdik:

 

Əli İnsanov: “Mənə qarşı iyrənc planlar qurulub!”

 

“Bu məhkəmə iclasında iştirak etmək istəmirəm. 5 dəqiqə çıxışım qalıb. İcazə verin, çıxışımı edim. İcazə verməsəniz, başqa yollardan istifadə edəcəyəm.

Bu ittihamı aqressiya və repressiya kimi qəbul edirəm. Mən 2005-ci ildə MTN-in saxta və qondarma ittihamları ilə həbs olunmuşam.” – bu yerdə prokuror yenidən etiraz edir və Əli İnsanovun sözlərini kəsir.

Əli İnsanov davam edir: “Mən sonrakı prosesdə çıxış etməyəcəyəm. Cəmi 5 dəqiqə vaxt istəmişəm. Prokurorun şablonuna uyğun danışmamalıyam ki? Çıxış şablonu var?”

Hakim müdaxilə etdi: “Söz verdiniz ki, narahatçılıq olmayacaq.”

Əli İnsanov davam etdi: “Mən nə dedim ki, xoşunuza gəlmədi? Bu həbs 2005-ci ildə olan həbsin davamıdır. Estafetdir. Siz niyə narahat olursunuz ki? MTN-in 2005-ci ildə qaldırdığı cinayət işi az keçmədi ki, puç oldu. O zaman gedib 16 ay Səhiyyə Nazirliyini yoxladılar. Gördülər ki, bir manat mənimsəmə yoxdur. Heç nə tapa bilmədilər. Komissiya gördü ki, heç nə yoxdur. 11 ildə 100-dən artıq məhkəmə işim oldu. Mən o məhkəmələrdən birini belə uda bilmədim. Ancaq Avropa Məhkəməsini udduq. Avropa Məhkəməsinin qərar və tələblərini isə araşdırmadılar. 11 il həbsdə qaldım. Bir adamla problemim olmadı. Əlacsız qalıb bu qondarma, məntiqsiz işi formalaşdırdılar. İki cür əsas olur – ya real, ya da məntiqi. Heç biri bu işdə yoxdur.

Beləliklə, bu maddələrlə mənə cinayət işi qaldırdılar. Əvvəlcə 234-cü maddənin 2-ci hissəsi ilə açmaq istədilər işi. Narkotik istifadəçisi kimi qələmə vermək istədilər. Mənə aid olmayan çantada nəsə tapıblar, onun mənə nə dəxli var? Vəkil yanımda olub. Xeyli də qalıb. Söhbət etmişik. Gözləyiblər, vəkil gedən kimi məni çağırıblar. 5-6 metr məsafədə oturmuşuq. Yanımızda 15 adam olub. Mən necə adam vura bilərdim? Bu, nə qədər gülməli şantajdır?”

Prokuror və hakimin etirazından sonra Əli İnsanov bir fransız yazıçının “Köçəri quşun nağılı” hekayəsindən bəzi məqamlar danışdı.

 

“Mən azadlığı xalqım üçün istəyirəm!”

 

“Köçəri quşundan soruşurlar ki, niyə çıxıb getmirsən. Deyir ki, azadlıq mənə yox, xalqıma lazımdır. Mən də Azərbaycan xalqının azadlığı üçün buradayam.” Prokuror və hakimin etirazı Əli İnsanovun hekayəni axıra qədər danışmasına imkan vermədi.

Əli İnsanov davam etdi: “Mən düşmənlərimi tanıyıram.Mən bu məhkəməyə inanmıram. Siz də ədalətli görüntü yaratmaq istəyirsiniz, möhtərəm hakim, amma mən buna inanmıram. Daha məni narahat etməyin, mən daha danışmayacağam.”

Sonra verilən ev dustaqlığı haqda vəsatət müzakirə olundu. Maraqlıdır ki, bayırda qalan insanlar, məhkəmə iclasının daha böyük zala keçirilməsi, içəriyə buraxılmayan jurnalistlər haqqında vəsatət verilmədi. Və ev dustaqlığı haqqında vəsatət müzakirə edilərkən, Əli İnsanov yenidən söz aldı. Hakim “bəs dediniz, daha çıxış etməyəcəyəm” deməklə Əli İnsanovun “daha danışmayacağam” sözündən necə məmnun qaldığını göstərmək istədi, amma Əli İnsanov “vəsatətlərə münasibət bildirməliyəm” deyə hakimin arzusunu gözündə qoydu.

Əli İnsanov davam etdi: “Mənim bildiyim və tanıdığım qan düşmənlərim elə bilirlər ki, məni çox saxlasalar, çox sıxsalar, sınacağam, səbrim tükənəcək. Beləliklə, düşmənlərim elə bilir ki, onlar da istədiklərinə nail olacaqlar. Yox, kimsə elə düşünməsin. Məni sındıra bilməyəcəksiniz. Mümkün olmayacaq. Görməyəcəklər!

Mən 11 ildir həbsdəyəm. 11 ilin bitməsinə 9 gün qalmış adama həbs cəzası verərlər?

Bu, çayın kənarında oturub suyun axıb qurtarmasını gözləyən xəyalpərəstin işidir. İstəyirlər, 100 il iş versinlər.”

 

Əli İnsanov hirslə “xəyalpərəst!” dedi

 

Bundan sonra prokuror və hakimin etirazı ilə Əli İnsanov çıxışına ara verdi və oturdu. Oturarkən hirslə “xəyalpərəst!” dedi və hakimə müraciətlə “İndi oturub sizin yüksək ədalətinizi gözləyəcəyəm ki, qərar verəsiniz ki, çıxın gedin evinizə” deyərək əlavə etdi: “Mən nə qədər böyük təhlükə törədirəm ki sizə. Mən ziyalı adamam, aliməm, akademikəm. Mən çıxıb gedib evimdə oturacaq və vaxtlı-vaxtında məhkəməyə gələcəyəm.”

Təbii ki, hakim Elşad Mustafayev vəsatəti yerindəcə müşavirə edərək rədd etdi və vəkillər başqa vəsatətlərlə çıxışlarına davam etdilər.

Vəkil Ağaveyis Şahverdi baxış protokolunun sübutlar siyahısından çıxarılması haqqında vəsatət verdi. Bundan başqa, rəisin otağında baş verən hadisələrdən sonra rəisin tərtib etdiyi aktın da sübutlar siyahısından çıxarılması haqqında vəsatət verildi. Vəkil bildirdi ki, “Əli İnsanov bir dəfə olsun ibtidai istintaqda ifadə verməyib. Heç bir protokola imza atmaylb. Bir dəfə belə ifadə verməyən adam necə kiminləsə üzləşdirilə bilər? Üzləşmə ola bilməz və üzləşmə protokolu da sübutlar sıyahısından çıxarılmalıdır. Əli İnsanovun ekspertizaya verilən paltarları da o paltarları olmayıb. Buna görə də liflər arasında uyğunluq ola bilməz.”

Vəkil Toğrul Babayev vəsatətə münasibət bildirdi və vəsatəti dəstəklədi. Bundan sonra Əli İnsanov vəsatətə münasibət bildirdi.

 

“Mənə məhkəmədə plan qurmuşdular – məni buradan sürüyə-sürüyə aparmalıydılar”

 

Əli İnsanov dedi: “O müəssisədə hər gün “şmon” olunur. Necə olur ki, bir banka dərman tapılmadı? Mən otaqda 15 adamın əhatəsində olmuşam. 5-6 addım aramızda məsafə olub. Bir kobud sözə görə müəssisədə adamın içalatını dağıdırlar, adamları bir sözə görə günlərlə “kars”da saxlayırlar. Siz elə bilirsiniz ki , mən narahatam? Mən narahat deyiləm, Əli İnsanova “narkoman” yarlığı yapışmaz! Bunu mən etmişəmsə, kiməsə verməliyəm də? Kimə vermişəm? Kimə verməliyəm? Mən dəliyəm-nəyəm özümdə dərman saxlayam?!

Məni saxladıqları “kars”dan 13 saylı müəssisədə yoxdur. Zirzəmidə saxlayırdılar. 50 il əvvəl tikilən bir yerdir. Bir müəssisə işçisi gəldi, gözləri yaşardı. Heç Hitler adamı elə yerdə saxlamaz. Hər cür üfunət, kir, çirkin içində idim. Çıxanda əynimdəki paltarı atdım zibilliyə. Yay idi. İsti idi. Bir köynək, bir də şalvar idi. Paltarlar mikrob dolu idilər. Mikrobları evə göndərmək istəmədim. Gəlib mənim Kürdəxanıdakı evdən təzə göndərilən paltarlarımı gedi aldılar. Bu, o paltar deyil dedim. Dedilər, odur, rəngi göydür. Onlara başa sala bilmədim ki, mən göy paltar geyinirəm.

Dəfələrlə, qanımı yoxlatdırmağı xahiş etdim. Qəbul etmədilər. Bu cinayət işini mənim ayağıma yazanlar dönüb güzgüdə özlərinə baxsınlar. Mən sağlamam. İdman edirəm. Səhhətimə fikir verirəm. Görürsünüz. İstəsəniz, sizə gündəlik qrafikimi də danışaram.”

Bu sözlərdən sonra Əli İnsanov şok bir plandan danışmağa başladı. Prokuror və hakim mane olmağa çalışsalar da, Əli İnsanov çıxışını saxlamadı:

“O, ayrı məsələdir ki, sizi mənim danışmağım qorxudur. Burada plan qurulmuşdu. Bunlar planlaşdırmışdılar ki, mən burada “qırmızı xətt”i keçəcəm, bunlar da məni buradan sürüyə-sürüyə çıxaracaqlar. Mən buna yol verərəmmi? Ona görə də məcburam. Danışmıram.”

Sonra Əli İnsanov “zon”dakı “təxribat planları”ndan danışdı:

 

““Zon”da mənə 3 mərhələli təxribat planı qurmuşdular”

 

“Mənə 3 mərhələdən ibarət bir plan qurmuşdular. Bir işçi vardı. O, mənimlə dalaşmalı idi və mən onun guya paltarını cırmalı idim və bunu bəhanə edib mənə cinayət işi açmalı idilər. Mən iş elə gətirdi ki, o adamı müalicə etməli oldum və bunun da yaxşı nəticəsi oldu. O işçi mənim üzümə durmaqdan imtina etdi və 1-ci plan alınmadı.

2-ci plan müəssisədə müalicə etdiyim adamları üzümə qoymaq idi. O da alınmadı. Axı, mən həmişə insanları müalicə etmişəm və bunun da effekti olub. İnsanlar mənim üzümə durmadı. Mən orada həkim işləməmişəm. Həkim işləmək bunlara xidmət etmək deməkdir. Amma həkimlərlə əlaqəm vardı. Onlara kömək edirdim. Orada işləyən həkimlərdə bir banka verdı. Həmişə o bankanın içinə dərman doldurar və “kars”dakı dustaqlara verərdilər. Mən də görürdüm o bankanı. Bunlar başqa bir şey tapmadılar, həkimlərin qoltuqlarında gəzdirdikləri o bankanı mənim işimə daxil etdilər. Bu qədər primitiv iş qurdular.”

Hakim vəsatətləri müzakirə etmək və məhkəmə iclasını təyin etmək üçün müşavirə otağına getdi. O, müşavirə otağına gedəndə Əli İnsanovla mini müsahibə almaq imkanlarımız oldu.

Onunla qısa müsahibəni Oxucuların diqqətinə təqdim edirəm:

 

Müqəddəs Yelena adasının qayalıqları və Kürdəxanı təcridxanasının uca hasarları

 

– Əli müəllim, cəmiyyətə bir mesajınız varmı?

– Mən möhkəməm. Siz də möhkəm olun. Yazılarınızı oxuyuram, etdiklərinizdən məlumatlıyam. Siz də möhkəm olun. Mən sınmayacağam. Əyilməyəcəyəm. Burada plan qurmuşdular ki, məni sürüyə-sürüyə aparsınlar. Siz necə rəva bilirsiniz, bu, mənə yaraşardımı?

– İnşallah, Sizdən söz almaq istəyirəm ki, azadlığa çıxanda ilk müsahibənizi “Qaynar Qazan”a verəcəksiniz.

– Əvəz, mütləq ilk müsahibəni “Qaynar Qazan”a verəcəyəm, amma mən buradan çıxmaram ki? Mən fərqindəyəm mənə bəslənən münasibətin.

– Çıxarsınız, Əli müəllim, çıxacaqsınız, inşallah.

– Bilirsiniz, Fransanın imperatoru Napoleon Müqəddəs Yelena adalarında cəza çəkirdi. Bütün Avropanın kralları və hökmdarları Müqəddəs Yelena adalarının qayalıqlarından qorxurdular, çünki onlar yaxşı bilirdilər ki, bu qayalıqların arasında Napoleon cəza çəkir. İndi bunlar Kürdəxanı təxridxanasının uca hasarlarından qorxurlar. Çünki yaxşı bilirlər ki, bu hasarların arxasında kimlər cəza çəkirlər.

 

Əli İnsanovun üzünə duranı rəis qoyublar

 

Əli İnsanov son olaraq dedi ki, onun üzünə duran işçini rəis qoyublar. “Bir başqa üzəduranı, yazıq bir dustağı da əfvlə buraxdılar. Anara da (prosesdə iştırak edən Məmmədov Anar Gülməmməd oğlunu nəzərdə tuturdu) yəqin nəsə verəcəklər.”

 

Beləcə, bu günün məhkəmə işi yekunlaşdı. Hakim növbəti prosesin 12 aprel 2017-ci ildə, saat 14.30-da Qaradağ rayon məhkəməsində keçirilməsinə qərar verdi.

Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.

2016-cı ilin oktyabrında Əli İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

2016-cı il oktyabrın 11-də Bakının Qaradağ rayon Məhkəməsi rayon prokurorluğunun təqdimatı əsasında keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar verib və Azərbaycan hakimiyyəti hökmü dəyişdirməyib. Avropa Şurası Nazirlər Kabineti dəfələrlə Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

 

Qaradağ rayon məhkəməsindən

Əvəz Zeynallı

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button