Əli Kərimli əfv siyahısından məyus olduğunu açıqladı:”Ümid edirdim ki, bu dəfə siyahı fərqli olar…”

“Çox məyusam. Hesab edirəm ki, bu əfv sərəncamı çox antixalq bir addımdır. Azərbaycan xalqı ilə qarşıdurma istiqamətində atılmış addımdır. Siyasi məhbusların adını əfv sərəncamına salmamaqla Azərbaycanın dövlət başçısı mesaj verdi ki, nə Cümhuriyyətin yüzilliyi, nə beynəlxalq qurumların çağırışları, nə də meydanlardakı çağırış onu narahat edir. Xalqın ləyaqətli, əqidəli övladlarını həbsdə saxlamaqda maraqlıdır”.

Strateq.az bildirir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli prezident İlham Əliyevin mayın 24-də imzaladığı əfv sərəncamını Azadlıq Radiosuna şərh edərkən belə söyləyib.

Partiya sədri imzalanan sərəncamın əvvəlkilərdən fərqlənmədiyini bildirir, hərçənd Cümhuriyyətin yüzilliyi ərəfəsində onda “siyasi məhbuslar”ın azad ediləcəyinə ümidi yarandığını deyir: “Ümid edirdim ki, yəqin, bu dəfə siyahı fərqli olar, siyasi məhbuslar azad edilər. Həm də elə bir vaxtda imzalandı ki, hətta Kuba, Özbəkistan belə siyasi məhbuslarını azad edir”.

Əli Kərimli “Siyahıda kimlərin adını görmək istərdiniz” sualını belə cavablandırır:

“Biz bu siyahıda bütün siyasi məhbusların adını görmək istərdik. Hamısının. Təbii ki, Gözəl Bayramlı başda olmaqla İlqar Məmmədovu, Fuad Qəhrəmanlını, Seymur Həzini, Mehman Hüseynovu, Əfqan Muxtarlını, Asif Yusiflini, Məmməd İbrahimi, Murad Əzimovu, Fuad Əhmədlini, Qiyas İbrahimovu, Bayram Məmmədovu, İlkin Rüstəmlini, Taleh Bağırzadəni, Abbas Hüseyni… Bütün siyasi məhbusların adlarını orda görmək istərdim”.

İlqar Məmmədovun həyat yoldaşı: “Belə gözləntimiz yox idi”

 

REAL Partiyasının sədri İlqar Məmmədovun da əfv ediləcəyinə dair ümidlər az deyildi. Hətta onun azadlığa çıxacağı halda siyasi fəaliyyəti sosial mediada müzakirə edilməkdə idi. Amma onun xanımı Vəfa Məmmədovadeyir ki, belə bir gözləntisi olmayıb: “Əminiydim ki, adı siyahıya salınmayacaq”.

Məmmədovlar ailəsi plenum məhkəməsinin qərarını gözləyir: “Avropa İnsan Haqları Məhkəməsinin ikinci qərarı çıxıb və hakimiyyətə iyunun 5-dək vaxt qoyub ki, qərar yerinə yetirilsin. Plenum məhkəməsində aşağı instansiya məhkəmələrinin qərarı ləğv olunmalıdır. Necə olacaq, bilmirəm. Amma fakt budur ki, hakimiyyət məhkəməni son günə qədər uzadır. Bu da onların İlqardan qorxduğunu göstərir”.

Əliməmməd Nuriyev: “Alqışlamaq lazımdır, nəinki məyus olmaq”

 

“Bu əfv sərəncamı indiyədək verilənlər arasında ən çox məhkuma şamil edilən bir sərəncamdır. İstənilən əfv sərəncamı alqışlanmalıdır. Çoxsaylı insan – ailəsinə, azadlığa qovuşur. Buna sevinmək lazımdır, nəinki kədərlənmək, məyus olmaq”, – hüquq müdafiəçisi, prezident yanında əfv komissiyasının üzvü Əliməmməd Nuriyev söyləyir.

“Bəziləri düşünür ki, bu sərəncamda ancaq müəyyən şəxslərin adları olmalıdır. Onda bəs digər şəxslər? Onlar Azərbaycan vətəndaşı deyilmi?” – deyənNuriyevin sözlərinə görə, bu dəfəki sərəncamda adları hüquq müdafiəçilərinin hazırladığı müxtəlif siyahılarda olanlardan 12 nəfər azadlığa çıxır: “”Eurovison” mahnı yarışması zamanı həbs edilənlərdən, Təhsil Nazirliyi qarşısında iğtişaşlara yol verənlərdən, partiya üzvlərindən, jurnalistlərdən də adlar salınıb. Bir də, o siyahılar biznes marağına çevrilib. Gəlir mənbəyinə, təzyiq metoduna çevrilib. Azərbaycan prezidenti isə, bilirsiniz, təzyiqi qəbul etmir”.

Amma Əliməmməd Nuriyev ad çəkməsə də, digər şəxslərin də azadlığa çıxmasının tərəfdarı olduğunu bildirir. O ümid edir ki, gələcəkdə bu məsələ həllini tapacaq.

Azadlıq Radiosu başqa hüquq müdafiəçilərinin mövqeyini öyrənməyə çalışsa da, bu, mümkün olmayıb, onların bir çoxuna zəng çatmayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button