Əli Kərimli prezident İlham Əliyevə müraciət etdi

995668_10201033412373205_421237457_n20.06.2013

AXCP sədri Əli Kərimli son zamanlar partiyanın üzləşdiyi təzyiqlərlə bağlı mətbuat konfransı keçirib

İyunun 20-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində keçirdiyi mətbuat konfransında Əli Kərimli deyib ki, əvvəllər partiyanın rayonlarda reallaşdırdığı konfranslara, tədbirlərə, toplantılara polis müdaxilə etmirdi:

“Son bir neçə ay ərzində AXCP-nin rayonlarda keçirdiyi konfranslara polis  və hakimiyyət orqanları tərəfindən qanunsuz müdaxilələr edilib. Ağstafa, Sabirabad, Şəki, Ağdaş, Lerik, Lənkəranda keçirdiyimiz tədbirlər polis zorakılığı ilə dağıdılıb, kütləvi həbslər baş verib, bəzi hallarda isə cəbhəçilərin avtomobilləri əzilib, üzvlərimizə xəsarətlər yetirilib. Mən buradan bir neçə mesajı çatdırmaq istəyirəm.

Əvvəla, bu baş verənlər hakimiyyətin sistemli fəaliyyətinin nəticəsidir. Çünki olanlar təsadüfən təkrarlanmır. İki ay ərzində 7 rayonda oxşar hadisələr baş verirsə və AXCP-nin tədbirlərinə hücum edənlər yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, YAP fəalları olursa, zorakılıq polisin gözü qabağında gerçəkləşdirilirsə, deməli, bu, Azərbaycan hökumətinin müxalifətə qarşı planlı və məqsədyönlü siyasətidir. İkincisi, hakimiyyət daxili siyasətini o dərəcədə sərtləşdirib, zorakılığa o səviyyədə üstünlük verib ki, 80-100 nəfər cəbhəçinin iştirakı ilə keçirilən partiya yığıncaqlarına belə dözümsüzlük göstərir. Hətta AXCP Gənclər Komitəsinin 10-15 üzvünün rayonlarda bir yerə yığılmasına da imkan verilmir. Gənclər Komitəsi ümumrespublika konfransına hazırlaşır, amma gəncləri şəxsi mənzillərdə belə toplaşmağa qoymurlar. Çünki hökumət bunu özünə təhlükə hesab edir”.

Əli Kərimli bildirib ki, AXCP üzvlərinin üzləşdiyi təzyiqlər bir çox halda cinayət xarakteri alır, insanlara bədən xəsarətləri yetirilir, şəxsi mülkiyyətə ziyan vurulur: “Baş verənlər şəxsiyyət və mülkiyyət əleyhinə olan cinayətlərdir. Hüquq mühafizə orqanları isə bu cinayətlərin qarşısını almır, onları ört-basdır edir. Hakimiyyət cinayətləri araşdırmağa belə cəhd göstərmir. Mən mətbuat vasitəsilə ilk növbədə daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət edirəm. Ölkənin güc strukturlarının bir partiyanın əlində repressiya alətinə çevrilməsi artıq bəsdir. Azərbaycan polisi dövlətə xidmət etməlidir, nəinki ayrı-ayrı şəxslərə. Polis heç hökumətə də xidmət etməməlidir. Amma bu gün Azərbaycan polisi YAP hökumətinin əlində repressiya vasitəsinə çevrilib. Polisi öz vəzifələrini yerinə yetirməyə çağırıram. Polis cinayətkarlıqla mübarizə aparmalıdır. Siyasi partiyalarla mübarizə polisin işi deyil.

Baş prokurora müraciət edirəm. Qanunun aliliyinə, polisin qanunlara əməl etməsinə nəzarət edin. AXCP rəhbərliyinə zorakılıqlar edildiyi, partiya üzvlərinin mülkiyyətinə ziyan vurulduğu halda prokurorluğun öz vəzifəsini yerinə yetirməməsi təəssüf doğurur. Baş Prokurorluğu öz səlahiyyətlərini həyata keçirməyə çağırıram.

YAP rəhbərliyinə müraciət edirəm. YAP AXC hakimiyyəti dövründə yaranıb. Az müddətdə olsa müxalifətdə olub. Mən onlardan soruşuram: AXC hakimiyyəti dövründə sizə belə münasibət olubmu?

Bir gün siz də müxalifətdə olacaqsız. Bu gün AXCP rəhbərliyinə qarşı edilən təzyiqin, zorakılığın, hörmətsizliyin YAP rəhbərliyinə edilməsini istəyərsinizmi? Əgər istəmirsinizsə, onda bu günün müxalifəti və sabahın iqtidarı olacaq bir partiyanın rəhbərliyinə qarşı bu münasibəti yığışdırmalısınız.

İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinə müraciət edirəm. Biz hamımız görürük ki, hökumət vaxtaşırı olaraq ölkədə bahalı beynəlxalq tədbirlər keçirir. Bunlar əsasən tolerantlıq mövzusunda olur. Bütün dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda siyasi mədəniyyət, tolerantlıq, özgəfikirliliyə dözümlülük var. Belə tədbirlərə 100 milyon xərcləyirlər ki, guya ölkənin daha sivil olduğunun təqdimatını keçirsinlər. Digər tərəfdən isə ölkə daxilində siyasi rəqiblərə qarşı uydurma cinayət işləri açırlar, onların cibinə narkotik, evlərinə silah qoydurub tutdururlar. Siyasi rəqiblərin hətta öz evlərində keçirdikləri toplantıları da polis zorakılığı ilə dağıdırlar”.

Əli Kərimli qeyd edib ki, seçki yaxınlaşır, ölkənin demokratik qüvvələri Milli Şurada birləşib və xalq bu birliyi dəstəkləyib: “Ona görə hakimiyyət siyasətini daha da aqressivləşdirəcək. Amma üzləşəcəyimiz maneələrə görə ruhdan düşmək olmaz. Bütün həmkarlarıma, Azərbaycan xalqına müraciət edirəm ki, AXCP kimi təşkilatlanmağı davam etdirsinlər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button