“Əli Kərimliyə Azadlıq!” tələb olunacaq-TOPLANTI

AXCP sədri Əli Kərimli və 7 AXCP üzvü hələ də naməlum yerdə həbsdə saxlanılır. Bu haqda hüquq mühafizə orqanları kimsəyə məlumat vermir. Bu səbəblə Milli Şuranın Koordinasiya Mərkəzinin qərarı ilə bu gün saat 14.00-da Müsavat Partiyasının qərargahında Əli Kərimlinin həbsi ilə bağlı tədbir keçiriləcək. Tədbirdə cəmiyyətin ən müxtəlif təbəqələrinin iştirak edəcəyi gözlənilir. Əli Kərimlinin saxlanılması yerli və beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub. Hakimiyyətin bu repressiv addımı hamı tərəfindən pislənilir.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Əli Kərimlinin saxlanılmasına özünün facebook səhifəsində münasibət bildirib. Ə.Zeynallının statusunu xural.com təqdim edir:

“Bu gün saat 14.00-da, Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimlinin müdafiəsi ilə bağlı toplantı keçiriləcək. Dostlar, biz hamımız demokratik prosesin dəstəkçiləri və hər cür repressiyaya qarşı dirəniş göstərməli adamlar kimi Əli Kərimlinin müdafiəsində iştirak etməliyik. Əgər rejim AXCP kimi böyük müxalifət partiyasının sədrini beləcə – hamının gözlərinin qarşısında şərləyirsə, millətin ən əziz bayramlarından birində onu millətə haram edirsə, dünyada tanınan önəmli bir Azərbaycan siyasətçisini 20 saatdan çoxdur ki, xəbərsiz-ətərsiz və vəkilsiz saxlaya bilirsə, əgər rejim bir müxalifət partiyasının liderini, bir sabiq dövlət katibini, bir keçmiş millət vəkilini – ömrünü Azərbaycana qurban edən bir siyasi xadimi rəsmən oğurlaya bilirsə və onun ailəsini, yaxınlarını informasiyasız saxlayırsa, deməli, bu zəng hamı üçün çalınacaq. Biz bu əcəl zənginin çalınmasına imkan verməməliyik!
Rədd olsun hər cür repressiya!
Əli Kərimliyə və onunla bir yerdə həbs olunan bütün cəbhəçilərə – Azərbaycan vətəndaşlarına azadlıq!”

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button