Əliyev-Sarkozi görüşü: çətin duel!

Əvvəla, İsrail-Türkiyə münasibətləri öz gərginliyinin pik səviyyəsinə qalxıb. O qədər ki, artıq Türkiyə İsrailə qarşı daha ciddi təzyiqlər üçün «dost və tərəfdaş» ölkələrdən mövqeyini bildirməyi tələb edir. Məhz tələb edir! Bir müddət əvvəl Türkiyənin ölkəmizdəki böyükelçisi Hulusi Kılıçın səsləndirdiyi fikirləri elə tələb kimi dəyərləndirmək lazımdır.

Amma aradan xeyli keçməsinə baxmayaraq, Azərbaycan mövqeyini bildirməyib.

İkinci, Azərbaycana «Nabukko» kəməriylə bağlı qəti qərar verməsi üçün ayrılan vaxt bu ay başa çatır. Oktyabrın sonuna qədər rəsmi Bakı mövqeyini bildirməlidir.

Rusiyanın iddialarını açıq şəkildə ortaya qoyduğu və «Nabukko»nun əleyhinə çıxdığı bir məqamda bu kəməri dəstəkləmək bir, Avropanın təkidli israrları qarşısında kəmərdən imtina etmək ikiqat çətindir!

Üçüncü, «Avroviziya»da qələbəni Bakıya bağışlayan, ölkəmizin ərazi bütövlüyünü təkrar təsdiqləyən və Azərbaycanı Avropa ailəsinə doğru dartan Qərbin siyasi azadlıqlar üçün göstərdiyi təzyiqləri yüksələn xətlə davam edir. O qədər ki, ABŞ səfiri Azərbaycanda azad iqtisadi şəraitin olmamasını bəyan edir, dünya «boks qalmaqalı»nın timsalında Azərbaycan iqtidarının korrupsiya maraqlarına münasibətini rəsmiləşdirir, Avropa Birliyi, beynəlxalq təşkilatlar siyasi repressiyaları pisləyir.

Dördüncü, Rusiya BMT kürsüsündən Azərbaycan-Ermənistan münaqişəsində «sülhü qorumaq üçün hər vasitəyə əl atacağını», yəni Bakı ilə hərbi dildə danışmağa hazır olduğunu nümayiş etdirir. Bu hədənin arxasında nələrin dayandığını Azərbaycan gözəl bilir: 2008-ci ildə Gürcüstana hərbi qüvvə yeridən Rusiyaya dünya «gözün üstə qaşın var» deyə bilmədi!

Beşinci, Azərbaycana səfəri öncəsi Fransanın prezidenti Nikola Sarkozi Türkiyəyə ultimativ xarakterli bəyanat verir və rəsmi Ankaraya erməni soyqırımını tanımaq üçün 3 ay möhlət tanıdığını deyir…

Gərgin vəziyyətdir. Azərbaycanla ticari dövriyyəsi 2 milyard dolları haqlayan və strateji tərəfdaş sayılan Fransanın Türkiyə-İsrail münasibətlərinin kəskinləşdiyi bir məqamda belə bir bəyanatla Bakıya gəlməsi onsuz da çətin seçimdə olan İlham Əliyev komandasına ciddi təzyiqdir. Konkret olaraq siyasi iradə və mövqe tələb olunur. Azərbaycanın siyasi yönümü haradır: Rusiya, yoxsa Avropa? Türkiyə, ya İsrail?

Beynəlxalq güclər artıq səfləri qəti şəkildə müəyyənləşdirməkdə israrlıdır. Çünki Rusiyaya Medvedyevin timsalında liberal bir lider sırımaq və postsovet məkanında demokratik islahatları sürətləndirmək illuziyaları büsbütün darmadağın oldu. Yaxın 12 ildə (6+6) Rusiyaya KQB polkovniki Putinin rəhbərlik edəcəyi şübhəsizdir və Putin Rusiyasının iddiaları bütün dünyaya bəllidir. Bu iddialar Qərb strateqlərinin 2020-ci ilə qədər Çin sərhədlərinə yaxınlaşma proqnozlarının alt-üst olması deməkdir. 2020-ci ilə Çin sərhədlərinə ulaşmamaq isə dünyanın güc balansının pozulması kimi qiymətləndirilir.

Ona görə də hələ ötən əsrin sonuncu rübündə ehtiyat variant kimi təklif edilən Avropa gücləri – Almaniya və Fransa – daha da aktivləşir. Fransa faktiki olaraq Qərbin siyasi iradəsinin təmsilçisi rolunda Cənubi Qafqaza dəngələri müəyyənləşdirməyə gəlir.

«Balanslaşdırılmış» siyasət daha supergüclərin maraqlarını ifadə etmir. Ərəb baharının can və ruh verdiyi prosesləri Şərqə doğru çəkmək istəyən Avropaya Azərbaycan hansı cavabı verməlidir? Yenə də bir ayaq Rusiyada, digəri Avropadamı?

Demokratik Avropa ilə diktatorluğa doğru irəliləyən Rusiya arasında iqtisadi-siyasi uçurumun genişlənməsi «həm orda, həm burda» olan kiçik dövlətlərin «haça-paça» olmasını şərtləndirir. Ancaq illərlə yürüdülən siyasi xətt Azərbaycana iki ayağını da eyni istiqamətdə atmağa imkan vermir. Rus siyasi texnologiyası və idarəetməsi ilə yaşayıb Avropa ailəsinin üzvünə çevrilmək mümkün olmadığı kimi, Qərblə iqtisadi-siyasi münasibətlərin istiqamətini də dəyişmək mümkün deyil.

Görünür ki, «strateji xarici-siyasi kurs» o qədər də uzaqgörən deyilmiş. Onda redaktələr etmək və vəziyyətdən çıxmaq isə İlham Əliyevin potensial manevr imkanlarından çox-çox yüksəkdədir…

Hmmm, görüş gərgin keçəcək – İlham Əliyev hakimiyyəti üçün!

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button