Əliyevdə Ərdoğan qüruru ola bilməz

Hələ bir müddət öncə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ana müxalifət partiyasının lideri Kamal Kılıcdaroğluna cavabı məni almışdı.

Öncədən deyim ki, Ərdoğana heç bir simpatiyam yoxdur. Ona görə yox ki, o, Türkiyənin dəngələrini dəyişir və ya Atatürk ideyalarından çıxır; ona görə ki, Ərdoğan sıravi bir türk vətəndaşının dolanışıq qayğıları və anasının xəstə olması iradlarına «Al ananı da, get!» deyə məşhur və məşum bir cavab vermişdi. Bağışlaya və yaddan çıxara bilmirəm. Bir baş nazir bu sözü ağlına və dilinə ala bilirsə, onun Türkiyəni fövqəldövlətə çevirmə yolunda çalışması və ya bu görüntünü yaratması umurumda belə deyil.

Amma Kılıcdaroğlunun, «vəzifə yan gəlib, yatılan yer deyil» – deyə hökuməti fəaliyyətsizlikdə ittihamına Ərdoğan çox möhtəşəm və qürurlu bir cavabıyla yaddaşımda qaldı: «Yan gəlib yatanlar xalqın 50 faizdən də artığının səsini ala bilməz. Xalq kimin işlədiyinin və kimin yatdığının fərqindədir» dedi Ərdoğan.

Bir siyasətçinin xalqdan böyük dəstək alması və bundan qürurlandığını görmək necə də xoşdur!

Dünən Rəcəb Tayyib Ərdoğan AK Partiyadakı çıxışında növbəti dəfə bu qürurunu dilə gətirdi, Fransa prezidenti Nikola Sarkozinin fikirlərinə kəskin reaksiyası ilə seçilən nitqində dedi ki, «Bizim kitabımızda mənbəyini xalqdan almayan bir hakimiyyət əsla qanuni ola bilməz. Türkiyə öz prinsipləri ilə yoluna davam edəcək»…

Türkiyədəki son seçkilər zamanı bu ölkədə intellektual əməklə məşğul olan tanınmış dostlarımızdan birinə, «Ərdoğan bu dəfə də səslərinin sayını artırsa, diktatorluğa yuvarlanar» – deyə yazmışdım. Seçki günüydü və dostum Ərdoğanın böyük səslə qalib gələcəyinə artıq heç bir şübhə olmadığını söyləyib cavab verdi: «Əsas odur ki, demokratiya qalib gəlir, əsas odur ki, kimisə və deməli, gələcək taleyini xalq özü seçir. Gerisi artıq subyektiv düşüncələrdir».

Ərdoğanın xalqdan 52 faiz səs almasına reaksiya birmənalı olaraq beləydi. AK Partiya seçkiləri saxtalaşdırmadı, rəqiblərini qeyri-qanuni üsulla sıradan çıxarmadı, siyasiləri türmələrə doldurmadı, onların konstitusion haqqını əlindən almadı. Sadəcə, yaxşı təbliğat apardı və seçkiləri uddu!

İndi də qürurlanır, fəxr edir və bunu bəyan etməkdən – hətta Nikola Sarkoziyə səslənərkən «xalqın səsini aldığını» xatırlatmaqdan çəkinmir. Bu söz «mənim arxamda xalqım dayanır» deməkdir; bu fikir «mənim apardığım siyasəti xalqım dəstəkləyir» deməkdir. Kimin hansı iradı ola bilər ki?! Kim bu qürurun qarşısında dayana bilər ki?!

Amma bizim seçmədiyimiz, seçilmədiyini özü hamıdan çox-çox yaxşı bilən prezident İlham Əliyevin bu cür qürurlanması mümkünsüz! İlham Əliyev «mənim arxamda xalqın böyük əksəriyyəti dayanır» deyə bilər, istisna etmirəm – zatən, bu ölkədə gözgörəti yalan danışmaq çoxdandır ki, ayıb sayılmır. Ancaq özü bilir ki, bu, belə deyil; bilir ki, onun arxasında xalq dayanmır; bilir ki, onun yürütdüyü siyasəti xalq dəstəkləmir. Çünki o, xalqın iradəsinin ifadəçisi deyil, onu biz seçməmişik!

Xalqın səsini alan siyasi hakimiyyətlə seçkini saxtalaşdırmaqla, siyasi rəqiblərini ölkədən qovmaqla, milləti zəlil etməklə hakimiyyətdə oturmağın fərqini Ərdoğanla Əliyev iqtidarlarının Nikola Sarkoziya verdiyi cavabda əyani müşahidə etmək olar:

Sarkozi Yerevanda «Erməni soyqırımını tanımaq üçün Türkiyəyə 3 ay vaxt tanıyırıq» fikrini işlətdi, Ərdoğan «Bir güzgüdə özünə bax» səviyyəsində Fransa prezidentini aşağıladı.

Sarkozi Yerevanda «Dağlıq Qarabağ məsələsində Ermənistanı Fransa kimi başa düşən ikinci dövlət yoxdur» sözünü işlətdi, İlham Əliyevdən ümumiyyətlə səs çıxmadı, PA-nın şöbə müdiri Əli Həsənovsa «biz bu fikirləri bölüşmürük» kimi olduqca cəsarətsiz, dişsiz, mənasız bir açıqlama ilə canını qurtardığını güman etdi.

Sarkozi Cənubi Qafqaz səfərində Türkiyəni sözlə təhdid etmişdi, sözlə də cavabını aldı. Azərbaycanı isə əməli, görüşü ilə təhqir etdi. YAP iqtidarının Sarkozinin bu saymazyana, yuxarıdan aşağı, təhqiramiz səfərinə cavabı bilirsizmi nə oldu? Novruz Məmmədov səviyyəsində «Sarkozi bir daha Azərbaycana səfər edəcək» kimi gülünc, acınacaqlı, zavallı və zəlil bir açıqlama…

Xalqı zəlil edib onun səsini oğurlayan bir hakimiyyət, əlbəttə ki, xarici güclər qarşısında oğru kimi zəbun olacaq!   

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button