Əliyevlərin Türkiyəsi

Əfqan Muxtarlı

 Türkiyə hökumətinin növbəti əcaib qərarı ilə üz-üzəyik. Qardaş ölkənin Xarici İşlər Nazirliyinin  qəbul etdiyi əlahiddə təlimata görə, Azərbaycan KİV-ləri  Mətbuat Şurasının müsbət rəyi olmadan  Türkiyədə nümayəndəlik aça bilməz. Təlimatı ona görə əlahiddə adlandırırıq ki, bu təlimat yalnız Türkiyənin Azərbaycandakı səfirliyi üçün nəzərdə tutulub. Avropa ölkələri, İran, hətta İsrail üçün belə əndrəbadı, beynəlxalq konvensiyalara zidd, demokratiya və söz azadlığına yönələn təlimat qəbul edilməyib. Ərdoğan hökuməti Əliyevləri tənqid edən mətbu orqanlara Türkiyədə nümayəndəlik açmalarının qarşısına sədd çəkib. Yəqin qarşılığında Əliyevlər sülaləsi üzərinə Ərdoğana müxalif olan KİV-ləri Azərbaycana buraxmamaq öhdəliyi götürüb.

Türkiyə hökumətlərinin bu tipli qərarları bizim üçün gözlənilməz deyil. Dəmirəl dönəmindən bu günə qədər Türkiyədə hakimiyyət başına gələnlər Əliyevləri himayə edib. Dəmirəlin milli hökumətin devrilməsində müstəsna xidmətləri hamıya məlumdur. Zatən Türkiyə siyasətinin “qladiatoru”  bu xidmətlərini danmır da. Sonrakı baş nazirlər də Əliyevlər üçün əlindən gələni əsirgəməyiblər. Qarabağ müharibəsində canlarını fəda edən türk qəhrəmanları istisna olunmaqla Türkiyə tərəfi Azərbaycana yalnız dönərsatanlar ixrac edib. Düz 19 ildir Türkiyə Azərbaycanda insan haqlarının pozulmasına göz yumur. Düz 19 ildir Türkiyə Azərbaycanda keçirilən saxta seçkilərə legitimlik donu geydirir. Düz 19 ildir Türkiyə Azərbaycandakı siyasi qətllərə haqq qazandırır. 19 ildir ki, Türkiyə  Azərbaycan türkünün malını talayıb milyonlara sahib olanlara qucaq acıb. Azərbaycanda yolsuzluqla qazanılan paralar Türkiyə iqtisadiyyatına axıdılır. Azərbaycanın qaniçən məmurlarına “Türkiyədə nə işin var” sualını vermirlər. Türkiyə xalqın qanını axıdaraq hakimiyyəti qəsb edən İlham Əliyevdən dəstəyini əsirgəmir.

Bu illər ərzində isə Türkiyə səfirliyinin Azərbaycanda mövcudluğu hiss edilmir. Türkiyə səfirliyi Azərbaycanın siyasi, mədəni, iqtisadi həyatında iştirak etmir. Azərbaycanda o qədər də sevilməyən Fransa səfirliyi Bakının mərkəzində “Fransa mədəniyyət mərkəzi” açır. Mərkəzdə bir-birinin ardınca Fransaya aid tədbirlər keçirilir. Yüzlərlə gənc həmin tədbirlərə qatılır. Azərbaycanda çoxlarının nifrətini qazanan Rusiya səfirliyi Bakının mərkəzində kitab mağazası açır. Türkiyə isə “Lahmacun” kafeləri ilə kifayətlənir. Polşa, Almaniya, Norveç səfirlikləri Azərbaycanda siyasi azadlıqlar məsələsini müzakirə edir, Türkiyə səfirliyi isə insan haqlarını Azərbaycanın daxili işi sayır. Bir həftə bundan əvvəl AXCP Gənclər Komitəsinin təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan” mövzusunda dəyirmi masa keçirildi. Tədbirdə Türkiyə səfirliyinin 3-cü katibi də iştirak edirdi. Çox dəyərli məsələlər müzakirə olundu. Hər iki ölkənin rəhbərliyi arqumentlərlə tənqid edildi. Səfirliyin 3-cü katibinin də çıxış edəcəyini gözləyirdim. O isə mətbuata yenicə gəlmiş müxbir kimi kitabçasına bir-iki cümləlik cızma-qara etməklə kifayətləndi. Tədbir başa çatan kimi də sözün əsl mənasında aradan çıxdı. Türkiyə hakimiyyətinin Azərbaycan xalqına münasibətinin 3-cü katibin münasibətindən fərqli olmadığına əminəm. Bu münasibətə görədir ki, Türkiyənin Azərbaycanda dayaqları getdikcə zəifləyir. Bu münasibətin nəticəsidir ki, İlham Əliyev çox asanlıqla Türkiyə bayraqlarını Azərbaycanda endirə bilir. Türkiyənin Azərbaycanda varlığının hiss edilməməsi səbəbindən türk məscidləri qapadılır, türk seriallarına qadağa qoyulur. Türkiyənin israrına baxmayaraq, Əliyev İsraillə münasibətlərini davam etdirir. Azərbaycan xalqı isə Əliyevin antitürk siyasətinə etiraz etmir. Çünki artıq Azərbaycan türkü üçün Türkiyə yad məmləkətə çevrilməkdədir. Əliyevlərin Türkiyəsi üçün kimsə başını dəyənək altına vermək istəmir.

“Xural” qəzeti,

il 9, sayı: 062 (472), 17 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button