Ərdoğan BMT-ni bir-birinə qatdı!

Türkiyənin baş naziri coşdu: «İşğal altında olan Fələstin torpaqlarıdır, İsrail torpaqları deyil!»

Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan sentyabrın 22-də BMT Baş Assambleyasının 66-cı sessiyasında çıxış edib. “Trtazerbaycan.com”un məlumatına görə, Ərdoğan beynəlxalq birliyə, BMT-yə, İsrailə və Kiprin yunan icmasına sərt mesajlar verib. Baş nazir BMT-nin bəşəriyyətin ümidlərini, insanlığın gələcəyini təhdid edən qorxulara qalib gələcək bir liderlik nümayiş etdirmədiyini söyləyib. O, qeyd edib ki, BMT müəyyən ölkələrin mənafeləri və diktəsi istiqamətində deyil, bütün insanların hüquqlarını müdafiə etmək istiqamətində yenidən formalaşmalıdır.

Afrikadakı aclıq fəlakətinə toxunan Ərdoğan “Somalinin fəryadını eşitməyən dünyada kimsə sülhdən, ədalətdən, mədəniyyətdən danışa bilməz” deyib: “Somalidə gördüyüm yoxsulluğu və acını izah etməyim mümkün deyil. Bir loxma çörək və bir damcı su ehtiyacı ödənmədiyi üçün on minlərlə uşağın öldüyü Somali faciəsi bir neçə kəlmə və ya cümlə ilə üstündən keçiləcək məsələ deyil və beynəlxalq birliyin üz qarasıdır”.

Ərdoğanın çıxışında ən önəmli hissə İsraillə münasibətlərə ayrılıb. Baş nazir BMT kürsüsündən İsrailə səslənib: “Sülhün yerinə qoyula biləcək heç bir şey yoxdur. Bu gün qarşılaşdığınız məsələ yalnız bəsit bir “təhlükəsizlik üçün sülh” məsələsi deyil. Yaxın Şərqdə yaşarmağa başlayan yeni siyasi və bəşəri coğrafiyanı doğru oxuyaraq davamlı toqquşma və ixtilaf siyasətini davam etdirmənin mümkün olmayacağını görməlisiniz”.

Baş nazir BMT-nin Yaxın Şərqlə bağlı qərarlarının heç birinin yerinə yetirilmədiyini vurğulayıb: “İsrail bu günə qədər direktiv xarakterli 89 qərarı yerinə yetirməyib. BMT-nin qəbul etdiyi, ancaq İsrailin heçə saydığı yüzlərlə qərar var. Daha da acı olan BMT-nin Fələstin xalqının yaşadığı insanlıq dramının sona çatmasını təmin edəcək heç bir addımı ata bilməyəcək qədər aciz qalmasıdır”.

Ərdoğan bölgədəki problemin İsrail hökumətinin mövqeyindən qaynaqlandığını bildirib: “Bu ölkəni idarə edənlər sülh üçün lazımi addımı atmaq əvəzinə hər gün sülhün qarşısına bir maneə çıxarmaqdadırlar. İşğal altında olan Fələstinin torpaqlarıdır, İsrail torpaqları deyil. Qeyri-bərabər gücdən istifadə edən İsraildir, amma sanksiya tətbiq olunmayan yenə İsraildir”. Türkiyə hökumətinin rəhbəri çıxışında Fələstinin BMT üzvü kimi tanınmasının vacibliyini vurğulayıb: “Türkiyənin Fələstin dövlətinin tanınması üçün verdiyi dəstək qeyd-şərtsizdir”. Ərdoğan beynəlxalq birliyi son günlərdə Aralıq dənizində vəziyyəti gərginləşdirmək istiqamətində addımlar atan Kiprin yunan tərəfini dayandırmağa çağırıb: “Yunan tərəfinin özbaşına dəniz sahəsi müəyyənləşdirməyə, bu sahələrdə neft və qaz axtarmağa başlaması zaman və ehtimal olunan nəticələr baxımından son dərəcə məsuliyyətsiz davranışdır. Yunan tərəfinin bu birtərəfli hərəkətinin qarşısında Türkiyə və Kıbrıs türk tərəfi təmkinlə hərəkət edəcək, ancaq beynəlxalq hüquqdan doğan haqlarını da qoruyacaq. İndi bütün tərəflərdən gözləntimiz yunan hökumətinin yalnız adada deyil, bütün bölgədə gərginliyə səbəb ola biləcək təşəbbüslərin qarşısının alınması istiqamətində səy göstərmələridir. Əks təqdirdə lazımi addımları atacağıq”.

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button