Ərdoğan Gözəlin qələmini qırdı?!

«Azərsun» rəhbəri Türkiyə baş nazirinin görüşünə niyə qatılmadı?

 

 Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın son Bakı səfərində türkiyəli iş adamları ilə səfirlikdə keçirdiyi görüşə «Azərsun» prezidenti Abdulbaqi Gözəl qatılmayıb

Bu barədə XuralTAC-a Türkiyənin Azərbaycandakı böyükelçiliyinə yaxın olan çox etibarlı mənbədən məlumat daxil olub. Xəbərdə bildirilir ki, A.Gözəl Türkiyə baş nazirinin görüş keçirdiyi iş adamlarının siyahısına daxil edilsə və ona dəvət göndərilsə də, «Azərsun» prezidenti görüşə gəlməyib.

Tayyib-Gözəl qarşıdurmasının səbəbləri haqda bildirilir ki, ümumiyyətlə, baş nazir Azərbaycana səfərində tərəddüd edirmiş. Belə ki, Türkiyədə xeyli müddətdir formalaşan ənənəyə uyğun olaraq, seçkilərdən sonra R.T.Ərdoğanın ilk səfərini Azərbaycana deyil, Kuzey Kıprısa etməsi bəzi tərəddüdlərlə bağlı imiş. Ərdoğan dəfələrlə narahatlıq ifadə edilməsinə baxmayaraq, PKK-nın əsas maliyyəçiləri sırasında adları keçən və Azərbaycanda çalışan iş adamlarına qarşı hər hansı addımın atılmamasından üzüldüyü üçün Bakı səfərinə hazırlaşmırmış. PKK-nın hələ də Azərbaycan Milli Məclisi tərəfindən rəsmən terrorçu təşkilat kimi tanınmaması və PKK təbliğatının aparılması mümkünlüyü qardaş ölkə rəsmilərini ciddi narahat edən məsələlər sırasındaymış.

Ancaq son anda Ərdoğan əmin edilib ki, PKK-nın terrorçu təşkilat olaraq tanınması məsələsi ən yüksək səviyyədə bəyan ediləcək. Yalnız bu güvəncdən sonra Türkiyənin baş naziri Azərbaycana ənənəvi səfərini gerçəkləşdirib.

Gözlənildiyinə uyğun olaraq, Azərbaycan prezidenti İlham Əiyev R.T.Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında PKK-nın terrorçu təşkilat kimi Azərbaycanda rəsmən tanındığını elan etdi. Doğrudur, bu «rəsmilik» ölkə prezidenti səviyyəsində deyilsə də, Milli Məclisdə qanunvericilik aktına salınmadığından, onun hələlik hüquqi qüvvəsi yoxdur. Ancaq Milli Məclisin payız sessiyasında Azərbaycan tərəfinin bu məsələni rəsmiləşdirəcəyi barədə vəd də gələn xəbərlər sırasındadır.

Ərdoğanın Bakı səfərində türkiyəli iş adamları ilə görüşdə «Azərsun» prezidentinin iştirak etməməsi bu kontekstdə olduqca önəmli mahiyyət daşıyır. Bildirilir ki, Ərdoğan Azərbaycan prezidenti ilə ikitərəfli görüşdə bəzi kürd iş adamlarına qarşı ciddi addımların atılacağı sözünü alandan sonra son anda Abdulbari Gözəlin görüşdə iştirakını yasaqlayıb.

Alternativ mənbədən xəbəri dəqiqləşdirmək üçün etdiyimiz çalışmalarımız isə maraqlı nəticəyə səbəb oldu. Məlumata görə, Ərdoğanın Azərbaycan hakimiyyətinə qarşı PKK adı ilə apardığı təzyiqlərə etiraz əlaməti olaraq A.Gözəl özü baş nazirin görüşündən imtina edib. Bildirilir ki, Rəcəb Tayyib Ərdoğanın Abdulbari Gözəlin qələmini qırması ikincini ciddi şəkildə narahat edib və o, görüşə qatılmamaqla bərabər, Azərbaycana təsir imkanları olan bəzi qruplarla təcili əlaqəyə girib.

Hər iki mənbənin təsdiqlədiyi məqam isə «Azərsun Holdinq» Şirkətlər Qrupunun taleyi ilə bağlıdır. Payıza doğru Azərbaycanın böyük şirkətlərindən olan və ciddi monopoliya yaratmış «Azərsun»un problemlər yaşayacağı istisna deyil.

Məlumat redaksiyaya gec daxil olduğundan, «Azərsun Holdinq»in münasibətini öyrənə bilmədik. «Xural» qəzeti olaraq qarşı tərəfin A.Gözəlin Ərdoğanla görüşdə iştirak etməməsinin səbəbini izah edən açıqlamasını dərc etməyə hazırıq.

XuralTAC

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button