Ərdoğanın İddiaları

Azər Qaramanlı

Ərdoğanın İsrailə qarşı tutumu artıq Qərbə qarşı çevrilməkdədir. BMT-nin Baş Assambleyasındakı Türkiyənin iddialı və bir qədər qəzəbli liderinin çıxışı bunu deməyə əsas verir. Əslində, Ərdoğan bu gün bir çox müsəlman liderlərinin bu günə qədər dillərinin ucunda saxladıqları sözləri dilinə gətirir. Və təbii ki, Ərdoğan bu cəsarəti nümayiş etdirə bildiyinə görə, bütün Yaxın və Orta şərqin liderinə çevrilməkdədir.

Əslində, Ərdoğan bu tutumu ilə Qərbə açıq mətnlə mesaj göndərir ki, yenidən geopolitik şəkillənmə içinə girən Yaxın Şərqin bir daha İsrailin patronluğu altına girməsinə razı olmayacaq. Əgər patronluğa hər hansı bir halda ehtiyac olacaqsa, Türkiyə bu patronluğa soyunacaq. Çünki bölgənin min illik tarixi Türkiyənin patronluğu altında keçib.

Ərdoğan açıq mətnlə həmçinin onu da deyir ki, bölgədə Türkiyənin iqtisadi-siyasi nüfuzu və gücü Qərbi qarşısına alacaq qədər yetərlidir. Əgər Qərb buna şübhə edirsə, o zaman bölgədən çəkilməyə indidən hazır olmalıdır.

«Ərəb baharı» inqilabları fonunda Türkiyənin bu tutumu çoxdan arzulanan bir haldı. Bəlkə də yüz ildi ki, Türkiyənin özü də daxil olmaqa bütün Yaxın və Orta Şərq dövlətləri Türkiyədən bu qərarlılığı gözləyirdi.

Hal-hazırda Ərdoğanın qərarlılığı hətta o səviyyəyə çatıb ki, Türkiyə lideri Kiprin yunan hissəsinin 2012-ci ildə Avropa Birliyinin Nazirlər Şurasına rəhbərlik etməsinə açıq şəkildə qarşı çıxır və bu halda Avropa Birliyi ilə bütün diplomatik əlaqələri kəsəcəyi ilə hədələyir.

Son iki ildə İsrailllə münasibətlərin durmadan gərginləşdiyi bir şəraitdə Qərbdə heç kim vəziyyətin bu səviyyəyə çatacağını güman etmirdi. Vəziyyəti acınacaqlı edən əsas faktor isə Qərbin uzun illərdir ki, Türkiyə ilə bağlı mövqeyini açıq ortaya qoya bilməməsidir. Əslində, Avropa Birliyi Türkiyə nə edəcəyini bilmir. Nə Türkiyəni öz içərisində görə bilir, nə də bu ölkəni özündən uzaqlaşdıra bilir.

Dəfələrlə Avropa Birliyinə üzv olmaq üçün diplomatit savaşlar verən Ərdoğan hökuməti artıq yorulub. O, artıq Avropa Birliyinə üzv olmaq üçün idda ortaya qoymur, əksinə, Avropa Birliyinə qarşı iddia qoyur.

Əgər Türkiyənin radikallaşmasının qarşısı diplomatik vasitələrlə alınmayacaqsa, o zaman «ərəb baharı» inqilablarının «antiqərb baharı»na çevrilməsi qaçınılmaz olacaq.

Yenidən iki qütblü dünyanın yaranma prosesinin hələ uzun illər davam edəcəyinə şübhə olmasa da, artıq bu prosesin içinə girdyimiz danılmaz faktdır. Türkiyənin bu prosesdə tutacağı mövqe proseslərə ciddi təsir edə biləcək və hətta prosesləri kökündən dəyişəcək səviyyədədir. Ərdoğan tutumu ilə dünyaya bildirir ki, heç kim Türkiyənin iştirakı olmadan yeni dünya düzəni qura biləcəyini zənn etməsin. Artıq Türkiyə Birinci və İkinci Dünya Savaşlarından sonrakı dönəmlərdə olan Türkiyə deyil. Türkiyə artıq özünün orta əsrlərdəki gücünə qovuşmaqdadır və bu güc özünün geopolitik önəmi ilə başqa güclərdən daha önəmlidir.

Qərbin və İsrailin Ərdoğanın yürütdüyü «böyük siyasətə» qarşı tutuacaqları mövqe hələ tam bəlli olmasa da, indidən aydındır ki, böyük karbohidrogen ehtiyatları və onların nəqli yolları üzərində nəzarəti saxlaya bilmək üçün Qərb Türkiyə ilə anlaşmaq zorundadır. Bu anlaşmanın içində İsrailin zərər çəkə biləcəyi ən ehtimal olunan variantdır.

Bu gün Ərdoğanın əsas hədəfi İsraili bölgəsəl güc olaraq ortadan qaldırmaqdır. Fələstin dövlətinin yaranması Ərdoğanın bu hədəfini reallaşdırmaq üçün əsas vasitədir.

Fələstin probleminin həlli və o cümlədən bölgədəki digər münaqişə ocaqlarının söndürülməsi üçün Türkiyənin bu gün qərarlılığını bu şəkildə sürdürməsi çox vacibdir.

Elə Türkiyənin ölkəmizdəki səfiri Hülusi Qılıcın ultimatum xarakterli son bəyanatı da bu baxımdan çox önəmlidir. Əslində, Ərdoğan səfirinin dili ilə Azərbaycan hakimiyyətindən və xalqından tələb etdi ki, apardığı savaşda Azərbaycan onun yanında olmalıdır. Əks təqdirdə, Azərbaycan uduzanların tərəfində qalacaq.

İndi Azərbaycan ən azından Qərb qədər seçim etmək prosesi içindədir.

Türkiyə yeni dövrün siyasi, iqtisadi və geosiyasi güc mərkəzi olaraq meydana çıxır. Mövcud şəraitdə Ərdoğanın atacağı hər hansı bir addım yeni dünya düzəninin şəklini dəyişə biləcək gücdədir. Bunu artıq Qərbdə bilirlər. Hər halda qərb özünün zənn etdiyi evdə «böyük yanğın»ın çıxmasına gedə bilməz. Bu, Qərb üçün öz maraqlarını öldürmək anlamına gələr.

 

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button