Əri Məhəbbət Vəliyevanı məhkəməyə verdi

Bu ilin fevral ayında tutduğu vəzifədən azad olunan təhsil nazirinin sabiq müavini Məhəbbət Vəliyeva həyat yoldaşı tərəfindən məhkəməyə verilib. 

Namiq Vəliyevin iddiası əsasında həyat yoldaşı M.Vəliyevadan Yasamal Rayon Məhkəməsinə şikayət olunub.

Şikayətdə ər arvad arasında əmlakın bölüşdürülməsi və digər məsələlər yer alır.

Məhkəmə Namiq Vəliyevin şikayətini təmin edib. Bundan narazı qalan M.Vəliyeva məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.

Qeyd edək ki, M.Vəliyeva bu ilin fevralında vəzifədən azad edilib. Təhsil Nazirliyi onun səhhətində yaranan problemlərə görə işdən ayrıldığını bildirsə də, yerli media Vəliyevanın hicab taxdığı üçün vəzifədən uzaqlaşdırıldığını yazmışdı.

Qeyd edək ki, bu ilin fevral ayında Təhsil nazirinin müavini vəzifəsindən azad edilən Məhəbbət Vəliyeva barəsində maraqlı iddialar səsləndirib. Təhsil Nazirliyi xanım nazir müavininin səhhətində problem olduğunu və öz ərizəsi ilə işdən getdiyini açıqlasa da, sosial şəbəkədə başqa versiyalar və mülahizələr irəli sürülüb.

“Qafqazinfo” “Yeni Müsavat”a istinadən xəbər verir ki, M.Vəliyevanın hicab taxdığı üçün nazirlikdən getməli olduğu iddia edilir. Sosial media istifadəçiləri yazırlar ki, işə hicab taxaraq gedib-gəlməsi birmənalı qarşılanmayıb, nazirliklə yollarını ayırmalı olub.

Nazirlikdən bildirilib ki, M.Vəliyeva 2020-ci ilin dekabrın 25-də öz ərizəsinə əsasən, səhhəti ilə bağlı tutduğu vəzifədən azad edilib.

M. Vəliyevanın özü isə modern.az-a açıqlamasında səhhətində problem olduğuna dair heç nə deməyib: “Mənim vəzifədən getməyimlə bağlı nazirlik tərəfindən nə açıqlama verilibsə, mətbuatda nə yazılıbsa, bu, kifayətdir. Həmin açıqlamanı verərkən məndən soruşub hazırlayıblar. Buna hansısa əlavəm yoxdur”.

Bundan sonra hansı sahədə fəaliyyət göstərəcəyinə gəlincə, M.Vəliyeva hər şeyi zamanın ixtiyarına buraxdığını deyib. Sabiq müavin sosial şəbəkələrdə hicaba keçməsi ilə bağlı yayılan məlumatı şərh etməyib.

Təhsil eksperti Kamran Əsədov onun işdən çıxması haqda mətbuatda və sosial mediada yayılan müxtəlif, ziddiyyətli məlumatlardan xəbərdar olduğunu bildirib:

“Diqqətçəkən məqam onun hicab bağlaması haqda iddialardır. Qanunvericilik bu məsələdə məhdudiyyət nəzərdə tutmur, sadəcə, Azərbaycan dünyəvi dövlətdir, tövsiyə olunmaya bilər. Amma düşünmürəm ki, onun işdən çıxması, yaxud çıxarılması hicab bağlamasına görədir. Bildiyim qədər vəzifəsindən getməsi səhhəti ilə əlaqədar olub. Hər kəsin vicdan azadlığı var. Yenə yaxınları daha yaxşı bilər, bildiyim qədər ciddi bir xəstəlikdən əziyyət çəkir”.

Qeyd edək ki, M.Vəliyeva 2018-ci ilin iyununda təhsil nazirinin müavini təyin edilmişdi. 28 dekabr 2015-ci il tarixdən həmin təyinatadək isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsində çalışmışdı.

P.S. Təhsil Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, sözügedən iddia doğru deyil: “Məhəbbət Vəliyeva səhhəti ilə bağlı öz istəyi ilə tutduğu vəzifədən azad edilib”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button