Əsgərlərimizi kimlər və necə öldürürlər?!

Kamran Kələş

Bir əsgərimiz də öldü. Öldü. Döyüşdə yox, cəbhədə yox, düşmənlə üz–üzə yox, burada, şəhərdə, xəstə yatağında öldü. Nə qədər ölüm xəbəri vermək olar bu xalqa? Nə qədər ordudaki neqativ hallardan danışmaq olar? Bir gün üçü, bir gün beşi, bir gün yeddisi ölür. Alışdırırlar sanki xalqı bu ölüm xəbərlərinə. Azərbaycan ordusundakı ölüm sayı az qala Türkiyə ordusundakı ölüm sayı ilə bərabərdir. Kişilər sabahdan-axşama qədər PKK ilə dağlarda-daşlarda vuruşur, tələyə-pusquya düşür, yenə bizdəki qədər əsgərləri ölmür. Həm də bir şey də var ki, onlar ölmürlər, şəhid olurlar. Bəs bizimkilər? Bir gün biri o birini, bir gün əsgər zabitini, bir gün intihar, bir gün zəhərlənmə və s. Bircə çürüməkdən ölmək qalmışdı, onu da göstərdilər bu xalqa. 18 yaşında ana quzusu bir uşaq, bu vətəni qorumağa göndərilən igid bir əsgər… Və bu əsgər, bu Azərbaycan gənci tam bir məsuliyyətsizlik ucbatından ölür – boş yerə, mənasız yerə. Məsuliyyətsizlik deyirəm, çünki onu ilk əməliyyat edən həkimdən tutmuş respublikanın müdafiə nazirinə qədər hər kəs məsuliyyətsiz yanaşıb məsələyə. Baxın, o həkim əməliyyatı yaxşı etsəydi və ya düzəlməyib fəsad verəcəyini bilirdisə, o əməliyyatı heç etməsəydi, daha sonra əməliyyat xeyir etməmişdisə, düzgün tədbir görülsəydi, müalicə burada mümkün deyildisə, Gülhanədə mümkün idisə, oraya vaxtında göndərilsəydi, Eldar Novruzov adlı Azərbaycan əsgəri indi yaşamış olacaqdı. Eldarın Gülhanəyə aparılması məsələsi günlərlə, həftələrlə yubadılıb – nə var-nə var hörmətli cənab nazir qol çəkməli, icazə verməli imiş. Bu qədər laqeydlikmi olar? Mən bu məsuliyyətsizliyin bir dəfə də şahidi olmuşam. Onda da müdafiə nazirliyinin yüksək rütbəli zabiti çox ağır vəziyyətdə bir aydan artıq gözləməli olmuşdu ağırtaxtalı nazirimizin mübarək imzasını. O da Gülhanəyə aparılacaqdı. İş o vəziyyətə çatdı ki, zabit ölümcül vəziyyətə düşəndə yenidən nazirə müraciət edib yadına saldılar ki, bəs adam ölür. Ondan sonra göndərildi. Şükür ki sağaldı və yaxşılışdı, bunlar da bu qədər məsuliyyətsizliyə cavab verəsi olmadılar. Bəs Eldarın ölümünə kim və necə cavab verəcək? Təxmini ssenarini hər kəs bilir. Başda nazir olmaqla yüksək vəzifəli və yüksək rütbəlilərin heç birisinə heç nə olmayacaq. Bir-iki adama töhmət veriləcək, uzağı bir adam da işdən çıxarılacaq, vəssalam. Bir dəfəyə Şəmkirdə yeddi əsgərimiz öldü, nə etdilər? Nazir onda nə məsuliyyət hiss etdi ki, indi nə hiss edə? Eləcə də digərləri.

 Haşiyə:

Mən əsgəri xidmətdə olanda ximət etdiyim hərbi hissəyə basqın etmişdilər və hərbi hissə növbətçisini öldürmüşdülər. Onda hərbi hissə komandiri hissə üzrə cavabdeh olduğu halda, o gecə heç hərbi hissədə olmayan qərargah rəisinə şiddətli töhmət verib növbəti rütbədən müəyyən müddət gecikdirmişdilər. Əvəzində birbaşa günahkar olan hərbi hissə komandirinə “Azərbaycan Bayrağı Ordeni” verdilər.

Yenidən məlumat aldıq ki, əsgərin ölümündə elə əsgərin özünü və valideynlərini günahlandırmaq istəyirlər ki, bəs biz yenidən əsgəri əməliyyat etmək istədik, nə özü, nə də ki valideynləri buna icazə vermədilər, ona görə də öldü. Bunu aktlaşdırdıqlarını da iddia edirlər, əllərində sənəd varmış.

Budur bizim ordumuz, budur bizim səhiyyəmiz, budur Azərbaycan reallığı. 2000 manat rüşvət verib uşağını “komissovat” elətdirib əsgər göndərməyəni qınayaqmı?

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button