Ətin qiyməti 11 manata qalxdı – Bakıda qəssab qiyamı gözlənilir!

 Kənd Təsərrüfatı və İqtisadi İnkişaf Nazirliklərinin iddialarına baxmayaraq, paytaxt Bakıda və regionlarda ətin qiyməti artmaqda davam edir. Məmurların yumurtada olduğu kimi, ətin də qiymətini administrativ resurslardan istifadə edərək stabil saxlamaq cəhdləri uğurlu alınmayıb.

Dünən ət bazarında vəziyyətlə tanış olmaq məqsədi ilə Keşlə bazarında və Nərimanov rayonu ərazisində olan ət dükanlarında olduq. Qeyd edək ki, hakimiyyət quzu ətinə 9, dana ətinə 8 manat qiymət qoyub. Ət dükanlarının hamısında qiymətlər yazılmış lövhələr vurulub. Keşlə bazarının sallaqxanasında da eyni mənzərənin şahidi olduq. Sallaqxananın qapıları üzərində və divarlarda qiymət yazılan iri lövhlər asılmışdı. Lakin qəssablar elə həmin lövhələrin altındaca əti daha baha qiymətə satırdılar. Keşlə bazarında quzu əti 9 manat 50 qəpiyə, dana əti isə 8 manat 50 qəpiyə satılırdı. Biz lövhələrlə real qiymət arasında fərqə görə narazılıq etdik:

– Axı başınızın üzərində tamam fərqli qiymət yazmısınız.

– O qiymətləri biz yazmamışıq. Orada yazılan qiymətə ət satmaq heç kimə sərf etmir.

Qəssablar bizə ətin dövlət qoyan qiymətlərə satılmasının mümkün olmadığını bildirdilər. Onların sözlərinə görə, rayonlarda diri heyvanların qiyməti artıb: “Əvvəlki aylara nisbətən indi rayonlarda heyvanı baha satırlar. Biz də baha satmalı oluruq. Ətin hər kilosu bizə 8 manat başa gəlir. Axı biz də əziyyət çəkirik. Yer pulu, vergi ödəyirik. İndi bura qiymət yazmaqla deyil ki? Ticarətin də öz qanunu var”.

Qəssablar bizə xaricdən heyvan gətirilməsinin də çətinləşdiyini bildirdilər: “Bakıda heyvan alveri ilə məşğul olan adamlar var idi. Onlar Gürcüstandan və Dağıstandan Azərbaycana diri heyvan gətirirdilər. İndi onlara heyvan gətirməyə imkan vermirlər. Gömrükdə ya malı Azərbaycana buraxmırlar, ya da həddən artıq çox “şapka” tələb edirlər. Ona görə də Azərbaycanda ətin qiyməti qalxıb”.

Bazardan kənarda olan ət mağazalarında da eyni halı müşahidə etdik. Lakin bazardan fərqli olaraq kənarda olan ət dükanlarına qoyulan qiymətdən bahasına ət satılmasına imkan verilmir. Bu qadağanı pozanlar İqtisadi İnkişaf Nazirliyinin müfəttişləri tərəfindən cəzalandırılır. Fərdi ət dükanlarının sahibləri bizə İqtisadi İnkişaf Nazirliyinin gözdən pərdə asdıqlarını söylədilər: “İri bazar və sallaqxanaların sahibləri müfəttişlərlə anlaşır. Müfəttişlər rüşvət və tapşırıq əsasında bazarlarda ətin qoyulan qiymətdən baha satmasına göz yumur. Bu məsələ nazirlik səviyyəsində həll olunub. Amma xırda qəssablara qan uddururlar. Bizə işləməyə ailəmizə bir tikə çörək qazanmağa imkan vermirlər”.

Nərimanov rayonu  Fətəli xan Xoyski prospekti ilə Ağa Nemətulla küçəsinin kəsişdiyi nöqtədə yerləşən ət dükanının müfəttişlər tərəfindən bağlandığının şahidi olduq. Dükanın satıcısı uca səslə müfəttişlərə öz etirazını bildirirdi: “İmkan vermirsiniz ki, kasıb camaat evinə bir tikə çörək aparsın. Axı mən mağazanı nəyə görə bağlamalıyam?”

Ət dükanının Qurban adlı satıcısı bizə mağazanın əsassız bağlandığını bildirdi: “Ətin üstündə möhür olmadığını bəhanə edirlər. Əslində, bu, onların səlahiyyətinə aid deyil. Bundan başqa, həkim ətə baxıb. Həkim özü də telefonla müfəttişlərlə danışdı. Qardaş, kasıb camaatı işləməyə qoymurlar. Mağazanın bağlanmasına da səbəb budur”.

Biz məsələ ilə bağlı müfəttişlərin də rəyini öyrənməyə cəhd etdik. Lakin onlar bizə məlumat verməkdən imtina etdilər:

– Biz sizə heç bir məlumat verməyəcəyik. Məlumat verməyə də borclu deyilik. Özümüz bilərik.

Özündən razı müfəttişlərə KİV haqqında qanunu xatırlatmağımızın da faydası olmadı.

Əslən Bərdə rayonundan olduğunu söyləyən Sənan bəy qardaşına kömək etdiyini bildirdi:

– Qardaşım burada işləyir. Bu gün ona kömək etmək üçün gəlmişəm. Bizə işləməyə imkan vermirlər.

– Əti neçəyə satırsınız?

– İndi ət satmaq sərfəli deyil. Quzu ətini 9, dana ətini 8 manata satırıq. Amma bu “aldım qoz-satdım qoz” alveridir. Sadəcə, müştəriləri itirməmək üçün işləyirik. Ümid edirdik ki, vəziyyət düzələr. Amma belə davam etsə, Bakıda qəssabxana qalmayacaq.

– Ət niyə bahalaşıb?

– Mən Bərdə rayonundanam. Azərbaycanda ən böyük mal bazarlarından biri Bərdədə yerləşir. İndi Bərdədə ətin qiyməti 8 manatdır. Axı rayonda 8 manata olan əti Bakıda həmin qiymətə satmaq olmaz.

– Rayonlarda bahalığa səbəb nədir?

– Rayonda ailəmizə məxsus 30 metr uzunluğunda 2 mal tövləsi var. İkisi də bomboşdur. Çünki heyvan saxlamaq sərf eləmir. Keçən il bu zaman ot bağlamasını 1 manata alırdıq. Bu il ot bağlaması 2 manata olub. Qüvvəli yem və buğda kəpəyinin qiyməti iki dəfə artıb. Bu vəziyyətdə mal saxlamaq sərf etmir. Rayonlarda kənd təsərrüfatı ilə məşğul olmaq gəlir gətirmir. Bu üzdən rayonda 2 mərtəbəli böyük evimizi qoyub Bakıya üz tutmalı olmuşuq. Burada da ailəmizi dolandırmağa imkan vermirlər.

Dünən ölkədə ət ticarəti ilə məşğul bir neçə iş adamı ilə görüşdük. İş adamları qısa müddət ərzində Azərbaycanda ətin kilosunun 10-12 manat olacağını bildirdilər. Onların sözlərin görə, daxili istehsal ölkənin ət tələbatını ödəmir: “Azərbaycanda bəslənən mal-qara ilə ölkənin tələbatını ödəmək mümkün deyil. Digər tərəfdən, heyvan yeminin qiyməti durmadan artır. Yoncanın bir bağlaması 2 manata satılır. Üstəgəl dəyirmanlar işləmədiyindən kəpək yoxdur. Qüvvəli yemə gömrükdə elə rüşvət alırlar ki, heç kim bu sahədə işləmək istəmir. Bütün bunlar ətin qiymətinin qalxmasına səbəb olur. İstənilən halda xaricdən heyvan gətirilməlidir. Bizim millət gözü qarşısında kəsilməyən heyvanın ətini almır. Buna görə heyvan mütləq Gürcüstan və Dağıstandan alınmalıdır. Çünki uzaq ölkələrdən heyvanın alınması baha başa gəlir”. İş adamlarının sözlərinə görə, xaricdən diri heyvan alınmasına imkan verilmir: “Əvvəllər rüşvət versək də, Gürcüstan və Dağıstandan mal alıb gətirə bilirdik. Amma indi elə vəziyyət yaradıblar ki, biz mal ala bilmirik. Gömrük işçiləri acıq şəkildə deyirlər ki, ölkəyə heyvanı yalnız bir şəxs gətirə bilər. Bu şəxs də şübhəsiz ki, Kəmaləddin Heydərov olacaq”. İş adamları polis gücünə ətin qiymətinin stabil saxlanılmasının mümkün olmadığını da dilə gətirdilər: “Polisin, həkimin, müfəttişlərin hesabına ətin qiymətini stabil saxlamaq mümkün deyil. Belə getsə, Bakıda qəssab üsyanı baş verəcək. Axı 8 manat 10 qəpiyə başa gələn əti 8 manata satmaq olmaz”. İş adamları mütləq məsələyə dövlət başçısı səviyyəsində reaksiya verilməsinin vacib olduğunu söylədilər: “Yumurtanın qiyməti qalxanda İlham Əliyev müşavirə keçirdi. “Yumurta müşavirəsi”ndən sonra qiymətlər aşağı düşdü. Çünki həmin müşavirədən sonra yumurta biznesində monopoliya aradan qaldırıldı. Heyvan alqı-satqısı ilə məşğul olanlar və qəssablar İlham Əliyevin “ət müşavirəsi” keçirməsini gözləyir. Biz istəyirik ki, ət monopoliyasına son qoyulsun. Ölkəyə mal yemi gətirənlərdən rüşvət almasınlar. Əmin olun ki, belə olarsa ətin qiyməti az zamanda aşağı düşər. Gömrükdə rüşvət yığışdırılsa, ət qiyməti indikinə nisbətən 35 faiz aşağı olar”.

 Əfqan Muxtarlı

Nürəddin Xoca

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Keşlə bazarı
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button