ƏVƏZ ZEYNALLI: “GÜNDƏLİK QƏZET HƏR GÜN ÇIXMALIDIR”

16.09.11

Aparıcı həftəlik nəşrlərdən olan “Xural” qəzeti gündəlik çıxmaq hazırlıqlarını başa çatdırır. Sentyabrın 16-da “Media forum” saytına danışan təsisçi və baş redaktor Əvəz Zeynallı deyib ki, sentyabrın 20-dən qəzet hər gün – həftədə yeddi dəfə işıq üzü görəcək.

Əvəz Zeynallı qeyd edib ki, qəzetin dövriliyinin artması redaksiyada yenilkiləri qaçılmaz edir: “Bizim redaksiya Bakının Nərimanov rayonunda yerləşir. Həftəlik çıxanda üç otaq bizə bəs edirdi. İndi daha bir otaq kirayələmişik. İşçilərin sayında da artım var – beş-altı nəfər. Bir xeyli köşə yazarını da “Xural”a cəlb etmişik”.

Baş redaktor əlavə edib ki, qəzet A3 formatda, 16 səhifə həcmində çıxacaq: “Həftəlik qəzet olaraq tirajımız 4000-dir. Gündəlik nəşr kimi 1300-1400 nüsxədən başlayacağıq”.

“Həftədə bir dəfə çıxan qəzetin birdən-birə yeddi dəfəyə keçməsi çətin olmazmı” sualını Əvəz Zeynallı belə cavablandırıb: “Redaksiya müzakirələrində bəzi əməkdaşlar həftədə beş dəfədən başlamağı təklif edirdi. Açığı, yeddi dəfə çıxmağı mən təkid etdim. Dedim ki, gündəlik qəzet hər gün çıxmalıdır. İnşallah, xüsusi çətinlik yaşamarıq”.

2002-ci ildə yaradılmış “Xural” qəzeti o vaxtdan həftədə bir dəfə – bazar günləri çıxır.

Media Forum

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button