Əvəz Zeynallı Cəmil Həsənliyə cavab verdi

Əvəz Zeynallı
Milli Şuranın sədri Cəmil Həsənli özünün facebook səhifəsində Əvəz Zeynallının İstanbulda “Qaynar Qazan” layihəsində 1994-1995-ci il hadisələrinin iştirakçısı olmuş Fərman Dəmirqolla götürdüyü müsahibədən yazıb. Üzdə guya Fərman Dəmirqolu tənqid edən Cəmil Həsənli əsas hədəf kimi Əvəz Zeynallını göstərib və onu “…Ferman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında” hansısa komplonun içində yer almaqda ittiham edərək hədəfə çıxarıb. Cəmil Həsənli yaşına yaraşmayan şəkildə səhifəsində Əvəz Zeynallını söydürüb və bunu seyr edib. Əvəz Zeynallı Cəmil Həsənliyə özünün facebook səhifəsində cavab yazıb. Xural.com statusu olduğu kimi təqdim edir:
“DİQQƏT CƏMİL HƏSƏNLİYƏ!
İnsan obyektivlik hissini itirəndə ölür – hər zaman bu cür düşünmüşəm. Allah eləməsin, Cəmil Həsənli haqqında belə düşünmürəm, inşallah, onun Azərbaycana xidməti hələ çox olacaq, ancaq 5 saat bundan əvvəl yazdığı, mənim indi oxuduğum statusu mənə münasibətdə obyektiv deyil. Obyektiv olmadığı üçün də mənim üçün Cəmi Həsənli tamam. Hadisə isə nədən ibarətdir?
Hamının bildiyi səbəblə İstanbuldayam. Qızları İstanbul Universitetinə qeyd etdirməyə gəlmişəm. Bu işlərlə məşğul ola-ola da təbii ki, dostlarla görüşmüşəm, bəzi müsahibələr almağa çalışmışam. Mənim planımda Fərman Dəmirqolla müsahibə olmayıb – o, heç bir zaman tanıdığım və maraq göstərdiyim adam da olmayıb.
Çox cəhd elədim ki, Sürət Hüseynovla müsahibə alım. Hətta Mübariz Mənsimova da gəlməmişdən yazmışdım, amma alınmadı. Sürət Hüseynov İstanbulda deyil, Mübariz Mənsimovdan da xəbər çıxmadı. Təbii ki, başqa müsahibələrimiz oldu, hələ bir neçə müsahibə də var, olacaq. Amma Azərbaycan əsilli bir dost, çay söhbətində tamam təsadüfən “Fərman Dəmirqolla müsahibə ala bilərsənmi?” deyəndə çox məmnun oldum. “Onu tanıyırsan? Müsahibə verər? Müsahibə verərsə, təbii ki” dedim. Danışdıq, Sonra birlikdə yenə həmin dostumun iş yerində görüşdük, bir çay içdik.
Mən Fərman Dəmirqolu ilk dəfə görür, danışırdım. Söhbətimiz boyu da incik tonunu hiss etdim. Ona müsahibə təklif etdim, “mən Azərbaycan mətbuatına müsahibə vermərəm” dedi. Səbəbini soruşdum, “çox müsahibə vermişəm, amma verməyiblər” dedi. O zaman canlı yayın təklif etdim. “Buyurun, canlı çıxın danışın, dediyiniz hər sözün getdiyinə əmin olun” dedim. Vəssalam. Belə oldu müsahibənin tarixi. Doğurduğu rezonans böyük olduğu üçün yaranan suallara cavab vermək məqsədi ilə təkrar müsahibə götürdüm. Rekord baxış oldu. Bir həftəyə 1-ci müsahibəyə 65.000, 2-ci müsahibəyə 13.000 adam baxıb. Bu, bizim kanal üçün böyük göstəricidir. Təbii ki, gələnə qədər ehtiyac olsa, 3-cü müsahibəni də edə bilərəm.
Bir neçə gün əvvəl Cəmil Həsənlinin dəstəsinə aid olan və Amerikada fəaliyyət göstərən bir kanalda da bu haqda danışmışdılar. Elçibəyin “elə edin ki, gözüm bu adamı görməsin” dediyi bir adam nəfəsi tıncıxa-tıncıxa mənim hansı pullarla İstanbula gəldiyimdən və Mehriban Əliyevanın piarına dəstək verdiyimdən danışırdı. Fikir vermədim. Bir cümlə cavabla kifayətləndim. Amma Cəmil Həsənlinin dolayısı yolla bu cəfəngiyyatı təkrar etməyi mənim üçün ona görə cavaba layıqdır ki, deməli, tezis ya Cəmil Həsənlinindir, ya da Cəmil bəy deyilənlərə şərikdir. Olsun, bu da Cəmil müəllimin haqqıdır.
Amma və lakin Cəmil Həsənli mənim haqqımda belə fikir yaratmağa haqlı deyil. Anlamıram, onsuz da bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki. Etsinlər, can onların, cənnət Tanrının, amma mən belə şeylərdən qorxmuram axı. Mənim bütün ömrüm savaşlarda keçib və bu, indi də davam edir, bunu bilməlidirlər. Ancaq bu savaş Əliyevlərlə savaş olub. Bunlar Əliyevlərin stolunun başında oturanda mən Əliyevlərin zindanlarında oturmuşam. Mən zindanda olanda, Cəmil Həsənli Əlimərdan Topçubaşovun kitabını – Anar Məmmədlinin həbs olunduğu gün nəşrə verib. Bilirsinizmi, kimin patronajlığında və aranjimanında – Hafiz Paşayevin! Ön sözü də Hafiz Paşayev yazıb – Cəmil Həsənlinin Əliyevlərə necə xidmət etdiyini bəlağətlə təsvir edib. Mehriban Əliyevaya xidmət belə olur. Bunların hamısı sabitdir, məndədir, yazılıdır – kimsə mənə ağıl öyrətməyə qalxmasın!
Günümüzə bax, İlham Əliyev rejimi də kimə, nə sual verməyimizi müzakirə-qadağan edir, bunlar da. Rüstəm Usubov da mənimlə nəyi, necə yazmağım haqqında kabinetində bağırır, Cəmil Həsənli də kimə, nə sual verəcəyimi müzakirə edir. Əli Həsənov və mediası da məni hədəf bilib qaralayır, Cəmil Həsənli və Elçibəyin “gözüm onu görməsin” dediyi zavallı biçarə də. Allah göstərməsin, sizmi hakimiyyətə gəlib demokratik cəmiyyət quracaqsınız?! İnanmıram, belə hərəkətlərinizdən sonra isə sizi Azərbaycan üçün təhlükəli görürəm.
Hər şey bir tərəfə, Cəmil Həsənlinin məni hədəf göstərib səhifəsində söydürməsini tam ona yaraşdırdım. Bir neçəsini də tanıdım. Allah qollarına qüvvət versin. Kim mənə nə deyir, nə yazırsa, iki mislini özünə qaytarıram, kim mənə nə arzulayırsa elə onun da iki misli özünə qismət olsun.
Cəmil Həsənli isə narahat olmasın, Bakıya qayıdan kimi onu “Qaynar Qazan”a dəvət edəcəyəm. Bir neçə dəfə etmişəm, gəlməyib, bu dəfə də edəcəyəm. Ona çoxlu suallarım var mənim də…
Hə, başda yazmışdım – insan obyektivlik hissini itirəndə ölür. Allah hamının ölənlərinə rəhmət eləsin!”
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button