Əvəz Zeynallı Elmira Süleymanovanı təcridxanaya çağırdı

29.08.2012

Hazırda BİT-da həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanovaya müraciət edib. Əvəz Zeynallı səhhətində problemlər yarandığı bir vaxtda  bilərəkdən, yaxın ətrafından qanunsuz olaraq tamamilə təcrid edilməsinə qəti etirazını bildirib.

CM-nin 213.1, 306.2, 311.3.2, 311.3.3 və 311.3.4-cü maddələri ilə saxta və siyasi ittihamlar əsasında təqsirləndirilən vicdan məhbusu Zeynalov Əvəz Tapdıq oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Elmira xanım!

Artıq 10-cu aydır ki, Bakı İstintaq Təcridxanasında saxlanılıram. Burada təqsirləndirilən şəxslərin saxlanılma şəraiti nisbətən yaxşı olsa da, digər siyasi və mətbu hüquqlar təxminən yox kimidir. Bu nisbətən yaxşılaşdırılmış şəraitin arxasında ciddi rüşvət mexanizmi yaradılıb ki, həmin mexanizm insanın bütün hüquqlarını çeynəməklə məşğuldur. Təqsirləndirilən şəxslərin ailəvi görüşləri problem edilir, hər hansı məktublaşmalar məhdudlaşdırılır, şikayət ərizələri ünvanlarına çatdırılmır. Şəxsən mənim bir siyasi məhbus kimi hüquqlarım tapdalanır və mən onları müdafiə etmək üçün atdığım bütün addımların qarşısı alınır. Şikayətlərim əlaqədar orqanlara çatdırılmır. Rəislə görüşə bilmirəm.

Konkret faktlar əsasında aşağıdakı məqamları diqqətinizə çatdırmaq istəyirəm;

1. Təcridxanada məni ikiqat, üçqat nəzarətdə saxlayırlar. Kiminlə görüşürəm, kiminlə salamlaşıram, kim mənə bir söz deyir-bunların hamısı nəzarətçilər demiş “radar”a düşür və dərhal rəisə məruzə olunur. Mən bu haqda sizə də müraciət etmişəm və mətbuatda bu haqda məlumatlar dərc olunub, amma nəzarət azalmaqdansa daha da şiddətlənib. Bu nəzarətçilərdən birini nəhayət tapdım və onun haqqında BİT rəisi Elxan Sadıxova müraciət etdim. Bu təcridxana əməkdaşının adı Vahid, soyadı isə Əliyev idi. Bu adam məni addım-addım izləyir, hətta az qala hava almağıma da müdaxilə edir. Mən səlahiyyət həddini aşan bu Vahid Əliyev haqqında 13.07. 2012-ci ildə BİT rəisi Elxan Sadıxova rəsmən müraciət etdim. Tədbir görülmək əvəzinə əməkdaş məzuniyyətə göndərildi. Güman ki, onu indi başqaları əvəz edir və Vahid Əliyev məzuniyyətdən qayıdandan sonra “peşə”sinə davam edəcək. Hələ də anlamaqda çətinlik çəkirəm ki, məni təcridxanada belə rahat buraxmamaq kimə və niyə sərfəlidir? Və o sualıma da cavab tapa bilmirəm ki, bunu kimin sifarişi ilə edirlər?

2. Məni beynəlxalq təşkilatlardan, Ombusman Aparatının əməkdaşlarından gizlədir, onlarla görüşmək imkanlarımı ortadan qaldırırlar. Ötən ay BİT-ə gələn ATƏT nümayəndələri ilə görüşmək planı olsa da iki gün ard-arda mənim məhkəmədə olduğumu bildirərək, ATƏT nümayəndələri ilə görüşməyimə imkan verməyiblər. Ondan bir neçə gün sonra Ombusman Aparatının əməkdaşları ilə görüş olacağını desələr və ona hazırlaşsam da “vaxt olmadı” dedilər və görüş yenə alınmadı. Sonra müəssisə rəhbərliyinə daxil olan səlahiyyətlilər isə dedilər ki, Ombusman Aparatının əməkdaşları oturub təqsirləndirilən şəxs gözləsələr də, onlarla görüşmək üçün adam tapmaqda çətinlik çəkiblər. Maraqlıdır, beynəlxalq təşkilatlarla və yerli hüquq müdafiəçiləri ilə mənim görüşməyimin qarşısı niyə alınır? Bunu təcridöana rəhbərliyi özümü edir, yoxsa arxada bir sifariş verən var? Mən bu suallara da cavab axtarıram.

3. Təcridxanadan şikayət məktubları demək olar ki getmir, ya da o qədər gec göndərilir ki, bəzən heç effekti olmur. Məsələn, təcili göndərilməli olan vəsatətlər məhkəmə iclasları keçiriləndən sonra gedib çatır ki, o zaman heç lazım da olmur. Xüsusilə Ədliyyə naziri Fikrət Məmmədov və Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan məktublar bir qayda olaraq göndərilən ünvana yetişmir. Hələ bu məktublarda təcridxanadan, buradakı neqativ hallardan bəhs olunursa, heç mümkün deyil. Bir neçə dəfə həm nazir Fikrət Məmmədova, həm Penitensiar Xidmətin rəisi Mədət Quliyevə, həm də digər qurumlara göndərdiyim məktublar ünvanlarına çatmayıb. Hətta Ombudsman aparatına göndərdiyim məktublar göndərilmir. Halbuki, qanun açıqca göstərir ki, təcridxana rəisi Ombudsmana gönlərilən məktubları nəinki oxumamalı, hətta açmamalıdır. Amma BİT-də o qayda çoxdan ləğv olunub. Burada rəis bütün məktub-ətizə-şikayətləri oxuyur, araşdırır, məsləhət gördüyünü göndərir, məsləhət görmədiyini də gedər-gəlməzə göndərir. Beləcə, bir çox sahələrdə demokrat kimi tanıdığımız Elxan Sadıxov məktub-ərizə-şikayət məsələsində diktator və senzordur. Nə üçün? Nə üçün BİT rəisi bütün məktubları oxumalı və istəmədiyini ünvanına göndərməməlidir? Nə üçün BİT rəisi Ombudsmana göndərilən məktubu açmalı, Ədliyyə Naziri və Penitensiar xidmət rəisinə göndərilən məktubları senzuradan keçirməlidir? Axı qanun ona bu səlahiyyəti vermir. Təqsirləndirilən şəxslərə yaradılan qismən normal şərait bu tip qanunsuzluqların baş alıb getməsinə və siyasi hüquqların tamamilə pozulmasına gətirib çıxarmamalıdır axı? Elementar insan hüquqları pozulmamalıdır axı? Məhz elə bu hüquq pozuntularını dilə gətirəcəyim ehtimalı ilə mənim hüquq müdafiəçilərindən gizlədilmə prosesi gedir. Kimin sifarişi ilə? Niyə?

4. Vəkilimlə konfidensial görüşümü pozduğuna, bizi dinlədiklərinə, güddüklərinə görə Bakı İstintaq Təcridxanasını məhkəməyə vermişik. Həm Elçin Sadıqov, həm də mən. Təxminən üç aydır ki, Təcridxana israrla məni məhkəməyə aparmaqdan imtina edir. Hakimin hər dəfə çıöardığı xəbərdarlıqlara məhəl qoymamaq BİT üçün adi və sıradan bir əmələ çevrilib. Güman ri, bütün bu neqativ halların məhkəmə çəkişməsində üzə və ortaya çıxmasınlan ehtiyatlanırlar. Amma hara qədər? Nə qədər?

5. Ailəmlə görüş məsələsi isə ərəb saçına dönüb. BİT Ağır Cinayətlər Məhkəməsinin, onlar da BİT-in üzərinə atılar. Qanun birmənalı şəkildə göstərir ki, təcridxana rəhbərliyi ailə ilə görüş verməlidir. CPM-in 161.03-cü maddəsinə görə, həbsdə saxlanılma yerinin müdiriyyəti həbsdə saxlanılan şəxsin ailə üzvləri, dostları və ya əlaqələri, onun üçün qanuni maraq doğuran digər şəxslərlə ləyaqətli şəraitdə və nəzarət altında görüşlər keçirməsini təmin etməlidir. Bundan başqa, Milli Məclisin qəbul etdiyi və prezident İlham Əliyevin 06 iyul 2012-ci ildə imzaladığı “ Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun tələblərinə əsasən həftədə iki dəfə 15 dəqiqədən az olmayaraq telefonla danışa və ayda 4 dəfə 4 saatdan az olmamaq şərti liə ailəmlə görüşə bilərəm. Amma nə yazıqlar olsun ki, hər iki qanuna məhəl qoyulmur. Nə prezidentin imzaladığı son qanuna, CPM-ə. Dəfələrlə müraciət etməyimə baxmayaraq məhkəmədən məktub istədilər. Ötən ay elə bir məktubu aldım. Mənə dedilər ki, bir məktub əsasında bir neçə görüş verə bilərlər. Amma indi məndən yenə məktub tələb edirlər. Məhkəmə heyəti isə tətildə, istirahətdədir. Bu ötür-ötür oyunu əslində, rüçvət üçün qurulan mexanizmdən başqa bir şey deyil. Məktub da bəhanədir. Hər gün yüzlərlə adam ailəsi ilə görüşür, telefon saxlayır, telefonla danışır. Əlin cibində olsun yetər. Görüşün saatı 50-100 manat arasında dəyişir. Heç kimə də məhkəmədən məktub lazım olmur. Ya da bir məktubla onlarla görüş verirlər. Verə bilirlər. Prezidentin imzaladığı qanunu ona görə tətbiq etmirlər. O qanundan sonra hər görüşdən istədikləri qədər pul ala bilməyəcəklər axı. Rüşvət mexanizmi isə tam gücü ilə işləyir. Vicdan məhbusuna, siyasi məhbusa, ziyalıya, jurnalistə gələndə məhkəmə ilə ötür-ötür oyunu, pula gələndə problem yoxdur! Belə idarəetməmi olar? Mənim gözlərimin qarşısında, bir gündəlik qəzetin baş redaktorunun burnunun dibində bu boyda qanunsuzluqları edirlərsə, edə bilirlərsə, o zaman kimə, nə deyəsən? Burada hər şey puldur. Aldığın nəfəsin də pulunu verməlisən. Bəzi şeyləri israrla məndən gizlətsələr də, zaman-zaman bilir, öyrənirəm. Ailəmlə görüş istəyəndə başıma gələnlərin öyrətdikləri kimi. Bu rüşvət mexanizminin kökünü qazımaq mümkün deyilmi? Mən niyə qanuni görüş haqqımı almamalıyam? Niyə ailəmlə normal əlaqə saxlamamalıyam? Niyə normal məktub yazmamalıyam? Həbsi və məhdudlaşdırmanı bəhanə edib, insanların son qəpiklərini də əlindən almağın ən iyrənc yollarını axtarıb tapırlar. Bilirlər ki, adamlar ailələri ilə əlaqə saxlamaq üçün nə dezən, nə qədər desən verirlər. Bəs o zaman mən nə edim? Hə, Elmira xanım? Pulum yoxdur. Olsa da vermərəm. Versəm də götürməzlər. O zaman necə olsun? Qanuna da əməl etmək istəmirlər. Qanun rüşvətin, korrupsiyanın qarşısını alır axı. Ümid edirəm ki, məsələni ictimailəşdirəcək və lazımi tədbirləri görəcəksiniz. Baxmayaraq ki, dəfələrlə çağırış və müraciətlərimə baxmayaraq mənimlə görüşməyibsiniz. Siz ki, heç kimə xəbər vermədən, istənilən an təcridxananın qapısından içəri girə bilərsiniz? Siz ki, həm də informasiya müvəkkilisiniz? Vəzifənizi yerinə yetirməyə maneə olanmı var? Sizə yazdıqlarım şahid olduğum, gördüyüm onlarla, bəlkə də yüzlərlə çatışmazlıqlardan sadəcə bir neçəsidir. Mən bütün bu halları yaddaşımın “yaddaş kartı”na yazıram. Bütün bu pisliklərdən ölkə və dünya da nə vaxtsa xəbər tutacaq. Hər şeyi gələcək nəsillərə çatdıracağam. Buna əminəm. Amma indiki şəraitdə baş verən qanunsuzluqlara sizin müdaxiləniz gərəkməkdədir. Məni ölkənin birinci şəxsinin razılığı ilə həbs ediblər. Həbs etdirənlər ikinci və daha aşağı ranqlı məmurlardır. Mən onların hamısının adlarını məhkəmə iclaslarında dönə-dönə təkrarlayıram. Üzümə Parlamentin, qanunverici hakimiyyətin üzvü durur, məni icraedici orqanın məmurları şərləyir. Məhkəmə hakimiyyəti isə sifarişli proseslər aparır. Hətta məhkəmə məmurları və deputatları prosesə gətirə bilmədiyinə görə özünü xəstəliyə vurur. Qalır 4-cü hakimiyyət, onu da əksərən ələ keçiriblər. Dostlarımı, həmkarlarımı müdafiədən çəkindirir, mənə qarşı çıxan, müdafiəmdən çəkinən hamıya yaxşı pul-rüşvət verirlər. Rüşvətə və korrupsiyaya qarşı vuruşduğuma görə məni Korrupsiyaya Qarşı Mübarizə İdarəsi rüşvət ittihamı ilə həbs edib. Zarafat deyil bunlar, sizə gülməli gəlməsin. Hər şeyi bilir, görür, eşidirəm. Hər kəsin və hər olunanın cavabını verəcəyəm. Bu şər torbasının deşiklərini yorulmadan, usanmadan millətimə göstərəcəyəm. Hər kəs əmin olsun. Sizinlə isə, Elmira xanım, elementar hüquqlarımın pozulmasına görə görüşmək, müzakirə aparmaq istəyirəm. Təbii ki, Siz də bəzi həmkarlarım kimi etibarlı bir adama zəng edib, ”Mənə 50.000 manat təklif edirlər, mən müdafiədən çəkilirəm ” deyə bilərsiniz, hərçənd məni müdafiə etmək vəzifənizə aid olmasa da. 50.000 manat demiş, Sizi maliyyələşdirən qurumların arasında KİVDF (əslində KİVKF), ya da PA İctimai Siyasi şöbəsi yoxdur ki? Heç onu da bilmirəm. Sizə ildə nə qədər verirlər və bunun insanların müdafiə olunmasında bir istisi-soyuğu varmı?

4-cü hakimiyyətdə var!
Mən gördüm!
Sizi gözləyirəm Elmira xanım!
Xahiş edirəm, gələndə, təcridxana rəhbərliyinə xəbər vermədən gəlin və məni rəisin otağında, onun iştirakı ilə qəbul etməyin!

Əslində, o da olar!

Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Əvəz Zeynallı

18 avqust 2012-ci il saat 12.25

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button