«Əvəz Zeynallı Gülərin şikayəti əsasında tutulub»

14.01.2013
Baş redaktorun vəkili sabiq deputatın dediklərini təkzib etdi
Elçin Sadıqov: “Əsas şikayətçi Gülər Əhmədovadır, çünki cinayət işi onun ittihamı əsasında qaldırılıb”

Sabiq YAP-çı deputat Gülər Əhmədovanın qəzetimizin dünənki sayındakı müsahibəsi birmənalı qarşılanmayıb. Xüsusən onun “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində söylədikləri jurnalistin vəkillərinin etirazları ilə qarşılanıb. G.Əhmədova bildirmişdi ki, jurnalisti o, həbs etdirməyib: “Əvəz Zeynallını mənə görə ittiham etməyiblər. Yəni mənim dediklərim təsdiqlənmədisə, lap yaxşı, təsdiqlənməsin, mən bir şey deyə bilmərəm. Bu məsələnin təsdiqlənib-təsdiqlənməməsi mənim səlahiyyətlərim daxilində deyil. Əvəz Zeynallının işində şahidəm, onu mənə görə həbs etməyiblər. Verdiyim ifadələrin doğruluğunu sübut da edə bilərlər, təkzib də. Bu məhkəmənin işi olduğundan müdaxilə edə bilmərəm”.

Ancaq Əvəz Zeynallının vəkili Elçin Sadıqov “Bizim Yol”a açıqlamasında keçmiş deputatın söylədiklərini təkzib etdi. Onun söylədiklərinə görə, 2011-ci ilin oktyabrın 19-da Əvəz Zeynallıdan birinci şikayəti Gülər Əhmədova verib və baş redaktor bu şikayət əsasında həbs olunub: “Elə həmin günü – oktyabrın 19-da “Xural” qəzetinin əmlakı müsadirə olunurdu və məlumat daxil oldu ki, Gülər Əhmədova Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət verib. Yəni bu proses bir mərkəzdən idarə olunub. Bir daha deyirəm, əsas ittiham Gülər Əhmədova tərəfindən irəli sürülüb, ittihamın da mahiyyəti odur ki, guya, Əvəz Zeynallı ondan hədə-qorxuyla rüşvət tələb edibdir”. E.Sadıqov dedi ki, Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2, 3.3, 3.4, 306.2, və vergidən yayınmaya görə 213.1 maddələri irəli sürülüb. Vəkil deyib ki, jurnalistə qarşı şikayəti Gülər Əhmədovadan başqa Sumqayıtdan olan iş adamı Sabir Tarıverdiyev və bir nəfər də verib: “Amma əsas şikayətçi Gülər Əhmədovadır, çünki cinayət işi onun ittihamı əsasında qaldırılıb. Hesab efirəm ki, bu ittihamların heç biri təsdiqlənmədiyindən baş redaktor haqqında bəraət qərarı çıxarılmalıdır”.

Məsələylə əlaqədar Əvəz Zeynallının cinayət işlini araşdıran müstəntiq Qabil Qasımovla əlaqə saxladıq. O, bu barədə bütün sualları Respublika Prokurorluğunun mətbuat xidmətinə ünvanlağamı məsləhət görərək bir daha onu narahat etməməyi xahiş etdi.

Natiq CAVADLI

Qeyd

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da 28.10.2011-ci ildə yaydıqları rəsmi məlumatda “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının Gülər Əhmədovanın şikayəti əsasında  həbs olunduğunu XuralTAC-a təsdiqlədi.

http://www.genprosecutor.gov.az/?/az/news/view/291/

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button