Əvəz Zeynallı həbsdən yazdı

Əvəz Zeynallı

Azad söz və azad mətbuat sona qədər qorunmalıdır!

Azərbaycan hakimiyyəti bütün qüdrəti və gücünü işə salıb məni və mənim nəslimin üzərinə gəlir. Əsl repressiyadır. 1937-ci ildə mənim nəslim belə repressiya olunmayıb. Ondan sonra da. Deyəsən, mənim azad söz eşqim bu nəslin son fərdlərinin də repressiyası ilə nəticələnəcək, amma olsun, bir kərə … “mərhaba” dedik artıq. Ramiz Mehdiyevin başlatdığı hücum dalğasını prezident Ilham Əliyevdən alınan rəsmi icazə ilə repressiyaya çevirdilər. Əslində, repressiyanın ilkin əlamətləri sentyabrın ortalarından başlamışdı. Azad mətbuatın qətl məkanına çevrilən Dövlət Mətbuat Şurası repressiyanın təməlini qoydu və sentyabrın 15-də DMŞ-yə göndərdiyim tarixi məktubla bu Şura imitasiyasına son verdim. Mən Dövlət Mətbuat Şurasının azad söz və azad mətbuat üzərində oynadığı “domokl qılıncı” roluna son qoydum və başımı gilyotinin altına qoydum, sentyabrın 19-da gündəliyə başlamaq həyəcanı ilə Şuranın əzizlərinin siyahı qərarı üst-üstə gəldi.

“Xural” və onun cəsarətli kollektivi bu zülməti yardı və Azərbaycan mətbuatında şimşək kimi çaxdı. Bu şimşəyin gücü cəmi 30 günə hakimiyyətin bütün dişlərini qarnına tökdü. Cəmi 30 günə azad mətbuat göstərdi ki, əslində, 20 ildir bizi sümürən bu rejim çox zəifdir. Və… başlandı.
Indi beyni dumanlanan, mənim həbsimdən qorxub şayiə yayan və meydandan çəkilmək istəyənlərə sərt və amansız arqumentlərim var. Lütfən, gözlərinizi diqqətlə açın və diqqətlə oxuyun. Repressiyanın beləsini görübsünüzmü son illərdə?
19 oktyabr 2011-ci il səhəri Nərimanov rayon ədliyyə icraçıları “Xural”ın əmlakını təkrar siyahıya almaq bəhanəsi ilə redaksiyanı mühasirəyə alıb iş sistemini bütünlüklə iflic edirlər. Siyahıya alınmanın getdiyi saatlarda mənə xəbərlər gəlir ki, ətraf küçələrdə maskalı və silahlı adamlar bəhanə gözləyir ki, bizi həbs etsinlər. Biz o bəhanəni vermirik. Sonra müsadirə başlayır. Saat 22.00-22.30 radələrinə qədər bizi işləməyə qoymurlar və bütün texniki avadanlıqlarımızı aparırlar. Yenə dayanmırıq və əzmin, iradənin son gücünü də istifadə edərək möhtəşəm bir “Xural” sayı çıxarırıq. 20.10.1011-ci ildən dövlətin bütün çarxları üstümüzə gəlir. Tarixdə analoqu olmayan olaylar yaşanır. Ədliyyə icraçıları “Express service” mətbəəsinə hücum edir və qəzetin çapına qadağa qoyurlar. Eyni gün – 20.10.2011-ci ildə mənim qardaşım Rauf Zeynalov Gəncə şəhər Polis Idarəsinin rəisi tərəfindən polis orqanlarından xaric olunur. Bir gün sonra dayım oğlu Rəşad Zeynalov yenə Gəncə şəhər Polis Idarəsinin rəisi tərəfindən polis orqanlarından çıxarılır. Rəis beləcə də deyir qardaşımın haqqında: “Onun qardaşı dövlət əleyhinə yazılar yazır, ona bizim aramızda yer yoxdur”.
Bir gün sonra – 21.10.2011-ci ildə Ədliyyə Nazirliyinin bərbad və siyasi bir açıqlaması yayılır. Dərhal cavabını alırlar və nazirliyi məhkəməyə verəcəyimizi bəyan edirik. Daha bir gün keçir, Ədliyyə Nazirliyi 306.2-ci maddə ilə haqqımda cinayət işi qaldırır. Bu arada bir addım geri çəkilmirik. Bütün gücümüzlə müqaviməti təşkil edirik. Mətbəəni, Dövlət Mətbuat Şurasını məhkəməyə vermək üçün qolları çırmalayırıq. ABŞ prezidenti Barak Obamaya 19 min manat borc pul istəyi ilə müraciət edirik. Və dərhal, 25.10.2011-ci ildə səfirliyin məsul əməkdaşları məni qəbul edir.
Eyni zamanda, elə 25.10.2011-ci ildə prezident Ilham Əliyevə müraciət edib ondan görüş istəyirəm. Bütün gücümüzü səfərbər edib qəzeti işə salmağa, yenidən noyabrın 1-dən gündəlik nəşri bərpa etməyə çalışırıq. Dövlət mexanizmini mat qoyuruq və bütün səylərinə baxmayaraq, cəmi-cümlətanı qarşımızda 7 gün duruş gətirə bilirlər. Biz yanlış etmirik və sinif müharibəsini qazanırıq. Qoyulan qadağaları dələcəyimizi, qanunsuz işlər görəcəyimizi düşünürlər, etmirik, əllərinə bəhanə vermirik. Hər şeyi qanuni müstəviyə oturduruq. Mətbəə məsələsini həll edirik. 27.10.2011-ci il tarixində “Yeni Müsavat”da, 28.10.2011-ci il tarixində isə Redaktorlar Birliyində elan edirik ki, noyabrın birindən gündəlik nəşrdəyik. Dövlətin zor gücünü əlində tutub, bizi repressiya aparatının cəngində əzmək istəyənlər əsəblərindən çılğına dönürlər və parlamentlərində saxladıqları bir “Sevgiladə”ni işə salırlar. Indi məlum olur ki, bunların “Sevgiladə”si “Xural” müsadirə olunduğu gün, yəni 19.10.2011-ci ildə Korrupsiyaya qarşı Mübarizə Idarəsinə müraciət edib. Mənə qarşı başqa variant fikirləşməyə və həyata keçirməyə imkan tapmayıblar.
Işə bir baxın, bu boyda hadisələrin yaşandığı günlərdə “Xural” qəzeti, onun baş redaktoru bir addım geri atmır və Ədliyyə Nazirliyi açdığı cinayət işinin nə qədər perspektivsiz olduğunu başa düşərək dünyanın ən sonuncu yoluna əl atılır. Biz 27-28 oktyabr tarixlərində Nərimanov icraçılarını əllərimizdə çıraqla axtarırıq, tapmırıq. Onlarda telefonlarımızı qoyuruq ki, hesab nömrələrini verin, ödənişlərə başlayaq. Etmirlər. Mən artıq həbs olunacağımı dəqiq bilirəm. Amma nə ilə? Necə?
Və çox keçmir ki, 28.10.2011-ci ildə mətbuat konfransı keçirəndən bir neçə saat sonra redaksiyada və evimdə axtarış aparılır. Vəhşicəsinə hər şeyi toplayıb aparırlar. Və Gülər Əhmədova vasitəsi ilə şayiə yaydırırlar ki, hələ üzümə yüz min manatlıq üzəduranlar qoyulacaq. Planları var. Düzüb-qoşub Güləri aradan çıxarmaq, yeni sevgiladələr və ya vüsallar tapmaq istəyirlər. Olsun. Amma mən də varam axı. Müqavimət davam edir axı…
Gülər Əhmədova azad sözün üzərinə atılan ləkədir. Bilmirəm onu kim və niyə vurdu? Bilmirəm bu qadını anasının erməni olduğunu yazanların üzərinə göndərməyənlər, niyə onu mənim üzərimə göndərdi? Amma bilirəm ki, bu qadın bu hərəkəti ilə təkcə Ə.Zeynallıya atılan şər-şəbədə deyil, azacıq söz namusu olan hər kəsə tullanan çamurdur. Kimsə bu çamurdan yaxasını kənara çəkirsə və ya elə bir istəyi varsa, mən ona qarışmaram, amma hamı bir şeyi yaxşı-yaxşı fikirləşməlidir. Hakimiyyət üzəduranlar ordusunu parlamentin kreslolarına qədər genişləndirib. Mən bu haqda çox yazmışam, amma parlamentə qədər uzandığını bilməzdim. Bir anlıq düşünün, istənilən bir deputat, istənilən bir qəzet, ya da yazar haqqında “məndən filan vaxt pul istəyib” deyir və haqqında 311-ci maddə ilə cinayət işi qaldırılır.
Indi burada hamı 311-ci maddənin adına “Gülər maddəsi” deyir. Hörmətli deputat da eynilə mənə qarşı belə deyib. “Ə.Zeynallı iyul ayının axırlarında, avqust ayının əvvəllərində məndən pul istəyib”.
Aman Tanrım, bəs niyə G.Əhmədova həmin zamanlar yox, məhz 19.10.2011-ci ildə müraciət edir korrupsiya ilə döyüşənlərə? Harada qalmışdı bu xanım deputat? Üç aya yaxın müddətdə onun əllərini, qollarını kim tutub saxlamışdı?
Bu hakimiyyət kim nə ilə mübarizə aparırsa, onu elə mübarizə apardığı nəsnə ilə də vurur. Bütün ömrüm boyu korrupsionerlərlə və rüşvətxorlarla döyüşdüm. Indən sonra da elə olacağam. Amma bu zavallılar mənə rüşvətlə torba tikmək istəyirlər. Hər kəs əmin olsun ki, alınmayacaq. Ancaq suyu bulandırmaq istəyənlərin olduğunu eşitdim. Narahat olmadım, amma yenə də cəmiyyətin avanqard hissəsinə səslənmək ehtiyacı duydum: Gülər Əhmədovaya “parlamentin sevgiladəsi” kimi baxmayan zehniyyət azad söz uğrunda mübarizə apara bilməz. Cəmiyyətin bütün proqressiv hissəsi bu istiqamətdə səfərbər olmalıdır. Hakimiyyət Eynulla Fətullayevdə bütün media kapitanlarını meydana sürmüşdü. Indi deputatlarını şər meydanına atırlar. Özü də qadınları.
Bütün hallarda beynin bir küncündə yeni şübhə toxumu bəsləyənlərə ağır və mental dəyərlərin sarsıdıcı qaydaları ilə cavab verəcəyəm.
Mənim iki gül balam var – Selcan və Banuçiçək. Mənim üçün bir dünyadır balalarım. Indi “Selcanın məmləkəti” kitabını yazıram. Gülərdən və hakimiyyətin bazara çıxaracağı istənilən kimsədən rüşvət adına bir manat belə, tələb etmişəmsə, hər ikisi ölsün! Mənə lazım deyillər! Allah cəzalandırsın məni! Gülərin də, deyəsən, iki, ya da üç balası var. Bilirəm ki, o da balalarını çox istəyir. Hər halda, anadır. Yox, əgər Gülər məni şərləyirsə, hakimiyyətin əlində vasitəyə çevrilib mənə torba tikirsə, Gülərin iki, ya da üç balası ölsün. Allah cəzalandırsın Güləri.
Mən həm hüquqi, həm də mental qaydalarla qarşımda dayanan variantları yazdım. Mən mübarizəyə bütün yollardan istifadə edərək davam edəcəyəm.
 And ağır olmadı ki?!

Əlaqəli məqalələr

8 şərh

  1. Bu hakmiyyätin yazarlardan nä qädär qorxdughu ortadadir.Kimini sänin kimi ,kmini ushaqlari ilä,kimini dä kurshunla susdurmagha calishir.amma bir onu bilsin ki,bir barca cöräyi bölüb yeyäräk sabaha qädär qäzet cixaran kolektivin qälämini qira bilmäyäcäk.Biz ac olsaq,häbsdä dä olsaq yazacayiq.Gülär Ähmädova bizim onu qonaq etdiyimiz paxlavani unudub deyäsän.Birdä ki,bir insanda olan sheyi tähqir edärlär.O da Gülya da yoxdur….Möhkäm dayanin…ki böyük gäläcäyimiz olsun…!

  2. SAYIN EVEZ ZEYNALLI,kendisine yapılan bu alçakça iftiralar karşısında,ülkemizin
    istiklal ve hürriyet kahramanı olmuştur.bu faşist zülüm ve korku rejimi kısa zamanda
    aşılacaktır.
    evez zeynallı,osmanlı dönemindeki hürriyet kahramanı NAMIK KEMALİ temsil etmektedir.onun büyük eseri olanVATAN VE SİLİSTERİyeniden yazma şerefine nail
    oldu,azerbaycanın namuslu evlatları,başredaktör evezin yanında olacakları muhakkaktır.eveze,bir fahişenin iftirasi,bütün halkımıza yapılmıştır..bu yazdıklarımı fecebooktada yayınlamaktayım.PROF,DR,YAHYA TAŞDELEN-ANKARA

  3. Evez muellim,sizi tanıdığım qeder ile hemishe genc jurnalistlere potesillarina gore destek olurdunuz.Bunu azindan ozumden gormushdum.telebelik dovrunde menim bir neche yazilarim bu qezetde derc olunmusdu.Yeqin Evez muellim meni xatirlayar. Allahdan umidiniz hec bir zaman kesmeyin,her zülmün mütleq bir aydınlıq sonu. Hormetle: Vuqar Haciyev.Yeqin hormetli kollektiv meni xatirladiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button