Əvəz Zeynallı ilə Qarxunda lavaş-pendir yeməyin ləzzəti

03.05.2012

Nemət Hüseynli

Azərbaycan həbsxanasında hələ də jurnalistlər var və onlar törətmədikləri cinayət əməllərinə görə cəza çəkirlər. Yəni şərlənərək həbs olunub, Azad Sözün qurbanına çevriliblər. 
Bu sırada sözsüz ki, ilk növbədə «Xural»ın baş redaktorunun – Əvəz Zeynallının adı çəkilməlidir. 

Bir neçə gün əvvəl «Azad Söz İnqilabçıları» adlı jurnalist qrupu mətbuatda «Əvəz Zeynallı ongünlüyü» elan edib. Bundan sonra Əvəz bəyi tanıyan həmkarlarımız onun haqqında düşüncələrini bölüşüb, mənəvi dəstəklərini ifadə ediblər. Yazıların əksəriyyətini oxudum. Əvəz Zeynallı haqqında yazıların ana xəttini onun Bakı İstintaq Təcridxanasında deyil, evində və qəzetinin başında durması arzusu ifadə olunurdu. Bu da tam təbiidir, jurnalistin yeri həbsxana ola bilməz!

Mən Əvəz Zeynallının həbsinin motivinə vaxt ayırmaq istəmirəm. Hər kəsə bəllidir ki, bu şər-böhtan kampaniyasında rol alanların, ssenarini yazanların bir məqsədi olub – Əvəz Zeynallı həbsə atılsın, təzəcə gündəlik çıxardığı qəzeti qapadılsın, tənqidi mövqe susdurulsun. İnsafən deməliyik ki, “Xural” qəzeti gündəliyə keçəndən sonra daha sərt tənqidi mövqedə dururdu və burada senzuradan söhbət gedə bilməzdi. Əksər “müxalifət”, “müstəqil”, “bitərəf” qəzetlərin baş redaktorlarının əli oliqarxların cibindən çıxdığı halda Əvəz Zeynallının əli öz cibində idi.
Əvəz Zeynallını bir jurnalist kimi də müzakirə etmək etikadan kənardır. Çünki məhz jurnalistlərin etik normaları gözləmək şərti ilə ürəkdən keçənləri qələmə almaması üçün Əvəz Zeynallı həbsdədir.

Əvəz Zeynallını illər əvvəl tanıyıram. Onun haqqında ilk təəsüratım heç də xoş olmayıb. Xüsusilə, Əvəz bəyin sabiq prezident Əbülfəz Elçibəyə münasibətdə tənqidi mövqedə olması məni heç vaxt açmayıb.

Hər zaman dostlar ürək ağrısı ilə deyib ki, Əvəz Zeynallı Əbülfəz Elçibəyin prezidentlik dövründə Türkiyəyə təhsil almaq üçün göndərilən az sayda gənclərdən biri olub. Ancaq buna baxmayaraq Əbülfəz Elçibəyi çox zaman tənqid edib, hədəfə alıb, onunla razılaşmayıb. Elçibəyin bir demokrat olduğunu nəzərə alsaq heç kim iddia edə bilməz ki, Elçibəy gənclərin şüursuz sürətdə onunla razılaşmasına, onun siyasətini bəyənməsinə sevinərdi. Bu mümkün deyildi. Elçibəy yalan, saxta mövqe bildirənləri yox, mübariz, barışmaz gəncləri sevirdi. Çünki özü də, xaraktercə inqilabçı idi…

Əvəz Zeynallını onunla yol yoldaşı olduqdan sonra daha yaxşı tanımaq imkanım oldu. 2011-ci ilin 12 sentyabrında bir qrup jurnalist Naxçıvandakı vəziyyətə və mövcud olan problemlərə diqqəti cəlb etmək üçün ora getmək qərarı verdi. Həmin tərkibdə mən və Əvəz Zeynallı da var idik. Həm təyyarədə, həm Naxçıvanda, həm də Bakıya qayıdanda Əvəz Zeynallı ilə sıx ünsiyyətimiz oldu. Əvəz bəy dayanmadan haqsızlıqdan, qanunsuzluqdan, korrupsiyadan şikayət edirdi. Onun Naxçıvan Milli Təhlükəsizlik Nazirliyinin qarşısında bu qurumun əməkdaşı ilə söhbəti, şəhərin mərkəzindəki çayxanada bizi deportasiya etmək niyyətində olan polis polkovnikinə dediyi tutarlı arqumentlər məndə Əvəz Zeynallı haqqında CƏSARƏTLİ İNSAN fikrini oyatmaya bilməzdi. Naxçıvandan Bakıya dönəndə Əvəz Zeynallıya “bəy, cızma-qara etmədiniz, bir şeylər yazmayacaqsınızmı” sualını verdim. “Mən artıq hər şeyi beynimə yazmışam, bu nömrə Naxçıvandakı vəziyyətlə bağlı «razvorod» verəcəyəm”, deyə cavab verdi.

Əvəz Zeynallı ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kəndi olan Qarxunun girəcəyində Arpaçayının kənarında yerləşən köhnə “Şirinxana” adlı restoranda Naxçıvan lavaşı ilə pendir yeməyimizin isə ayrı ləzzəti oldu.

Bizdən bir qədər uzaqda isə akademik üçün ev tikirdilər…

http://azpolitika.info/news.php?id=525

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button