ƏVƏZ ZEYNALLI MÜŞVIQ ƏLƏSGƏRLININ CAVABINI VERDI

 Безымянный14.08.2013

Ə.Zeynallı: “Məhkəmədə haqqında danışılan məsələlər Müşviq Ələsgərlinin özü tərəfindən təhrif olunub”

 Avqustun 13-də Nərimanov rayon məhkəməsində hakim Məzahir Sadıqovun sədrliyilə “Xural” qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya baxılıb. Bu haqda həm xural.com saytı və həm də Ə.Zeynallının mətbuat xidməti məlumat yayıb. Həmin məlumat yayımlandıqdan sonra məhkəmədə Mətbuat Şurasının səlahiyyətli nümayəndəsi qismində iştirak edən MŞ sədrinin müavini Müşviq Ələsgərli bu məlumatın “təhrif” olunduğunu iddia edərək, musavat.com saytına məktub göndərib. Həmin məktubda sədr müavini həqiqətən də “incə” məqamlara özünəməxsus tərzdə “aydınlıq gətirməyə” çalışıb. O bildirib ki, “Xural” qəzetinin hazırda həbsdə olan baş redaktoru Ə.Zeynallı məhkəmə zalında replikalar atıb və M.Ələsgərli də onları cavablandırıb. M.Ələsgərli iddia edib ki, “Xural” qəzetinin baş redaktorun həbsindən cəmi 1 ay əvvəl “qara siyahıya” salınmasının Əvəz Zeynallının həbsi ilə heç bir əlaqəsi olmayıb. Qəzet MŞ-na daxil olan şikayətlər əsasında bu siyahıya daxil edilib. Yəni Ə.Zeynallının dediyi kimi MŞ heç bir siyasi sifariş yerinə yetirməyib: “Və bu yerdə qeyd etmişəm ki, MŞ sədri bütün çıxışlarında, 10 dəfələrlə  bəyan edib ki, MŞ jurnalistlərin həbsdə olmasına qarşıdır” deyə M.Ələsgərli bu məqamı xüsusi vurgulayıb. Çünki xural.com-un yaydığı məlumatda bildirilirdi ki, M.Ələsgərli dəfələrlə Ə.Zeynallıya, “Əvəz, biz 5 dəfə bəyanat vermişik. Biz Sənin həbs olunmağını istəmirdik” deyib. MŞ səlahiyyətlisi bu xəbər yayımlanandan dərhal sonra reaksiya verməsi də məh bu incə məqamla bağlıdır.

 Ə.Zeynallı M.Ələsgərlinin bu açıqlamasını cavabsız qoymayıb:

“Məhkəmədə haqqında danışılan məsələlər Müşviq Ələsgərlinin özü tərəfindən təhrif olunub. Müşviq Ələsgərlinin dediklərini tək biz yox, məhkəmədə iştirak edən 25 nəfərin hamısı eşitdi. Müşviqin öz sözünü təkzib etməsi və dərhal bu haqda yayılan məlumatlara reaksiya verməsi onu göstərir ki, bu məlumatlardan sonra ona MŞ tərəfindən sərt təpki göstərilib. Ona məsələnin əsl mahiyyəti izah olunub. Bu hadisənin özü də təsdiq edir ki, “Xural” qəzetinin hansısa şikayətçilərin sözü ilə “qara siyahıya” salınması məsələsi  həqiqətən də mənim həbs olunmağım üçün qurulan planın tərkib hissəsi olub. Mənim həbsimin bu qurum tərəfindən nə qədər canfəşanlıqla qeyd edildiyini də Azərbaycanın mətbu camiyəsi yaxşı xatırlayır. O baxımdan M.Ələsgərlinin söz gəlişi, “Əvəz, biz 5 dəfə bəyanat vermişik. Biz Sənin həbs olunmağını istəmirdik” deməsi də tərəfimdən ciddi qarşılanmayıb. Digər tərəfdən, həmin məhkəmə iclası başlamazdan əvvəl M.Ələsgərlinin “Xural” qəzetinin baş direktoruna, “bu cür məsələlər burada deyil, sakit bir yerdə müzakirə olunmalıdır” deyərək, danışığa dəvət etməsi də tərəfimizdən ciddi qəbul edilə bilməz. Çünki Mətbuat Şurası təqdim olunmağa çalışılan kimi müstəqil qurum deyil və Mətbuat Şurasının çıxardığı bütün qərarlar daha yuxarı instansiyalar tərəfindən verilən göstərişlər əsasında həyata keçirilir”. Əvəz Zeynallı sonda onu da qeyd edib ki, M.Ələsgərli və onun himayədarları heç də narahat olmasınlar: “Bu məhkəmə prosesi MŞ-nın iç üzünü büsbütün açacaq!”

Qeyd edək ki, məhkəmə prosesindən çəkiliş aparan Kanal13-ün əməkdaşları bu həssas məqamı lentə almağa müvəffəq olublar. Youtube.com saytında  http://www.youtube.com/watch?v=Lq1DQHXkI6E yerləşdirilən, “Əvəz Zeynallının məhkəməsindən ekskluziv görüntülər” başlıqlı videoçarxın 1dəqiqə 14-cü saniyəsində Müşviq Ələsgərlinin öz səsi və dedikləri aydın şəkildə eşidilir: “Əvəz, biz 5 dəfə bəyanat vermişik. Biz Sənin həbs olunmağını istəmirdik”. Görünür, M.Ələsgərli bu bəyanatı verərəkən, məhkəmə zalında videoçəkilişlərin aparılmasını təxmin etməyib, ona görə də növbəti dəfə yalan danışmağa davam edib.

 Mətbuat Şurası “Xural” qəzetini nə üçün “qara siyahı”ya salıb?

 Müşviq Ələsgərli iddia edir ki, “Xural” qəzetinin adının MŞ-nin “Qara siyahı”sına salınması ilə  Əvəz Zeynallının həbsi arasında heç bir əlaqə yoxdur. MŞ-nin “Xural” qəzetinin adını nə  üçün məhz 2011-ci ilin sentyabr ayında (red. Ə.Zeynallının həbsindən 1 ay əvvəl) “Qara siyahı”ya salmasının səbəbi çox sadədir: “Çünki bu qəzetdən həmişə şikayətlər daxil olmuş, müxtəlif zamanlarda bu şikayətlər müzakirə  edilərək,  qəzetə Jurnalistlərin Peşə Davranış Qaydalarının prinsiplərini pozduğu barədə  xəbərdarlıq edilmişdi. 2011-ci ilin avqust və sentyabr aylarında isə şikayətlər  çox intensivləşdi, avqust və sentyabr ayında qəzetdə  çox kəskin materiallar dərc edildi, bu aylar ərzində qəzetdə  dərc edilən materiallardan 6 şikayət daxil oldu. Səbəbi Əvəz Zeynallının özündən soruşmaq lazımdır ki, o, nə üçün bu aylar ərzində bu qədər şikayət doğuran və  həqiqətən də AJPDK-nın prinsiplərinə zidd olan yazılar yazdı?! MŞ AJPDK-nin prinsiplərinin intensiv pozulduğunu nəzərə alaraq və Əvəz Zeynallının MŞ-nin xəbərdarlıqlarını  qəbul etməməsini nəzərə alaraq məlum rəyini elan edib”.

M.Ələsgərlinin növbəti dəfə Azərbaycan cəmiyyətini yanlışlığa sürükləməsinə etiraz olaraq, onun “şikayətçi” subyekti kimi təqdim etdiyi bir faktı oxucuların diqqətinə çatdırırıq.

2011-ci ilin məlum sentyabr ayında “Xural” qəzetində Lənkəran Dövlət Universitetində baş verən neqativliklər barəsində məqalə dərc olunub və həmin məqalədə göstərilib ki, LDU-nin “rektoru Asəf İsgəndərov artıq Qorxmazın, Kamranın əlində oyuncağa dönüb.” Burada söhbət LDU-nin prorektoru Qorxmaz Ağayev və Kamran Kazımovdan gedirdi. Məqalənin dərcindən sonra LDU rəhbərliyi guya “Xural” qəzetinin onların şərəf və ləyaqətinə toxunan məqalələr yazdığı üçün MŞ-na şikayət ediblər. MŞ “Xural” qəzetinin rüşvət faktı ilə bağlı dərc etdiyi məqalədə göstərilən faktları nəzərə almadan LDU -nun “şikayət”ini təmin edib və qəzeti peşə etikasını pozmaqda günahlandıraraq, “qara siyahı”ya salıb.

Halbuki MŞ-nın “peşə etikasının pozulması” kimi dəyərləndirdiyi bu hadisə çox keçməmiş öz təsdiqini tapır.  Bu il aprelin 15-də tələbədən rüşvət aldığına görə saxlanılan Lənkəran Dövlət Universitetinin Tərbiyə işləri üzrə prorektoru Qorxmaz Ağayev rüşvət aldığı yerdə yaxalanır. Bu komik hadisə bütün sosial şəbəkələrdə yayımlanıb. Videoda prorektorunun göz xəstəliyindən əziyyət çəkən və müalicə almaq üçün akademik məzuniyyət istəyən tələbəni günlərlə müxtəlif bəhanələr get-gələ salması və ondan bunun müqabilində 500 manat məbləğində rüşvət istəməsi göstərilir. Qorxmaz Ağayev tələbənin xahişlərindən sonra tələb etdiyi rüşvətdə 100 manat “endirim” etməyə razı olur və ondan tibbi arayışının da yerinə olmasını tələb edir. Qorxmaz Ağayev rüşvəti aldıqdan dərhal sonra Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları ilə üzləşməli olur. İdarənin əməkdaşlarını görən Qorxmaz Ağayev qorxudan aldığı rüşvəti udur və haram pul onu boğur…

Bütün bunlar göstərir ki, Xural qəzetinin vaxtilə dərc etdiyi məqalə faktlara əsaslanır. Və LDU rəhbərliyinin bu məqalə ilə bağlı MŞ-na müraciət etməsi isə xüsusi göstəriş əsasında həyata keçirilib. MŞ-na 1 həftə ərzində daxil olan digər 5 şikayət ərizəsi kimi…

Hələ o da maraq doğurur ki, Mətbuat Şurası 10 illik fəaliyyəti olan “Xural” qəzetini özlərinin tərtib etdikləri siyahıya salmaqla, onun qara piarına nail olmaq üçün nədən bu qədər canfəşanlıq ediblər? Mətbuatın hüquqlarını müdafiə etmək, mübahisə doğuran məsələlərin məhkəməyə çıxarılmasının qarşısının alınması məqsədilə yaradıldığını iddia edən bu qurum niyə mətbuatın deyil, rüşvətalma ehtimalı daha yüksək olan məmurun adından  çıxış edir?

“Xural” qəzetinin hər zaman yalnız faktlar əsasında məqalələr dərc etdiyini Mətbuat Şurası digərlərindən daha yaxşı bilir. Ən azı ona görə ki, “düz əyrini kəsir”. M.Ələsgərli istərsə, vəzifə səlahiyyətlərindən istifadə edərək, o şikayətlərə yenidən baxılmasına cəhd edə bilər. Apardığımız kiçik araşdırma kimi araşdırma da apara bilər. O zaman artıq “Xural” qəzetinin adını nə  üçün məhz 2011-ci ilin sentyabr ayında (red. Ə.Zeynallının həbsindən 1 ay əvvəl) “Qara siyahı”ya salmasının səbəbini başqa cür izah etmək istəyər. Biz bunu gözləmirik. Ona görə ki, M.Ələsgərli onu da yaxşı bilir ki, Mətbuat Şurası hansı prinsiplər əsasında işləyir və “Xural” məsələsi də nə məsələdir.

Ə.Zeynallının bu qurumun müstəqil mətbuatın qətli naminə yaradıldığını dəfələrlə qeyd edib və həbsindən cəmi bir neçə ay əvvəl ona alternativ Redaktorlar Birliyini yaradıb. Bu isə Mətbuat Şurası tərəfindən hiddətlə qarşılanıb və sabun köpüyünü xatırladan bu qurumun aqibətinin yaxşı olmayacağı ehtimalını gücləndirib. RB-nin mətbuatda tərəfdarlarının artmasının qarşısını dərhal almaq üçün “Xural” qəzetinə qarşı sələb yürüşünə başlayıb. “Xural” qəzetinin əmlakı müsadirə olunduqdan və Ə.Zeynallı saxta ittihamlarla həbs edildikdən sonra Mətbuat Şurasının səlahiyyətli üzvlərinin qəzetə qarşı hədyan dolu qara piar kampaniyası başa çatıb.

 Hər şey göz qabağındadır. Heç olmasa Azərbaycan cəmiyyətini yanlışlığa sürükləməyin, cənablar!

 XuralTAC 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button