Əvəz Zeynallı müxalifət liderlərinə od püskürdü

img1853237

“Hətta göydən quş uçanda da buna mövqe bildirirlər, amma müsahibə üçün vaxt tapmırlar”

 
“Müxalifət sədrləri iqtidardakılardan betər olublar. Bunların özləri bir yana, köməkçiləri ilə də danışmaq mümkün deyil. Hakimiyyətin qurduğu monoloq mühiti bunlara sərf edib deyəsən. 40 dəfə zəng edirsən, hamısında da ”kimdir?”, “bağışla, tanımadım” deyir, sonra da telefonu götürmür. Allah eləsin, hakimiyyətə gələsiniz, amma bu ağıl və mədəniyyətlə… gələ bilərsinizmi?”
 
Facebookda yazılan bu status xural.com saytının baş redaktoru Əvəz Zeynallıya məxsusdur. Yazdığından da anlaşıldığı kimi, həmkarımızın fəaliyyətində yaranan ən böyük problem müxalifət partiyası sədrlərinə müsahibə ilə bağlı etdiyi müraciətlərinə aldığı mənfi cavabdır. Kimdir bu sədrlər? Niyə baş redaktora qarşı bu cür mövqe sərgiləyirlər?
“Yeni Müsavat”a açıqlamasında Ə.Zeynallı bildirdi ki, bu məsələ bir neçə aydır davam edir. Obyektiv və subyektiv səbəblərdən “Xural” qəzetinin fəaliyyətini tam bərpa edə bilmədiyini deyən baş redaktor, sadəcə,  müəyyən layihələri sayt vasitəsilə həyata keçirir. Ə.Zeynallı müsahibə ilə bağlı bir yox, bir neçə siyasi liderə müraciət etdiyini vurğuladı:“Bu mənzərə bir partiya sədri ilə bağlı olsaydı, ictimailəşdirməzdim. Tanınan, bilinən bütün partiya sədrləri ilə danışmışam, facebookda mesaj qutularına yazmışam. Elə partiya sədri var ki, məktub yazmağımın üstündən 50 saat keçsə də, mesaja cavab vermir. Halbuki 10 dəqiqədən bir status yazır. Bəziləri də sadəcə müsahibəni ertələyirlər”. 
Ə.Zeynallı hesab edir ki, ölkədə bir monoloq mühiti yaradılıb. Onun fikrincə, hər kəs sözünü öz çapında deyir və ancaq bəlli sayda şəxslərin sözünü dinləyirlər: “Bu, hamıya aid deyil. Bizdən qaçan, ünsiyyətə çıxmayan partiya sədrləri facebook statuslarında hər şeyə mövqe bildirirlər. Hətta göydən quş uçanda da buna mövqe bildirirlər. Amma müsahibə üçün vaxt tapmırlar”.
Baş redaktor dedi ki, müxalifət siyasətçiləri monoloq danışmaq istəyirlər. Bu səbəbdən də sərt suallardan çəkinirlər: “Bizim layihə belədir ki, bir gün öncədən sosial şəbəkədə gələcək müsahibimizlə bağlı elan veririk. Kimin nə sualı varsa, ona yönləndirməsini istəyirik. Bizim siyasətçilər isə buna hazır deyillər, sərt suallardan çəkinirlər. Axı bunlara mənfi, qıcıq suallar da verilə bilər. Bilirlər ki, onların yanına baş sığallayan suallarla gəlməyəcəyik. Mümkün qədər qaçmağa, uzaqlaşmağa çalışırlar. Hər yerdə bülbül kimi cəh-cəh vururlar, amma jurnalistin qarşısına çıxmağa cəsarət tapmırlar”.
Ə.Zeynallı bu günə qədər özünü aparıcı müxalifət hesab edən 4 partiya sədrinə müraciət etdiyini xatırlatdı. Onlardan biri müraciətə cavab verməyib, o biri təxirə salıb, digərləri isə rədd cavabı verib: “Mən də onlara deyirəm ki, Allah eləsin, siz hakimiyyətə gələsiz. Bu ağılla, düşüncə, çalışma tempi ilə nə edəcəksiz? Onların gəlişi insanı qorxutmur. Gəlsələr də, 5 günə gedəcəklər. Axı bu monoloq mühiti kimə və nəyə lazımdır?”
Müsahibimiz sosial şəbəkədə müxalifət liderlərinin iş prinsipinə də toxundu. Dedi ki, hər partiya sədri facebooku 50-60 saxta profillə doldurub: “Gözəl qız şəkli tapır, profil yaradırlar. Onunla da virtual görüntü yaradırlar öz aləmlərində. Gəlin real şəkildə danışaq: bir partiya lideri jurnalistin ziqzaqlı suallarına cavab verə bilmir? Qapalı bir otağın, kabinetin içindən cəmiyyətə nə qədər səslənmək olar? Ən cavan, perspektivli adamlar sizdən qaçır.
Cəmiyyət o günə düşüb ki, ölkəmizi idarə etmək niyyətində olan adamlar jurnalistin suallarına cavab verə bilmirlər. Ölkə başçısına əlimiz çatmır. Heç olmasa sizə çatsın. Danışan jurnalist, tutulan, öldürülən, döyülən yenə jurnalist. Söyülüb, təzyiqə məruz qalmaq da bizim öhdəmizə düşüb. Bütün zərbələrin qabağında jurnalistlərdirsə, o zaman siz də qapınızı bağlayıb gedin”.
 
Müsahibimizin sözlərinə görə, müxalifətin yaratdığı mühit o qədər də ürəkaçan deyil. Ə.Zeynallı “özlərini elə aparırlar ki, qayıdıb deyəcəksən hakimiyyətə şükür” dedi: “Heç olmasa bu sistem adamı tutdurur, sonra da buraxır. Amma Allah göstərməsin, indiki müxalifət bizi tutsa, buraxarmı? İnanmıram”.
 
Ə.Zeynallı hesab edir ki, ümumi baş verənlərə baxanda mənzərə müxalifət açısından o qədər də yaxşı deyil:“Baxırsan ki, nəsə edirsə yenə bu hakimiyyət edir. Belə də deyəndə qayıdırlar ki, bəs filan jurnalist hakimiyyətə satılıb. Belə yanaşma olar? Hər şey bir tərəfə, sizin nazınızdan öldük axı biz…”
Sevinc TELMANQIZI 

Əlaqəli məqalələr

1 şərh

  1. Əvəz bəy! Bu seçki ərəfəsi heç kim sizə musahibə verməyəcək. Onlar sizin sərrast suallarihizdan çəkinirlər, deputatliq xam- xəyali ilə yaşayirlar. “Qaynar qazan”da “qaynayib üzə çixmaq”dan qorxurlar. Əslində normal siyasətçilər həmişə özlərinə tribuna axtararlar. Görünür bunlarin cəmiyyətə deməyə sözləri yoxdur. Elə xalqin da onlardan gözləntisi yoxdur. Ona görə də inciməyə dəyməz. Sizin təqdimatda onlar daha aşkar görünürlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button