Əvəz Zeynallı prezident İlham Əliyevdən görüş istədi

Əvəz Zeynallı prezident İlham Əliyevlə görüşmək üçün müraciət

etdi.

Müraciətdə bildirilir:

Hörmətli Cənab Prezident!
«Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı sizə müraciət etməkdə məqsədim son zamanlar rəhbəri olduğum qəzetə qarşı ədalətsiz məhkəmə qərarları və bu qərarların icra edilməsi ilə bağlıdır.
Cənab prezident!
Sizə məlumat verərək bildirmək istərdim ki, «Xural» qəzeti 9 ildən çoxdur ki, nəşr edilir. Qəzetimiz nəşr edildiyi gündən indiyə qədər heç bir siyasi institutun, heç bir Qeyri-Hökumət Təşkilatının iradəsini ifadə edən mövqe sərgiləməmişdir. Tam müstəqil nəşr edilən «Xural» qəzeti uzun illər Azərbaycanda faktiki olaraq mətbəələrdə çap edilmək problemi ilə üzləşməmişdir.
Lakin son bir ay ərzində qəzetimizlə bağlı Sizin Administrasiyanın rəhbəri hörmətli Ramiz Mehdiyevin bizə qarşı Nərimanov Rayon Məhkəməsində irəli sürdüyü iddiasına uyğun olaraq təzyiqlər başlanıb. Məlumat üçün bildirim ki, «Xural» qəzetində Ramiz Mehdiyevlə bağlı «Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı» adlı yazı dərc edilib. Bu məqalədə müəllif şəxsi fikir və mülahizələrini irəli sürüb, tanınmış xalq şairinə olan münasibətindən bəhs edib. Hörmətli Ramiz Mehdiyev də bu məqalədə yazılanlardan sonra bizə qarşı məhkəmə iddiası qaldırıb və məhkəmənin qərarı ilə qəzetimizi 10 min manat cərimə etdirib. Lakin məhkəmə prosesi dövründə hakimin tərəfləri barışdırmaq təşəbbüsünə iddiaçı tərəfindən müsbət reaksiya verilmiş və qəzetin yazı ilə bağlı təkzib verməsindən sonra cərimə iddiasının geri götürülməsinin mümkün olduğu məlum olmuşdur.
Biz məhkəmədə baş tutan anlaşmaya əsasən qəzetimizdə həmin yazı ilə bağlı təkzib vermiş və hörmətli Ramiz Mehdiyevdən yazılanlara görə üzr istəmişik.
Bundan sonra isə mən Azərbaycan Respublikasının Daxili İşlər naziri cənab Ramil Usubovla görüşmüş və məhkəmə ilə bağlı müzakirələr aparmışam. Həmin müzakirələr zamanı hörməti Ramil Usubov məni əmin edib ki, o, hörmətli Ramiz Mehdiyevlə danışaraq məhkəmə hökmü üzrə irəli sürülən 10 min manatlıq maddi təzminat iddiasının geri götürülməsinə nail olacaq.
Cənab prezident!
Uzun müddət keçməsinə baxmayaraq, hörmətli Ramiz Mehdiyev məhkəmədən maddi təzminatla bağlı cəriməsini geri götürməyib. Bundan sonra isə biz sentyabr ayının birinci öngünlüyündən 9 illik həftəlik nəşrdən sonra gündəlik nəşr edilməyə qərar vermişik. Sentyabr ayının 19-da nəşrə başlamaqla bağlı işləri yekunlaşdırmış və gündəlik çapımızı təşkil etmişik.
Bu əfədə bizə xüsusi təzyiq vasitəsinə çevrilmiş Mətbuat Şurasının İdarə Heyətində «Xural» qəzeti ilə bağlı müzakirələr aparılmış və haqqımızda «qara siyahıya» alınmayla bağlı qərar qəbul edilmişdir.
Bundan sonra gündəlik nəşrimizi davam etdirsək də, Mətbuat Şurası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun göstərişləri ilə bizə qarşı öz nəzarətlərində olan mətbu nəşrlər vasitəsilə «qara piar» kampaniyası aparmağa başlayıblar. Lakin bununla da qəzetin ictimai nifuzuna, sürətlə artmaqda və genişlənməkdə olan statusuna heç bir xələl gətirə bilməmişlər.
Məhz bu mərhələdən sonra Nərimanov Rayon Məhkəməsinin Məhkəmə Qərarlarının İcrası İdarəsinə hörmətli Ramiz Mehdiyevin iddiasının maddi təzminat hissəsini icra etmək göstərişi verilib. Baxmayaraq ki, həmin məhkəmə qərarından mən “İcra haqqında” Azərbaycan Respublikası qanunun 17.1.4-cü maddəsinin tələbinə əsasən iddia qaydasında mübahisə qaldırmış və icranın dayandırılması ilə bağlı tələblə çıxış etmişəm. Bundan sonra Nərimanov Rayon Məhkəməsi icranın dayandırılmasıyla bağlı 25 oktyabr 2011-ci il tarixinə məhkəmə prosesi təyin etmişdir. Buna baxmayaraq, Nərimanov rayon məhkəməsinin hakimi Sevinc Quliyeva 19 oktyabr 2011-ci il tarixdə əmlakın müsadirə edilməsi ilə bağlı olaraq qərar çıxarıb. Bu qərarın isə dərhal icra edilməsi və Məhkəmə Qərarlarının İcrası İdarəsinin əməkdaşlarına icra etmə vərəqi verilməyib. Bütün bu baş verən hüquq pozuntuları ilə bağlı icraçılara etiraz etdikdə, onlar bizə daha sonra etiraz edərsiniz deyə məlumat veriblər.
Cənab prezident!
Oktyabr ayının 19-da artıq icraçılar «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının qanunlarının tələblərini bir daha kobud şəkildə pozaraq müsadirə qaydalarına riayət etməyiblər. Müsadirə edilmiş əmlaklar siyahı üzrə zəruri ehtiyaclar belə nəzər alınmadan həyata keçirilib. Bu zəruri ehtiyaclar sayı 1 (bir)-dən çox olmayan əşyalar da müsadirə olunmaqla həyata keçirilən icra hərəkətləri qanunların tələblərinin kobudcasına pozulması nəticəsində icra olunub.
Müsadirə zamanı faktiki olaraq «Xural» qəzetinin adi hərəkət imkanlarını məhdudlaşdırmaq və qəzetin nəşrini dayandırmaq məqsədi güdüldüyü buradan aşkarca görünür.

Cənab prezident!
Müsadirə həyata keçiriləndən sonra isə nəşrimizi bərpa etməyə, fəaliyyətimizi davam etdirməyə çalışdıq. Lakin 10 il ərzində mütəmadi nəşr olunduğmuz «Ekspress servis» mətbəəsi heç bir əsas olmadan bizi çap etməkdən imtina etdi. Bundan sonra Bakı şəhəri ərazisində fəaliyyət göstərən digər mətbəələr də «Xural» qəzetini nəşr etməkdən imtina etdilər.
Mən bütün bu baş verənlərin sizə səhih məlumatlar verilmədən yüksək vəzifəli dövlət məmurlarının iradəsi ilə həyata keçirildiyini zənn edirəm. Sizdən xahiş edirəm ki, başçısı olduğunuz iqtidarın Avropaya inteqrasiya meyllərinin gücləndirilməsi üçün yüksək səylə apardığı siyasətinizə, ölkəmizdə söz və mətbuat azadlığının qorunması ilə bağlı təşəbbüslərinizə (bəzən bunlar yetərli olmasa da) qarşı aparılan bu məqsədyönlü qara fəaliyyətə müdaxilə edəsiniz. Axı bu cür media siyasəti, bu qədər basqı, bu qədər totalitar düşüncənin bərqərar olunmaq təəbbüsləri Sizə və iqtidarınıza lazım olmamalıdır.
Cənab prezident!
Əminəm ki, baş verənlərlə bağlı ölçü götürəcəksiniz. Əminəm ki, Azərbaycanın «Avroviziya» yarışmasına ev sahibliyi etməyə hazırlaşdığı bir ərəfədə bu hüquqi nihilizmə, ədalətsizliyə, ən yüksək vəzifəli məmurlar tərəfindən müstəqil qəzetə qarşı amansız davranışlarına ədalətin zəfəri üçün müdaxilə edəcəksiniz. Bu müdaxilə üçün axtaracağınız doğru informasiyaları qurulan izolyasiya sistemi Sizə verməyə bilər. Bunun üçün ehtiyac olacağı təqdirdə Sizinlə görüşməyə və həqiqətləri paylaşmağa hazıram.

Hörmətlə,
Əvəz Zeynallı, «Xural» qəzetinin baş redaktoru”

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button