Əvəz Zeynallı Ramella Allahverdiyevaya açıq məktub yazdı

27.03.2013

Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri  “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı haqqında 9 il müddətində azadlıqdan məhrumetmə hökmü çıxardı. Sabiq deputat, hazırda AR Cinayət Məcəlləsinin dələduzluq və cinayəti qəsdən ört-basdır etmə  maddələrilə təqsirli bilinən Gülər Əhmədovanın saxta ittihamları ilə həbs edilən Ə.Zeynallı 11 ay sürən məhkəmə prosesi zamanı dəfələrlə həbsinin siyasi sifarişlə həyata keçirildiyini bildirmiş və əsaslı dəlillərlə bunu sübut etmişdi. Lakin nə məhkəməyə sədrlik edən hakim Ramella Allahverdiyeva, nə də hakimlər Novruz Kərimov və Tamila Nəsrullayeva sonda qərar çıxarılarkən, baş redaktorun məhkəməyə təqdim etdiyi faktları nəzərə almamış, həmçinin adı cinayətdə və dələduzluqda hallanan G.Əhmədovanın şikayət və iddialarına hansı əsaslarla inandıqlarını da izah etməkdən boyun qaçırıblar. Bununla da məhkəmə heyəti  çıxardığı hökmdə istər istintaqın hədə-qorxu yolu ilə  “üzəduran” şahidlərin ifadələrini əsas gətirməklə, istərsə də onların heç bir dəlil-sübuta söykənməyən iddialarını  “sübut olunmuş fakt” kimi göstərməklə, Əvəz Zeynallının həqiqətən də siyasi sifarişlə həbs olunduğunu təsdiq etmiş olublar. Əvəz Zeynallı açıq məktubunda ədalət mühakiməsi sahəsindəki problemlərdən bəhs etmiş, hakimlərin insani, vicdani və mənəvi keyfiyyətlərdən nə qədər uzaqlaşdırıldığını qeyd edib. O, “təbəssümünüzü də saxtalaşdırmısınız” – deyə, hakimləri ittiham edir. Əvəz Zeynallınlın hakimlərə ünvanladığı açıq məktubu martın 27-də Bakı İstintaq Təcridxanasından BACM-nin hakimi Ramella Allahverdiyevanın ünvanına göndərilib. Məktubun daşıdığı ictimai əhəmiyyəti nəzərə alaraq, onun bu günlərdə ölkə mətbuatına çıxarılacaq.

Bundan başqa, Ə.Zeynallının məhkəyə verdiyi 103 səhifəlik ifadəsi də hazırda çapa hazırlanır.  Baş redaktor həmin ifadəsində ona  və “Xural” qəzetinə qarşı son 10 ildə həyata keçirilən təzyiqləri və təqibləri ardıcıllıqla göstərib. İfadədə “Xural” qəzeti ətrafında qurulması planlaşdırılan “dövlət şevrilişinə cəhd” planından tutmuş, “üzəduran” şahidlərin hakimiyyətdə təmsil olunan hansı məmurlarla qohumluq, dostluq, yaxınlıq əlaqələrinin olduğunu açıqlanıb:

1. Gülər Əhmədova razılıq verməsəydi, Əvəz Zeynallını kimlər şərləyəcəkdi?

2. Əvəz Zeynallını öldürmə planından niyə imtina olundu?

3. G.Əhmədovanın “ailəmi qorumuşam” bəyanatının arxasında duran səbəb nə idi?

4. “Saxta və üzəduran şahidlər” hansı dövlət məmuru tərəfindən təlimatlandırılıb?

5. “Xural” ətrafındakı “dövlət çevrilişi” şousunda daha kimlərin həbsi planlaşdırılıb: kimlər həbs olundu, kimlər qurtuldu?

Bu və ya digər şok sualların cavabları ifadədə aydınlaşdırılır.

Ə.Zeynallının geniş və şok məlumatlarla zəngin ifadəsi artıq çapa hazırdır və bu ifadə də bu günlərdə mətbuata və tanınmış müstəqil yazarlara göndəriləcək.

XuralTAC

Qeyd: Martın 27-də Ə.Zeynallının apellyasiya şikayəti AM-nə təqdim olundu.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button